Bubu və Alpay, yaxud hekayə gözlənti kimi

 

Bu hekayəni oxuyanda ilkin bunu hiss etdim: deyəsən, Alpay bu dəfə qələmi yerə qoyub yazır. Artıq hardasa düz olsa da, bir-birinə dolaşan cümlələrin sırası seyrəlib, mətn bir nəfəs kimi doğulub, hisslərin, duyğu və düşüncələrin dinamikası gözəldir, hekayədə, yəni təhkiyə səviyyəsində yaxşı mənada bir yüngüllük var, bədii mətndə hər şeyi - elə təhkiyəni də formalaşdıran nəfəs müəyyənləşdirir, bunu duymadan hekayənin texnikasını təhlil etmək bir işə yaramaz. İstənilən yazıda belədir: mətləb yoxdursa, yaxud dumanlıdırsa, müəllif olmayan, yaxud dumana bürünmüş nəsnəni (içindən çıxarıb-!) tapanacan yazır və bu uzunçuluq nəfəsimizi kəsir. Alpay vaxt, zaman, məkan işarələrinin, hər şeyin yerli-yataqlı və düzgün verilməsinə cəhd edir, onun ilkin prinsipi doğruçu reallıq təsəvvürü yaratmaqdır (bütün hekayələrində olduğu kimi...), bu həqiqi gerçəkliyin fiktiv gerçəkliyə çevrilmə dərəcəsi isə yazma niyyətini doğuran nəfəslə bağlıdır (təhkiyənin bir məqamında mətn içində mətn stixiyası boy göstərir...), tam olaraq ondan asılıdır. Bu mətnlə bağlı iki hissim yarandı: o, anidən, hansısa bir qarşısıalınmaz təkanla yaranıb, həm də sanki uzun illərdi, müəllif bu hekayənin içindəki duyğularla yaşayıb, indi təhkiyədən də hiss edilir ki, Alpay bu mətndən əsla ayrılmaq istəmir, bu azmış kimi hekayə sonluğuna Bubunun videolarını qoyub, istərsən əvvəlcə o görüntüləri izlə, sonra elə sondan oxumağa başla, mətləb, alacağın mətn təravəti, mətn füsunkarlığı dəyişməyəcək.  Hekayənin bağlı olduğu, özü də belə deyək, "göbək ciyəsi" ilə bağlı olduğu mətləblərdən biri isə saflıqdır, uşaqlığına Bubunun gözləriylə qayıtmaq, Bubunu özü kimi görmək, özünü uşağın yerinə qoymaq, iki reallığın kəsişdiyi nöqtədə başqa bir dünyaya qayıtmaq. Bəzən insan içində gəzib-dolaşan işıq zolağını yazıya almaq istər, onu sözlərlə ifadə emək cəhdinə baş vurar, bunu illərlə içində məşq edər, bir gün bunu hər şeyə heyrətlə baxan uşağın gözlərindən keçirib ifadə edər. Hekayənin ilk hissəsindəki "səylik" motivi, xatirələrdən, keçmiş zamandan bu günün pəncərəsindən işıq şüası kimi süzülən ayrıntılar insanın heç zaman dilə gətirmək istəmədiyi mətləblərlə bağlıdır. Qatara minib olduğun yerdən ayrılamq qəribə hissdir, məhz o anda şəhərdən, evlərdən, hay-küydən, insanlardan deyil, özünün içində gəzib-dolaşan işıqdan ayrıldığını kəsdirirsən. Dünya yalnız bu yerdir, indi dayandığın, pəncərəsindən baxdığın nöqtədir, hər şey - sevinc, ağrı, ömür, ölüm... bu nöqtəyə sığınıb. Ya da o işıq zolağını heç zaman hiss etmədiyin dərinlikdən duyarsan, işığın bəxş etdiyi xoşbəxtlik hissi və ağrı - bu ikisi səni zamanın sənin üçün dayandığı vaxta aparar. Bütün ömür fraqmentləri sürətlə ötüşər, yerdə ancaq qardaşına, onun dilsizliyinə baxıb ağladığın an qalar...

Bu, insanın içində həmişə "kül atltında" saxladığı hissdir və sırf nəsr - xalis poeziya ovqatını bildirir. Perronda dayanıb tanımadığın adamlara əl eləmək həmin səyliyin ancaq və ancaq "təyyarə faniliyindən" doğduğunun işarəsidir.

Başqa bir məsələ: "Təyyarə bizə faniliyi xatırladır, qatar əksinə, bunu unutdurur, təyyarə sürətlə start götürüb göyə uçmağa başlayanda, yerə enəndə biz həyəcanlanırıq, inanclılar sağ-salamat evlərinə çatmalarıçün Fatihə, Fələq, Nəs surələrini oxuyur, Allaha dualar edirlər. Qatar yerindən tərpənəndə əksinə, içimizə rahatlıq dolur, bəziləri həmin  ayələri, duaları oxumağı unudur, lazım olan stansiyaya çatanda isə qəribə darıxma hissiylə üzləşirlər." Qatarda içində gizli qalan hisslərin ardınca qoşduğunu hiss edərsən, bu, göylərdə qanad çalıb süzməkdən daha gözəldir, ölüm və həsrət adlı nəsnələr unudular...

Ancaq mətndə bu iki nəsnənin birləşdiyi, müəllifin cızdığı sərhədi aşdığı məqam da var və o çox maraqlıdır. Uşaq hissiyatıyla yazıldığına yox, düşünüldüyünə yox, məhz hiss edildiyinə görə bu hekayədə hər şey yaşlı adamın uşaq lisanına yiyələnib danışması anlamına gəlir. Başqa bir şey deyildir. "Elə bilirəm, Məçi nənəmin, artıq üzdən tanıdığım bələdçimizin olmadığı o biri vaqon yad yerdir, ora keçmək istəsəm, tamburdakı deşiklərdən birindən yerə düşə bilərəm, qatar üstümdən keçər, ən dəhşətlisi, nənəm, atam, anam məni heç vaxt tapa bilməz. Xəyalən o deşiyə hoppanıram, ölmürəm, şpallara dəymədən bir anda ruh olub sürətlə vaqonu dələrək göyə uçuram, qoy doğmalar məni axtarsınlar, mənsə uça-uça yuxarıdan onlara baxım." Hekayənin hər yerində beləcə uşaq baxışı var, bu uşaq müəllifdən həm yaşlıdır, həm də sanki dünyaya gəlməyib heç...

Və bu, mətn deyil, gözləntidir...

 

Cavanşir Yusifli

 

Ədəbiyyat qəzeti  2024.- 17 fevral, ¹6.- S.13.