"Kişilər gec
ağlayır..."
Fraqmental-romanından
parçalar
Püşk
Kəndə birdən-birə elə bir sakitlik, elə
bir sükut çökmüşdü ki, kimə desən, qətiyyən
inanmazdı ki, çox yox, vur-tut, iki-üç saat bundan
qabaq güllələrin, top mərmilərinin, ağır
tankların tırtıllarının səsindən buralarda
yer-göy lərzəyə gəlmişdi və qulaq tutulurdu.
Göy üzünü qara buludlar
bürümüşdü. Yay günü idi.
Səhər-səhər göy üzü tərtəmiz,
mas-mavi idi. Güllələrin, mərmilərin qara
his-pası, od tutub yanan evlərin qara
tüstüsü idi ki, qurğuşun kimi buluda çevrilib
indi göydə asılmışdı.
Kənddə ins-cins qalmamışdı. Düşmən
qəfil hücum edib kəndə girəndə qaçan
qaçıb canını qurtarmış, ayağı yer
tuta bilməyənlər isə düşmən gülləsinə
tuş gəlib həlak olmuşdular.
Nə bir
səs, nə bir hənirti...
Birdən vəhşi bir qəhqəhə bu sükutu
pozdu. Düşmən zabiti əyilə-əyilə yarıuçuq
evdən qaçmaq istəyənləri
görmüşdü. Düşmən əsgərləri
bir anda avtomatlarını onlara tərəf çevirib
barmaqlarını tətiklərə sıxmaq istədilər.
Zabit bağırdı: "Diri tutun!"
...Üç
nəfər idilər. Qoca, orta yaşlı kişi,
bir də yeniyetmə bir oğlan! Qoca içini çəkdi:
"Güllələsəydilər, canımız birdəfəlik
qurtarardı..."
Orta
yaşlı kişi dili ilə
dodağını çeynədi, dodağından qan
fışqırdı...
Təkcə yeniyetmə oğlanın halı dəyişmədi.
Əsgərlər əsirləri qamarladılar. Qoca
ayaqlarını bərk-bərk yerə dirədi. Orta
yaşlı kişi də ilk əvvəl
müqavimət göstərməyə cəhd etdi. Onlar müqavimət göstərmək, öz
ölümlərinə sarı qeyri-ixtiyari olsa da,
sakit-farağat, kirimişcə getmək istəmirdilər.
Təkcə yeniyetmə oğlan dimdik durub qabağa
yeridi, elə bil ölümə meydan oxumaq istəyirdi.
Əsgərlər
qoca ilə orta yaşlı kişini, az
qala, sürüyə-sürüyə zabitin qənşərinə
çəkib gətirdilər. Fatehlər kimi şəstlə
əllərini belinə vurub dayanmış zabit qoca ilə
orta yaşlı kişiyə heç gözünün ucu ilə
də baxmayıb baxışlarını kinlə yeniyetmə
oğlana zillədi, nə fıkirləşdisə, birdən
qətiyyətlə:
- Öz qəhrəman
əsgərlərimlə bir neçə saat dincəldikdən
sonra bu xaraba kəndi tərk edəcəyik, - dedi, - əlbəttə,
sizi özümüzlə aparmaq fikrində deyiləm. İşinizi elə burada bitirəcəyik. Avtomatlarımızın daraqları doludur. Gülləyə hayıfımız gəlməz.
Amma...
Zabit
sözünü yarımçıq kəsib onun hər
sözünə dinşək kəsilmiş əsirlərə
üzünü tutdu:
- Amma...
Zabit yenə də susdu, altdan yuxarı əsirlərə
baxa-baxa qəfildən sınayıcı nəzərlərlə
onları süzdü, qoca ilə orta yaşlı kişidə
sağ qalmağa gizli bir ümid hissi oyandığını
hiss edib açıq-aşkar bir lovğalıq, məmnunluq
hissi duydu. Lakin yeniyetmə oğlanın daş kimi dayanıb
durduğunu görəndə cin atına minsə də,
acığını büruzə verməməyə
çalışdı.
"Axırına
baxarıq!..." - beləcə fıkirləşib
hirsini uddu.
- Amma... -
zabit axır ki, sözünü tamamladı, - belə qərara
gəldim ki, igid əsgərlərimin qəhrəmanlıqlarını
öz gözləri ilə görən yeganə şahid kimi
aranızdan birini öldürməyib salamat buraxım...
Zabit yeniyetmə oğlana baxmağa gecikdi, bu sözlərindən
sonra onun nə hala düşdüyünü görə bilmədi. Ona görə də bu dəfə
bir qədər əsəbi tonda:
- Ancaq bir
şərtim var, - dedi, - kimin sağ qalmasını
aranızda elə özünüz müəyyən etməlisiniz.
Sonra da
zabit əda ilə:
- Zabit
şərəfimə and içirəm ki, seçiminizlə
razılaşacağam, beş dəqiqə
də vaxt verirəm... - Bunu deyib zabit əsgərlərə əsirlərdən
aralanmağı işarə etdi. Və elə özü də
bir az aralandı.
Üç
əsir, bir də ortada ölüm sükutu...
İlk əvvəl qoca özünü ələ ala
bildi.
- Lənət
şeytana! Bəlkə bu əclaf elə doğrudan da,
sözünün üstündə durdu!..
"Aha,
bir ayağı burda, biri gorda olsa da, qoca ölmək istəmir!.." - Orta yaşlı kişi
elə bil indi bədənində dəmir qurşunun
soyuqluğunu hiss etdi.
Təkcə oğlan yenə də lal-dinməz
durmuşdu. Qara buludların təkəm-seyrək çəkilib
getdiyi başı üstündəki göylərə
baxırdı. Elə bil günəşi
axtarırdı.
Orta
yaşlı kişi tərəddüdlə:
- Bəlkə...
bəlkə oğlan yaşasın, hələ
lap uşaqdı, nə görüb ki... - deyə lap astadan
dilləndi. Orta yaşlı kişi bu təklifi
ilə, həm də qocanı utandırmaq istəyirdi:
"Dövranını sürmüsən, hələ də
gözün dünyadan doymayıb?! Fikirləşmirsən ki,
səndən daha çox, cavanlar yaşamaq istəyir..."
Qoca dinmədi. Görəsən, aradan nə qədər keçib,
vaxta neçə dəqiqə qalıb?..
Qoca bu həyəcanla
da:
- Bəlkə...
bəlkə püşk ataq, - dedi.
Orta yaşlı kişinin qəlbində sağ
qalmağa gizli bir ümid, həyat eşqi oyandı. Səsi titrəyə-titrəyə:
- Onda gərək
oğlan da bu şərtə razı olsun, - dedi. Qoca, sanki
özünə bəraət qazandırırmış kimi:
- Qoy, hər
şey ədalətli olsun, - deyə pıçıldadı,
- bəxt kimin üzünə gülərsə...
Qoca ilə orta yaşlı kişinin dizləri əsdi,
alınlarında puçurlanan soyuq təri əlləri ilə
silib, taqətsiz halda yerə çökdülər.
Əsgərlər komandirlərinə baxdılar, komandir
isə hələ ki, susurdu.
Birdən
bu amansız sükutu oğlanın pıqqıltısı
pozdu, sonra bu saf uşaq pıqqıltısı qəhqəhəyə,
aramsız gülüşə çevrildi...
Qoca ilə orta yaşlı kişiyə baxa-baxa
uğunub gedən zabit başa düşürdü ki, gecikib. Oğlan ondan qabaq qəhqəhə
çəkmişdi və atəş səsləri altında
da onun qəhqəhəsi bir müddət eşidildi və
zabitə də yer eləyən, onu qorxudan da elə bu idi...
Sonra araya sükut çökdü və bu sükutu
düşmən əsgərlərinin getdikcə uzaqlaşan
ayaq səsləri pozdu.
Vidalaşma
Hər gün sübhün erkən çağı
halal çörəkpulu ardınca yollanan oğlu ilə
anası söz-sözə gəlib balaca çəpləşirdilər.
Oğlunu yola salan ana hər dəfə onu bərk-bərk
qucaqlayıb bağrına basar, hər iki yanağından
dönə-dönə öpərdi. Anasını özündən
güclə aralayan oğul da ərklə səsini
qaldırmalı olardı: - Qol-qabırğamı
sındırdın ki, ay ana! Ev-eşikdən bəyəm
birdəfəlik gedirəm? Elə bil daha geri dönməyəcəm?!. Bəsdir də!
Anası
da özünə əl atıb:
-
Ağzından yellər aparsın, a bala! İraq-iraq, bu nə
sözlərdir, dilinə gətirirsən?..
- deyə həyəcanlanardı.
Oğlu da əlbəəl anasının
könlünü alardı. Gündəlik iş yerimə tələsirəm
də, ay ana! Axşama qayıdacağam...
***
Bir gün qonşu qapıya bayrağımıza
bükülmüş tabut gətirdilər. Ana da neçə
gün idi ki, üzülə-üzülə
qalmışdı. Elə bil bu
gen-geniş dünya oğluna dar idi, heç yerdə
özünə yer tapmırdı.
***
...Həmin
gün oğlu həmişəki kimi evdən erkən
çıxmadı. Gözü divardakı
saatda qalmışdı. Axır ki, yerindən
qalxıb qapıya sarı yollandı. Onu
yola salan anasını bu dəfə özü bərk-bərk
qucaqlayıb bağrına basdı.
Qırışmış sifətindən dönə-dönə
öpüb:
- Hə,
ay ana, öp məni, - dedi, - indi nə qədər istəyirsən,
öp məni. Doyunca öp... Öp... Sonra da
anasının boynuna sarıldı.
***
Oğlunun ardınca bir dolça su atan ana elə
ardınca da xeyli vaxt baxa-baxa qaldı, handan-hana otağa
keçdi. Özünə yer tapa bilmirdi.
Elə bil əli də dinc dura bilmirdi. Stolun
üstünə çəkilmiş tarım müşəmbəni
dartışdırmağa başladı. Müşəmbəni
sığallaya-sığallaya əli stolun küncünə
toxundu. Zərf idi. Ana əlləri
titrəyə-titrəyə zərfi müşəmbənin
altından çıxartdı. Zərf
açıq idi. Ana heyrətləndi.
Şeir idi. Oğlu hara,
şairlik hara?
Ana
gözləri toranlaşsa da, vərəqdəki o şeiri
axıracan oxudu:
Vəsiyyət
...ölüm
haqdır,
haqdır
ölüm...
Gec-tezi
var,
əvvəl-axır gələr o gün,
döyülər qapım, döyülər...
nə
yalvarış, xahiş-minnət
kara yetməz,
dada çatmaz,
yazılanlar da pozulmaz...
Elə isə...
Elə isə
qismət
eylə, Tanrım, qismət,
bükülsün tabutum bayrağa,
çiyinlərdəki tabutumdan
əllərindəki bayraqlarla
düşsün əsgərlər qabağa...
***
qismət
eylə, Tanrım, qismət,
qoy,
boyanım al qanıma.
Nə
sidr-kafər,
nə
mürdəşir gərək deyil,
qanım
damcı-damcı
qoy,
qarışsın öz
daşıma, torpağıma.
qismət
eylə, Tanrım, qismət,
arzum
gözümdə qalmasın,
cismim
yerə gömülsə də,
ruhum
göylərdə dolaşsın...
Oktyabr,
2023
Qalalar
"Kişiyə şərəflə ölüb Haqq
yolunda yanmaq nə gözəl! Ağ bürünmək
yerinə, al boyanıb Allah yolunda üzüağ olmaq nə
gözəl!"
İmam Hüseyn (ə)
Zahirindən Qorqud dədəyə oxşayan bir ixtiyar
baba qışdan sonra xoş havalı, işıqlı bir yaz
günündə ilk dəfə idi ki, beş-altı
yaşlı nəvəsini də yanına qoşub evdən
çöl-bayıra çıxartmışdı. Oğlan
gördüklərinə heyran-heyran, uşaq marağı ilə
baxırdı. Uzaqdan dağların zirvəsində
görünən Çıraqqala, sanki bir topa bulud idi. Beş-altı yaşlı totuq oğlan
uşağı o bir topa buluda baxa-baxa heyrətdə
qalmışdı.
Babası
nəvəsinin başını sığallayıb gizli bir
qürurla:
-
Qaladır, oğlum, - dedi, - Çıraqqala! - Nəvəsinin
zəndlə qalaya baxa-baxa durub qaldığını görən
baba, sonra da nə fikirləşdisə: - Yurdumuzun hər
qarışında keçmişin yadigarları olan belə
qalalara rast gələrsən, mənim balam! Axı,
tarix boyu torpaqlarımıza göz dikən düşmənlərimiz
çox olub.
Oğlan
uşaq marağı ilə soruşdu:
- Bəs...
indi niyə belə qalalar tikmirlər, baba?
Babanın
səsində bu dəfə bir iftixar, təntənə,
qürur var idi:
- İndi
el-obanın ən etibarlı qalaları onun
övladlarıdır, oğlum!..
Nəvə
bir anlığa nə fikirləşdisə, birdən qətiyyətlə:
- Mən
də böyüyəndə qala olacam, baba, - dedi, - görəcəksən!..
Baba nəvəsinin
sözlərinə sidq-ürəklə inandığından
idi ki, gülümsəyirdi...
***
Nəvəsiylə baba söhbətləşə-söhbətləşə
gəzintilərini davam etdirirdilər. Babasıyla ilk dəfə
birgə belə bir gəzintiyə çıxan nəvənin
isə sorğu-sualları bitib-tükənmirdi. Ancaq
ağacları sıx bir bağda əlindəki cib
bıçağı ilə qoca palıdın gövdəsini
ciddi-cəhdlə ovan 15-16 yaşlı oğlanla
qarşılaşan baba ayaq saxladı:
-
Ağacı niyə yaralayırsan, a bala?
Oğlan
bir anlığa özünü itirdi, əlini işdən
ayıraraq çevrilib dilini ağzında sürüyə-sürüyə:
-
Adımı yazıram, - deyə şəstlə dilləndi,
- qoy adım yaddaşlarda qalsın...
Baba
öyüd-nəsihətə keçib həlim səslə:
- At əlindəki
bıçağı yerə, oğlum, - dedi, - ağacı
yaralama! Adı... - Bir anlığa susdu, sonra da qətiyyətlə:
- qanla əbədiləşdirərlər!..
***
Güllü-çiçəkli bir yamacın
döşündə bardaş qurub oturan bir cavan oğlan qara
zurnada şövqlə "Cəngi" çalırdı. Oğlanın
başı öz çalğısına necə
qarışmışdısa, bayaqdan bəri səssiz-səmirsiz
durub "Cəngi"sinə heyran-heyran qulaq asan baba ilə nəvəsini
qəfildən gördü. Çalğı
yarımçıq qaldı.
Baba diqqətlə
oğlanı süzüb:
- Nə
yaman zilə qaldırmısan qara zurnanı, ay oğul? - deyə yumşaq bir səslə xəbər
aldı:
- Sən
yaşda cavanlar "Vağzalı" arzusunda olur...
Sifəti
qızaran oğlan üzünü babaya tutub ötkəm bir səslə:
- "Cəngi"dən
sonra "Vağzalı" çalacağam, baba!.. - dedi. - Qoy, hələ "Cəngi"ni başa çatdırım.
Və
"Cəngi" səsi dağı-dərəni
başına götürdü...
***
Uzaqdan, dağların zirvəsindən yüksələn
Çıraqqala yerində donub qalmış bir topa buluda
oxşayırdı. Beləcə, gəzə-gəzə baba,
nəhayət, nəvəsini indiyəcən özünün
həmişə tək-tənha gəldiyi yerə gətirdi.
Şəhərin qurtaracağındakı Şəhidlər
Xiyabanı idi.
Qorqud dədəyə bənzəyən Azər baba ilə
nəvəsi sükut içində, lal-dinməz şəhid
qəbirlərinin arasını gəzir, babasının
yolüstü gül dükanından aldığı qərənfilləri
bir-bir qəbirlərin üstünə düzürdü. Baba nəvəsinin yenə
də qalaya tərəf baxdığını görüb
köks ötürə-ötürə nəzərlərini
şəhid qəbirlərinə zilləyib:
- Bax, elə
bunların da hər biri qaladır, oğlum, - dedi, - elin qeyrət
qalaları!..
Aydın Tağıyev
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.16-17.