Mövlud Süleymanlının son duası

 

Mövlud Süleymanlının sözü əslində saf dünya ilə, nağıl dünyası ilə dialoq idi. Nağıl isə söyləyicinin (yazıçının) azadlığı deməkdir. Zaman-məkandan kənara çıxmaqdır. Nağıl poeziyanın ən mükəmməl növüdür - Novalis belə deyirdi. Bu, onun güvəndiyi, inandığı sığındığı dünya idi. Göy üzünün göylüyünü, suların duru axmasını daha çox vəsf etməsi bu üzdəndir.

O, qız-qadın adlarındakı, predmetlərin, heyvanların adlarındakı magiyanı dərindən hiss edirdi çox istəyirdi ki, oxucu da sözlərin, rənglərin, səslərin magiyasını onun kimi duysun. Yazıçının folklor stixiyasnıdan çox yazıblar, təkrarlamaq istəmirəm. Sübhəsiz, mifoloji motivlər obrazlar bilavasitə özünün yazıçının bioqrafiyası ilə şərtlənirdi. Onun  nəsr poetikasının ən vacib xüsusiyyətlərindən biri şəxsləndirmə idi. Heyvanlar quşlar insanlar kimi, bir ünsiyyət məkanında təsvir edilir. Heyvanların, quşların davranışını, xasiyyətini insan xasiyyəti kimi görüb yazırdı. "Bəkil balaca miss qabı südnən doldurub ayqalarının üstündə küçəyə süd verirdi. Küçük səksəkə içində, kinli-kinli, tələsə-tələsə içirdi" ("Duzsuzluq"). Personajların zoomorf xarakteristikası mifoloji düşüncədən gəlirdi.

Onun etnoqrafizmi alimlərin etnoqrafiyası deyil, poetik etnoqrafizm idi. "Yaz cücərə-cücərə gəldi, yay gəldi, payız getdi. Kirkirələrdə yarma çəkdilər. Sobalar qalandı, ocaqlar suyun, yağışın, yelin səsi kimi səs eləyə-eləyə yol getməyə başladı. Amma kənd bunun getmək olduğunu bilmirdi. ("Yel əhmədin bəyliyi").

Mövlud Süleymanlı nəsri təmiz poeziyanın bir hissəsi kimi ədəbiyyatımızda qalacaqdır.

Maraqlıdır ki, personajları iki dünyanın sərhədində, reallıq qeyri-reallıq, yer-göy, dağ-aran, yuxu - oyaqlıq kimi aralıq durumlarda yaşayırdı. Özü eləydi...

Mövlud Süleymanlı yazısında o sözləri seçirdi sevirdi ki, onsuz qətiyyən keçinə bilməzdi. O, sözlə keyfiyyətlə işləməyin ustasıydı, mətnlərində özünəməxsus poetik kolorit yaradırdı. Ona görə oxucu sujetin deyil, sözlərin sehrinə düşürdü. Sujetlərində islamaqədərki inancları bərpa edir, xalqın inanclarından geniş bəhrələnsə , əslində öz inanc dünyasını yaratmışdı.  Onun sözünün düzənində təhtəlşüurunda ovsun-dua janrının obrazı daha fəal idi. İllər öncəsi Azərbaycan radiosunda hər səhər dualarını səsləndirməsi təsadüf deyildi...

Onun üçün bəlkə sözün səslənməsi daha maraqlı daha vacib idi! Personajların ünsiyyəti səsdən başlayırdı. Səs onların varlığında, yaşamında dünyaduyumunda əsas elementdir. Mövlud Süleymanlı insanları səsin çalarları ilə, səsin vəziyyəti ilə səciyyələndirirdi. Bir misal: "Sayalının səsi istiydi, bu səsin istiliyi Telli qarının bütün canında gəzdi, öz səs-küyündən ağırlaşmış başını ağır-ağır döndərdi" ("Şanapipik"). Axırda son duası ilə dünyanın əbədi səssizliyinə qarışdı...

 

Rüstəm Kamal

 

Ədəbiyyat qəzeti  2024.- 24 fevral, ¹7.- S.3.