Fransızdilli macar yazıçısı Aqota Kristof: " Ölümdən qorxuram, üstəlik..."

 

İsveçrədə yaşayan fransızdilli macar yazıçısı Aqota Kristof 30 oktyabr 1935-ci ildə Macarıstan krallığının Çikvand şəhərində anadan olub. Onun valideynləri ibtidai məktəb müəllimi Kalman Kristof və incəsənət professoru Antonia Turçani olub. 1956-cı il Macarıstan antikommunist inqilabı sovet ordusu tərəfindən yatırılanda 21 yaşında olan Aqota , siyasi fəal olan əri və 4 aylıq uşaqları ilə Macarıstanı tərk etməyə məcbur olub. Mühacir həyatı yaşayan ailə İsveçrənin Neuşatel şəhərində məskunlaşıb. Bir yandan, fabrikdə işləyən yazıçı, bir tərəfdən də, fransız dilini öyrənməyə başlayır. Beş illik sürgündən sonra fabrikdəki işini atıb ərini tərk edən yazıçı fransız dilində pyeslər yazmağa başlayır.

A.Kristof yaradıcılığının ilk illərində şeirlər yazıb, lakin onun heç bir əsəri trilogiyası qədər səs-küylü olmayıb. O, 1986-ci ildə "Qeyd dəftəri" adlı ilk romanı nəşr etdirib. Bu, həm də trilogiyasının ilk kitabı idi, yazıçı bu romanla böyük uğur qazanıb. Roman 40-dan çox dilə tərcümə edilib. İki il sonra, 1988-ci ildə trilogiyanın "Sübut" adlı ikinci romanını yazıb. Trilogiyanın sonuncu kitabı - "Üçüncü yalan" isə 1991-ci ildə nəşr olunub. Bu trilogiyanın əsas mövzuları müharibə və dağıntı, sevgi və tənhalıq, azğın, ümidsiz və diqqəti çəkmək məqsədli cinsi münasibətlər, arzu və itki, həqiqət və uydurmadır.

"Qeyd dəftəri" romanı əsasında 2013-cü ildə film çəkilib. 2014-cü ildə roman Britaniyanın bir müasir teatr şirkəti tərəfindən səhnələşdirilib.

Yazıçı 1995-ci ildə o, yeni romanı olan "Dünən"i, 2004-cü ildə öz bioqrafiyasından bəhs edən "Savadsız" ("L'analphabete") əsərini nəşr etdirib. Yazıçı avtobioqrafik əsərində oxumaq sevgisindən bəhs edir, biz onunla birlikdə internat məktəbinə, Avstriya sərhədinə və ardıyca İsveçrəyə səyahət edirik. Anti-kommunist üsyanının uğursuzluğu səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalan yazıçı, Sürixdə daha yaxşı bir həyata ümid edir.

Əsərlərinin çoxu Parisdə "Seuil nəşrləri" tərəfindən çap edilib.

Yazıçı 1986-cı ildə ADELF-dən ("Fransız Dilli Yazıçılar Assosiasiyası") "Avropa mükafatı" alıb. Ədəbiyyat üzrə çoxlu mükafatlar qazanan yazıçı, nəhayət, 2011-ci ildə İsveçrədə Qotfrid Keller mükafatını və 2008-ci ildə Avropa Ədəbiyyatı üzrə Avstriya Dövlət mükafatını qazanıb.

Aqota Kristof 27 iyul 2011-ci ildə İsveçrədə, Neuşateldəki evində vəfat edib. Onun külliyyatı Berndəki İsveçrə Ədəbiyyat Arxivində saxlanılır.

Yazıçının az sayda verdiyi müsahibələrdən birini təqdim edirik. Müsahibə 1999-cu ilin iyununda şair Valerio Maqrellinin rəhbərliyi altında Piza Universitetində fransız ədəbiyyatı üzrə tezis yazarkən, Aqota Kristofla görüşmək üçün İsveçrəyə gedən Rikkardo Benedetti tərəfindən alınıb. Müsahibə 2006-cı ildə ingilis dilinə tərcümə edilib.

R.B.: - Romanlarınızla böyük uğur qazanmısınız və yazılarınız çox vaxt Tomas Bernhard, Bekket, Kafkanın əsərləri ilə müqayisə edilir. İşlərinizin bəzi aspektlərinin səhv başa düşüldüyünü və ya diqqətdən kənarda qaldığını hiss edirsiniz?

A.K.: - Bernhard haqqında danışmaq mənə xoşdur, çünki onu çox sevirəm (gülür). Bilmirəm. Amma mən Marqarit Duras ilə müqayisə edilməyi sevmirəm. Durası sevmirəm. İşlərimin bəzi hissələri səhv başa düşüldümü?!... Bilmirəm. Bununla nə demək istədiyinizi başa düşmədim.

- Kitablarınız iyirmi dilə tərcümə edilib...

- Xeyr. Otuzdan çox dilə tərcümə edilib.

- Üzr istəyirəm, otuz. Belə geniş yayılmış şöhrətə nə deyirsiniz?

- Əvvəlcə inanılmaz idi. Maraqlısı odur ki, kitabların çap olunmasından on ildən çox vaxt keçməsinə baxmayaraq hələ də satılır. Bu inanılmaz bir şeydir. "Qeyd dəftəri" çox satılır. Tez-tez səhnəyə, filmə uyğunlaşdırılması üçün müraciətlər alıram.

- Bu haqda eşitmişdim. Film üçün ssenariləşdirilibmi?

- Hələ yox, amma hüquqlar satılıb. Prodüser amerikalı, quruluşçu rejissoru danimarkalı olacaq. Film şəhərin mərkəzində, Köseqedə, kitab mağazasının yerləşdiyi otelin qarşısında çəkiləcək. Köseqə getdiyiniz zaman hər ikisini də mütləq ki görmüsünüz. Nənənin evi üçün istifadə edəcəkləri bina, yəni "Qeyd dəftəri"ndəki ev daha əvvəl, neçə başqa filmdə də çəkilib. "Dünən" kitabım üçün bir neçə italyandan da təklif almışam.

- Mətnləriniz çox ədəbi tənqid mövzusu olur. Tənqidçilərin işlərinizin hansı cəhətlərinə diqqət yetirməsini istəyirsiniz?

- Bilmirəm. Mənim üçün hamısı eynidir.

- Sizcə, kitablarınızda alınacaq bir mesaj var?

- Əlbəttə ki, yox. Mesaj vermək istəmirəm. Yox (gülür), qətiyyən yox. Mən elə yazmıram. Bir az həyatımdan danışmaq istəyirdim. Hər şey belə başladı. "Qeyd dəftəri" romanımda bəhs etdiyim mənim uşaqlığımdı, qardaşım Ceno ilə birlikdə gördüklərim. Tamamilə bioqrafikdir.

- Yazmağa başlayandan sonra sizin üçün nə dəyişdi?

- Açığı, çox inkişaf etmişəm. On üç yaşımda yazmağa başlamışam və o vaxtdan üslubumla bağlı hər şey dəyişib. Hər şey. Şeirlər çox şairanə və çox duyğusal idi. Bu cür yazmağı sevmirəm, şeirlərimi heç sevmirəm, artıq sevmirəm.

- Yazıçı olduğunuzu nə vaxt anladınız?

- Əslində mən həmişə bilirdim. Uşaq vaxtı çox oxumuşam, xüsusən də, rus yazıçılarını. Uşaqlığımda Dostoyevskini çox sevirdim. O mənim sevimli yazıçım idi. Ayrıca çoxlu detektiv romanlar da oxuyurdum.

- Yaradıcı prosesə necə başladınız?

- Düzünü desəm, bilmirəm. Fransız dilində pyeslər yazmağa başladım. Gənc ikən və bura yeni gələndə, iyirmi yaşımda macar dilində şeirlər yazırdım. Sonra fransız dilini öyrənməyə başlayanda fransızca yazmağa başladım. Bu mənə zövq verirdi. Bəli, bunu bir az da özümü əyləndirmək üçün edirdim. Bundan sonra teatrsevərlərlə, rejissorlarla tanış olmağa başladım. Beləliklə, pyeslər yazmağa başladım və teatr sahəsində oxuyan tələbələrlə də çox işlədim. Bir çox əsərimi heç bir redaktə etmədən radio üçün səhnələşdirdik. Bu, çox əyləncəli idi.

- Tamaşa dialoqları ilə "Qeyd dəftəri"ndəki dialoqlar arasında əlaqə görə bilərikmi?

- Bəli, əlbəttə.

- Romanlarınız haqqında nə düşünürsünüz?

- Çox ciddidirlər, çox kədərlidirlər. Bəli, bir az çox kədərlidirlər.

- Sizinçün önəmli müəlliflər kimlərdir?

- Knut Hamsunu və başqa bir yazıçını sevirəm... amma adını necə deyəcəyimi bilmirəm. Redaktorum mənə bu müəllifin kitabını verib, mənim üslubuma çox oxşadığını demişdi. Bəli, o roman da çox ağır idi. Amma mənim işlərimlə heç bir oxşarlıq görə bilməmişdim. Daha çox oxumuram. Fransiz Ponj və Jorj Batayı sevirəm, amma müasir yazıçıların çoxunu tanımıram.

- Özünüzü macar ədəbiyyatının sözçüsü, fransız-isveçrəli, yoxsa, həqiqətən, vətənsizmi hiss edirsiniz?

- Fransızca yazsam belə, daha çox macaram. Bütün kitablarım Macarıstan haqqındadır. Hətta dördüncü kitabım da. Oxumusunuzmu onu?

- "Dünən" romanını?

- Bəli. O, burada, İsveçrədə, lakin qaçqınlar məhəlləsində baş verir. Demək olar ki, real hadisələr əsasında yazılıb. Çox avtobioqrafikdir. Bir fabrikdə işləyirdim. Fabrik dördüncü kənddə idi, avtobusa minməli olurduq. Biz birinci kənddə yaşayırdıq. "Dünən"dəki birinci kənddə avtobusa minən "Line" obrazı mənəm. Keçmiş ərimin təqaüdü vardı. "Sandor" obrazı da fabrikdə işləyən bir qaraçı idi. Birlikdə işləyirdik. İlk qızım bütün bunları tanıyır. Məsələn, təsvir etdiyim mənzil. Bəli, düşünürəm ki, bu mənim romanlarımın ən avtobioqrafikidir. Təsvir etdiyim hər şey, həqiqətən, baş verib, intiharlar da. Macarıstandan mühacirət etdikdən sonra intihar edən dörd nəfəri tanıyırdım və demək istədiyim tək şey bu idi.

- Macarıstanı tərk etdiyiniz dəqiq tarixi bilmək istərdim.

- 1956-cı ildə, inqilabdan sonra.

- Bəli, amma hansı gün olduğunu bilmək istəyirəm.

- Məncə, 27 oktyabr idi, amma əmin deyiləm. Yox, yox, noyabrın 27-si idi.

- 27 noyabr?

- Bəli, məncə, eləydi. Gecə gecənin yarısı yola çıxmışdıq. Biz qrup halındaydıq. Qaçqınlarla dolu bir kəndə gəldik. Dərhal bizimlə maraqlandılar. Qrupun əksəriyyəti uşaqlardan ibarət idi. Bizi yemək və sığınacaqla təmin etmək üçün pul alan kəndlilərin evlərində qonaq edildik. Orada neçə gün qaldığımızı bilmirəm. Daha sonra kəndin meri bizə Vyanaya avtobus bileti aldı. Biz ona sonradan pulu qaytardıq. Biz Vyanada kazarmada qaldıq.

- İsveçrəyə getməyi planlaşdırmırdınız? Kanadaya getmək istədiyinizi oxumuşdum. Bu, doğrudur?

- Yox, yox. Kanada yox. Amerikaya getmək istəyirdim, çünki orada ailəm vardı. Oraya çatanda bizə dedilər ki, orada cəmi altı ay qala bilərik. Sonra İsveçrəyə qayıtdıq, həyat yoldaşım üçün təqaüd vardı. Tarix müəllimi idi. Bizimlə çox maraqlanırdılar, həqiqətən də. Bizə bir ev, mənə iş və balam üçün körpələr evi tapdılar. Ona görə də orada qaldıq. ABŞ-a qayıtmaq istədim, amma gözləməyə məcbur idim. Uşaqlarım burada, İsveçrədə idilər və mən də onlardan o qədər də uzaqda olmaq istəmirdim.

- Macarıstana ilk dəfə nə vaxt qayıtdınız?

- 1968-ci ildə, tərk edəndən düz on iki il sonra. Onda anam, atam və bacı-qardaşlarım sağ idi. Ailəm artıq yoxdur. Macarıstanda ancaq mənim bacı-qardaşlarım və onların uşaqları var. Amma onlar daha o kiçik kənddə yaşamırlar. Yazar olan qardaşım Budapeştdə yaşayır. Macarıstana tez-tez gedirəm.

- Macarıstanı tərk edəndə sizdə hələ də rejim altında qalanların qurbanı olduğunuz barədə təəssürat yarandı?

- Mən siyasətlə çox maraqlanmıram. Getmək istəyən ərim idi, çünki o, tam əksinə, siyasətlə ciddi maraqlanırdı və qalsaydı, şübhəsiz ki, həbs olunardı. Qalan dostları iki il həbsdə yatdılar. Bütün hallarda, iki il o qədər də uzun müddət deyil.

- Sizcə, sizə təsir edən yazıçılar var?

- Bəli, mənimkinə çox bənzəyən bir kitab oxudum, amma bir oğlan və bir qız haqqında idi. Üslubunda şiddət elementləri hədsiz çox idi. "Qeyd dəftəri" romanım tərzində idi. Ona görə redaktorumdan nə edə biləcəyimizi soruşdum və o mənə dedi ki, üzərində əziyyət çəkməyə dəyməz. Bütün hallarda yaxşı kitab deyildi. Bəli, mən çox insana təsir etmişəm (gülür).

- Əslində mən sizdən tam əksini soruşmuşdum. Sizə kim təsir edib? Məncə, mövzunun dəyişdirilməsi yaxşı olardı. "Qeyd dəftəri" romanındakı Dovşandodaq obrazı da məni çox təsirləndirdi. Tanıdığınız bir insanın obrazıdır, yoxsa, tamamilə uydurmadır?

- Yox, həqiqətən, var idi. Köseqli bir qadındı. Onsuz da, ən pisi o olduğu üçün onu necə təsvir edəcəyimi bilmirdim. Onun burnu belə qalmamışdı. Yıxılıb burnunu sındırmışdı. Sağalmayanda burnu qopmuşdu. Kənddəki bütün kişilərlə yatmışdı. Onun iki gözəl övladı var idi, iki ya da üç, dəqiq bilmirəm, çox gözəl idilər. Qardaşım da onun haqqında roman yazıb. Bu, eyni dövrdən bəhs edən çox fərqli kitabdır. O, sui-qəsd haqqında yazıb. Mənim hansı romanımda sui-qəsd var?

- Romanlarınızda çoxlu sui-qəsd var...

- Bəli, bu, doğrudur. Amma... bir qadın sui-qəsdi xatırlayırsınız? Sonrakılarda ola bilər, məhz Köseqdən bəhs etdiyim romanlarımın heç birində belə bir şey yoxdur.

- Bəzən ölüm haqqında düşünürsünüz?

- Həmişə düşünürəm. Ondan qorxuram. Ölümdən deyil, əslində qocalıq və xəstəlikdən. Təbii ki, ölümdən də. Üstəlik, mən Allaha inanmıram da.

- Bu gün İsveçrədə necə yaşayırsınız?

- Kifayət qədər qazanıram. Daha işləmirəm.

- Bəli, əminəm, xanım, amma mən sizin maddi durumunuzu soruşmurdum əslində. Sizin gündəlik həyatınız, İsveçrə xalqı ilə münasibətinizdən danışmağınızı istəyirəm.

- Bir neçə dostum var, nadir hallarda çölə çıxıram, çox televizora baxıram, qəzet və bir neçə də kitab oxuyuram. Uşaqlarımı ziyarət edirəm, onlar da məni ziyarət edirlər. Onların azyaşlı uşaqları var.

- Həyatınızda peşman olduğunuz və ən çox nostalji ilə baxdığınız hissə hansıdır?

- Uşaqlarım və kitablarım.

- Digər tərəfdən, sevə-sevə unudacağınız hissə hansıdır?

- Ayrılıq və evlilik.

- Hazırda nə üzərində işləyirsiniz?

- Heç nə. İndi çox az yazıram.

 

Hazırladı: Nilufər Hacılı

 

Ədəbiyyat qəzeti  2024.- 17 fevral, №6.- S.11.