Elimizin və dilimizin dostu
XX əsrdə
ölkəmizin ilk elmi araşdırmalar mərkəzinin - Azərbaycan
Tədqiq və Tətəbbö Cəmiyyətinin 100
yaşı ötən il tamam oldu. Geniş miqyas daşımasa
da, müəyyən anım tədbirləri keçirildi. Qarşıdan isə daha
bir diqqətəlayiq ildönümü - 1926-cı il Birinci Bakı Türkoloji qurultayının
100 illiyi gəlir. İnanmaq istərdim ki,
respublikamızın elmi ictimaiyyəti bu mühüm mədəni
və siyasi-tarixi hadisəyə laqeyd qalmayacaq. Aradan 100 il ötəndən sonra İkinci qurultay daha
mütəşəkkil və geniş coğrafiyanı əhatə
edən bir şəkildə qədim türk yurdu Qarabağda,
yenidən mədəni həyatımızın mərkəzlərindən
birinə çevrilən Şuşada baş tutacaq.
Görkəmli
türkoloq-alim, SSRİ EA-nın müxbir üzvü, həyatının
bəlli bir dövrünü Azərbaycanda dilçilik elminin
inkişafına həsr etmiş Nikolay İvanoviç
Aşmarinin (1870-1933) bəhs olunan ildönümlərinin hər
ikisi ilə sıx bağlılığı var. 1923-26-cı
illərdə Bakı Universitetinin Şərq dilləri
fakültəsinin türkologiya kafedrasında
çalışdığı dövrdə o, Tədqiq və
Tətəbbö Cəmiyyəti ilə yaxından əməkdaşlıq
etmişdi. Eyni zamanda Birinci Ümumittifaq Bakı Türkoloji
qurultayının hazırlanmasına müəyyən
töhfə vermiş, elmi forumun "Türk dillərinin
öyrənilməsinin müasir vəziyyəti və
yaxın vəzifələri" bölməsinin gündəliyində
yer alan və yeni baxış bucağı
ilə səciyyələnən məruzələrdən
birinin müəllifi kimi tanınmışdı. "Türkologiyanın keçmişi və indiki vəziyyəti
haqqında bəzi qeydlər" adlı məruzə Rusiyada
bu elm sahəsinin qısa tarixini araşdırmaq və sovet
şəraitində qarşıda duran əsas vəzifələri
müəyyənləşdirmək baxımından ilk elmi-nəzəri
təşəbbüslərdən biri kimi diqqətəlayiqdir.
N.İ.Aşmarin əksər mənbələrdə rus
sovet alimi kimi təqdim edilsə də, milliyyət etibarı
ilə çuvaş türkü idi. Bu barədə onu yaxından
tanıyan başqırd əsilli türkoloq, İstanbul
Universitetinin professoru Zəki Vəlidi Toğan (1890-1970)
"Xatirələr"ində belə yazır: "Yemelyanov
məni "Yadəsillilər (qeyri-ruslar nəzərdə
tutulur - V.Q.) üçün seminariyanın"
("Seminariya dlya inorodtsev") müəllimi, şərqşünas
Nikolay Aşmarinlə və nəhayət, professor N.F.Katanovla
tanış etdi. Bunun da sayəsində
Kazandakı şərqşünaslar mühiti ilə daha
yaxın əlaqə qura bildim. Aşmarin
özü çuvaş türklərindən idi. Nikolay Katanov isə Altayın Saxa türkləri
arasından yetişmişdi. Hər ikisi də
Rusiya şərqiyyat institutlarını bitirib rus şərqşünasları
mühitinə qatılan şəxslər idi. Bu iki şəxsin mənə çox köməyi
dəydi. O il (1906-cı il - V.Q.) Aşmarinin Rusiya Xalq Maarif Nazirliyinin Jurnalında
çıxmış "Tatar ədəbiyyatı"
(söhbət "Kazan tatarlarının müasir ədəbiyyatı
haqda bir neçə söz" yazısından gedir) məqaləsini
rus dilindən tatarcaya çevirdim. Bu tərcümə
sonra Orenburqda kitabça şəklində çap
olundu".
Özünün
"Türk tarixi" kitabının nəşrindən bəhs
edərkən müəllif yazır: "Əsərimlə həm
elmi baxımdan, həm də türk olmaları səbəbindən
maraqlananlar professor Katanovla Aşmarin oldu. Hər
ikisi rus senzoru idi, amma buna baxmayaraq ruslara toxunan yerləri
çıxarmayıb kitabımın tam nəşrinə
yardım etdilər".
Çuvaş
MR-nın Dil, Ədəbiyyat, Tarix və İqtisadiyyat
İnstitutunun "Elmi əsərləri"ndə
"Aşmarinin xatirəsinə" adlı məqalə
çap etdirən akad. V.A.Qordlevski (1876-1956) də
həmkarının çuvaş köklərinin
mövcudluğuna şübhə ilə yanaşmırdı.
Ailədə rus dilindən sonra öyrəndiyi ikinci dil
çuvaşca olmuşdu. "Həyatım" adlı
avtobioqrafik qeydlərində alim yazırdı: "Hələ
kiçik yaşlarımdan məndə dilləri, ilk növbədə
isə, çuvaş dilini öyrənməyə maraq
yaranmışdı. Buna da səbəb
Kurmışa və Zasuryaya gələn, yaxud oradan keçən,
bütün görkəmləri ilə arasında
yaşadığım rus əhalidən kəskin şəkildə
fərqlənən çuvaşlar olmuşdu. İlk çuvaş söz və ifadələrini
bu xalqa çox böyük rəğbətlə yanaşan
ana nənəmdən eşitmişdim".
Novoçerkassk klassik gimnaziyasını bitirdikdən
(1891) sonra türk, ümumən Şərq xalqlarının
dil və mədəniyyətlərinə olan böyük
maraq Aşmarini Moskvadakı Lazarev Şərq Dilləri
İnstitutuna gətirmişdi. Burada gimnaziyada öyrənməyə
başladığı türk, tatar, ərəb, fars dilləri sahəsində biliklərini təkmilləşdirmişdi.
Latın dilinə mükəmməl yiyələnmişdi.
Təbii ki, həyatının əsas
stixiyası olan çuvaş dilini də
unutmamışdı. Özünün də
etiraf etdiyi kimi, məhz çuvaş dili ilə eyni ailəyə
mənsub olduğu üçün institut illərində
Osmanlı türkcəsini əsaslı şəkildə mənimsəməyə
daha çox diqqət yetirmişdi. Birinci
kurs tələbəsi ikən "Çuvaşlarda xalq
poeziyası təcrübəsi" adlı məqalə
yazıb "Gtnoqrafiçeskoe obozrenie" jurnalında dərc
etdirmişdi.
İnstitutun sonuncu kursunda isə çuvaş dilinin
fonetika və morfologiyasına dair materiallar toplamağa
başlamışdı. Onların əsasında ilk çuvaş
dili qrammatikasını tərtib edib müəllimi, fin-uqor
dilləri üzrə tanınmış mütəxəssis
V.F.Millerə (1848-1913) göstərmişdi. Miller çoxsaylı prinsipial qeydlər etmişdi.
Aşmarin qeydlər əsasında 1895-ci ildə,
Kazan xristian tatarlar məktəbinin müəllimi işlədiyi
dövrdə əsəri demək olar ki, yenidən yazmışdı.
Dilin təbii daşıyıcıları -
çuvaşlarla canlı ünsiyyət, çuvaş əlyazmaları
ilə tanışlıq işi təkmilləşdirmək
imkanı yaratmışdı. Lakin yeni
variantda da qrammatika Aşmarinə sistemsiz, xaotik
görünmüşdü. Yardım
üçün üz tutduğu N.F.Katanov (1862-1922) əlyazmasının
çapını məsləhət bilmişdi. Gözləntilərinin əksinə olaraq ilk
dilçilik təcrübəsi uğurlu
alınmışdı. Macar türkoloqu və
etnoqraf, akademik B.Munkaçi (1830-1907) Katanova məktubunda
Aşmarinin çuvaş qrammatikasını bəyəndiyini
bildirmiş, hətta "wichtig" (mühüm - V.Q.)
adlandırmışdı.
1896-cı ildən N.İ.Aşmarin türkologiyada
"klassik əsər" (V.V.Bartold) sayılan 17 cildlik
"Çuvaş dili sözlüyü" üzərində
işləməyə başlamışdı. Dörd il
sonra Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyəti, habelə
Kazan Yeparxiyasının xəbərlərində
"Çuvaş sözlüyünün tərtib
proqramı"nı dərc etdirmişdi. Yalnız
öz topladığı materiallarla kifayətlənməmişdi.
Bu dillə bağlılığı olan
mütəxəssislərə, ziyalı çuvaşlara
müraciət etmişdi. Çuvaşların
yaşadığı ərazilərdə ekspedisiyalarda
olmuşdu. Lüğətin ilk iki cildi
1910-1912-ci illərdə akademik F.E.Korşun (1843-1915) nəzarəti
altında çap edilmişdi. Həyatının
sonuna qədər üzərində işlədiyi
sözlüyün daha üç cildi sovet hakimiyyəti illərində,
Çuvaş XKS-nin qərarı ilə
çıxmışdı. Hazır
materialların nəşrini tam şəkildə yalnız
1950-ci ildə tamamlamaq mümkün olmuşdu.
N.İ.Aşmarinin başqa bir mühüm əsəri -
"Bulqarlar və çuvaşlar" kitabı (1902) Volqa
hövzəsindəki qədim türk etnosunun öyrənilməsi
işinə böyük töhfə sayıla bilər. Təsadüfi
deyil ki, gənclik illərində o, qəribə bir sövq-təbii
ilə "avropalı köçərilər"in dilini -
macarcanı da müəyyən qədər öyrənmişdi.
Sonralar onların dil baxımından bulqar və
çuvaşların yaxın qohumu, türkəsilli
olmaları qənaətinə gətirmişdi. Hunlardan qalma şəxs adları və titulların
bulqar-çuvaş dilləri vasitəsi ilə izahı alimi
bu fikrin həqiqiliyinə inandırmışdı. Akademik V.V.Bartold 1929-cu ildə həmkarının
fikirlərini "çox ehtimal ki, gələcəyi olan nəzəriyyə"
adlandırmışdı. Müasir
dövrdə macar dilinin fin-uqor deyil, türk dili ailəsinə
mənsubluğu haqda get-gedə ağırlıq kəsb etməyə
başlayan nöqteyi-nəzər dilçi və etnoqraf kimi
Aşmarinin uzaqgörənliyindən xəbər verir.
***
1923-cü
ildə Kazan ali məktəblərində çalışan
digər həmkarları - antik dövr fəlsəfəsi
üzrə tanınmış mütəxəssis, Azərbaycan
EA-nın gələcək həqiqi üzvü A.O. Makovelski
(1884-1969), ərəbşünas P.K.Juze (1870-1942) və b. kimi
N.İ.Aşmarin də aclıq və ehtiyac içərisində
olan Volqaboyundan Bakıya üz tutmuşdu. Azərbaycan
hökumətinin dəvəti ilə yerli universitetin
tarix-filologiya fakültəsinin türkologiya kafedrasının
professoru vəzifəsində fəaliyyətə
başlamışdı. Burada həssas
münasibət və hörmət görmüşdü.
Bakı Universitetinin Elmi Şurası 1925-ci il
fevralın 3-də çap etdirdiyi əsərləri və səmərəli
elmi-pedaqoji fəaliyyətini nəzərə alıb ona
müdafiəsiz (honoris causa) türkologiya doktoru alimlik dərəcəsi
vermişdi. Həmkarları bu qərarı qəbul edərkən
tək özlərinin müşahidə və mülahizələrinə
deyil, Leninqrad türkoloqlarının yazılı təqdimatlarına,
B.Munkaçi, Q.Ramstedt, T.Qotye, Y.Mesaroş, Y.Vixman, M.Ryasenen və
b. tanınmış macar, fin, alman linqvist alimlərinin mətbuatda
çıxan rəylərinə əsaslanmışdılar.
Fakültədə elmi-pedaqoji əhatə dairəsi
kifayət qədər geniş idi. Tələbələrə
türk dillərinin müqayisəli qrammatikasından,
Orxon-Yenisey abidələri və uyğur yazısından,
türkologiyaya giriş fənlərindən mühazirələr
oxuyur, gənc alim və aspirantların elmi işlərinə
rəhbərlik edirdi.
Həyatının
Bakı dövründə o, universitetlə yanaşı,
respublikanın ilk elmi mərkəzi - Azərbaycan Tədqiq və
Tətəbbö Cəmiyyəti (ATTC) ilə də sıx
iş birliyi və əməkdaşlıq şəraitində
çalışmışdı. Akademik
Qordlevskinin yazdığına görə "Nikolay
Aşmarin onilliklər boyu qazandığı zəngin təcrübəni
ATTC əməkdaşları ilə həvəslə
bölüşürdü". Bu
mühüm elmi qurum haqda maraqlı tədqiqat əsərinin
- "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin
fəaliyyətində filologiya məsələləri.
1923-1929" monoqrafiyasının (Bakı, 1999) müəllifi,
filologiya elmləri doktoru Həmidə Xəlilbəylinin
araşdırmalarından da göründüyü kimi,
N.Aşmarin yüksək elmi-nəzəri
hazırlığı, əhatəli biliyi, ən
başlıcası isə Azərbaycan elminə töhfə
vermək istəyi sayəsində ölkəmizdə humanitar
sahənin aparıcı nümayəndələri sırasında
yer almışdı. ATTC-nin bir sıra istiqamətlər
üzrə elmi-tədqiqat bölmələrinin fəaliyyətində
yaxından iştirak etmişdi.
Belə bölmələrdən biri, Cəmiyyətin
Tarix-etnoqrafiya şöbəsinin tərkibində yaradılan
Etnoqrafiya Komissiyası idi. Şöbənin 1924-cü il yanvarın 2-də keçirilən təsis
yığıncağında Komissiyanın rəyasət heyətinin
tərkibi təsdiqlənmişdi. Sədr vəzifəsi
yekdilliklə görkəmli yazıçı-dramaturq, ATTC-nin
qurucularından biri kimi tanınan Ə.Haqverdiyevə həvalə
olunmuşdu. Professorlar N.İ.Aşmarin və
V.B.Tomaşevski müavin, A.R.Zifeldt və V.A.Ryumin katib, Azərbaycan
Tarixi Muzeyinin ilk direktoru, arxeoloq D.Şərifov isə rəyasət
heyətinin üzvü seçilmişdi.
Etnoqrafiya Komissiyasının elmi vahidlərindən biri
kimi təşkil edilən lüğət-dil yarımbölməsi
birbaşa N.Aşmarinin adı ilə bağlı idi; bölməyə
özü rəhbərlik edirdi. Müavinləri isə
Ə.Haqverdiyev və V.B.Tomaşevski idilər. Azərbaycan dilinin lüğət tərkibinin
araşdırılması və dialektoloji tədqiqatların
aparılmasında bu yarımbölmə 20-ci illərin
ortalarında kifayət qədər effektiv fəaliyyət
göstərmişdi.
1925-ci ildə Azərbaycan xalqının digər
türk xalqları ilə dil, etnoqrafiya, etimologiya və ədəbi-mədəni
bağlılıqlarını sistemli, müqayisəli şəkildə
araşdırmaq məqsədi ilə Cəmiyyət nəzdində
ayrıca Türkoloji şöbə yaradılmışdı. Bakı Universiteti şərqşünaslıq
fakültəsinin dekanı Bəkir Çobanzadənin rəhbərlik
etdiyi şöbənin üzvləri arasında Ruhulla Axundov
(sədr müavini), Hənəfi Zeynallı, Pənah
Qasımov, Cəlal Məmmədzadə, Həbib Cəbiyev,
İsmayıl Hikmət kimi tanınmış alim və
ictimai-siyasi xadimlərlə bir sırada professor Nikolay
Aşmarin də var idi.
Linqvist-alim mədəni səviyyəsindən
asılı olmayaraq istənilən xalqın dilinin öyrənilməsini
onun məişəti, həyat tərzi, etimologiyası,
şifahi ədəbiyyatı və digər etnoslarla əlaqələrindən
kənarda təsəvvür etmirdi. Dilin ifadə
imkanlarını, lüğət tərkibini, eləcə də
incəlik və özünəməxsusluqlarını
araşdırmaq üçün xalqın arasında
olmağa, bu dildə danışan insanlarla ünsiyyət
qurmağa böyük əhəmiyyət verirdi. N.Aşmarini tərəddüdsüz Azərbaycanda
elmi dialektologiyanın banilərindən biri saymaq
mümkündür. Görkəmli Azərbaycan
dilçisi, akademik M.Şirəliyev sələfinin bu sahədəki
xidmətindən bəhs edərkən yazırdı:
"1920-ci illərin ortalarında Nikolay Aşmarin Azərbaycan
dialekt və şivələrinin lüğəti üçün
material toplamaq üçün proqram və təlimat
hazırlamışdı. Bu istiqamətverici sənədlər
əsasında 1930-cu ilə qədər təxminən 60 min
söz və ifadə toplanmışdı. Toplanılan leksik vahidlər əsasında "Azərbaycan-türk
xalq şivələrinin lüğəti"
hazırlanıb nəşr edilmişdi".
Əslində bu sahədə ilk addımı alimin
özü atmışdı. 1924-cü ilin
yayında və növbəti ilin payızında ATTC-nın
tapşırığı ilə şivə
orijinallığı baxımından daha çox seçilən
Şəkidə (Nuxa) dialektoloji ekspedisiyada olmuşdu.
Üst-üstə ay yarım çəkən səfərlər
zamanı Nuxa kişi müəllimlər
seminariyasının, eləcə də ayrı-ayrı məktəblərin
şagirdlərinin köməyi ilə zəngin material
toplamışdı. Qaranlıq görünən
məqamları aydınlaşdırmaq üçün Şəki
ziyalıları ilə ətraflı fikir mübadiləsi və
dəqiqləşdirmələr aparmışdı. Onların arasında müəllifin böyük
hörmətlə söz açdığı görkəmli
maarif xadimi, yazıçı və etnoqraf, Nuxa Kişi Müəllimlər
Seminariyasının direktoru Rəşid bəy Əfəndiyev
(1863-1942) də vardı. Heyranlıq hissi
ilə bəhs etdiyi Şəkidə dilçi alimə
hörmətlə yanaşmış, qayğı və diqqətlə
əhatə etmişdilər. Nuxa qəza
partiya komitəsinin məsul katibi İ.Tağıyev, xalq
maarifi şöbəsinin müdiri Ə.Mahmudov, yerli
ziyalılardan Ə.Bayramov, A.İmamzadə, Ş.İmamzadə,
C.Hacızadə, M.Xəlifəzadə işin təşkilinə
və səmərəliliyinə yardım göstərmək
üçün əllərindən gələni əsirgəməmişdilər.
Nəticədə Aşmarin Azərbaycan
dialektologiyasına həsr olunmuş ilk monoqrafik əsəri -
"Nuxa şəhəri türk xalq şivələrinə
ümumi bir nəzər" ("Obhiy obzor narodnıx
törkskix qovorov q. Nuxa") kitabını qısa müddətdə
hazırlayıb başa çatdırmışdı. Əsər 1926-cı ildə ATTC xətti ilə
çap olunmuşdu. Kitab üzərindəki iş
prosesində həmkarları Əbdürrəhim bəy
Haqverdiyev, Vəli Xuluflu, universitetin tələbəsi Sürəyya
Talıbxanbəyli (sonralar təhsilini İstanbulda davam
etdirmiş, Əhməd Cəfəroğlunun "Azərbaycan
Yurd Bilgisi" jurnalında Qarabağ dialektinə dair silsilə
məqalələri çıxmışdı) öz qeyd və
təklifləri ilə ona əhəmiyyətli yardım
göstərmişdilər. Əsər
1926-cı ildə ATTC xətti ilə çap olunmuşdu.
Kitab "Müqəddimə əvəzinə"
adlı giriş sözü ilə açılır. Müəllif
qarşısına qoyduğu başlıca vəzifədən
bəhs edərkən haqlı olaraq göstərirdi: "...təsvir
edilən şivələrin, eləcə də Azərbaycanımızın
digər türk xalq şivələrinin necə səslənmələri
indiyədək tədqiqatçıların diqqətini
çəkməyib". Anlaşılmazlıq yaranmasın deyə "Şəki"
və "Nuxa" toponimlərinə aydınlıq gətirməyə
çalışmışdı. "Şəki"
adı altında keçmişdə müstəqil xanlıq,
sovet dövründə qəza, "Nuxa" adı altında
isə bu inzibati-ərazi vahidinin mərkəzinin nəzərdə
tutulduğu fikrini irəli sürmüşdü. Verdiyi
məlumatlardan akademik B.A.Dornun 1858-ci ildə çap etdirdiyi
"Şəki xanlarının müxtəsər tarixi"
(müəllifi şair və salnaməçi Kərim ağa
Fateh idi - V.Q.) əsəri ilə tanış
olduğu görünürdü. Əlverişli
coğrafi mövqeyinə, təbii gözəlliklərinə
və iqtisadi cəlbediciliyinə görə müəllif
Nuxa-Şəkini "Şimali Qafqazın ən gözəl
guşəsi" hesab edirdi.
"Nuxa
və Nuxa əyaləti haqqında qısa məlumat"
adlandırdığı növbəti fəsildə N.İ.
Aşmarin "Böyük Qafqaz dağ silsiləsinin cənub
ətəklərində, Kiş, Dəyirman və Gürcan
dağ çaylarının sahilində, dəniz səviyyəsindən
2454 fut yüksəklikdə yerləşən" bölgənin
müxtəsər tarixi, inzibati, iqtisadi və etnik
icmalını vermişdi. Əhalinin mütləq
əksəriyyətinin Azərbaycan türklərindən ibarət
olduğunu vurğulayan müəllif Şəkini ticarət və
sənaye baxımından Transqafqazın zəngin şəhərlərindən
biri kimi təqdim etmişdi. 1863-cü ildə
Şəkidə olan və təəssüratlarını
"Qafqaz" kitabında (Leypsiq, 1866) bölüşən
alman səyyahı A.Petsolta əsaslanaraq hər ilin yay
aylarında ipəkçiliklə məşğul olan
çoxsaylı Avropa istehsal və ticarət firmaları agentlərinin
bura axdıqlarını xüsusi vurğulamışdı.
Yazdığına görə xaricilər arasında
saylarının çoxluğu baxımından əsas yeri
fransızlar (500-600 nəfər), nisbətən az miqyasda isə italyanlar tuturdu.
Əsərin sonrakı fəsillərində Şəkinin
müxtəlif məhəllələrindən toplanmış
zəngin dialektoloji material və onların əsasında hasil
edilən linqvistik nəticələr təqdim olunmuşdu. Çoxsaylı
nümunələr kitab müəllifinin az vaxtda Azərbaycan
türkcəsinin incəliklərinə yiyələnməklə
yanaşı, dilimizin dialektlərini müqayisəli
şəkildə öyrənməyə təşəbbüs
göstərdiyini də sübut edir. Çuvaş şifahi
xalq ədəbiyyatı haqda araşdırmalar müəllifi
olan alim Şəkidə təkrarsız folklor nümunələrinin
yanından da laqeyd ötə bilməmişdi. Kitabın sonunda yüz il bundan əvvəl Şəkidə
və çevrəsində yazıya alınan, bəziləri
günümüzə fərqli şəkildə çatan, bəziləri
isə unudulan atalar sözləri, tapmacalar verilmişdi.
Əlavələr bölməsinə Şəkinin məhəllə,
yaylaq, bazar, çay, eləcə də şəhər mərkəzindən
kənarda yerləşən kəndlərinin adları daxil
edilmişdi.
Azərbaycan türkcəsinə dair ilk
dialektoloji araşdırmanı yüksək qiymətləndirən
akademik V.A.Qordlevski yazırdı: "Aşmarin "Nuxa şəhəri
türk xalq şivələrinə ümumi bir nəzər"
əsərində linqvistik müşahidələrin dəqiqlik
və təfərrüat zənginliyini nümayiş
etdirmişdi. Həsr olunduğu mövzu ilə
bağlı ilk və nümunəvi monoqrafiya sayılan kitabda
özündə müxtəlif etnoqrafik qruplaşmaların
izlərini daşıyan şəhər məhəllələrinin
şivələri fərqli cəhətləri ilə
aşkara çıxarılmışdır".
Sonrakı illərdə də ölkəmizlə
əlaqələrini üzməyən alim Bakıda
axırıncı dəfə 1929-cu ildə, ATTC-nin dəvəti
ilə olmuşdu. Cəmiyyət onu "Azərbaycanın
türk xalq şivələrinin lüğəti"
çoxcildliyinin planını hazırlamaq məqsədi ilə
dəvət etmişdi. Əsərin növbəti il Bakıda
çıxan I cildinin Ön sözündə də göstərildiyi
kimi, Aşmarin "ideyanın ilk təşəbbüskarlarından
və onu təcrübədə həyata keçirənlərdən
biri idi".
Kollektivləşmə və sənayeləşmənin
Volqaboyuna gətirdiyi fəlakətlər "zəmanə ilə
ayaqlaşmağ"ı bacarmayan, təvazökar alimdən də
yan keçməmişdi. SSRİ EA-nın müxbir
üzvü seçilsə də, əyalət şəhəri
Kazanda bu qurumun verdiyi üstünlüklərdən yararlana
bilməmişdi. 1933-cü ildə xəstəliklər və
ağır maddi ehtiyac içərisində vəfat
etmişdi. Həyatının son aylarında həyat
yoldaşı K.L.Aşmarina Çuvaş Elmi Tədqiqat
İnstitutuna göndərdiyi məktubda yazırdı:
"Yaşlı və böyük bir ailənin
yükünü çəkən ərim çox
ağır maddi durumdadır. Sizə lüğət
hazırlayır, evdə isə yeməyə heç nə
yoxdur. Ona ürək ağrısı keçirmədən
baxmaq olmur. Kölgə kimi masa arxasında oturub fasiləsiz
işləyir. Ailəmizi xilas etmək üçün
satılması mümkün olan hər şeyi
satmışam. İndi daha satmağa da heç nə yoxdur.
Ona görə də sizə müraciət edirəm".
Alimin oğlu V.N.Aşmarinin xatirələri isə bu kədərli
mənzərəni daha da tündləşdirir: "Atam
ölüm yatağına düşəndə anam
qonşudan borc alıb məni Çeboksarıya, ona
çatacaq qonorarı almağa göndərdi. Çünki
Elmi Tədqiqat İnstitutu pulu poçtla yollamaqla bağlı
xahişlərimizə məhəl qoymurdu. Amma vəsait
olmadığını deyib məni də əliboş yola
saldılar..."
Türkologiya elmi, xüsusilə də,
doğma çuvaş mədəniyyəti
qarşısında misilsiz xidmətlərinə baxmayaraq
N.İ.Aşmarin sağlığında layiq
olduğu, haqq etdiyi qiyməti almadan dünyadan
köçmüşdü. Dövrün sərt, amansız
şərtləri baxımından yanaşanda isə əslində
bu, necə deyərlər, "vaxtında" baş tutan
ölüm idi. Çünki vəfatından az sonra həyatının
başlıca əsəri, az qala,
bütün ömrünü verdiyi "Çuvaş dili
sözlüyü" kəskin partiya tənqidinə məruz
qalmışdı. Çuvaş ÜİK(b)P MK-nin birinci
katibi P.S.Petrov müəllifi sözlük kimi təqdim olunan əsəri
"bol pornoqrafiya ünsürləri və əksinqilabi cəfəngiyyatla"
doldurmaqda ittiham etmişdi. "Böyük terror" ərəfəsində
belə ittihamların nə ilə nəticələndiyini
söyləməyə isə lüzum yoxdur...
Vilayət Quliyev
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, №7.- S.4-5.