Ədəbi tənqidin
müzakirə müstəvisində:
Qatar - keçmiş və gələcək
arasında mediator kimi
Alpay Azərin "Bubu və qatar" hekayəsinin qəribə
atmosferi var. Əgər ömründə bircə dəfə
də olsun, qatara minmisənsə, qəhrəmanla birlikdə
onun xatırladığı detalları anacaq, ötənlərə
köks ötürəcək, çox uzaqlıqda
qalmış xatirələrin qoxusunun belə həsrətini
çəkəcəksən.
Hekayədə görünən hər detalın
altında qəhrəmanın uşaqlıq və gənclik
tarixçəsi yatır. Gedişatdan məlum olur ki, qəhrəman
ailəsi ilə birlikdə Bakı-Tbilisi qatarı
ilə səfərə hazırlaşır. Bu
səfəri onun yolu kimi də xarakterizə etmək
mümkündür. Çünki hekayənin
təhkiyəsində təsvir edilən məkan və zaman
obrazlarını yazıçının təhtəlşüur
simvollarına aidləmək olar.
Bədii sənətdə keçmişə səyahət
daim təkrarlanan mövzulardan biridir. Amma bunu uğurlu
detalyaratma strategiyası quraraq addım-addım tale yolunun xatirələri
müstəvisində gerçəkləşdirmək, belə
deyək, ömür mətninə çevirmək nadir
hallarda baş tutur.
Qatar ümumiyyətlə, ədəbiyyatın çox
müraciət olunan xronotoplarından biridir. Hər
yazıçının yaratdığı bu obraz onun qəhrəmanının
ruhi-psixoloji durumu, yaşantısı ilə birlikdə
assosasiya olunur. Xatırlayıram, ilk dəfə qatara minəndə
Tolstoyun sevimli qəhrəmanını, Anna Kareninanı
göz önümə gətirmiş, təlaşla
baxdığım qatar relsləri məni
üşəndirmişdi. Amma qatar
obrazı mənim yaddaşıma ayrılıqların
başlandığı yer kimi qədəm qoyub. İlk dəfə
bu məqamı Anarın "Sizsiz" roman-xatirəsində
iliklərimə qədər hiss edib
ağrımışdım. Qatar bu əsərdə
ölüm və həyatı ayıran mistik sərhəd
deyildi, amma yazıçı onu öz sevimli valideynlərinə
münasibətdə keçmiş və gələcək
arasında bir mediatora çevirməyi bacarmışdı:
"Bir foto da var. Bu foto həmişə ürəyimə məlhəm
çiləyir, məni ovudur, sakitləşdirir elə bil. Qatar vağzalında, perronda dayanıblar. Artıq cavan deyillər, amma hələ
qocalmayıblar da. Harasa gedirlər. Onları yola salırıq. Fotoda
olmasaq da, perronda varıq, dayanmışıq, onlarla söhbət
edirik. İndicə fit səsi eşidiləcək, onlar
vaqona qalxacaqlar, qatar yola düşəcək.
Ayrılacayıq. Amma bu əbədi
hicran deyil. Müvəqqəti
ayrılıqdır. Bir müddətdən
sonra yenə görüşəcəyik".
Sonra
Elçinin "Qatar. Pikasso. Latur.1968"
hekayəsi... Cansıxıcı münasibətləri, insan tənhalığını
amansız üslubda üzə çıxardan məkanın
mistik cazibəsi! İsi Məlikzadənin "Qatarda" hekayəsindəki
ibrətamiz məqam - sosial statuslu insanların
yığışdığı yer, insan xislətini bəlirləmək
üçün qurulmuş kiçik, dar interyer, tipik xarakteri
üzə çıxarmaq üçün
yaradılmış tipik situasiya! Çoxdur belə
nümunələr. Son yazılan mətnlərdən
biri kimi İlham Əzizin "Elvira" hekayəsindəki həyatına
rəng qatmaq, yeni münasibətlərə rəvac vermək
üçün seçilmiş qatar
obrazı. Bu fərqli bədii anlam yüklənmiş
mətnlərin hamısını birləşdirən amil isə
onlarda ehtiva olunan insan dramlarıdır. Alpay
Azərin "Bubu və qatar" hekayəsi də bu dramdan
xali deyil.
Hekayədə zaman və məkanın ikiləşməsi
baş verir, biz təsvir edilən gerçəklərin arxa
planında bir də nə vaxtsa olmuş, baş vermiş hadisə,
situasiyaları görürük. Sanki dejavu
yaşanırmış kimi. Elə qəhrəman da hər
an özünü dejavunun içində hiss edir. Bu dəfə
o heç nəyi qaçırmamağa, sanki qatarın ruhunu
dərk etməyə çalışır: "mənə
indi Bubunun son dərəcə heyrətlənməyi o
dövrü təkrar yaşamağımçün
lazımdır. Mənə elə gəlir, Bubu da mənim
uşaqlıq vaxtlarımdakı kimi yekə, yaşıl
qutunun içində uzaqlara getdiyini hiss edir və ona beş yaşlı Alpay baxışlarıyla
baxan mən dillənirəm:
- Qəşəng gedirik hə, Bubu?"
Hekayə qəhrəmanı öz uşağı ilə
birgə uşaqlığına qayıdır. Qatarların
qoxusu, rəngi, tambur, elektrovoz, bələdçi belə qəhrəman
üçün uşaqlıq və gəncliyinin bir
parçası olmaqla yanaşı, həm də həyatın
yaddaqalan məqamlarını əks etdirir özündə.
Qarabağ ağrısı, gülüşlə
dolu tələbəlik illəri, qayğı və kədərlə
xatırladığı uşaqlığı, qardaşı
ilə bağlı nigaran məqamlar, pandemiya dönəminin hələ
də davam edən çətinlikləri. Qatardan baxışın bir də bu işi var. Onun pəncərələri
bəzən açıq çölləri, bitib-tükənməz
təbiət gözəlliklərini əks etdirsə də,
insanın içinə yönəlməsi üçün
fürsətə dönür. Bu
kiçik məkandan rastlanan hər hadisə, eşidilən hər
səs keçmişlə bağlı hansısa
situasiyaların işarə mənasını anlamağa imkan
yaradır. Məsələn, personajın
öz həyat yoldaşına ünvanladığı suala
verilmiş cavab oxucu üçün sarsıdıcı olur.
Yəqin ki, sualı verən qəhrəmanın özü
üçün də:
"Bir dəqiqə...
Sən iyunda semestr imtahanları vermişdinsə,
iyunun axırı niyə getmədin rayona? Ən azından iyulda gedə bilərdin.
- Əslində, elə iyunun axırı getmək
planımdaydı, amma hər dəfə evə zəng eliyəndə,
papam deyirdi, nəbadə gələsən ha, rayonda vəziyyət
çox pisdi, ermənilər hər gün şəhərə
qrad atır.
Avqustda ara bir az sakitləşdi deyə,
qatara bilet aldıq, dayımla getdik rayona, ikicə gün
qaldıq orda. Qradla başladılar rayonu vurmağa,
qonşumuz, beş uşaq anası həyətdə
paltar sərəndə öldü. Atamın
dostunun iki qolu qırıldı. Nə isə, axşam
qatara mindik ki, qayıdaq Bakıya, İmişlidə
dayandırdılar qatarı, Bakıya
buraxmadılar. Bir gün qatarın içində
qaldıq, sonra mindik maşına, gəldik bura. Təsəvvür elə, o vaqonlarda illərlə
qalanlar oldu, o vaqonlardan gəlin köçürdülər,
gəlin gətirdilər ora".
Bu sual hekayədə gözlənilmədən verilir,
amma məlum olur ki, bu gözlənilməzlik obrazların həyatı
ilə birbaşa vəhdətdədir. Elə
bütövlükdə xalqın keçdiyi tale yolu ilə də.
Bu təsvirlər obrazın
yaşantılarına addım-addım yanaşmaq yolu ilə
yazıçının dilinin halqavari sintaksisində ehtiva
olunur.
Qatarlar qəhrəmanın dünyasında yalnız
keçmişlə bağlı anıları ifadə etmir, həm
də onun metafizik dünyasında mühüm funksiyaları
gerçəkləşdirən vacib simvol funksiyası
daşıyır. Xaotik dünyadan huzurlu dünyaya, bozluqdan sirli aləmə,
adilikdən möcüzələr diyarına keçid kimi məsələn:
"Hə, onu deyim, beş-altı yaşımdan bu yana, hər
dəfə qatara minəndə inanılmaz bir rahatlıq dolur
içimə, sanki başqa bir dünyaya ayaq basıram, o biri
tərəfdən, qatar bu dünyanın cənnətidir mənimçün.
Vağzalda qatarı görərkən həyəcan
qarışıq həzdən tutmuş, perronda var-gəl etməkdən,
vaqonun tutacaqlarından tutub dəmir pilləkənlərə
ayaqlarımı basana qədər keçirdiyim hisslərin
analoqu yoxdu. Bu hisslər illərdir içimdədir,
arada həmin ləzzəti yaşamaqçün o səhnəni
təsəvvürümdə təkrar-təkrar
canlandırıram".
Hekayədə yalnız xatirələr yox, hətta səslər
belə uzaqlardan gəlir, özü ilə birgə munis
duyğuların təkrarını yaşamaq istəyi gətirir. İki polis
arasında dialoq, səs dalğasının əks-səda verərək
çox uzaqlara yaydığı sözlər illərin bu
tayından yenidən haray salıb qəhrəmanın qəlbini
titrətməyi bacarır. Yazıçının
vizual yaddaşının gücü həm də bu səsləri
unuda bilməməsindədir: "Aralarında gedən
şirin söhbət təxminən bu cür yadımda
qalıb: biri soruşur "Necəsən?",
o biri də cavab verir ki, əlayam, - sözlər əks-səda
verir: Necəsən? Necəsən? Necəsən? Əlayam,
Əlayam, Əlayam. Nələrisə
xatırlayırlar, kiminsə haqqında danışırlar,
o deyir, bu deyir, bu deyir, o deyir, səsgücləndiricilərin
sayəsində əks-səda verən, elə bilirəm,
göyəcən gedib çatan sözlər, qəhqəhəli
gülüşlər (ən çox bığlı milis
gülür.) bir-birinə qarışır, sanki
şüşə kimi çiliklənib havaya səpələnir,
yerə düşəndə qar dənəcikləri kimi yox
olur".
Alpay bu təsvirləri ilə eşitdiklərini belə
görümlü etməyi bacarır, təbiət
çalarları ilə eyniləşdirib vizuallıq yaratmağa
nail olur.
Bütün iri-xırdalı xatırlanan bu məqamlar
yazıçının qatar səyahətini
onun özü üçün həm də meditasiya
forması kimi qəbul etməyimizə imkan yaradır:
"Təyyarə
bizə faniliyi xatırladır, qatar əksinə, bunu
unutdurur, təyyarə sürətlə start
götürüb göyə uçmağa başlayanda, yerə
enəndə biz həyəcanlanırıq, inanclılar
sağ-salamat evlərinə çatmaları üçün
"Fatihə", "Fələq", "Nəs" surələrini
oxuyur, Allaha dualar edirlər. Qatar yerindən tərpənəndə
əksinə, içimizə rahatlıq dolur, bəziləri həmin
ayələri, duaları oxumağı unudur, lazım olan
stansiyaya çatanda isə qəribə darıxma hissiylə
üzləşirlər".
Amma məncə, elə deyil. Bütün fərqli toxunuşlarla
bərabər, qatar həm də
dünyanın və insanın faniliyinə bir işarədir:
"Uzaqlaşan qatar mənimçün, sanki uzaqlaşan adam
idi, sadəcə, bu hiss şüuraltımda gizlənmişdi
deyə, onu dərk edəmmirdim". Bu mənada, perronda
dayanıb vaqondakılara "əl yelləmək", yaxud əksinə,
vaqondakıların aşağıdan pəncərələrə
həsrətlə zillənən baxışların
müşayiəti altında məkandan uzaqlaşmaq
anını gerçəkləşdirən bu "sirli, yekə
qutular" mistik məna enerjisi ilə bu faniliyi sonda talelərin
proyeksiyasına çevirən, "gedib də dönməmək
var, dönüb də görməmək var"
ovqatını xarakterizə edən metafizik obrazdır. Buna baxmayaraq, hekayə başqa bir yaşam fəlsəfəsini
də təlqin etməyə nail olur. Çağın
reallığı, bu reallığın içinə səpələnmiş
təəssüf nidası, ötən günlərə
"əl yelləmək" sevdası və hər zaman
uşaq qalacaq, uşaqlıqda yaşamış xatirələrin
izinə düşüb yaddaşının oyaq
saxladığı anların həzin cazibəsində olmaqdan
həzz alan, göz qırpmadan günəşə
baxmağı bacaran insan ruhsallığını:
"Pandemiyadan sonra gecə qatarlarını deyəsən, ləğv
etmək qərarına gəliblər. İndi
sürətli, modern qatarlar səhərlər, günortalar
Bakıdan Gəncəyə, Qəbələyə,
Ağstafaya yola düşür və çox güman, istifadədən
çıxarılan yaşıl qatarları tez, ya gec metaləritmə
zavoduna göndərəcəklər. Amma bir vaqonu
vağzalda muzey kimi saxlayacaqlar və mən qocalıb əldən
düşənə qədər vəfalı sərnişin
kimi arada axşamlar bilet alıb o vaqona daxil olacam, içəri
keçib kupelərdən birində oturacam, pəncərədən
çölə baxacam, gözlərimi yumub bədənimi
yırğalaya-yırğalaya, xəyalən yola düşəcəm,
sonra özümlə götürdüyüm termosdan dəmir
altlıqlı stəkana çay süzüb bərk qəndlə
içəcəm. Lap axırda üst yerə
çıxaraq qarnı üstə uzanıb bir müddət
işıqlı platformaya baxacam, sonra yenə gözlərimi
yumaraq Yevlax stansiyasındakı milislərin dialoqunu öz
içimdə səsləndirəcəm. "Necəsən?
Necəsən? Necəsən?"
- "Yaxşıyam. Yaxşıyam.
Yaxşıyam"... "Kupe məni,
doğmaları, yadları oyaq, ya yuxuda yırğalaya-yırğalaya
uzaqlara aparan bir otaq, beşik (böyüklərçün)
idi. Bunları yadıma sala-sala, qırx beş
yaşımda, hələ də beş yaşlı
uşağa çevrilməyimə sevinirəm".
Doğrudan
da, V.Səmədoğlu demiş, "yoxdur qocalıq yer
üzündə, yoxdur"...
Elnarə
Akimova
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, ¹6.- S.12-13.