Mövludsuz... Mövludla...
Mövlud Süleymanlı
dünyasını dəyişdi.
Ədəbiyyatımız böyük,
bənzərsiz, parlaq
nasirini, mən etibarlı dostumu itirdim. İlk gənclik yaşlarından
Mövlud bəlalarla üzləşmişdi. Sonralar
"Dəyirman" adlı
povestini top-tüfəngə
tutmuşdular. Amma Mövludun xoşbəxtliyi
ondaydı ki, ilk gənclik xətalarının ağır
cəzayla nəticələnməməsi
taleyinə xeyirxah insanın çıxması
oldu. "Dəyirman"a
atılan daşların
müəllifi əzməsinə
ədəbiyyatımızın ən namuslu yazıçıları
imkan vermədi.
Çox-çox illər bundan əvvəl başqa bir həyatda Mövludun sürdüyü
maşınla Əkrəm
Əylisliylə birlikdə
bütün Azərbaycandan
keçərək Gürcüstanın
Azəri türkləri
yaşayan bölgələrini
geridə buraxıb, Ermənistan ərazisində
yerləşən əzəli
məskunlarımızdan birinə
- Mövludun doğulduğu
kəndə yetişdik.
Mövludun anasının,
qardaşı Kərəmin
çoxları üçün
örnək ola biləcək saf bir Azərbaycan-türk dilində danışıqları
indiyədək yaddaşımda
xoş bir xatirə kimi yaşayır. Sonra faciəvi hadisələr başladı və Mövludgilin kəndi öz dədə-baba yurdundan dəbərdilib Şamaxı rayonundakı
bir kənddə məskunlaşdı. Mövlud
mənə danışmışdı
ki, yeni yerləşdikləri bu kənd tərk edilmiş əski kəndlərinə çox
bənzəyir və hətta günlərin bir günü yeni yurdlarında, təqribən köhnə
kəndlərinə uyğun
bir yerdə eynən o cür bir bulaq qaynayıb-çıxıb.
Bu söhbət məni çox təsirləndirdi və bu barədə Mövluda həsr olunmuş yazı da yazdım.
Mövlud vəsiyyətinə
uyğun olaraq Şamaxı həndəvərində
köhnə - yeni kəndlərində dəfn
olundu - anasının,
qardaşı Kərəmin
məzarları yanında.
Ana torpaq
didərgin - doğma oğlunu, böyük yazıçısını, layiqli
insanı - Mövlud Süleymanlını - doğmasını
qəbul etdi.
Mövludsuz qalsaq
da, ölməz əsərləriylə Mövlud
Süleymanlı həmişə
bizimlə olacaq.
Əlvida, Mövlud!
22 fevral 2024
ANAR
Ədəbiyyat
qəzeti.- 2024.- 24 fevral, №7.- S.2.