Korifeyin həyatını cəhənnəmə
çevirən Dahi
Mahir Qarayevin
"Sonuncu korifey" romanı üzərinə qeydlər
Mahir
Qarayevin imzasını hələ 90-cı illərin əvvəllərindən
tanıyırdım. "Azərbaycan" qəzetinin ədəbiyyat
əlavələrində onun rus poeziyasının
gümüş dövr şairlərindən etdiyi tərcümələri
oxumuşdum. Ədəbiyyat tariximizdə iz qoymuş "Yol"
qəzetində onun da pozulmaz izi var. Tale elə gətirdi ki,
illər sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində
Mahir bəylə birlikdə çalışası olduq.
"Tənhalıq" şeirlər
kitabını mənə bağışladı, mən o
kitabda fərqli poetik manerası olan bənzərsiz bir şair
gördüm. Şair kimi onun haqqında qənaətim
belədir - o, situativ şeirin ustasıdır. Bilənlər bilir, üzdə görünməyi
xoşlamayan Mahir Qarayev çağdaş ədəbiyyatımızın
önəmli yazarlarındandır və düşünürəm
ki, onun poeziyası hələ də öz tədqiqatçısını
gözləyir.
Birlikdə çalışdığımız
dövrdə ədəbi konuda xeyli söhbətlərimiz
olmuşdu və bilirdim ki, irihəcmli bir roman üzərində
işləyir.
Arada "bəlkə heç bu romanı çap etdirmədim"
deyirdi və bu da əsərə olan marağı bir az da artırırdı. Nəhayət, uzun
gözləntilərdən sonra roman çapdan
çıxdı! Kitabı dərhal aldım,
amma nədənsə oxumağa tələsmirdim. Yazı masamın üzərində, əlçatan
yerdə qərarlaşmış kitabı arada
götürüb cildinə sığal çəkir,
qalınlığından qəribə bir zövq alaraq yerinə
qoyurdum. Bu mənim mütaliəöncəsi
vərdişlərimdən biridir; əvvəlcə kitabı əzizləyirəm,
özümü qarşıda məni gözləyən oxu
zövqünə hazırlayıram. Sonra əsərin
əvvəlindən sonuna səyahət başlayır. Sevdiyim əsərlərin bitməsini heç istəmirəm,
bu səbəbdən kitabı tələsmədən, aramla
oxuyuram. "Sonuncu korifey" bu qəbil
kitablardan oldu.
Bilirdim ki, bu əsər ənənəvi süjet xətti
olan birxətli romanlardan deyil. Aqşin Yeniseylə, Qurban
Yaquboğlu ilə "Sonuncu korifey" haqqında söhbətlərimiz
olmuşdu. Roman vərdiş etdiyimiz süjet və
qəliblərə sığmayan, özündə müxtəlif
sxemləri birləşdirən mürəkkəb bir mətndir.
Mətnin içində, sanki forma və məzmun
gizlənpaç oynayır, dəruni struktur oxucunu bir qədər
karıxdıra bilər. Amma bu metod Azərbaycan
romançılığında demək olar ki, yenidir. "Sonuncu korifey" kütləvi oxucunun həzm edə
biləcəyi əsər deyil. Yazıçı
özü də deyir ki, "mən bu əsəri
yazıçılar, sənət adamları üçün
yazmışam".
Yaradıcı insanın mürəkkəb təbiəti,
maksimalizmin faciəvi sonluğu, yırtıcı istedadın
möhtəşəm məğlubiyyəti roman boyu incələnir. Sözün
qısası, roman yazmayan dahi haqqındadır. Ədəbi
mühitdə özündən sonra bitib-tükənməyən
əfsanəvi söhbətlər (bədii mətndən
savayı) qoyub gedən bu talesiz insanların ümumiləşmiş
obrazıdır korifey. Romanın konstruksiyası riyazi dəqiqliklə
qurulub. Əsərin kodu rəqəmlərdə gizlənib.
Mandarin dilimlərinin sayında, korifeyin yazdığı mətnin
səhifə sayında... Bu da mətnin
qavranılmasını bir qədər çətinləşdirir.
Oxucuya bir qədər də fəhm, intuisiya kömək edə
bilər. Təbii, informativ baza olmadan hadisələrin mahiyyətinə
varmaq mümkünsüz görünür. Məzmunun bədii
təxəyyüldən daha çox, gerçək hadisələrə
əsaslanması bu təəssüratı yaradır. Korifey
bir az da Rastinyakın, Raskolnikovun sələfi kimi
qarşımıza çıxır. Düzdür,
o, qatil deyil, amma həmin ideyalarla bəslənmiş,
gücü başqalarına deyil, özünə çatan
milli İppolitdir! İntellektual həyatın zirvəsində
çırpınan, reallıq hissini unutmuş bu adamın həyatında
nəsə bir zəlzələ baş verməliydi.
Knyaz Mışkinin ideoloji rəqibi olan İppolitdən fərqli
olaraq bizim milli İppolitimiz təhkiyəçinin ustadı,
müəllimidir. Bu adamın yaşamı hər an risk
altındadır, ruhi və fiziki əzablarla cəngə
çıxmış Korifey dünyanı səkkiz vərəqlik
mətnə sığışdırmaqla namümkün
olanı mümkünə çevirmək istəyir. Hər dəfə
külündən doğulmaqdan bezir! Yandırılmış
vərəqlər onun ruhundakı əzabı bir az da
alovlandırır. Bu vərəqlərdə sevgi və nifrət
toqquşur, bir-birinə yol vermir. Və sonda o,
özünü "nəhəng bir boşluğ"a atmaqla
bu sonsuz iztirablardan xilas olur. Bizi əhatə edən reallıq
onun ideallarına uyğun gəlmir, bu o deməkdir ki, o,
başqa həyatın axtarışındadır, bu səbəbdən
onun dünyanı günahlandırmaq və ondan küsmək
haqqı var.
Çox qəribədir, romanın fraqmentlərə
parçalanması onun bütövlüyünə xələl
gətirmir, müəllif hörgünü elə ustalıqla
qurur ki, Dahi ilə Korifey arasında sərhəd itir, onlar
bütövləşirlər. Təhkiyəçi ilə
Korifeyi birləşdirən ana xətti (ana obrazı)
üst-üstə düşür və əslində bu məqamda
xətlər itir. Oxucunu çaşdıran məqamlarla zəngin
olan bu roman təkcə forma baxımından deyil, məzmunca
da son dərəcə mürəkkəb mətndir. Məsələn,
mən çox istəyərdim ki, Azərbaycan nəsrində
bu tipli romanlar yazılsın. Yazılsın ki, beyindəki
stereotiplər dağılsın, düşüncələri
tarıma çəksin, oxucu kafasında bir mütaliə
marşrutu yaransın. Bir mətn digər mətnlərin
açarına çevrilsin. Qurban Yaquboğlunun "Mən
yoxam" romanını oxuyanda da ağlımdan bu fikir
keçib. Oxucunu fikir uçurumlarına atan əsərlər
itirilmiş mütaliə vərdişini qaytara bilər.
"Sonuncu korifey" roman janrının sərhədlərini
qıran əsərdir. Burada süjet xətti üfüqi
deyil, şaqulidir, struktur alt laylarda gizlənir. Fərqli dil və
yeni üslub, həm də dilimizin ifadə imkanlarının nə
qədər zəngin olmasından xəbər verir. Folkneri hədəf
seçən, amma Heminquey belə ola bilməyən Korifeyin
faciəsi əslində canında dahilik azarı olan
bütün yaradıcı insanların son aqibətidir.
"Korifey bu iddiasında da tam haqlıydı: əsl
sənət riyaziyyat qədər, hələ bəlkə
ondan da daha dəqiq elmdir", Sözlər xanalara
düzgün oturmalıdır, vəssalam! Qafiyəsiz qəsidədəki
"vəssalam" təkririnə oxşadı lap! Korifey
romanda katalizator rolunu oynayır, onun şəxsi faciəsi tədricən
ictimai motiv qazanır, yaradıcılığın sonsuz əzabları
içində qıvrılan bu antiqəhrəman sonda ağ
bayraq qaldırmalı olur. Onun altşüurunu zədələyən
ana travması belə bir qaçılmaz sonluğu şərtləndirir,
dalğa kimi gedib-qayıdır, düşüncələrini
tətikləyir. Korifey bir az da mənə Kafkanın "Qəsr"indəki
Kanı xatırladır. Səkkiz vərəqlik mətnin
labirintində azıb-qalmış zavallını... Onun
"elitni bomj"a çevrilməsində bir az Dostoyevski, bir
az da Folkner "günahkar"dır. Onun həyatını cəhənnəmə
çevirən bu iki dahi olmasaydı, bəlkə də
heç bu roman yazılmazdı.
Bu romanın açarı, yəni romandakı
adların və hadisələrin konkret olaraq şirfələrinin
açılması üçün oxucu arxa fonda gizlənmiş
əsas obrazı - Taleyi görməlidir. Bir də müstəqilliyimizin
ilk illərində baş vermiş hadisələrin mahiyyətindən
xəbərdar olmaq lazım gəlir. Yazıçı incə
ştrixlərlə korifeyin ətrafında fləşbək
metodundan istifadə edərək zaman üzərindən dairəvi
marşrut xətti çəkir. İntihar mətnin məntiqindən
doğan nəticədir.
Romanın mütaliəsindən böyük
sarsıntı içində ayrıldım. Amma ədəbiyyatımız
bu sarsıntıdan mütləq keçməlidir!..
Kənan Hacı
Ədəbiyyat
qəzeti 2024.- 17 fevral, №6.- S.19.