Feillik fenomeni
Nasir Mənzurinin kitabı
haqqında
Bu adda,
586 səhifədən ibarət birinci kitab (Ağız
lövhələr 12, Ağız lövhələr 13
sırasından olub) yazıçı Nasir Mənzuri tərəfindən
Təbrizin "Qaraçuxa" nəşriyyatında
2023-cü ildə çap edilmişdir. Kitab
müxtəlif sistemli dillərin, xüsusən də, türk
dillərinin feillərinə həsr olunmuşdur. İsnad feili bir sistem kimi müqayisəli-tutuşdurma
metodunun köməyilə öyrənilmişdir. Əsər Cənubi Azərbaycan türklərinin
dialektində yazılmışdır; "Aydınlatma"
hissəsində, öncə, dilin öz varlığında
quruluş, qavram, həmçinin semantik sirlərə malik
olduğu göstərilir. Bu seriyadan olan
kitabların başlıca məqsədi "bu sirləri
dumanlıqdan çıxartmaqdır".
Müəllif
diqqəti "dil-düşüncə"
bütövlüyünə yönəldir:
"Dünyanın necəliyi, abstrakt olaraq, dildə də təkrar
olunur, yəni ifadəsini tapır. Bu üzdən,
dil öz məfhum-forma sistemini dünyanın
formalaşmasında, onun dil mənzərəsindən
alır. Burada dilin idrakla
bağlılığı ortaya çıxır. N.Mənzurinin
düşüncəsində, "dildə xalqın şifahi
yaradıcılığından əldə edilmiş həqiqətlərin
idrakına, eləcə də, varlığın idrakına
çatma əsla bəsit sayılası bir proses deyil. Bu, mühüm bir irsdir. Bu cür irs tədqiqatlar üçün
düşündürücüdür, dərincəsinə
güvənməli bir sənəd sayıla bilər. Beləliklə də, həmin prosesin nəzəriyyəyə
çevrilməsində onun gərgin vəziyyəti
tanınmalı və göz önünə
alınmalıdır".
Kitabda məsələlərə yanaşma, irəli
sürülən nəzəri müddəalar bizim
dilçilik tədqiqatlarından fərqlidir. Bu tədqiqat
üçün təməl sayılan nəzəri mənbələr
aşağıdakı kimidir: Nisbilik nəzəriyyəsi,
Fraktallar həndəsəsi, Çaxnaşma (xaos nəzəriyyəsi),
Mifik düşüncə nəzəriyyəsi, Kompleks
düşüncə nəzəriyyəsi, Semiotika. Bu nəzəriyyələrin hər birinin müəllifi
vardır.
N.Mənzurinin kompleks tədqiqatı məhz feil üzərindədir. Feil barədə
onun tədqiqatı yuxarıda göstərdiyimiz kimi, bizim tədqiqatlardan
seçilir. Bizim müasir Azərbaycan
dilində feil monoqrafik şəkildə görkəmli
dilçi alim Həsən Mirzəyev, Ağamusa Axundov tərəfindən
geniş araşdırılmış, onun struktur-semantik tərəfləri
dərindən öyrənilmişdir.
Sözügedən kitabda N.Mənzuri yazır ki, indilikdə
dilimizin feil sisteminin anlamı zavallı bir durumdadır. Müəllif
səbəbini isə referans kitabların olmamasında
görür; belə kitablar yazılmasa, bu zaman dilin gərgin,
aktual problemləri artacaqdır.
"Feillik" iki hissədən ibarətdir. "Səs-andırım
Bütövlüyü" adlı Ağız lövhələr
5 Bakıda nəşr edilmişdir. Həmin
kitabda Türk dilinin səs sistemində özünü
göstərən xüsusiyyətlərdən irəli gələn
modellər müəyyənləşdirilmişdir.
Müəllif hər iki kitaba 40 ildən çox zəhmət
sərf etmiş, müxtəlifsistemli dillərin üzərində
müşahidələr aparmış, feilin, ona aid olan
qavramların təhlilini aparmışdır.
Kitabın
quruluşu haqqında: 1-ci kitabda -"Feillik" (1) feil və
onun zamanları bir isnad (bir dildə təməl bir sistem,
maraqlıdır, hər hansı bir dili öyrənərkən,
birinci növbədə, həmin dilin isnad, qaydasız fellərini
öyrətmək lazım gəlir) nöqtəsi kimi, bir
sistem kimi araşdırılır. Bizim dildəki
indiki, keçmiş və gələcək zaman terminləri
"yəqinli" və "yəqinsiz" sözlərilə
ifadə olunur. Müəllif ingilis, fransız, fars və türk dillərini müqayisə
edir. O, maraqlı bir məsələyə toxunur: "Dil
adlanan bir varlığın qapısından içəri girməyimiz
ancaq isnad sistemilə, eləcə də, isnad feililədir. Bu
üzdən, bütün dillər ancaq
çalışırlar, bu isnad sistemini olduqca əlverişli,
olduqca tanış və olduqca sizinlə
ayaqbir olan yoldaş tanıtdırsınlar. Təəssüflər
olsun ki, Türki dilində (yəqin türk dilləri nəzərdə
tutulur) isnad sistemini və isnad feilini düzgün bir durumda
tanıtdıra bilməyiblər (burada amacımız tənqid
deyil, yoxsa, danışmalı sözlər çoxdur"
(s.13).
Müəllif müqayisəli-tutuşdurma metodundan
istifadə edərək bir neçə dilin (həm müxtəlifsistemli,
həm də qohum dillərin) əvəzliklə feilin təsrifini,
bağlantısını müəyyənləşdirir. Göründüyü
kimi, kitabda isnad feili bir sistem olaraq araşdırılır.
Bizim dildə bu, feili xəbər kimi öyrənilir.
Müəllif də qeyd edir ki, türk dilləri
arasında, yalnız Azərbaycan türkcəsi əvəzliklə
feilin təsrifini ayırd edib, eləcə də, cümləni
feili də mükəmməl biçimdə
bağlayıbdır (s.18).
Dil işini düzgün bir sistemə salmalıdır. Əgər bu
mümkün olmadıqda "dilin işində bollu komleksliklər",
yəni gərginlik yaranır. Müəllif
bu gərginliyi bu strukturda müsbət (təsdiq) və mənfi
(inkar) quruluşu qrammatik zamanlar üzrə izah etməyə
çalışır.
İkinci kitab "Feil təsrifinə referans"
adlanır. Burada hər bir feilin iki növü - məsdər və
təsrif quruluşu nəzərdən keçirilir. Bir feilin təsrifində ən əsas sayılan
xüsusiyyət isə onun hadisələnməsini,
olaylanmasını əksetmə potensialıdır.
Müəllif bu məqamda riyazi metoddan, sxemləşmədən
də istifadə edir; feilin təməl kökünü
növlər üzrə dəyişdirir (müqayiqqə et:
sürmək-sürümək-sürünmək-sürütmək-sürüşmək-sürüyüşmək-sürünüşmək-sürüdüşmək-sürdürmək-süründürmək-sürütdürmək
və s. ). 128 formanın bu təməl
feillə dəyişdirilməsi türk dilləri feillərinin
təsrif zənginliyini növ-zaman əsasında
nümayiş etdirir. Feil kökündən
sonra növ və şəxs formalarının təsdiq və
inkarda geniş təsrifi dilimizin məna imkanlarının da
geniş olduğunu göstərir.
Kitabın sonrakı bölmələrində aspekt məsələləri
mühüm yer tutur. Aspekt - nöqteyi-nəzər,
baxış mənasındadır. Aspekt
sadə 1, 2, 3, 4, edərli (təkrarlı), edirli (davamlı),
etmişli (mükəmməl), edəcəkli (gələcək
zamanı anladan quraq) istiqamətlərdə təhlil olunur.
Aspektələr bütün zamanları əhatə
edir.
Feilin spesifikasının aşkara
çıxarılması, aydınlaşdırılması,
müəyyənləşdirilməsi, onların
sistem-strukturunun (sistem-kateqorial) bu baxış bucağında
izlənilir. İki aspektin birincisində bir morfoloji vahid kimi feil
elə bir sistemdir ki, buraya sinif və kateqoriyalar (həmçinin
onların leksik-qrammatik və feil
yaradıcılığı hadisəsi) aiddir.
Nitq axını feillə - onun potensial gücü ilə
(məna ilə birlikdə) gedir, əlverişli şəraitdə,
danışanın əmrilə, onun təşkili mexanizmi ilə
təyin olunur.
Bu zaman feilin qrammatik elementləri
funksionallaşır, həmin mexanizm bu strukturda qaydaya, nizama
salınır.
İkinci aspektdə feil funksional-morfoloji vahid olaraq bu
sistemdə qanuniləşir və normalaşır, müxtəlif
dil səviyyələrində elementlər müəyyən təsirə
məruz qalır, söyləmlə lazım olan fikir ifadə
olunur. Bu, aspekt dil və nitqin sistemi ilə
bağlıdır.
Feil semantik cəhətdən müxtəlif hadisələri,
hərəkətləri, prosesləri, vəziyyəti və
s.bildirir.
Feil dilin özünəməxsus sözüdür. Feildə əşya
və predmetin zaman əlamətləri də dəyişir, yəni
təsriflənir. Feil dilin ən canlı
nitq hissəsidir. Feil dilin ən yeni arterial
qanıdır (A.Yuqov). Feil bütöv
fikirdir. Hər bir feil bütöv,
tamamlanmış nitqi məhdudlaşdırır,
bürüyür. Feil kapsuk kimidir,
bütöv ifadə, cümlə və frazadır, mətndə
öz gücünü göstərə bilir (V.Kolesov).
Feil dildə ən mürəkkəb və konstruktiv nitq
hissəsidir.
Feilin semantikası dildə relyativ xarakter
daşıyır. Feilin semantik əsasları subyektin
iş və fəaliyyət aspektlərini, proses və
anlayışını əks etdirir. Feildə
prosessuallıq öz əksini tapır. Feil,
həmçinin struktur-semantik kateqoriyadır. Feil fəaliyyəti və işlə əlaqədar
insan şüurunu inikas etdirir. İnsanın
fiziki və psixoloji fəaliyyəti, gücü feil
formaları ilə realizasiya olunur.
"Feillik"
kitabında feil çoxaspektli mürəkkəb sistem kimi,
dildə və nitqdə feili vahidlərin koqnitiv və dil
mexanizminin realizasiyası kimi, hərəkət və prosesin
verballaşması, insan təcrübəsi kimi, insanın
işini, fəaliyyətini əhatə edən proses kimi, eləcə
də mətndə marginal zonaların yaranması vasitəsi
kimi və s. təsvir olunur.
Feil güclü mətnləri yaradır. Mətndə
başlıca ideya, fikir feil vasitəsilə gerçəkləşir.
Feillər mətndəki əsas ideyanı,
nüvə, başlıca qayəni ifadə edir. Feillə əsas əlamət açılır.
Demək olar ki, mətndə ən mühüm əlamətlər
feil və onun kateqoriyaları vasitəsilə
ötürülür. "Feillik"
kitabının müəllifi Nasir Mənzuri feili bir fenomen
kimi səciyyələndirir. Onun təhlillərində
şair və yazıçının bədii dünyası
feillərdən istifadə etmək yolu ilə səciyyələndirilir.
Feil türk dillərində aktiv nitq hissəsi
olduğundan, onun tərənnümü də poetik üsulla
verilir. Azərbaycanın görkəmli
şairi B.Vahabzadə "Feil olmaq istəyirəm"
şeirində insanları aktiv hərəkətdə,
güclü fəaliyyətdə görmək istəyir.
Bədii mətnlərdə şəxsiyyətin
jesti, mesajları, ən ümdə fəaliyyəti,
yaradıcılıq işi əsas etibarilə feillə təqdim
olunur, feildən istifadə mətnin dinamikasını əmələ
gətirir. Beləliklə, feil mətni
qurur, qapayır və dövrəyə alır.
Feildə aspektuallıq əsas kateqoriyalardandır. "Aspekt"
- növ mənasındadır. Növ - aspekt feilin, həm
qrammatik, həm də funksional-semantik kateqoriyasıdır,
xüsusi vasitələrlə formalaşır, prosesin
keçidini səciyyələndirir ( prosesin
son, daxili həddi, nəticəsi, bölücü, təkrarlıq
və bu kimi münasibətlər yaradır).
Y.S.Maslov aspektologiya konsepsiyasının təməlini
qoymuşdur.
O, dilçiliyin müstəqil bir sahəsi kimi,
aspektologiyanı müəyyənləşdirmişdir
("Aspektologiya" latınca aspectus - daxili növ, zahiri
görünüş və yunanca loqos - söz, təlim mənasındadır).
Aspektologiya qrammatikanın yeni bir bölməsidir,
feilin növ (aspekt) və bütün aspektologiya
sferasını, feilin növ kateqoriyasının ifadə vasitələrini
öyrənir. "Qrammatik növ və
növ-zaman kateqoriyası, aspektologiya feillərin aspektual
sinfini dinamik, statik, son həddə çatma (son həddə
çatan feillər) və onların altsiniflərini, hərəkət
vasitələrini, həmçinin müxtəlif aspektual
kontekstin relevant komponentləri bu elmin mahiyyəti və məzmunu
kimi başa düşülür" (Maslov Ö.S.
Oçerki po aspektoloqii L., İzd-vo LQU, 1984, s.236).
Aspektologiyaya baxış öz əhəmiyyətini
genişləndirməkdədir. Feilə yanaşma yeni
prinsiplər doğurmuşdur. Çünki
feil bir fenomen kimi kateqorial problemdir. Azərbaycan
dilinin funksional inkişafında aspektologiyanın özünəməxsus
rolunu bu baxımdan ciddi nəzərə almaq lazım gəlir.
Demək, növ-aspekt fərqləri
funksional-semantik sferada bir kateqoriya kimi daha aydın
görünür. Onda belə qənaətə
gəlinir ki, "hər bir dil zəngin "növ
potensialı"na malikdir. Bu potensial mümkün kompleks
şəkildə növ münasibətlərini
formalaşdırır, morfoloji, sintaktik, sözyaradıcı
və leksik vasitələr növün funksional
yükünü daşıyır" (Bondarko 1972, s.35)
Kitabda feillərin müsbət (yəni təsdiq) məsdər
quruluşu, sistemi, fərqli (sürmək, sürünmək,
sürütmək və s.) prizmadan müəyyənləşdirilir. Əsasən
də, bu quruluş modelləşdirilir.
Sonda izah olunan feillərin əlifba sırası ilə
siyahısı verilir. Onların bir çoxu dialekt səciyyəlidir:
lombalamaq, lökləmək, kəhildəmək, iyəşmək,
kallanmaq və s.
Beləliklə, "Feillik" adlı kitab türk dillərinin
hələ yazılmamış funksional qrammatikasının
(morfologiya və sintaksis) əsaslı şəkildə
yazılmasına kömək edə bilər. Kitab,
xüsusilə, ingilis dilini öyrənənlər
üçün də faydalıdır.
Faktlar göstərir ki, cənubda işlənən
türkcədə danışıq dilindən irəli gələn
leksik, morfoloji və sintaktik, eyni zamanda üslubi xətalar da
özünü göstərməkdədir. Çünki həmin
türkü ədəbi dil səviyyəsində inkişaf edə
bilməmiş, fars dilinin boyunduruğu
altında qalmışdır (onlara kitab göndərən mən
imiş imişəm). Cümlənin formal təsvirində
müəllifin əsil və gizli quruluşları da
ayırması bizdə böyük cümlələrin sadələşdirilməsi,
çevrilməsidir. Bu, transformasiya hadisəsinin
nəticəsidir.
Bu əsərdən türk dillərində feilin qavram
quruluşunu, ultra cümlə sistemini, ümumən,
dil-düşüncə problemlərini daha dərindən
öyrənmək üçün də istifadə etmək
olar.
Bir sözlə, "Feillik" kitabında türkcədəki
feillərin növ-aspekt kateqoriyasının konseptual-struktur
modelləri dərinləşdirilir. Bu məsələlər bizim
dilçilikdə feildən yazan tədqiqatçıların,
demək olar, gözündən qaçmışdır. Beləliklə,
feil növ-aspektlərinin bəzi ontoloji-tipoloji xarakteri də
açıla bilməmişdir, paradiqmatik sıralanma mükəmməl
şəkildə konkretləşdirilməmişdir. Fərqli
linqvistik kəlmələrdən istifadə də işin məzmununu
anlamaqda bir qədər çətinlik yaradır. Feil sistemində
leksik-qrammatik fərqlilik türkcələrin dialekt özəlliklərini
ortaya qoyur. Gətirilən örnəklərin mənaları
ümumi dərketmə kontekstində, müstəvisində
başa düşülür. Nəhayət, müxtəlif koqnitiv,
linqvikulturoloji amillər və aspektuallıq faktına
bağlı anlamlar iyerarxiyası təhlil süzgəcindən
keçirilən feillərin növləri içərisində
onun konseptual xarakterli bir kateqoriya olaraq təsnif
olunmasını şərtləndirir. Kitabın
başlıca dəyəri də bundadır.
İsmayıl
Kazımov
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.23.