İgid Nəbi
Hərbi qospitalda olan yaralılardan biri igid
döyüşçümüz Quliyev Nəbidən bəhs
edirdi.
...Nəbinin
olduğu bölmə şərqarışana yaxın
düşmən qüvvələrilə üz-üzə gəlir.
Düşməndən azad edilən postlardan, hərbi
hissələrdən pərən-pərən
düşmüş silahlı erməni birləşmələri
müxtəlif yerlərdə gizlənərək, cəbhəni
yarıb Ermənistan ərazisinə keçmək
üçün çalışırdılar. O dəstələrdən
biri də Nəbigilin bölməsiylə
qarşılaşır. Onlar aldıqları
koordinatlara əsasən, meşədə erməni birləşmələrinin
olduğunu bilirdilər və onları zərərsizləşdirmək
üçün o istiqamətdə hərəkət edirdilər.
Meşənin girəcəyində komandir onları dəstələrə
bölür:
- Hamı
bir yerdə hərəkət eləməsin. Pusquya
düşə bilərik.
Nəbinin dəstəsi sağ tərəfdən yola
düşür. Təkəmseyrək meşədə
yerimək də qorxulu idi. Canını
götürüb meşələrə qaçmış
düşmən qüvvələr hər an onları görə
bilirdi. Düşündüklərindən
ehtiyatlı olmaq üçün çox vaxt sürünə-sürünə
o əraziləri keçirdilər. Meşə
qalınlaşanda ayağa qalxıb yeriyirdilər. Onlar dərənin dibiylə gedirdilər. Qəfil xısıltıya yuxarı boylanan Nəbi
başını qaldırır, dərənin
aşağısından xəbərsiz irəli gedən
snayperli ermənini görür, dayanıb əliylə arxaya
işarə edir. Onun getdiyi səmtə
doğru, dərənin içiylə onu təqib edirlər.
Nəbi ehtiyatla düşmənin arxasından gələnlərin
olub-olmadığından əmin olmaq üçün
yuxarı qalxır. Və arxadan gələn
beş-altı ermənini də görür. Aşağı düşür. Nadirə:
-
Qarşıdakı snayperçidir, arxadakıların ikisində
silah var.
Nadir:
-
Uşaqlara xəbər verim. Sakit və səssiz
arxalarınca gedəcəyik. Ola bilsin,
qarşıda dəstə var, birləşmək istəyirlər.
- Əllərini tərpətməyə imkan verməyək. Elə burdaca...
- Silah səsinə
duyuq düşə bilərlər. Mən o
snayperi onun əlindən alacağam. - Nəbi qabaqda gedəni
göstərir.
-
Ehtiyatlı ol.
-
Onların heç birini nəzarətdən buraxmayın. Əl-qol açsalar, çarəmiz yoxdur, işlərini
bitirməliyik. Uşaqlara xəbər ver.
Nəbi ehtiyatla, dərə aşağı sürətlə
snayperə doğru gedirdi. Qəfil təpəcik
düzənliyə sarı açılanda erməni
dayandı, snayperi yerə qoydu və Nəbi fürsəti əldən
verməyib, onu çəkib dərənin burnuna saldı.
Əlbəyaxa oldular. Nəbi
güc-bəla ilə qolunu onun boğazına dolayıb var
gücüylə sıxdı, düşmən müqavimət
göstərsə də, Nəbi öhdəsindən gəldi.
Qəfil qarşıda yoxa
çıxmış snayperi görməyən ermənilərin
təşvişə düşdüyünü görən
Nadirin dəstəsindəki döyüşçülər
göz qırpımında hərəkətə keçdilər.
Ermənilərdən biri Əfşarı
ağır yaralamışdı. Bıçaq
əlini kəsmişdi, onun yarasını tez bağlayıb,
düşmənlərin üstlərindəki qumbaraları və
silahları götürüb irəli yeridilər.
Nəbigilin dəstəsi verilən əmrə əsasən
meşənin qurtaracağında dayandı.
-
Uşaqlar gələnə kimi gözləyək. Ona kimi dincəlin, amma ehtiyatlı olun.
Nəbinin sözü ağzında qaldı. Əfşar düzənliyə
açılan ərazidə olan adamları gördü:
-
Qabağa baxın.
Nəbi
onun göstərdiyi səmtə baxaraq:
-
Düşmən olmaya?
Nadir:
- Gedim,
baxım.
Nəbi:
- Olmaz. Komandir gəlsin.
- Bunlar hərəkətdədir,
nəsə görüblər, yəqin.
Nəbi:
- Ola
bilsin. Amma ehtiyatlı olaq.
- Gedim,
baxım...
-
Özüm gedəcəyəm.
- Olmaz,
komandir, - Orxan irəli yeridi. - Kəşfiyyat işindən
başım çıxır. Mən gedim.
- Təhlükəyə
sala bilmərəm.
- Komandir,
onsuz da biz ətrafı gözdən keçirməliyik. Bunlar kimdi, neçə nəfərdi, nəyi var,
öyrənək.
- Komandir
gəlsin, özüm gedəcəyəm.
- Komandiri
gözləmək daha təhlükəli ola
bilər. Bəlkə o tərəfdə bizim
qüvvələri görüblər, döyüşə
hazır vəziyyətə gətirilirlər.
Nəbi narahat bir şəkildə həmin səmtə
baxırdı.
Orxan:
- Komandir,
narahat olma. Mən tez dönəcəyəm.
Bir
göz qırpımında gözdən itən Orxanın həyatı
üçün narahat olan Nəbi geriyə meşəyə sarı
baxırdı:
- Harada
qaldı bunlar? İndiyə kimi gəlməliydilər.
- Ola
bilsin, onlar da bizim kimi düşmən qüvvələrini
görüblər.
- Atəş
səsi gəlmədi axı. Heç eşitmədik.
- Komandir,
bəzən səsləri meşə udur. Eşidilməz
olur.
- Orxan gəlsin,
görək...
***
Nəbigilin dəstəsindən ayrılan komandirin
bölməsi dağılmış kəndin yaxınlığından
meşəyə girmək üçün dəstəni
yığdı. Həmin kəndin xarabalıqları
arasında gizlənmiş iki erməni - Araiklə Levon
hansı ki, onlar erməni dəstələrindən
ayrılıb ikilikdə gizlincə, səs-küy olmadan Ermənistana
tərəf getmək fikrində idilər, onları
gördü. Onların məqsədi erməni
hərbi birləşmə meşəyə girəndən
sonra, xaraba evdən çıxıb Araza doğru yol almaq və
o tərəfdən Ermənistana keçmək
üçün yol tapmaq idi. Amma azərbaycanlı
döyüşçüləri görüb yenidən xaraba
evin zirzəmisinə qısıldılar:
- İzimizə düşüblər.
-
Görünür.
-
Batdıq.
-
Özümüzü dəstəyə çatdıraq.
-
Başqa çarəmiz də yoxdur.
- Bunlar da
meşəyə sarı gəlirlər.
- İzimizə düşüblər.
- Məhv
edəcəklər bizi.
-
Çatdıraq özümüzü dəstəyə.
-
Çoxdan yoxluğumuzu duyublar. Sağ buraxmaz bizi o adamyeyən.
- Livanlını
deyirsən?
- Vəhşidi
o.
- Ona
yaxşı xəbər aparırıq. Deyərsən,
əsgərlikdə olanda kəşfiyyatçı
olmuşuq. Məqsədimiz qaçmaq
olmayıb, ehtiyatla arxadan gəlmişik.
- Sənin
də bu
yalanların olmuya.
- Bu bəlanın
içindən sağ-salamat çıxmaq istəyirsənsə,
hər şeyə hazır ol. Girək meşəyə.
Tez ol.
Erməni Araiklə Levon təngnəfəs özlərini
dəstəyə çatdıranda hər kəs onlara
baxırdı.
Livanlı Ter onları görüb ironiya ilə:
- Ayı
gördünüz? Qaçıb
canınızı qurtarmaq istəyirdiniz, əclaflar?
Araik
özünü onun qarşısına yıxdı:
- And
olsun, yox. Mən də, Levon da qərara
almışdıq ki, arxayla gələk, biz türklə
vuruşuruq, nolar, nolmaz. Bu yerlərə bələdik.
Ter
hırıldadı:
- Noldu bəs?
Türk yerinə ayı çıxdı
qabağınıza?
Araik:
-
Türklər gəlir arxadan, meşəyə sarı.
Ter onun
başının üstünü aldı, silahı
boğazına dirədi:
- Çəkib
dilini çıxararam. Köpək oğlunun...
Levon
özünü qabağa atdı:
-
Doğru deyirik. Gəlirlər. Meşəyə
girmiş olarlar...
Ter ciddiləşdi:
-
Hansı istiqamətdən?
- Deyəsən,
yerimizi bilirlər, bu istiqamətdən. Kənd
tərəfdən. Meşənin girəcəyinə
yığışıblar.
- Qüvvə
çoxdur?
- 60-70 nəfər,
bəlkə də çox olar. - Araik yalandan - Lap irəli
yeridim, saydıqlarım bu oldu, ətrafda da
görünürdülər.
Ter:
-
Hamısı bir istiqamətdə gəlir?
- Bəli,
yerimizi biliblər ki, qüvvə birlikdə hərəkətə
keçib.
Ter Araiki
ayağıyla geri itələdi:
- Dediyin
kimi olmasa, özünü ölmüş bil. - Sonra
yanındakı livan əsilli hərbçiyə sarı
çevrildi:
-
Puça, mənə xəbər gətir.
- Oldu,
komandir.
Puça
Levonun boynundan yapışdı:
-
Gördüyün istiqaməti göstərəcəksən.
Levonun onunla getməkdən savayı çarəsi
qalmadı. Onlar xeyli vaxt sonra döndülər. Puça:
-
Böyük bir dəstədir. Hiss olunur ki, izimizə
düşüblər. Hələ meşənin
kənarındadırlar. Deyəsən,
hücuma hazırlaşırlar.
- Biz də
onları qarşılayaq.
-
Onların, deyəsən, elə hamısı bu istiqamətdə
gəlir.
- Tez olun,
gəldikləri istiqamətdə müdafiəyə
keçin.
Düşmənin
iki snayperçisi və pulemyotu hazır vəziyyətə gətirildi...
Orxan həmin vaxt artıq kəşfiyyat xəbərini
Nəbiyə çatdırmışdı. Orxanın
gedib-qayıtması bəlkə də heç o qədər
vaxt aparmamışdı, amma hər dəqiqə Nəbi ilə
bərabər olduğu üzündəki təşvişdən
hiss olunurdu.
Orxan təngnəfəs:
-
Düşmən duyuq düşüb, qərb istiqamətində
istehkam qururlar. Əsgərlər o istiqamətə
yerləşdirilir. Bir pulemyot da var.
-
Bölüyün bir hissəsi o tərəfdədir. Yəqin kəşfiyyat aparıblar, duyuq
düşüblər. Həmən xəbər
çatdırmalıyıq.
Nəbi
radioqəbuledicini işə saldı və qəfil nədənsə
dayandı...
Nadiri
çağırdı:
- Bunu
yerli-yataqlı komandirə çatdırmalıyıq. Dinləyən
ola bilər. Xəbəri
özümüz çatdıraq. Bu istiqamətdən
arxadan biz hücuma keçərik, plandan xəbərimiz olsun.
Yola düş.
***
Nadir gəldikləri
yolla, Samirlə birlikdə komandirin olduğu yerə çatanda,
komandir narahat oldu:
- Nəsə
olub? Hanı uşaqlar?
-
Uşaqlar sağ-salamatdır, komandir. Xəbər
var.
Nadir məsələni
komandirə xəbər verəndə gizir Səlimi gülmək
tutdu:
- Niyə
gülürsən?
- Belə
çıxır ki, biz kəşfiyyat qrupu göndərmişik. Sağ ol səni, igidim Nəbi.
Komandirin də üzündə təbəssüm
görünəndə Nadir yolda ermənilərin bir dəstəsini
necə zərərsizləşdirdiklərini
danışırdı.
- Vaxt
keçir. Gəldiyiniz kimi dönün. İstiqaməti dəyişirik. Arxadan
onların yolunu bağlayacağıq. Burda
qalan qüvvələr meşədən çıxmaq istəyənlərin
qarşısını kəsəcək. Nə
arxaya, nə irəliyə yeriməyə imkan verin.
- Oldu,
komandir.
- Sübh
tezdən hücuma keçəcəyik.
***
Nadirlə Samir artıq komandirin əmrini
Nəbiyə çatdırmışdı. Verilən
koordinatorlara əsasən, sübh çağı hücuma
keçən döyüşçülərimiz düşmənin
xeyli qüvvəsini məhv etdi, Ter də başda olmaqla, səkkiz
ermənini əsir götürüb meşədən
çıxaranda artıq günorta idi. Yağış
yağırdı...
***
Axşama yaxın Nəbinin rəhbərlik
etdiyi hərbçilər hərbi texnika və
maşınlarla Tərtər istiqamətində hərəkət
edirdilər.
Düşmənin ağır çaplı
silahını - hansı ki, meşədə ermənidən qənimət
kimi götürülmüşdü - Nəbi özüylə
götürmüşdü, düşməni öz
silahlarıyla məhv edirdi.
Bu istiqamətdə döyüşlər daha
ağır, daha qanlı olmuşdu. Erməni dəstələr
muzdlu əsgərlər idi, saqqallı, orta yaşlı, hərbi
hazırlıqlı idilər. Tərtər boyu iki
bölük xüsusi təyinatlılarımız erməniləri
darmadağın etmişdilər. Döyüşçülərimizə
ötürülən məlumatlarda o postlarda 40-a yaxın
adamın olduğu bildirilsə də, döyüşə girərkən
düşmənin 300-dən çox canlı qüvvəsiylə
üz-üzə gəlmişdilər. Doqquz saat yarım davam
edən döyüşdə xüsusi kəşfiyyatçı
qruplarımız düşmənin 22 postunu, 300-dən
çox canlı qüvvəsini məhv etmişdi. Tərtər
boyu erməni postlarını yox edən, əraziyə sahib
çıxan döyüşçülərimiz arasında
şəhid Nəbi və onun silahdaşları da vardı...
Bu gün qazanılan qələbələrimizdə
şəhid olan Nəbiylə yanaşı, minlərlə
igid oğullarımızın haqqı üstümüzdədir.
Bizim birliyimiz, möhkəmliyimiz, vətənə
olan sevgimiz, bir də qeyrət hissimiz bir-birini elə möhkəm
tellərlə bağlayıb ki, şəhid olanımız
da, qazilərimiz də qarışıq,
özümüzü bütöv bir can hesab edirik, göynəyən
yaralarımız dost-qardaş itkisindən doğur. O qanlı-qadalı, hər anı ölüm olan bir
vaxtda özünü düşünməyən
qardaşlarımızın döyüş meydanlarından
yaralılarımızı necə fədakarlıqla
qurtardığının canlı şahidi kimi əminəm
ki, bir daha bu birliyi sarsıda biləcək qüvvə
olmayacaq. Azərbaycan öz ərazi
bütövlüyünü, bütöv Azərbaycan
missiyasını bu oğullar vasitəsilə təmin edəcək...
Salatın Əhmədli
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.22.