Vurulsam Təbriz yolunda, De,
yaramı bağlarsanmı?
Təbrizin xatirəsinə
1964-cü
ildə Təbriz dünyaya gəldiyi gün Xəlil Rza
"Oğlum Təbrizə" adlı bir şeir
yazmışdı. Əvvəllər
bu şeiri başqa gözlə, bir az da həsəd
apararaq oxuyardıq. Təbrizdən sonra, sanki misraların
üzərinə mistik bir tül örtüldü və
şeirdəki mənalar o mavi tülün arxasından tamam
başqa ritmdə və məzmunda səsləndi: "Yeddi il
yol gələn, a mənim ilkim, / Gəldiyin yollara gül
düzərəm mən" deyən Xəlil Rza, qəribədir
ki, körpə balasını "Ən böyük sevincsən,
ən müqəddəs qəm, / Məni od içinə atan
Təbrizim... / Səni arzum üçün, amalım
üçün, / Səni döyüş üçün
yaratmışam, mən." - deyə əzizləyir.
Xəlil bəyə Təbrizin doğulduğu
gün, fevralın 12-də "Məni od içinə atan Təbrizim"
misrasını yazdıran hansı duyğu idi? Rembonun
dediyi bəlkə həqiqətdir: "Şairlik -
kahinlikdir".
Körpə
balasına "Səni döyüş üçün
yaratmışam" deyən gənc Xəlil Rza hələ 4
il əvvəl, 28 yaşında Azərbaycan poeziyasının
azadlıq manifestini - "Azadlıq" şeirini
yazmışdı. Bu barədə bir qədər sonra...
Bilmirəm, Heydər Əliyev irsini tədqiq edənlər
belə bir məqama diqqət yetiriblər ya yox, amma məncə,
Heydər Əliyev Xəlil bəyə xitabən dediyi ifadəni
başqa heç kəs haqqında işlətməyb. Təbriz
şəhid olanda Xəlil Rzaya Naxçıvandan
yazdığı başsağlığı məktubunda
"Sizi bağrıma basıb gözlərinizdən
öpürəm" - demişdi. "Gözlərindən
öpürəm" ifadəsi ümumiyyətlə, Heydər
Əliyevin siyasi leksikonunda yox idi. Amma o, Xəlil bəyə
məhz bu sözlərlə təsəlli verdi.
Heydər Əliyev həmin məktubunda "Xəlil
bəy, qəhrəman oğlunuz Təbrizin qanı yerdə
qalmayacaq" yazmışdı. İndi Təbriz
şəhid olan yerdə Azərbaycan bayrağı dalğalanır.
Təbrizin qanı yerdə qalmadı.
Təbriz mənim tələbə yoldaşım idi. Zövq və
hal əhliydi, dəliqanlıydı, döyüşkən
idi, mərd idi. Gözünün qorxusu yox
idi. Tələbəlik illərimizdə, hərdən
İçərişəhərdə Maqomayev küçəsində
kirədə qaldığım evə gələrdi, söhbətlər
edər, xudmani məclislər qurardıq.
Yaraşıqlı və mükəmməl bir gənc
idi. Evlənəndə
də Dəvəçinin sayılıb-seçilən, əsilzadə
bir ailəsinin tək övladını, Niftalı Aşurovun
nəvəsini, oftalmoloq Tamara Aşurovanın, el-obanın
sevimlisi Xudabaxış Bayramovun yeganə qızını - həkim
Sevinc xanımı seçdi... Sevinc də
qapılarında sıralanmış elçilərin içərisində
Təbrizi seçdi. Burda nöqtə qoyub
bir haşiyə çıxmaq istəyirəm. Təbriz dünyaya gəldiyi gün Xəlil
Rzanın yazdığı "Oğlum Təbrizə"
şeirini yuxarıda xatırlatmışdım. O
şeirdə bu misra hatifdən xəbər vermək deyilsə,
bəs nədir? "Ən böyük sevincsən,
ən müqəddəs qəm". Kahinlik başqa
cür olmur ki... Sonu ən müqəddəs qəmlə bitən
bu sevgi Xəlil Rzanın təhtəlşüurunda hələ
1964-cü ildə ən böyük sevinclə
başlamışdı...
...Təbrizi
tanıyanların ağlına belə gəlməzdi ki, nə
vaxtsa bizim Vətən müharibəmiz olacaq, Təbriz həmin
müharibəyə yollanan ilk könüllülərdən
biri olacaq və Qarabağ uğrunda döyüşlərdə
şəhid olacaq, Azərbaycanın Milli Qəhrəmanına
çevriləcək. Evlərinin yerləşdiyi Əli Bayramov
küçəsinin adı dəyişdirilib, Təbriz Xəlilbəylinin
adına veriləcək. Bunu
heç kəs ağlına gətirməzdi.
Yuxarıda qeyd etdim ki, Heydər Əliyev "Gözlərindən
öpürəm" ifadəsini Xəlildən başqa
heç kəs üçün işlətməyib.
Elə
gözlərindən öpüləsi adam
idi. Özünü millətə fəda elədi.
İşsiz qoydular, sınmadı, əzdilər,
əzilmədi. Hələ vaxtilə dəbdəbəli
bir məclisdə unudulanda öz sağlığına badə
qaldırıb, Azərbaycan poeziyasının ən məhzun
şeirlərindən birini - "Unuduldum. Nə tutuldum,
nə pərt oldum, Pıçıldadım
öz-özümə - Xəlil, sənin
sağlığına!.. Öz
sağlığım bəhanədir, yurdum, sənin
sağlığına" şeirini yazdı. Vətənin
sahibsiz olduğu və ermənilərin Azərbaycana basqın
etdiyi ilk günlərdə - 1988-ci ildə yeganə
şairimiz idi ki, millətə xitabən:
Bu sərt,
ağır günlərdə
Mən
Ali Baş Komandan
Olsam,
olmasam belə,
Azərbaycan
adından
Əmr
edirəm - silahlan!
- deyə səsləndi. Azərbaycan
cəmiyyətini "ermənisiz Azərbaycan"
çağırışı ilə hərəkətə
gətirdi. Lefortovoda dustaq oldu... Şəhid
olmuş oğlunun dəfn mərasimində gəlinini təbrik
etməklə, Xəlil Rza millətin yaddaşında türk
törəsini yenidən diriltdi, millətə
Ulutürklüyün dərsini keçdi.
Bunu
Akademik Milli Dram Teatrında Xəlil Rzanın 80 illik yubileyindəki
məruzəmdə də demişdim, "Sovet dövründə
Ulutürk olmaq" məqaləmdə də yazmışdım:
Azərbaycan poeziyasının azadlıq manifestini -
"Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram, / Qolumdakı zəncirləri qıram gərək,
qıram-qıram" misraları ilə başlayan
"Azadlıq" şeirini 1960-cı ildə 28
yaşında yazmışdı. Ona Xalq
şairi adı isə 28 yaşlı oğlu Təbriz şəhid
olandan sonra verildi. Oğlunu itirdi. Yıxılmadı. Yenə də
kürsülərdəydi. Fırtınaya
çevrilib özünü unutdu, öz şamını
Qarabağ naminə söndürdü. Xəlil Hadiləşdi.
Eynən Hadi kimi:
Mən
solmalıyam ta ki açılsın da baharım,
Mən sönməliyəm şəşələnsin də
nəharım.
Mən ölmədən əvvəl vətənim oldu məzarım.
Gözlərindən
öpülməlidir, həm də ona görə ki, Xəlil
bəydən başqa da ikinci bir şair yoxdur ki, ona
verilmiş Xalq şairi adından mənəvi baxımdan
imtina etmiş olsun:
Baxın,
gözlərimdən axan yaşlara,
Deyirəm:
- Balamın qan bahasıdır,
Başıma qoyulan bu qızıl çələng.
Əlində
avtomat... mükafatımı
Gedib o
dünyadan gətirmiş özü,
Tökülən
qanıyla möhür basaraq
Özü imzalamış balam hər sözü.
Getdi mənim
üçün çələng gətirdi
Qaynar cəhənnəmin tən ortasından.
...Sağ
ol, əziz balam, canım-ciyərim,
Ata məramını
duyan Təbrizim!
Çıxarıb
quyunun qaranlığından
Məni
dağ başına qoyan Təbrizim!
Apar, istəmirəm
minnət götürüm,
Hətta ən sevimli, doğma balamdan.
Çələng
sənin olsun, avtomat mənim,
Şövqümü səninlə bölmək istərəm.
Sən vətən
yolunda keçdin canından,
Mən sənin uğrunda ölmək istərəm.
Xəlil
Rzadan sonra başqa biri də yoxdur ki, "İstiqlal"
ordeni ona ölümündən sonra verilsin...
Ulutürkün
oğul kədəri Tolstoyun oğul kədərini də
kölgədə qoyur: "Vaneçkanı dəfn etdik. Dəhşətli, dəhşətli, yox,
böyük ruhi hadisədir. İlahi, sənə
təşəkkür edirəm. Sənə
təşəkkür edirəm." Xəlilin
isə Təbriz kədəri Cavidanəydi. Cavid
Ərtoğrolun səkkiz yaşı olanda yazmışdı
bunu: "Çal!.. Çal!..
Əvət, bəxtiyar çoban, çal!..
Nə Sivas kibi şəhrin əlindən getmiş, nə də
Ərtoğrol kibi oğlun..." Xəlil Rza isə Təbriz
dünyaya gəldiyi gün yazmışdı: "Səni
döyüş üçün yaratmışam mən... Məni
od içinə atan Təbrizim".
Cavid Ərtoğrolun ölümünü bilmədi. Ərtoğrol Caviddən
iki il sonra dünyasını dəyişdi.
Xəlil isə Təbrizdən sonra iki il də
yaşadı. Sızıldaya-sızıldaya
yaşadı. Buna yaşamaq demək olardısa:
Gözlərində
nur təbəssüm,
Üzünə söykənsin üzüm.
Həsrətinə
necə dözüm,
Balam - Təbrizim, Təbrizim.
De,
hardasan, Şah taxtında,
Ərşin
ən yüksək qatında!
Göynər
tabutun altında,
Əlim, Təbrizim, Təbrizim.
Qaranlıqda
pak məşəlim,
Gülşən
qəbri bənövşəlim!
Döz,
yanına mən də gəlim,
Gəlim,
Təbrizim, Təbrizim.
Sevincin,
başda tacın var,
Türkayın var, Gültacın var.
Mən qoymaram solmaz bahar.
Solan Təbrizim,
Təbrizim!
Pak
alnının təri dən-dən,
Şığıdınmı səngərindən?
Yatma, hər
gün dan yerindən
Boylan, Təbrizim,
Təbrizim!
Yıxılmadısa, belə yıxılmadı. Xəlil bəy Təbrizdən
sonra iki il yaşadı. Bu arada Təbriz qədər
bağlı olduğu Şuşa
işğal olundu. Sanki "Təbriz getdi,
heç olmasa, Şuşa qayıtsın" deyə
Şuşanın geri qaytarılması uğrunda mücadiləyə
başladı. Bunu gerçəkləşdirə biləcək
milli lideri millətə nişan verdi. Xəstə ürəyini dişinə tutub
Naxçıvana getdi. Heydər Əliyevlə
görüşdü. Onu yeni dövrün
Atatürkü adlandırdı. Qalan
günləri xəstəxana çarpayılarında
keçdi. Və sonra da bitdi. Şairin kahinliyi tamamlandı. "Sən
vətən yolunda keçdin canından, / Mən sənin
uğrunda ölmək istərəm." Böyük
şair 28 il sonra arzusuna çatdı - Təbriz
uğrunda öldü. Gəlini Sevinc xanım
yazırdı ki, "o zaman ki, Xəlil ata dünyasını
dəyişdi, məhz o zaman başa düşdüm ki, onunla
birgə mən Təbrizi ikinci dəfə itirdim".
Amma Ulutürkün ölümünə də
paxıllıq edənlər oldu. Biri romanında Xəlilullah Xəlilov
adlı personaj yaradıb onun müqəddəs kədərini
lağ hədəfinə çevirməkdən çəkinmədi.
Bu qaranlıq və qara düşüncəyə ən
gözəl cavabı 2020-ci ildə Azərbaycan Ordusu verdi. İkinci Qarabağ müharibəsi
günlərində qalib ordumuzun televiziya ilə yayınlanan
döyüş epizodlarını izlədikcə, orada
ölüb ətrafa səpələnən ermənilərə
baxa-baxa əziz Təbrizini Şuşa ətrafında
itirən Xəlil Rza Ulutürkün misralarını
xatırlayırdım:
Südəmər
balamın ağ boğazında
Göy ləkələr
qoyub o beyni çopur...
Vur,
ölən daşnakdır, adam deyil, vur.
Yuxarda
qeyd etdim ki, Təbrizi tanıyanların ağlına belə gəlməzdi
ki, nə vaxtsa bizim Vətən müharibəmiz olacaq, Təbriz
o müharibəyə yollanan ilk könüllülərdən
biri olacaq və Şuşanın mühasirədən
çıxarılması uğrunda keçirilən
Daşaltı əməliyyatında şəhid olacaq, Azərbaycanın
Milli Qəhrəmanına çevriləcək. Evlərinin
yerləşdiyi Əli Bayramov küçəsinin adı dəyişdirilib,
Təbriz Xəlilbəylinin adına veriləcək.
Bunu heç kəs ağılına gətirməzdi.
Amma Təbrizi
yaxından tanıyan, "İynəboyu şeirlər"
yazıb, sonra da dünyasını dəyişən gənc
şair Faiq tələbə yoldaşımızın şəhid
olduğunu eşidib "Təbrizin xatirəsinə"
adlı bir şeir yazmışdı. Yazıb mənə
göndərmişdi. Təbriz barədə
bu yazını da həmin şeirlə tamamlamaq istəyirəm.
Çünki Təbrizin taleyi, sözün bitdiyi yerdir,
sözlər bitir, kədər isə bitmir:
Səni
şimşək görmüşəm,
çaxmağın var -
çürük məqsədləri,
küt
qaydaları
yandırmağın,
yaxmağın var, -
Ata, məni
tanımadın...
Səni
ümman görmüşəm,
dözməyin var,
yersiz zərbələri,
sonsuz dərdləri
çiçək kimi üzməyin var, -
Ana, məni
tanımadın...
Səni
uca görmüşəm,
anadan,
yardan şirin...
Bir
cüt göyərçin kimi
qoşa
qız baladan şirin
Vətən,
məni tanımadın...
Yaytək
qıvrılıb, açıldım,
əlvida,
atam, anam.
Oluram vətənə
qurban -
Güllə,
məni tanımadın...
Azər Turan
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.10.