Missiya adamı
Sənə aid olan, amma dilin
indiyəcən eşitmədiyin
ecazı ruhunda zəlzələlər, təkanlar
yaradır, bu, hamının bildiyi lirik, ya da poetik
nəsr deyildi, haçansa unudulmuş, yatıb qalmış bir layın oyanması, dilin özünü bədii mətləbə çevirmək
inadıydı. Mövlud əvvəl şeirlər
yazdı, həmin inad misralara sığmadı, "Dəyirman",
"Köç", "Şeytan", "Duzsuzluq",
"Səs" kimi əsərlərdən göründü,
nəsrdə sakit olmağı arzuladı, bacarmadı, atmosferi tutan, zəbt edən mənzərəni
dəyişdi, keçən
əsrin 70-80-ci illərində
və daha sonralar ümumi nəsr əsərləri
kompleksini bu mətnlərsiz təsəvvür
eləmək çox
çətindir, o sanki
azman İsa Hüseynovun
("Şəppəli", "Kollu Koxa"...) davamıydı, Yusif Vəzirin yazıb it-bata düşmüş əsərinin sağ qalan səs elementiydi, həm də son dərəcə
yeni, orijinal, məsələn, "Köç"
romanı bir məktəbliyə, tələbəyə,
ahıl adama niyə belə güclü təsir edirdi, oxuyursan, kitabı əlində hiss
etmirsən (Azərbaycan
nağılları kimi...).
Bunu da deyək və fikrimizcə, bədii əsərləri,
bir nasirin yaradıcılığını anlamaq baxımından önəmli ola
bilər: bu mətnlər bu düzümdə, bu ardıcıllıqda gözəldir,
"Dəyirman"ı "Köç"ə və
sair qoymaq düzgün deyildir. Onlar yazıçının içindəki
sənət yanğısını
müəyyənləşdirir, həm də yanlışa yol vermədən. Bədii yaradıcılıqda
bir-birinin təkrarı,
oxşarı olan əsərlər bəsitliyə
aparmırmı? Eyni mətləbi
dəfə-dəfə yazanlara
baxın, mətn özü-özünü qurudur,
didib-parçalayır və
bəsit görünür.
Sənə yazı diktə edən "səs reyestri"ni dəyişə bilmədikcə, bədii mətn öz içində batacaq. Mövlud bu əsərləri mövcud sosial problemlərdən yan keçib yazmadı, istədiyiniz hər şey o mətnlərdə
var, yeni nəsr əslində yaradıcılığa, bədii
mətnlərə fərqli
baxışın olmasını
tələb edir.
Bizdə
bu (dərk etmək) alınmadı.
Başqa bir yanlış: guya "Köç" Markesdən
"təbdil" edilib.
Bu, yenə də
ədəbi prosesi izləyib uyğunsuz nəticələr çıxarmağın
bəlasıdır. Bir
dəfə oxuduğum
dissertasiyada belə bir tezis vardı:
Axundzadənin arxivində
Avropa filosoflarının
filan əsərləri
var, nəyi oxuyubsa, təsir edib, nəyi oxumayıbsa, təsir etməyib. Hər oxuduğumuz əsər
yaradıcılığa təsir
edirmi? Yox! Bədii ədəbiyyatın təsir
mexanizmi universal xarakter
daşıyır. Ədəbi
proses deyilən bir məfhum var və... "Ədəbiyyat
hərəkət kimi
mövcuddur, daha dəqiq desək, həmişə hərəkətdə
olmağa məhkumdur"
(Prof. Qorxmaz Quliyev).
Dünyanın hər hansı
bir guşəsində
yaranan gözəl əsər mahiyyətcə
bütün dünyaya
təsir edir və səni özün kimi yazmağa məcbur edir. Romanlarının
birində belə bir epizod var:
tüfəng normal halda
atmır, yalnız sahibi hirslənib qundağını yerə
çırpanda açılır...
Burda başqa bir ciddi məqam da var: sənin yazmaq üçün min bir səbəbin ola bilər,
elə bir an yetişir ki, o ciddi mətləbləri ifadə etməyi bacarmırsan, çünki
normativ dil üstündə düşünürsən
və zaman keçdikcə bu ağrı və qorxu daha da artır.
Sövq-təbii duyursan, yazmağa
başlasan, dil səni bu çalalardan
keçirib xilas edəcək, amma necə? Axundzadənin komediyalarını yadınıza salın.
Bu mətnlərdə dilə dərindən yiyələnmiş yazıçı
obrazı var və Axundzadə daha çox bu dilin içindədir.
Onun bütün sonrakı və əvvəlki mətnləri bu komediyaların içindən
keçir. "Dəyirman" povesti sovet dövrünün son
əsəriydi, son nöqtəsi,
son etirazı idi.
Bəlkə bu səbəbdən
əsər ədəbi
aləmi bir-birinə qatmışdı. Dəyirmanı bərəkət mənbəyi
bilənlər onun belə bir şeytan
yuvasına çevrilməsini
qəbul etmirdilər.
Bu sözləri Mövlud Süleymanlı deyib bir intervyüsündə:
"...Bəzən, ümumiyyətlə,
danışmaq istəmirəm.
Çünki adamın dilinin
ucunda növbətçi
sözlər olur.
Bir ifadə var: dilinin ucunda
danışır. Çox vaxt
adamın canını
elə dilinin ucunda olan söz
qurtarır. Amma mən
bunu bacarmıram."
Bu sözləri də o deyib və mən
də belə düşünürəm: "İki daşın arasında onu da deyim, mən "yazar" ifadəsini xoşlamıram. Təəssüf ki, "yazıçı"
sözünün başına
oyun açmışıq.
Bu, insafsızlıqdır.
Dostlarıma da deyirəm,
səslənirəm: bu
sözü dəyişmək
qəti olmaz! O ki qaldı nəsil
anlayışına, vaxtilə
bizi qəbul etməyən adamlar vardı ki, sovet dövründə yazıb-yaratmışıq." Doğrudan, yazar nədir?
Mövlud Süleymanlı missiya adamı idi, gəldi, işini gördü və getdi. Həm də Ana dili
günü. Bundan
gözəl getmək
olmazdı...
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.3.