Haqq-ədalətin poeziya şəhidi
– Çərkəz Məcid
Bu dünyaya Qazan köşkü deyilən uca bir
dağın ətəyində gəldim. Hələ mən
üç aylıq körpə olanda bu dünyadan bir şair
köçdü, Çərkəz Məcid.
Üstündən 35 il keçsə də
bizim yollarımızı poeziya birləşdirdi. Neçə gündür Çərkəz Məcidin
həyatını araşdırıram, şeirlərini
oxuyuram.
Bir zəngin
kitabam, varaqla, tanı,
Misralar açılmış yolumdu belə.
Ürəkdən
sevmişəm bu gülüstanı,
Oylağımdı belə, elimdi belə.
Çəkdim
əməlləri məhək daşına,
Baxdım
insanına, baxdım quşuna,
Kimi dəmə
həmdəm, kimi yaşına,
Dünyanın işləri zülümdü belə.
Şair
necə də gözəl deyib: “Ölümdən sonra da
ömürdü”, yəni Çərkəz Məcid
ölümdən sonra da yaşayacağını hiss edirdi,
hiss edirdi ki, o bir sadə insan ömrü yaşamır, onun
yaşadığı ömür tarix və xalq
qarşısında uzun bir yolun yolçusu olmaqdır. Həqiqətən
də belədir, yoxsa Çərkəz Məcid dünyadan
köçəndə nə bilirdi ki, bu dünyada
üç aylıq bir körpə var, bir gün böyüyəcək,
məni oxuyacaq, şeirlərimlə məni tanıyacaq,
düşüncələrimlə tanış olub getdiyim yola
baş əyəcək. Bəli, nənəm həmişə
deyərdi, bala, haqq nazilər, amma qırılmaz, Çərkəz
Məcid boşuna ölmədi, o, öz ölümü ilə
tarixləşdi, əyilməz vüqarıyla, düz
ilqarıyla və sınmaz qüruruyla əbədiləşdi.
Əgər bu gün sıradan bir gənc
şair olaraq mən onun həyatını,
yaradıcılığını oxuyub bu qədər təsirlənirəmsə,
deməli, gələcək nəsillər onu
araşdıracaq, onun haqqında silsilə kitablar yazılacaq,
onun yaradıcılığı və həyatı
haqqında elmi işlər müdafiə olunacaq. Bir məşhur
misal var, deyir, danış görüm kimsən. Bunu çevirib şair üçün belə demək
olar, bir şeirini oxu görüm kimsən. Çərkəz
Məcid sadə dil ilə yazdığı bir şeirində
bütün kainatın sirlərindən hali kimi insanlara yol
göstərir, bir şair iç dünyasında hansısa həqiqətə
çata bilməsə onu şeir formasına sala bilməz.
Şair
var ki, sevgi şairidir, şair var ki, irfan şairidir, şair də
var ki, təbiət şairidir. Çərkəz Məcid isə
dünyəvi şairdir. Onun
yaradıcılığı bütün mövzuları əhatə
edir. Bu da Çərkəz Məcidin
geniş təfəkkür sahibi olmasından, uzaqgörənliyindən
və azad ruh halından doğur. Burada onun irfan
qatında yazdığı “Kaman” şeirini misal çəkə
bilərəm:
Sinəsində
düymə-düymə düyünü,
Görən fələk əldən alıb nəyini?
Naləsində
ayrılığın neyini,
Niyə belə yandırırdı bu Kaman?
Nədir
onda bu duyğunu doğuran,
Mayasını iniltidən yoğuran?
Uzaqlardan
“vətən-vətən” çağıran,
Bir qəribi andırıdı bu Kaman.
Qədimlərdən gələn soraq qəmidi.
Baladan gen
düşən ana kimidi.
Bəlkə
elə itkin düşən gəmidi,
Sorağını dindirirdi bu Kaman.
Çərkəz Məcidin
yaradıcılığında qəribə və dəqiq
bir nizam da var, ədəbiyyatda ikinin üzərinə iki gəlib
beş ala bilərsən, amma riyaziyyatda ikinin iki ilə cəmi
dörddür, Çərkəz
Məcidin riyazi dəqiqliklə poetik dil arasında bu qədər
məna yüklü şeirlər yazması bir daha onu deməyə
əsas verir ki, onun zəngin təfəkkür və
düşünmə qabiliyyəti olub. Elə bu dəqiqlikdən
yola çıxaraq “Durna qatarı” şeirini misal çəkmək
olar:
Haça
qatarına baxın durnanın,
Sanki düyünlənib bircə durnada.
Sarvanı
bircədir iki karvanın,
Çəkib uzaqlara aparır o da.
Gedirlər, bizlərlə vidalaşaraq,
Həsrət nəğməsini söyləyib
bizə,
Nəmli gözlər ilə sağollaşaraq,
Gedirlər, əl edib dərəyə, düzə.
Ah, necə
nizamla uçub getdilər.
Qaldı
sədaları qulaqlarımda,
Sevdalı
könlümü alıb getdilər,
Süzdükcə göylərin yanaqlarında.
Dünya
nə dünyadır hikməti yoxsa,
Onların sədası necə xoş idi.
Hansı
bir qəzaya uğramışdısa,
Ortada birinin yeri boş idi.
Misal çəkdiyimiz bu şeirlərin hamısında
böyük enerji var, elə bir enerji ki, adamı
götürüb lap uzaqlara aparır, insanı
düşünməyə vadar edir, təkrar-təkrar bu
şeirləri oxumaq istəyirsən.
Elşad Barat
Ədəbiyyat qəzeti 2024.- 17
fevral, ¹6.- S.28.