Ağacda
alma
Bütün günahlar almadadı...
..."Qulağ
ver, hayıl-mayıl ola-ola altında oturduğun o alma ağacı var e, həyətin
ortasında... Barının ağırlığından
yarpaqları yerə dəyir o ağacın... Altı, ətrafı
gün işığına həsrət qalıb... Stol, stul da qoymusan e, ora... Necə
deyirsən onu, özünə təbii, yox e, təbiətdən
kabinet düzəltmisən, yenə çaşdım, deyirsən
ki, təbiət özü sənə kabinet düzəldib.
Qanmıram ki, səhərdən-axşamacan nağayrırsan,
nə yazıb pozursan orda... Heç yazıb-pozana da
oxşamırsan, amma stolunun üstü ağ,
qalın kağızlarla, cürbəcür qələmlərlə,
karandaşlarla, əyri-üyrü xətkeşlərlə
doludu. Şəkilçəkənə, rəssama
da bənzəmirsən. Heç indiyəcən düz-əməlli
bilmirəm sənin əsl sənətin nədi, nə işlə
məşqulsan, hansı yuvanın quşusan, bir-iki kərə
soruşmuşam, çavabından heç nə
qanmamışam, ağlım bir şey kəsməyib, ona
görə çəkilmişəm kənara,
anladığım bu olub ki, sən həftəbecər alimsən,
yerdə, göydə, yan-yörədə, ətrafda nə
var hamısını qatıb qarışdırırsan.
Hamı dağa gedir, meşəyə gedir, çaya gedir,
gölün qırağıda dincəlir, sən səhərdən-axşamacan
o şoğərib ağacın altından
çıxmırsan... Cıxanda da gedib eşələnirsən
meşənin qırağındakı qəbiristanlıqda...
Sənəmin
qızı dedi mənə ki, neçə kərə vedrə
bazarına gedəndə səni qəbiristanlıqda, qəbirlərin
arasında gəzişən görüb. Bura
bax, nə görmüsən axı bizim o köhnə məzarlıqda,
min ilin ölülərindən nə istəyirsən, sənin
rəhmətliklərlə nə alış-verişin?
Nə də soruşuram həqiqəti gizlətməkdən,
düzünü deməməkdən ötrü hər
şeyi gülməklə, zarafatla yola verirsən... Mən də
özümü qanmazlığa vurub dərinə getmirəm...
Həmişə özünlə gəzdirdiyin, üstündə
elə deyəsən alma şəkli olan
balaca əl kömpüteri də sanki sənin
üçüncü əlindi. Rəhmətlik
babam deyərdi ki, kəramətli adamların
üçüncü gözü, bəsirət də
açılır, ona görə onlar uzaqgörən olur, gələcəyini
qabaqcadan duya bilir. Səninsə üçüncü əlin
çıxıb, sən hansı adamlardansan, necə adamsan
bilmək müşküldü, qəlizdi... Hərdən
canım yandığından sənə çay gətirəndə
də görürəm ki, nəsə ilan-qurbağa çəkirsən
qabağındakı iri, enli, qalın kağıza... Elə
bil oturduğun taxta stulda da deyilsən, ayaqların yerdən
üzülüb, dünya-aləmdən xəbərsizsən...
Mən də ehmalca çayı sənin qabağına qoyub
dinməz-söyləməz çıxıb gedirəm...
Çünki həm sənin fikrini dağıtmaq istəmirəm,
həm də o ağacın altında çox qalmağdan
çəkinmirəm, yox, belə... üşənəntəhər
oluram... Hə, elə yaxşı yadıma düşdü,
bax, sən mənim gətirdiyim çayı nədən
içmirsən, fikir vermişəm, soyudub-soyudub
tökürsən yerə... Bişirdiyim xörəkləri ləzzətlə,
nuşcanlıqla, iştahla yeməsəydin ağlıma pis
şeylər gələrdi, deyərdim, insandı da, bəlkə
çimçəşir, iyrənir məndən?.. Amma bilmirəm gül kimi ətirli,
xotuzquyruğu, dəmli çayı nədən ötrü
israf eləyirsən... Mən dəmlədiyim çaydan
heç Hidistanda da yoxdu e, bir-iki dəfə eyvanda
süzmüşəm axı sənə... Nəsə...
Bu
heç, hər nədisə, özün bilərsən.. Heç bilmirəm nə təhər deyim...
Hayıfım gəlir, hayıfım da yox e,
yazığım gəlir sənə... Iraq-iraq, qorxuram sənin
başına bir iş gələr o ağacın altında...
Mat-məəttəl qalıb
çaş-baş-çaş-baş üzümə baxma,
yer üzündə o ağacdan sırtığı yoxdu... Bilmirəm. ağaca
"sırtıq" demək olar, ya yox... Ancaq ağac da
canlıdısa, adam kimi nəfəs
alıb verirsə, həlbət ki, olar... Adamların həyasızı,
üzlüsü varsa, yəqin heyvanların da, lap belə,
böcəklərin, ağacların da eləsi bəs deyincədi...
Neçə kərə sənə demək istəmişəm
ki, oturma orda, yaşı bilinməyən o ağacdan hələ
heç kəs xeyir görməyib... Ancaq ki, son məqamda mətləb
üstünə gələ bilməmişəm, qorxmuşam
ki, sənin xətrinə dəyər... Elə bilərsən
ki, qıymıram sənə nəyisə... Eh, mənim
üçün nə fərqi?..
Bütün ev-eşik, həyət-baca, ağac-uğac, belə
canım sənə desin, kol-kos qurbandı sənə... Harda
kefindi otur, uzan, lap mayallaq aş... Onsuz da səndən
başqa mənim qapımı ya külək açır, ya
da yol azanlar... Sən də ki, hər il
bütün yayı mənim qonağım olursan, gülmə-gülmə,
bilirəm ki, düz danışmıram, adam qonaqdan pul almaz, sənsə
hər gələndə bir ətək pul verirsən mənə
burda qalmaqdan ötrü... Fəqət inan ki,
imkanım olsa, bir qəpik də götürmərəm sənnən.
Çünki pul təkcə əl çirki deyil e, şeytan
tələsidi... Var-dövləti heç kəs
dalına şələləyib aparmır o biri dünyaya.
Yer üzünün bütün ləl-cəvahiratını
yığsan da, itirdiklərini geri qayrarmaq olmursa, demək ki,
hər şey puçdu, əbəsdi, baş aldatmaqdan
ötrüdü, yox, əgər sərvətini
öğul-uşağından, nəvə-nəticəndən
ötrü topladığını düşünürsənsə,
bilmək olmaz törəmələrindən ötrü
saxladıqların onlara firavanlıq gətirəcək, yoxsa
dərd-bəla?.. Mıxı mismar eləyəndi o gözəgörünməz...
Fələyin elə ağlasığmaz işdəkləri
olur ki... İntəhası, nə olursa olsun, mənim burda da
tutacaq yerim yoxdu, nədən ki, quqquluqu təkəm... Məndən
sonra ip qırılır... Belə alındı...
Alındı da yox e, alınmadı... Oldu kəlləmayallaq...
Yatsam yuxuma da girməzdi ki, illər ötüşəcək,
mənim kimi gözəllər gözəli evdə
qarıyacaq...
Gözlərindəki
bic təbəsümdən görürəm: "Heç kəs
öz ayranına turş deməz," - fikri keçir sənin
ağlından. Albomdakı cavanlıq şəkillərimi
göstərmişəm də sənə... Baxma ki, o şəkillərin
çoxu ağ-qaradı, fotoqraf Tahir əli əsə-əsə
çəkib. Sanki uzaqdan ilan görübmüş şəklimizi
çəkəndə. İlandan qorxduğuna görə kənddə
adının qabağına "ilan" ləğəbi
qoymuşdular rəhmətliyin. Olmuşdu ilan Tahir. Nə
fotoqraflığını, şəkilçəkənliyini
dilə gətirən olurdu, nə də adını. Elə:
"ilan", deyən kimi camaat bilirdi söhbət kimdən
gedir. Hərdən cüvəllağı
cavanlar yoğun kəndiri qara rəngə boyayıb
atırdılar bədbəxtin balaca şəkilçəkən
otağının qapısının ağzına,
hırıldaya-hırıldaya
qışqırışırdılar ki, Tahir, qapının
ağzında yekə bir gürzə yatıb. Binəva, biçarə Tahir də qorxudan əsim-əsim
əsirdi, qapını möhkəm-möhkəm
bağlayıb axşamacan otururdu içəridə, ta o
vaxtacan ki, oğlu Tofiq gəlib atasını dilə tuturdu ki,
ay kişi, qorxma, vallah-billah bayırda ilan-zad yoxdu,
zatıqırıqlar, ana-atasından bixəbərlər yenə
səninlə məzələnirlər, mənəm
Tofiqdi çıx bayıra, çəkinmə... Atası qorxusundan tir-tir titrəyirdi, Tofiq də
hirsindən qapqara qaralırdı, söyüb-söylənirdi
ki, belə yaramaz hərəkətlər eləyəni tutsam
ağzını cırıb qoyacam qulağının dibinə.
Ancaq hamı bilirdi ki, kim, kimlər eləyir bu
yaramazlığı, böyüyüb rayon mərkəzinə
bitişən kənddəki cüvəllağılar
kimdi. İntəhası, ttutulmayan oğru xandan-bəydən
irəlidi, gedib kimin yaxasından yapışasan
sübutsuz-filansız?.. Biçarə Tofiq yalan-gerçək
çığır-bağır salıb, o cüvəllağıların
qarasınca söyüb söylənsə də çəkinirdi.
Neyləsin, onlar çox idi Tofiq yazıq tək... Adi zarafata
görə araya qan salmayacaqdı ki?.. Ən məzəlisi bu
idi ki, bizim tərəflərdə binadan yerli-dibli ilan olmur, kəndimizdə
sonuncu kərə ilan görən çoxdan ölüb gedib
yəqin ki... Deməyim odu ki, rəngsiz şəkli də
qapqara, kölgəli çıxardıb rəhmətlik Tahir.
O vaxtlar texnika da indiki kimi deyildi axı, adi
şəkil iki-üç günə ərsəyə gəlirdi.
Amma yenə də o şəkillərdə mən hanıdan
gözəgəlimliyəm. Hayıf o qaş-gözdən, qədd-qamətdən...
Ən böyük nemət cavanlıqmış... Adam gərək
ölüncə qocalmaya... Elə iyirmi yaşındakı
kimi qala... Qızın-qadının qocalmağı lap betər
olur, pis olur, bəzən az qala iyrənci olur... O bəziləri
deyirlər e, guya, insan meymundan törəyib, ya nə?..
İndi hərdənbir gözüm güzgüyə
sataşanda buna zərrəcə şəkk-şübhə
eləmirəm. Məxluq üzü o tərəfə
yaxınlaşdıqca doğrudan-doğruya öz əcdadlarına
bənzəyirmiş. Fəqət axır vaxtlar hərdən,
hərdənbir də yox, lap tez-tez fikirləşirəm ki, hər
şey başqa cür ola bilərdi, yaxşı ola bilərdi,
firavan ola bilərdi. Cadu-pitiyə inanmasam da elə bil mənim
bəxtimi bağladılar... Olmadı... Sanki bütün
qapılar üzümə bağlandı, dayaq
üçün hara əlimi atdım çürük
çıxdı, ovulub töküldü. Hamısı da o şoğərib
ağacın ucbatından... O ağac ki, barı, yepyekə
alması bir ovuca sığışmır indi. Amma əvvəllər
cır alma olub... Deyirlər, kərə də kəsiblər
o ağacı, baltanı acıqla, hirs-hikkə ilə az qala
lap kökündən vurublar, di gəl, tamam məhv eləyə
bilməyiblər, gözlərini yumub açmamış bir də
görüblər ki, ağac təzədən boy atıb...
Özü də əvvəlkindən də
qollu-budaqlı, əvvəllindən də yekə olub... Kəsilib
təzədən boy atdıqca gövdəsi, qol-budağı
kimi meyvələri də böyüyürmiş... Həm də
heç bir alma sortuna, növünə bənzəmir onun
dadı-tamı... Bilmək olmur Qızıl Əhmədidi,
Sinabdı, Palmetdi, Sibir almasıdı, nədi?.. Bəlkə
də dəyişib dadı-tamı... Mən çoxdandı
çəkinirəm o ağacın meyvəsini, barını
yeməyə. Yetişdikcə qonum-qonşuya paylayıram, yerə
düşüb bir tərəfi çürüyənləri
də heyvan-qaraya verirəm. Sən özün
yemisən də, bilirsən ki, tamam fərqli dadı var dəyişməyibsə,
elə bil sadaladığım bütün növlərin,
sortların qarışığıdı, kəsəsi,
sözlə anlatmaq müşküldü... Özü də
ilin hansı vədəsində, haçan gəlirsən gəl,
yarpaqları sımsıxdı, almaları, bar-bəhəri
də ki, üstündədi ağacın... O ağacın
yarpaqları heç vaxt saralmır, qurumur, xəzan olub yerə
tökülmür, o ağacın tumurcuqlamasını,
gül açmağını görməyim də yadıma
gəlmir. Nə qışın şaxtasından qorxandı,
nə yayın istisindən... Külli-aləmi gəz-dolan bu
boyda, bu yekəlikdə alma ağacı tapmazsan. Həm də
ki, göbələyə, salxım söyüdə
oxşayan... Sanki sıx yarpaqlarını yorğan kimi
üstünə çəkib ətrafdan özünü
qoruyur, ona görə isti-soyuq, yay-qış, lap belə gecə-gündüz
vecinə deyil. Beş-altı ilin söhbətidi,
qonşuya bir sısqa, keçəl kişi gəlmişdi,
heç bilmirəm, yadımdan çıxıb yolu bizim həyətə
necə düşdü. Hə, o sısqa, ayaqları
spiçka çox hərləndi bizim alma ağacının
altında... Dərib bir-ikisini də yedi. Mən də
şübhələndim, amma qonşu dedi ki, bu kişi bilikli
adamdı, şələşür-filan deyil, şəhərdə
yaxşı vəzifəsi, hörməti-zadı var. Hər nə
isə: "Nə olar, nə olmaz, yox yerdən başım
ağrıyar..." - fikirləşdim, gedib kəsdirdim
spiçkaayağın çənəsinin altını.
Çənəsinin altı demək də düzgün
çıxmır, yazıq mənim çiynimdən idi.
Kişi gözlərini qıyaraq bir xeyli ağaca müştəri
gözü ilə baxıb birdən-birə qayıtdı ki,
bu elə-belə, adi alma ağacına oxşamır. Gərək
Akademiyadakı mütəxəssislərə
danışım, gəlib əməlli-başlı
araşdırsınlar buraları, bu ağacın
barını, toxumunu, kökünü, gövdəsini,
budaqlarını, yarpaqlarını... Bir sözlə, hərtərəfli
işə girişsinlər.
Mən botanik, nəbatat deyiləm,
amma əminəm ki, bu ağacın kökləri lap dərinə,
min illərə qabağa gedib çıxır, illərlə
araşdırma tələb eləyir ki, ağac bildiyi sirləri,
mətləbləri açsın bizlərə...Bu məsələyə
adi iş kimi baxmayın, bəzən çöllükdən
tapılan qədim bir saxsı parçası da həmin ərasinin
tarixini səlnaməçilərdən dəqiq nəql eləyir
bizlərə... Başladım kişiyə
yalvarıb yaxarmağa ki, sən Allah elə iş görmə,
qoy sakitcə oturub birtəhər günümüzü yola
veririk, güzaranımızı keçirib
başımızı girləyirik, bu dəfə insan əli
ilə bu ağacın bircə yarpağına xələl gəlsə,
yəqin ki, nəinki evimiz başıma
uçacaq, ətrafda nə varsa qupquru quruyacaq, bütün kənd
otsuz-qanqalsız ölü çölə, susuz səhraya
çevriləcək, səni and verirəm ölənlərinin
goruna çox şişirtmə, ağacdı də, adi alma
ağacıdı, heç kəsə, heç nəyəmaneçiliyi
yoxdu, qoy sakitcə durub yerində... Həm lənətləyirdim,
qarğıyırdım alma ağacını
özlüyümdə, həm də qorxurdum... Nə olursa
olsun, bu ağacla bağlı işıqlı xatirələrim
də var idi axı... Üç bacı bu ağacın
altında evcik qurub oynayardıq, yazıq canım,
böyük qız olduğuma görə həmişə ana
olardım mən oyunda. Qardaşım dünyaya
gələndən sonra atam ağacın altında
yüyrük düzəltdi, biz ehmalca yelləyirdik, uşaq o
yüyürükdə mışıl-mışıl
yatardı. Necə yəni yüyrük nədi, sən
heç dilimizi düz-əməlli bilmirsən ki,
yüyrük yəni nənni, budaqdan sallanan asılqan
beşik... Dədəm evdə olanda gəlib
yatmış uşağa tamaşa eləyərdi, qəfil
qardaşım oyanıb elə gözüyumulu balaca, nazik
qollarını yuxarı qaldıranda kişi
qımışıb bığaltı
pıçıldayırdı ki, bu uşaq da bizim kimi Allah
adamı olacaq...
Mübariz Cəfərli
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.15.