Orfey, Evridika, Hermes
O qəribə nizələrdə
ruhlar yaşayırdı,
onlar gümüşü
damarlar kimi
yarırdılar qaranlığı.
Köklərin arasından
insanlara yönəlmiş
qan axırdı,
porfir kimi ağır görünürdü
qan.
Yeganə qırmızı şey də o qan idi.
Kimsəsiz meşələr vardı
orda,
qayalar və boşluq üstündən
körpülər.
Və göl var idi
orda, boz və darıxdırıcı,
buludlu səma torpağın üstündən
asılan kimi
dərin dibinin üstündən asılmış
göl.
Çəmənliklər arasında görünürdü yumşaq
və səbirli, ağ parça kimi uzanan tənha
yol.
Və bu yolla gedirdi onlar.
Hündür boylu, göy geyimli kişi
qabaqda gedirdi
susqun idi və ancaq qabağa
baxırdı.
Ayaqları yolu udurdu çeynəməmiş
yanlarından sallanmışdı
ağır əlləri,
sol böyründən asılmış
liranı da unutmuşdu,
gül kolunun zeytun ağacına sarmaşdığı kimi
bədəninə sarılan
liranı.
Hissləri bölünürdü elə bil getdikcə:
nəzərləri it kimi qabağa qaçırdı,
sonra yanına qayıdırdı, yenə
qabağa qaçıb
növbəti yolayrıcında
onu gözləmək
üçün -
Eşitmək hissi isə qoxu kimi dalınca
düşmüşdü.
Hərdən ona elə gəlirdi ki, eşitmək hissi də
gəlib çatırdı
o biri ikisinə.
Sonra yenə də addım səsləri,
sonra yenə də arxasındakı külək səsi.
"Gəlirlər", deyirdi
bərkdən
səsinin necə
itdiyinə qulaq asmaq üçün.
Hələ gəlir onlar, o
ikisi
yavaş gəlsələr
də. Əgər dönüb
baxa bilsəydi bircə dəfə (əgər
dönüb baxmağı
güclə çata
bildiyi
məqsədini pozmasaydı)
görə bilərdi
sakitcə dalınca
gələnləri.
Budur, gəlir səfər və xəbər tanrısı,
parlaq gözlərinin
üstündə kalpak,
əlində qabağa
uzatdığı əsa.
Qanadlarının ucu topuqlarına
toxunur getdikcə,
sol əli ilə qadını tutub.
Qadın
elə sevimliydi ki, onun lirası
geridə qoymuşdu
dünyanın bütün
ağıçılarını
yeni yas dünyası yaratmışdı
onların üstündə
-
çölləri və çayları, yolları,
meşələri,
heyvanları olan dünya.
Bizim günəşə oxşar,
amma ağlayan bir günəş
doğardı o yas dünyasına.
Səması da vardı bu dünyanın
formasız ulduzları
parıldayan lal və yazıq səması...
O qadın elə sevimliydi ki...
Tanrıyla yan-yana gedirdi o qadın,
gedirdi uzun ətəyi mane olsa da,
əminsizlik içində,
tələsmədən.
Özünə qapanmışdı
ölümünə az qalan adamlar kimi.
Nə qabaqda gedən adamı fikirləşirdi,
nə də ömür yolunun hara apardığını.
Öz ölümüylə dolmuşdu
qadın,
özünə qısılmışdı.
Şirəyə və qaranlığa
dolmuş meyvə kimi
öz ölümüylə
dolmuşdu qadın.
İkinci
bəkarətə çatmışdı
o,
toxunmaq olmazdı ona.
Axşam
düşəndə yumulan
güllər kimi
cinsiyyəti bağlanmışdı
onun.
Əlləri o qədər yadlaşmışdı
ki təmasa
tanrının hiss edilməyən
toxunuşu da
narahat edirdi onu, hirsləndirirdi.
O artıq nəğmələrdə
vəsf edilən
sarışın gözəl
deyildi.
O adam da artıq
hakim deyildi ona.
O qadın artıq açılmış hörük
idi,
torpağın canına
çəkdiyi yağış
idi,
yeyilib qurtarmış ehtiyat idi.
Yer altındakı
kökə çevrilmişdi
qadın.
Ona görə də tanrı qəflətən
onun
əlindən tutub saxlayanda və
acı-acı deyəndə
ki: "O arxaya baxdı", -
qadın təəccüblə
soruşdu: "Kim?"
Orda, qaranlıqdakı işıq
nöqtəsi parıldayan
yerdə
dayanmışdı bir nəfər, üzünü
seçmək
olmurdu. Dayanıb baxırdı,
xəbər gətirən
tanrının kədərli
halda
ağ parça kimi uzanan yolda
üzünü çevirib
tələsmədən, əminsizlik
içində geriyə
qayıdan
kölgəni izləmyinə...
Məryəmə müjdə
Mələyin sözləri
Sən tanrıya bizdən yaxın deyilsən;
hamımız ondan uzağıq çünki.
Amma sənin əllərin
müqəddəsləşdirilib.
Belə
olmur heç bir qadının əlləri,
belə parıldamır
heç bir qadının qolları;
mən günəm, mən şəbnəməm,
ağac da sən.
Mən indi yorğunam, yolum uzaq idi;
bağışla məni,
o
günəş içində
oturan kimi
qızıllara bürünən
xəbər göndərmişdi
sənə,
yadımdan çıxdı
(kainat beynimi
qarışdırdı mənim).
Bax, mən başlayanam,
ağac da sən.
Açdıqca açdım qanadlarımı,
kaş görəydin məni;
sənin balaca evinə yerləşmir
mənim böyük
paltarım.
Amma sən məni yaxşı görə bilmirsən heç
və bu qədər tənha deyildin əvvəllər;
deməli: mən
meşədə bir nəfəsəm,
ağac da sən.
Bütün mələklər elə
qorxub ki,
bir-birini qoyub qaçıblar:
həsrətin beləsi
heç görünməyib,
belə böyük və izaha gəlməyəni.
Bəlkə bu yaxınlarda nəsə olacaq
xəyalında canlandırdığın.
Alqış sənə, ruhum
görür:
hazırlaşırsan, yetkinləşirsən.
Böyük və yüksək
qapısan sən,
yaxın vaxtlarda
açılacaqsan.
Sən nəğməmə
ən sevimli qulaqsan.
Eşidirəm: səndə itdi
sözüm
meşədə itən
kimi.
Beləcə sənə gəldim
min bir xəyalı gerçəkləşdirdim mən.
Tanrı
mənə baxdı: gözlərimi qamaşdırdı...
Ağac da sən.
Pieta
Çığırtıyam başdan-ayağa, adsız
və səssiz.
Dərdim
kimi daşlaşmışam
özüm də.
Ancaq indi sərt olduğumu bilirəm:
Sən böyük idin -
...Sən böyümüşdün
ki,
mənim bütün
təbiətimdən böyük
olan
bu ağrını
çəkə biləsən.
Sən yenə mənim dölümə düşmüsən,
amma mən artıq Səni
doğmağa qadir deyiləm.
***
Hələ də çala bilərsən köhnə
nəğmələri?
Çal, sevgilim. Bir bilsən
onlar necə də süzülür kədərimdən,
naməlum ada limanlarına doğru yola çıxıb,
yumşaq axşam
dənizində yol gedən
gümüşü göyərtəli
gəmilər kimi.
Və çiçəkli sahildən
quruya çıxarlar,
orada bahar elə gəncdir ki.
Və tapar mənim yorğun mənliyim orada,
oradakı kimsəsiz
yollarda
sədəqələrlə gözləyən
unudulmuş tanrıları.
***
Madam ki səni
haçansa kimsə sevib,
biz də eynilə istəyə bilərik səni.
Deyək
ki, axtardıq bütün dərinlikləri:
qızıl varsa hansısa dağda
və o dağı qazmağa icazə yoxdursa,
necə olsa çıxarar bir gün
daşın bətnində
gizlənəni
çay suları.
Biz istəsək də, istəməsək də,
Tanrı yetkinləşəcək.
Rayner Mariya Rilke
Tərcümə etdi: Həmid
Piriyev
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, ¹6.- S.9.