Yeni tarixi dövr və füzulişünaslığın vəzifələri

 

"Füzuli bütün türkləri birləşdirən şəxsiyyətdir"

 

Ümummilli lider Heydər Əliyev

 

Hər bir xalqın - millətin tarixində elə şəxsiyyətlər var ki, onlar öz xalqlarının və düşünən bəşəriyyətin mənəvi sərvətidir. Xoşbəxtlikdən, Azərbaycan xalqı belə tarixi şəxsiyyətlərlə - alimlər, şairlər, rəssamlar, musiqiçilərlə zəngindir. Bütün zamanlara və bütün xalqlara həmişə gərək olan belə şəxsiyyətlər - Xaqani, Nizami, Nəsimi, Füzuli, Mövlanə Cəlaləddin Rumi, Əlişir Nəvai, İbn Sina, Əl-Biruni, Əl-Fərabi böyük türk millətinin elm və sənət dühalarıdır. Sonrakı nəsillər onları ehtiramla yad edir, tarixin gedişatını onların sayəsində doğru müəyyənləşdirirlər. Xüsusilə, XX əsrin II yarısında, XXI əsrin ilk dövründə klassik irsə münasibətimiz dövlət siyasətinin prioritetlərinə çevrilib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yazıçı və şairlərimizin yubileyləri layiqincə qeyd olunub.

Müstəqilliyimizin ilk illərində dünya miqyasında keçirilən iki ədəbi-tarixi hadisəni xüsusi qeyd etmək istəyirik: möhtəşəm eposumuz "Kitabi-Dədə Qorqud" dastanını 1300, dahi "Qəlb şairi" (Gibb) Mövlanə Məhəmməd Füzulinin 500 illik yubileylərini. Bu yubileylər adi ədəbi-bədii tədbirlər deyildi, hər ikisi YUNESKO xətti ilə bir neçə il sürən beynəlxalq bədii-fəlsəfi fikir bayramları idi.

Fenomenal siyasətçi Heydər Əliyev tarixin gedişatını, həm ağılla, həm də fəhmlə duyurdu. "Kitabi-Dədə Qorqud"un 1300, "Manas"ın 1000 illiyi və Füzulinin 500 illik yubileyi, həm də (və daha çox) bütün dünya türklərini birləşdirmək, türk məfhumu altında bir araya gətirmək vasitəsi idi. Ulu öndərin böyük uzaqgörənliklə əsasını qoyduğu bu tarixi işi onun varisi - möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev ləyaqətlə davam etdirdi. Ulu öndərin məzarı (abidəsi) önündə 44 günlük müharibə zəfərlə başa çatan gün onun dediyi "mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" ifadəsi təkcə Qarabağın azad olunması ilə bağlı deyildi, çoxmənalı fikir idi. Onun bir mənası da "Türksoy", "Türk Dövlətləri Təşkilatı", "Orta Asiya Dövlətlər Birliyi", "Qoşulmama hərəkatı", İslam dövlətləri birliyi ilə bağlı idi. Monolit türk birliyinə, Turan-Türk gələcəyinə aparan yolun əsasını Dədə Qorqudun və Füzulinin XX əsrin 90-cı illərində keçirilən yubiley tədbirlərindən qoyulmuşdur. Cənab Prezidentin "Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" 25 yanvar 2024-cü il tarixli sərəncamı bu işin yeni tarixi dövrdə davamı kimi mənalandırıla bilər. Sərəncamda Füzulinin ədəbi-tarixi mövqeyi belə ifadə olunur: "Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana, dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyətinin xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.

Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərlərin yarandığı ilk vaxtlardan geniş coğrafiyaya yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır". Diqqət edilərsə,  Füzuliyə yeni tarixi gerçəklikdə münasibətimizin estetik-metodoloji konsepsiyası bu tarixi sərəncamda möhtəşəm tərzdə öz ifadəsini tapmışdır.

Yəni: 1) Füzulinin ədəbi-fəlsəfi fikir tarixində tutduğu əzəmətli mövqe. 2) Yaxın və Orta Şərq ədəbiyyatına səmərəli yaradıcılıq təsiri. 3) Füzulinin bir mütəfəkkir, alim-şair olması. 4) Şairin insana dərin məhəbbəti və gözəllik duyğusu. 5) Ana dilini - türk dilini öz füsunkar poeziyası ilə yeni zirvələrə yüksəltməsi. 6) Onun parlaq dühasının məhsulu olan lirikasının müasirliyi. 7) Füzulinin Azərbaycan xalqının, türk millətinin iftixarı olması.

2007-ci ildə çap olunmuş "Azərbaycan füzulişünaslığı" adlı monoqrafiyada şairin müasiri olan Əhdi Bağdadi təzkirəsindən, XX əsrin sonuna qədər mövcud tədqiqatları tədqiq və analitik təhlil edilməsini nəzərə alaraq fuzulişünaslığın ayrı-ayrı mərhələlərini və ümumən bir elm kimi təkamülünü təsəvvür etmək naminə onların əsas faktlarını burada da qeyd etməyi lazım bilirik. Füzulişünaslığın nəzəri, metodoloji bir elm kimi təşəkkülü XX əsrə aiddir.

F.Köçərlinin ikicildlik "Azərbaycan ədəbiyyatı tarixi", Abdulla Surun "Füzuliyə bir nəzər", H.Araslının "Böyük Azərbaycan şairi Füzuli", B.Çobanzadənin "Füzuli və onun yeri", M.Quluzadənin "Füzulinin lirikası", Məmməd Cəfərin "Füzuli düşünür", Mir Cəlalın "Füzuli sənətkarlığı", S. Əliyevin "Füzulinin poetikası", Fuad Qasımzadənin "Qəm karvanı, yaxud zülmətdə nur", Teymur Kərimlinin "Görünməyən Füzuli", Rafael Hüseynovun Füzuli sənətkarlığına işıq salan məqalələr silsiləsi (Qəzəllərin gözəlləri və s.), Kamil Nərimanoğlunun "Mənim Füzulim", H.Ə.Mahirin "Mənim tanıdığım Füzuli" əsərlərini nəzərdə tuturam. Buraya Türkiyə, Avropa, Rusiya Füzulişünaslığını da əlavə etmək olar. Bu sıraya ingilis alimi Gibbin "Nizami və Füzuli" kitabını, milliyyətcə yəhudi olan böyük şərqşünas, akademik E. Bertelsin "Nizami və Füzuli" adlı fundamental əsərini qeyd etməliyəm.

Sərəncamdan irəli gələn Azərbaycan Füzulişünaslığının yeni tarixi dövrdə tədqiqi zəruri olan bəzi problemlərin istiqamətləri bizcə belə təsnif oluna bilər.

1) Mütəxəssislərdən ibarət redaksiya heyəti yaratmaqla mükəmməl Füzuli ensiklopediyası hazırlamaq.

2) Klassikin duzgun ədəbi-tarixi dəyərini təyin etmək ücün seçilmiş əsərlərinin mükəmməl tənqidi mətnini hazırlamaq.

Müxtəlif nəşrlərdə və çap olunmuş Füzuli əsərlərində yol verilmiş təhriflər, mubahisəli və ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

3) Fərqli alimlər Füzulini sufi-təsəvvüfçü adlandırırlar. Məsələn, akademik Fuad Qasımzadə "Qəm karvanı, yaxud zülmətdə nur" (1968), Mirzağa Quluzadə "Füzulinin lirikası" (1965) və bu sətirlərin müəllifi adıçəkilən kitabında Füzulini sufi şair kimi təhlil və təqdim edir. Bəkir Çobanzadə, Mir Cəlal, akademik Məmməd Cəfər, Sabir Əliyev bu məsələdə ziddiyyətli mövqe tuturlar. Adıçəkilən kitabların əksəriyyəti sovet dönəmində marksist metodologiya əsasında yazılıb. İndi müstəqilliyimizin əsaslı qələbələrə nail olduğu, Azərbaycan-Türk amilinin ön plana çıxdığı - "türk əsrində"(İlham Əliyev) - XXI əsrdə Füzuli irsinin türkçülük - azərbaycançılıq ideologiyasına söykənən metodologiya ilə tədqiqi göstərdiyimiz ziddiyyəti obyektiv surətdə həll etmək tarixi vəzifədir.

4) Məlumdur ki, Mövlanə Füzuli şiə məzhəb dindar idi. Digər bir ziddiyyəti göstərmək üçün şairin yaradıcılığına müraciət edək.

 

Ruzi yeyənik ali-rəsulun qapısında,

Bir ömürdür olmuş bizə bu rüzi müqərrər.

 

(əsərləri III c.s.412)

 

Ucaldın qəbrim, ey bidərdlər səngi-məlamətdən,

Ki məlum ola dərd əhlinə qəbrim ol əlamətdən.

Məzarım üzrə qoymun mil,

            əgər kuyində can versəm,

Qoyun bir sayə düşsün qəbrimə ol sərv qamətdən.

 

(I c. səh.46)

 

Ali Rəsulun-Peyğəmbərin qapısından çörək qazanırıq - yəni burada işləyirik. Qüdrətli şair Kərbəlada Peyğəmbərin nəvəsi Hüseynin məqbərəsində qulluqçu işləyirdi. Digər beytində isə deyir:

 

Məzarım üzrə qoymun mil,

            əgər kuyində can versəm,

Qoyun bir sayə düşsün

            qəbrimə ol sərv qamətdən.

 

Belə misalların sayını artırmaq olar, İmam Hüseyn faciələrinə həsr olunmuş "Mətləül-etiqad" qətl kitabını bu mövzuda hökmən qeyd etməliyəm. Beləliklə, fəzilət məlum, bəs onda aşağıdakı beytləri necə başa düşək!

"Füzuli, rindü şeydadır, həmişə xəlqə rüsvadır" deyərək, şair özünü xalq içrə rüsvay olmuş Rind adlandırır. "Füzuli dünyaya nifrət bəsləməmiş, əksinə, həyatı sevən bir şair olmuşdur" (akademik Məmməd Cəfər, "Füzuli düşünür" (1958, s.226).

 

Meyxanədir cahanda, Füzuli, məqami-əmn,

Cəhd et bir ev rübab kimi, onda tut müdam.

 

(I cild s.216)

 

Məsduddur Füzuliyə meyxanələr yolu,

Ya rəb, hidayət eylə təriqi-səvab ona.

 

(I c.s.41)

 

Meyi-gülguni, dedin, əqlə ziyandır, zahid,

Bumudur əql ki, tərki-meyi-gülgun etdin?

Canım aldın mey üçün, saqi, içirdin mənə qan,

Dad əlindən ki, məni al ilə məğıbun etdin.

 

(I cild, s.185)

 

Yaxud məşhur bir beyt:

 

Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

 

Hansıdır gerçək? İmam Hüseyn faciəsini şəhidlik kimi qələmə verən "Mətləül etiqad", "Hədiqətüs - süəda" yoxsa, Rind və Zahidin, həyat eşqi ilə yaşayan oğula, mömin atanın mükaliməsi əsasında yazılmış "Rindü-Zahid"?

Füzulişünaslıq bu ziddiyyətin əsaslarını dövrün, mühitin kontekstində aydınlaşdırmalıdır...

 

5) Digər bir əsaslı ziddiyyət: Füzulidə Eşq və İdrak məsələsidir. Bir tərəfdən yazır:

 

Məndən, Füzuli, istəmə əş'ari-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

 

(I c.s.107)

 

Digər tərəfdən:

 

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim,

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim!

 

(I c.s.229)

 

Eyni qəzəldə oxuyuruq:

 

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən

Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm?

 

(I c.s.229)

 

Birinci beytdə "ağıl sevgilim olsaydı, mən ondan ayrılardım" deyir. İkinci beytdə "kamil eşq"i ağıldan üstün tutur. Digər bir qəzəlində isə oxuyuruq:

 

Ey Füzuli, qılmazam tərki-təriqi eşq kim,

Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

 

(I cild, s. 301)

 

İstiqlal dövrü zəfərlə başa çatan 44 günlük müharibədən sonra yaranan yeni tarixi gerçəklikdə "ortaq türk keçmişindən ortaq türk gələcəyinə" getdiyimiz dövrdə bütün türkləri birləşdirən Füzuli irsindəki bu bədii-fəlsəfi ziddiyyətlər izah olunmalıdır.

6) Sərəncamda qeyd olunan mühüm bir məsələ: Füzuli irsinin bütün insanlıq üçün, bəşəriyyət üçün bədii-fəlsəfi, humanist-estetik əhəmiyyətini göstərmək naminə bu misilsiz irsin sistemli struktural təhlili, linqvopoetik açılışı qarşımızda duran elmi-nəzəri vəzifəmizdir.

7) Böyük milli ədib Cəfər Cabbarlı yazır ki, "Füzuli ədəbi dilimizi xarü-xətəkdən təmizlədi".

Yeni dövr Füzulişünaslığın qarşısında duran mühüm vəzifə Füzulinin dil performansının həqiqi elmi mahiyyətini izah etmək, şairin irsinin XVI əsrdən sonrakı dövr Azərbaycan türkcəsinə səmərəli təsirinin əsas aspektlərini müəyyən etməkdir.

8) Füzulinin poetikası barəsində müəyyən tədqiqatlar yazılıb (Mir Cəlal, Sabir Əliyev). Lakin Füzulinin estetikası hələ öz nəzəriyyəçisini gözləyir. Füzulinin estetikasının əruz nəzəriyyəsi, sufizm ümumşərq fəlsəfəsi kontekstində tədqiqi vacibdir.

9) Füzuli "ədəbi məktəb" yaratmış mütəfəkkir sənətkardır. Onun qeyri-adi poeziyası özündən sonrakı Şərq ədəbiyyatına, xüsusilə, doğma türk şeirinə - qəzəl, qəsidə janrlarına güclü təsir göstərmişdir. Füzulini yad ideoloji təsirlərdən xilas etmək, xurafatdan, cəhalətdən ayırmaq üçün Füzuli ədəbi məktəbinin öyrənilməsi ədəbi-tarixi vəzifəmizdir. Füzulidən sonra XIX əsrdə S.Ə.Şirvani, XX əsrdə Ə.Vahid qəzəli şöhrətlənmişdir. Millətin və onun sərvəti olan dövlətin yaşaması üçün xalqın klassik sənətkarlarının irsini hər dövrün və hər nəslin istəkləri baxımından öyrənmək tələb olunur. Bizim ədəbiyyatşünaslıq sübut edib ki, klassikin böyüklüyü məhz yeni dövr və onun nəsli ilə yenidən doğula bilməyindədir. Xaqani, Nizami, Nəsimi, Füzuli bütün insanların və bütün zamanların əvəzolunmaz şairləridir. Onların sayəsində 1000 il - IX əsrdən XIX əsrə qədər ədəbi-tarixi, bədii-fəlsəfi, poetik-estetik fikrimiz poeziya ilə təkamül etmişdir. Bizim mütəfəkkir şairlər, həm şair, həm alim, poetik və estetik zövq əhli olmuşlar. Millətimizin mənəvi gücü şeirimizin, xüsusən də, Nizami və Füzuli epik-lirik poeziyası ilə müəyyən olunur. Biz də, ümumən, türk dünyasında xalqın milli varlığı onun lirikasında - bayatı, qoşma, təcnis, rübai, qəzəl və qəsidələrdə öz əksini tapır, mahnılarımız, nəğmələrimiz, ruhumuzun epos-dastanlarımız bədii təfəkkürümüzün əzəmətidir. Türk milləti dünyanı təkcə qılıncla yox, həm də sözlə fəth edib. Türk sözü türk qılıncından daha kəsərlidir. Atalarımız deyib: "Keçər xəncər yarası, keçməz söz yarası". Füzulinin müasiri, şah və şair Xətai "söz var kəsdirər başı, söz də var kəsər savaşı" - deyib.

Füzuli Sözünün əzəmətini, fəlsəfi mənasını və bədii hüsnünü, sözün insanı əcəl yuxusundan xilas etmək qüdrətini dünyada məşhur etmək müzəffər Azərbaycan gəncliyinin vəzifəsidir.

 

Gülşən Əliyeva-Kəngərliİ

 

Ədəbiyyat qəzeti  2024.- 17 fevral, ¹6.- S.18-19.