"Dolu"dan dolu, dəyəri milyonlarla ölçülə bilən povest haqqında düşüncələr və ya yeni kino həvəsində

 

Çoxdan idi ki, siyasi ədəbiyyatlar istisna olmaqla, birnəfəsə oxuduğum yüz səhifəlik bədii yazı olmamışdı. Nədənsə, illərin hobbisini yavaş-yavaş unuduram, daha çox sosial şəbəkələrdə kiçikhəcmli yazılar oxuyur və ya sadəcə, xəbərlərə baxmaqla aclığımı doyururam.

İllərdi imzasına və şəxsiyyətinə böyük ehtiram bəslədiyim, ağdamlı dostum Məzahirin qarabağlı, ağdamlı xislətini yazılarında, çıxışlarında duyduğum Aqil Abbasın imzasını da, yaradıcılığını da az-çox, izləyirəm. Arabir onun "Ədalət" qəzetində haqqımda yazı da getmişdi. Sağ olsun, dostlarımız Məzahir Əhmədoğlunu və Əbülfəti. Əbülfət Mədətoğlunu deyirəm. Bu, tam başqa bir mövzudur.

Qəzetdə də, televiziyalarda da, lap elə uzun illərdi Milli Məclis tribunasında da çılğın çıxışları ilə Aqil Abbas daim diqqət mərkəzində olub. Onu lap çoxdan tanıyıram. İlk dəfə rəhmətlik Soltan Hüseynov Kürdəmirin icra başçısı olanda onun birinci müavini Taleh Qaraşovun otağında tanış olmuşdum. Yəqin ki, onun yadında qalmaz, mənim isə yadımda idi bu görüş. İndiki görüşümüzdə də o vaxtkı Aqili gördüm. Yaşı xeyli artsa da, xarakteri "artmamışdı." Yəni yenə düşündüyünü deyirdi. O vaxt adi qəzetçi idi, indi isə xeyli adlı-sanlı adam olub. Millət vəkili olsa da, həmin dövrdən sonra "Dolu" ilə yaddaşlara daha çox dolsa da, elə həmin xarakterdə idi. Hər şeyi açıq söyləyən, bəzən həlim, bəzən çılğın, hər şeyi öz rəngində görən, ədəbi dili qarabağlı ləhcəsi ilə dada-tama gətirib qarşısındakı insanları sehrləyə bilən Aqil Abbas idi bu KİŞİ. İştirak edəcəyimiz tədbirdən əvvəlki görüşümüzdə də, Azərbaycanın hamısının onun olduğunu, Ağcabədidə doğulub köklü ağdamlı olduğunu, kürdəmirlilərlə, qubalılarla, bakılılarla, lənkəranlılarla, bütün Azərbaycanla qohum olduğunu söyləyən bu söz adamının, bu siyasətçi KİŞİnin daxilindəkiləri görmək üçün, gərək onunla dost olasan. Fiziki yaşı yetmiş, Qarabağsız illərini ömründən çıxıb otuz səkkiz yaşda olduğunu söyləyən Aqil Abbasın üzündəki qırışlardan Vətən dərdi, Qarabağ həsrəti, Ağdam dərdi aydın duyulur. Məclisdə olan əsl qarabağlılar siyahısında yuxarı yerlərdən birini tutan, ən böyük titulu Qarabağlı olan Seyran Səxavətin xatirələri də Aqili tam kəşf etməyə imkan vermir. İmkan versə, dostluq edərəm bu "dəliqanlı" yazarla.

Seyran Səxavətlə görüş idi. Rəsmi hissədə Aqil Abbas qısa çıxış elədi. Yaddaqalan, lakonik, üzüboz çıxış idi; bəzəksiz-düzəksiz. Fikirləşdiyini dedi, bildiyini söylədi. Tədbir öncəsi olduğu kimi, tədbirdən sonra da tam səmimi oldu, hamıyla şəkil çəkdirdi, hər kəsi dinlədi, kiməsə kömək etməyə də söz verdi. Axırda da yadına düşdü ki, bəs, təzə kitab gətiribmiş. Kitabı da aqilsayaq pay-püş elədi. Kim necə istədi, götürdü. Bu nazik, cəmi 123 səhifəlik kitabdan mənə də çatdı. Aqil Abbasla çəkdirdiyim şəkli avtoqrafdan qiymətli hesab etdiyimdən özü demiş, heç qol da çəkdirmədim ilk səhifəyə. Fikirləşdim, dünyanı öyrətməyə çalışdığım böyük nəvəm Altuna verərəm, o oxusun.

Seyran Səxavətlə maraqlı görüşdən, illərlə yaddaşlarda yaşayacaq tədbirdən sonra uzun yol qət eləyib evə qayıtsam da, yorğunluq hiss etmirdim. Əslində tədbirin sehrində idim. İnsan ruhunu sığallayan, son iyirmi ildə ilk dəfə idi ki, insan ruhuna tam uyğun tədbirdən dincəlib gəlmişdim. Elə bil beynimi ipək yelpiklə sərinləşdirmişdilər.

Kitabın adına baxdım: "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına". Maraqlı gəldi bu uzun ad mənə. Amma mövzu tanış idi. Kür çayının sahilində böyümüşdüm. Və belə ağacların minlərləsini kəndimizin bağlarında, qarşı sahilində olan meşələrdə görmüşdüm. Elə orda, bitdikləri sahildəcə doğulub böyüsələr də, bu ağaclar ömrü boyu susuz qalmışdılar, heç vaxt suvarılmamışdılar. Kökləri torpağa, başları göyə dəyən, bəzən 200-300 illik yaşı olan bu ağaclar, elə beləcə də qojalıf gedirdilər. Qojalsalar da, hər ildə çiçək açır, yarpaxlayır, cır da olsa, meyvə verirdi.

İlk əvvəl fikirləşdim ki, əşi, bu mövzunu onsuz da əzbər bilirəm. Sonra fikirləşdim ki, yox ey, bunu Aqil Abbas yazıbsa, burda nəsə var. Elə ilk üç səhifədəcə maraq məni götürdü. Böyük şair Məmməd Arazın qızının (Aqil Abbas belə deyir) senzurasından keçən bu yazı elə-belə ola bilməzdi ki?

Arada iki stəkan çay içməyi çıxsaq, öz otağıma çəkilib cəmi iki saata, birnəfəsə oxudum. Müəllifin Abdal-Gülablı Şakirin xatirəsinə həsr etdiyi bu povest, Qarabağ haqqında olanları çözələyən, hətta filmə də çəkilən "Dolu"dan da dolu bir həyat salnaməsi idi. Kitabı bitirəndə saat on ikiyə qalırdı. Otağımda Qarabağ var idi. Yekə bir tarix dolmuşdu otağıma. O, tarix ki, çox hissəsini əzbər bildiyim, yaşadığım tarix. O, tarix ki, bayaq olduğumuz xudmani məclisdə bir Aqil Abbasın, bir də mənim bildiyim Güllücə yox, Sumagüllücə tarixinin də olduğu, bütün qarabağlıların, bütün Azərbaycanın yaşadığı tarix idi bu.

Kitabın sehrindən çıxıb otağımdan çıxmaq istədim. Qapıya yaxınlaşanda otaqların qapılarının açıldığı böyük zalda ömür-gün voenkomumun televizorun səsini qaldırıb türk kanalına baxdığını duydum. Tez qayıtdım bayaqkı küncə. Yox, Qarabağla dolu, qaçqın qarabağlılarla dolu həyatı hələ ki, "itirmək istəmirdim". Birdən anladım ki, Qarabağı yox, qaçqın qarabağlıları, içində Avdal-Gülaflı, Şakir olmaxla, Sumagüllüjəli qaçqın Məzahiri də itirmişəm. İndi qarabağlı Şakir, qarabağlı Məzahir var. Sağ olsun, Ali Baş Komandan İlham Əliyevi. Sureni də, Surenin küçüyünü də məhv edən ordumuzla azad etmişdi Qarabağı.

İndi qalmışdım qarabağlı, qarmonçalan Şakirlə baş-başa. Əslində bu Şakir deyildi. Bu, yurd-yuvasından qaçqın düşmüş milyondan çox kəlbəcərli, laçınlı, cəbrayıllı, zəngilanlı, xocalılı, füzulili, xankəndili, lap elə ağdamlı qaçqınların hamısı idi. Eyni günü, eyni ağrı-acını yaşamış milyondan birinin simasında hamının dərdini canlandırmaq isə hər oğulun işi deyildi.

Kefindən-damağından qalmayan bəxtəvər Ağdamı da, dünyanın cənnəti olan Abdal-Gülablını da, qonşu kəndləri də, onların qara günlərinin üstünə bir qaçqın "kefqomluğu" sərib qələmə alan Aqil Abbas da bu cameənin içində idi. Bəxtəvər günlərdə Abdal-Gülablıya gedən qonaqlar da, birinci katib də, sovxoz direktoru da, Şakirin paçka basdığı anbardar Həsən də, Rəmiş də, Turac xala da, "Market Vəliş" də əsər boyu Şakirlə, Aqillə birlikdə yol gəlirlər. Bu yol dərdlə dolu azadlıq yoludur.

Yəqin ki, yaşamadıqları it əzabına dözülən otuz ili heç bir qaçqın dostum həyatından silə bilməz. Ən yaxşı halda, bir-iki ay daldalana bildikləri dost-tanış evindən "qaçmaqla" xəcalətdən çıxan qaçqınları qarşıda nələr gözləmirdi?

Çətin və iztirablarla dolu yataqxana həyatı, çörəkpulu növbələri, arvad-uşaqdan utanıb, bəzən aylarla əyin-başını soyunmadan gözüaçıq yuxulamaq, dost-tanış görəndə qaçıb daldalanmaq və.s

Əsərin ən müsbət çaları əsərin özünün Qarabağlı olmasıdır. Başdan-ayağa Qarabağ ruhu ilə köklənən, Qarabağın mühitini, təbiətini, adət-ənənələrini, adamlarını, dərdini, sevincini içinə çəkən Şakir doyunca qarabağlıdır. Onun ruhu Ağdamdan vurub Füzulidən, Füzulidən vurub Şuşadan, əslində bütün işğal göynərtisi yaşamış torpaqlardan çıxır. O, həm aqil, həm kefcil, həm filosof, həm musiqiçi, əslində insan kimi danışmağı bacarır. Ən müsbət cəhəti ruhunun ölməməsi və üsyankarlığıdır.

Doğulduğu mühitə uyğun olaraq dünyaca məşhur babası Abdal Qasıma bənzər anekdotları ilə yadda qalmağı bacaran qarmonçalan Şakirin içində vətənpərvərliklə insanlıq birgə döyüşür. İllərlə çörək kəsdiyi, çörəkqənimolmuş Surenin şandığasını postdan açıb buraxan Şakir, sonra rus telekanalında onun çıxışını görüb, onun "ölümünə fərman verir". Əslində bu, xalqın fərmanı idi və son anda xalq öz Komandanı ilə bu fərmanı icra etdi.

İçində vətən və yurd sevgisi olan kefqom Şakirin içində Aqil Abbas adlı dərd bitib. İlləri özü ilə sürükləyən, gücü çatmayanda qələmini qıran, son anda "Dolu" ilə dərd dolu içini boşaltdığını hesab edən, kinosuynan romanını kölgədə qoyan Aqil Abbas. Bineyi-qədimdən dostluğa sədaqətli olan Aqil Abbas gəncliyinin dostu, xalq hərəkatından çiyin yoldaşı olan Nazim İmanovun qardaşı Rasim Müzəffərliyə xitab elədiyi andan, ta sona qədər millətin içindən süzülüb gələn dərdi ağ kağız üzərində qara qələmlə, mahir rəssam bacarığı ilə çəkib.

Amma belə deyil. Bu dərd Aqilin içinə hopub, istəsə də, istəməsə də.

Gəncliyimdə tənqidçi olmaq, lap Belinski, Məmməd Cəfər olmaq arzusuyla daraşmışdım kitablara. Sadəcə, ədəbiyyat müəllimi oldum. Və bu gün Aqil Abbas qələminin qüdrətinə yaxın gedə bilmədiyimdən bu dəyərli əsərə girişə, yaza bilmirəm. Çay qırağında bitib, susuz qalan ağacların gül açdığı - Qarabağın azad olunduğu bir dövrdə ərsəyə gələn bu əsərin əsl ədəbiyyatçı, peşəkar rejissor qayçısına kəskin ehtiyacı var. Bu gün "Dolu"dakı batalyon komandirinin törəmələrinin azad etdiyi Qarabağın, işğal dövrünü yaşamayıb, ömründən silən "ölü can" olmuş qarabağlı dostlarımın tarixidir bu əsər. Tarix isə yaşamalıdır.

Əvvəldə də qeyd etmişdim, "Dolu"yla xalqın döyüş ruhunu qaldıran Aqil Abbas "kinosu", adının nə olacağını bilmədiyim "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" kinosu ilə Azərbaycan tarixini, Qarabağ tarixini, Qarabağ taleyini, qarabağlı ruhunu, bir də arzulamadığımız qaçqın həyatını açıb göstərməlidir.

Sözüm kinoçəkənlərədir. 123 səhifədə 1123 seriyalıq, millətin beynini korlayan, qaçqın yataqxanasına belə soxulmuş "Santa Barbara" əvəzinə, vətənpərvərlik tarixi yatır.

Bu tarixi mütləq çəkmək lazımdır. Siz Aqil Abbasa baş qoşmayın, o, tarixdə sadəliyi ilə qalacaq. İstəsə də, istəməsə də, tarixlə birgə yaşayacaq.

Yeni kino görmək həvəsi ilə...

 

Kürdəmir rayonu

 

Vaqif Alıyev

 

Ədəbiyyat qəzeti  2024.- 17 fevral, №6.- S.14.