Ayaz Səlimxanoğlu 1974-cü ildə Qubanın Xucbala kəndində anadan olub, hazırda Quba şəhərində yaşayır. Birinci Qarabağ müharibəsi qazisidir. Laçın, Qubadlı, Ağdam və Cəbrayıl istiqamətində gedən döyüşlərdə ön cəbhədə igidliklə döyüşüb, Laçının Güləbird kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb.

Döyüşdə göstərdiyi şücaətlərə görə bir neçə medalla təltif olunub.

"Ünvansız məktub" adlı nəsr kitabının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ayaz Səlimxanoğlu keçdiyi şərəfli döyüş yolları barədə yazdığı maraqlı nəsr nümunələri ilə yanaşı, vətənpərvər ruhda yazılan şeirlərin də müəllifidir. Ayaz Səlimxanoğlunun şeirlərini hörmətli "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.

Hörmətlə,

 

Ramiz Qusarçaylı

 

Əsgər və qızcığaz

 

Ata!

Ata!

Sənə məktub yazıram

Üzümə süzülən göz yaşlarımla.

Dalıb yoxluğuna, ağlaram hər gün,

Varağa düzülən söz yaşlarımla.

 

Sən getdin, ay ata, tənha qalmışam,

Başıma bir sığal çəkənim yoxdu.

Sənsiz gecələrin ömrü uzundur,

Sənsiz gündüzlərin əzabı çoxdu.

 

Divardan boylanan şəklinə baxıb,

Hər gün danışıram səninlə, sənsiz.

Sənsiz yay da gəldi, payız da gəldi.

Sünbüllər zəmidə saraldı dənsiz.

 

Sən gedən yollara baxdığım zaman,

Bir əsgər göründü, sandım ki, sənsən.

Sənə bənzəyirdi baxışlarından,

Sənə oxşayırdı qəmli üzündən.

 

Əsgər şirin-şirin baxıb üzümə,

Səsləndi, "qızcığaz, məktub kimədir?"

Əsdi həyəcandan əllərim mənim,

Dilim söz tutmadı, deyim, kimədir.

 

Göz yaşları ilə yazılıb məktub,

Atam oxuyacaq məktubu mənsiz.

Çəksəm də, atasız min bir əziyyət,

Dönməsin geriyə atam Vətənsiz!

Dönməsin geriyə atam Vətənsiz!

 

Son məktub

 

Mərmi qəlpəsindən ağır yaralanan səngər yoldaşım son nəfəsdə məndən

nişanlısına məktub yazmağı xahiş etdi...

 

Qardaş, nişanlımın gözü yoldadır,

Ona bir məktub yaz, mənim adımdan,

Yaz ki, salamat qal, nakam sevgilim,

Yaz ki...

eh...

deyim, çıxır yadımdan...

Dəldi bədənimi düşmən mərmisi.

Özüm də mərmitək qəlpələnmişəm.

Qolum bir yandadı, başım bir yanda

Torpağın üstünə səpələnmişəm.

Qardaş, yazırsanmı...

yazdın, oxu,

Gözlərim qaralır, görə bilmirəm,

Danışa bilmirəm, tutulur dilim,

Donur barmaqlarım, soyuyur əlim...

Yaz ki, mən səninlə vidalaşmıram,

"Əlvida" demirəm, salam deyirəm,

Özü də bir salam yollasın mənə,

Yaz ki, bu sevgimiz dastana dönüb,

Gülən gözlərimin günəşi sönüb.

Gözünün nurundan yollasın mənə,

Qıysa da canıma namərd gülləsi,

Canım bu torpağın canı olacaq,

Qanım bu torpağın qanı olacaq,

Şəhidlik andımı içib, gedirəm,

İlahi yolumu seçib, gedirəm,

Qardaş, bir də yaz ki, məzarım üstdə

Eləcə gül qoysun, ağlamasın, qoy.

Öpüb baş daşımı sığallayanda

Üstündə göz yaşı saxlamasın, qoy...

 

Vətən çəkirəm

 

Xan çinar kök atıb torpağın üstə,

Payız xəzəl çəkir yarpağın üstə,

Rəsmini çəkirəm bulağın üstə,

Mən vətən çəkirəm hər dağın üstə.

 

Əsgərin qəlbində ocaq qalanır,

Ocağa baxıram, ruhum canlanır,

O yanan ocaq da vətən adlanır,

Mən vətən çəkirəm ocağın üstə.

 

Əsgərə söykənib mən də yatıram,

Ən böyük arzuma indi çatıram,

Rənglərə bir az da qürur qatıram,

Mən vətən çəkirəm bayrağın üstə.

 

Ulduzlar sayrışır gecə olunca,

Torpağa boylanır Ay da doyunca,

Əsgərlər düzülüb cəbhə boyunca,

Mən vətən çəkirəm torpağın üstə.

 

Fırçam da boyanıb əsgər qanına,

Bir əsər çəkirəm vətən adına,

Vətənə sədaqət, əsgər andına

Mən vətən çəkirəm bayrağın üstə,

Mən vətən çəkirəm torpağın üstə...

 

Zəfər günü

 

Bax gün o gün idi, qələbə günü,

Mən də qürurlanıb Şuşaya gəldim.

Şuşa yaşayırdı öz zəfərini,

Özüm də yaşaya-yaşaya gəldim.

 

Yerində olaydı kaş ki, əllərim,

Əlimlə tutardım xarı bülbülü.

Qoxlayıb ətrini çəkib qəlbimə,

Öpərdim gözündən sarı bülbülün.

 

Ələndi göylərdən zəfər gülləri,

Güllər də güllərin gülündən tutdu.

Güllər də sevirdi müzəffərləri,

Sevincdən əllərim əlimdən tutdu.

 

Şəhid qardaşlarım bayraqdan baxır,

Cəbhə yoldaşlarım torpaqdan baxır,

Şuşadan əl edir əllərim mənim,

Qonur əllərimə güllərim mənim.

 

Ayaz Səlimxanoğlu

 

Ədəbiyyat qəzeti  2024.- 17 fevral, №6.- S.29.