Qaçış
"Tanrılogiya"dan
hissə
Qaia dünyalar arasında itməyi getdikcə qəbul
etməyə, bununla barışmağa başladı. Çünki
bu, zamanın tələbi idi. Barışmadığın
gerçəklik, ya səni intihara sürükləyir, ya da dəli
edir. Ağlını getdikcə itirirsən.
Qaia çox da ağıllı sayılmazdı, cəmiyyətin nəzərində.
Ona görə ki, onun geyim tərzi,
saçı, dialoqları, həm çox fərqli, həm
ağıllı, həm də arada kifayət qədər dəlicə
idi. Çünki qəbul olunan kimliyin
daşıyıcısı - varlıqlar bu tərzdə
düşünə bilməzdilər. Bəzən kimlərləsə
dialoqunda Qaia hiss edirdi ki, mənliyini qəribə bir boşluq
doldurur, daha sonra bu boşluq dərinləşir və getdikcə
ora nəhəng bir xaos dolur. Bu xaosun rəngi
çox vaxt qəhvərəngi olur. Qaia
belə vaxtlarda elə bilirdi ki, dəli olmağa
başlayır.Ya da elə əslində o dəlidir. Bəzi dialoqlar onun dəli kimliyindən ağıl
libasını soyundurur. Beləliklə,
gerçəklik görünürdü. Qəbul
olunmanın xaricində tamamilə yad hisslərə
düçar olurdu. Qaia bilirdi ki,
qarşı tərəf əslində onu dərk etmir. Aralarında böyük bir boşluq, kanyonvari
yadlaşma baş qaldırıb. Ancaq Qaia
yenə də danışır, qarşı tərəfin
heç vaxt dərk edə bilməyəcəyi
mövzuları izaha çalışırdı. Belə vaxtlar Qaia ağlayıb qaçmaq istəyirdi.
Amma o qaçmırdı. Ədəb-ərkanla
yaranan yeni və heç vaxt bir parçasına çevrilə
bilməyəcəyini gözəl şəkildə bildiyi
yeni dünyanın nizamından uzaqlaşa-uzaqlaşa, eyni
zamanda adaptasiya olurdu. Hətta getmədən
sağollaşırdı da hər şeylə. Ətalət halındakı ruh halı, həm də
qəribə bir qaçhaqaçda idi.
Dünyada qurulan, addımbaddım sakitcə toxunan nizam
bu idi. Məsələn,
Bakının göbəyində bir kafedə oturub, qəlyan
çəkib söhbətləşən dostlar heç vaxt düşünməzdilər
ki, hansısa arxa planda insani hisslərin getdikcə yox
olması ilə bağlı planlar qururlar, artıq hər
şey, hər şey dəyişir. Ən dəhşətlisi
isə odur ki, baş verən bütün bunlar elə edilir
ki, sanki normalı elə budur. Hər
şey belə olmalıdır. Bütün
düzlər itməli, insanlar bir-birlərilə
yırtıcılar kimi davranmalı, bir ovuc maddi qazanc
üçün bütün şəxsiyyətlər hərraca
çıxarılmalı, mənəvi keyfiyyətlərə
təcavüz edilməlidir. Axı, bu necə ola bilərdi? Bezdirici, yorucu,
qorxulu bu məqamları necə həzm edə bilərdim?
Getmək istəyirəm. Mən yaşaya
bilmirəm bu cür nizamda... Bilinməyən bir
çox şey mənə artıq aydındır. İstəmədiyim
şəkildə qurulan bütün oyunlar, hörülən
bütün tələlər məni bu dünyadan
qoparırdı. Bütün bu şütüyən
zamanın fonunda mən hər şeyin fərqində idim.
Bir künc axtarırdım ki, mənə toxunmadan, dəyişdirmədən,
hiss etdiklərimi əlimdən almadan mən orada yaşaya
bilim. Bu künc Gümüşlandiya idi. Mən əslində orada tanrılogiyanı öyrənirdim.
Gizliliklər mənə öyrədilirdi.
Ancaq görünürdü ki, bu çox çətin
olacaqdı.
Hər gün daxilimdə baş qaldıran böyük
həyəcanla qapını bağlayıb yatıram. Əgər gecə 5-də
yatıb 7-də oyanmağa yatmaq deyilərsə. Oyaq
qaldığım saatlarda min dəfə dolub-boşalıram.
Bəzən elə əməllicə ağlayıram. Ürəyim
çəkilir uşaqlığıma doğru. Artıq bilirəm,
əgər yaşamaq istəyiriksə, çox
düşünməməliyik. Sadə şəkildə
yaşamaq üçün, həm də.
Düşündükcə yaşamaq çətinləşir,
düşünməmək üçün mahnını ən
yüksək səsdə dinləyirəm. Daima kafelərdə
vaxt keçirirəm. Film izləyirəm. Tək
qalan kimi ruhum ki, başlayır, ha yenə kədərə
doğru xatirələrə doğru çəkilməyə
bax, elə həmin an başlayıram telefonumun
kontaktını qarışdırıb mənə fikirləri
heç vaxt lazım olmayacaq o Varlıqları
yığmağa, boş-boş danışmağa, əslində
heç birimiz belə anlarda bir-birimizi başa
düşmürdük. Həyatda hər şey ehtiyacdan
doğulur. Səhvlər də, düzlər də, eşq də,
nifrət də. Bu tərz dialoqlar da.
Düşünəndə özümü
tanımıram. Düşündükcə ölürəm.
Ölmək istəmirəm. Anlayırsınızmı, bu nə
deməkdi? Görünür, məni heç biriniz dinləmirsiniz.
Zövq almağa belə vaxtın olmur. Halbuki insan dünyaya
zövq almağa gəlib. Sadəcə, zövq insanı
yaşadan düşüncələrin ehtirasıdır. Nə
qədər çox arzulaya bilirsənsə, birini o qədər
çox yaşaya bilirsən. Ancaq mən o qədər
düşünürəm ki, yaşamağa vaxtım olmur.
İnsan düşündükcə hər şeyi məhv edə,
dağıda yaralaya bilərmiş. Mən özümü
düşünə-düşünə öldürürəm
çox vaxt. Düşündükcə darıxıram. Bir
anda daxilimdə elə böyük bir tənqid hissi peyda olur
ki, hər kəsi silib, tək
yaşamaq labüd son kimi tək çıxış yolu kimi
gəlir mənə. Qaçmaq əlimdə olsa, elə
inzivaya çəkilib yaşamağa başlayaram. Amma
çox vaxt bu mümkün olmur. Bu düşünmək sərxoşluğundan
insanı məsuliyyət hissi oyadır. Məcburiyyətlərin
səni emosiyalar yağmurunda islanmağa qoymur. Süni
intellektin şilləsi ilə məcbur edilirsən dəyişən
dünyanı, yeni dünyanı qəbul etməyə. Bu
dünyada düşünmək lazım deyil, sənin yerinə
düşünürlər. Bu yeni dünyada, sadəcə,
yaşamağı bacarmaq lazımdır. Səndən tələb
olunan budur. Sadəcə, bu. Bir növ, həyat və var olmaq
mücadiləsidir. Mənəvi
məsələləri gündəmdən kənarlaşdıran
dünya artıq istəsə də, bunu yenidən
aktuallaşdıra bilmir. Hər şeyi pul, güc,
şöhrət həll edir. İstəsən də, bu
cür məcburi sərhədlərdən kənarlaşa
bilmirsən. Dünyada artıq hər şey idarə olunur. Hətta
insanlar robotlaşır, bu proses
tam təbii şəkildə baş verir. Hiss edilmir. Hətta
bu ibtidai icma dövründən bu yana, baş verən təkamül
keçidlərindən fərqli şəkildə
reallaşır. Bu keçid son dərəcə sakit şəkildə
insanların həyatına süzülür. Bir kölgə
səssizliyi ilə yaradılışdan olan bir parçan
kimi səninlə paralel şəkildə hərəkət
edir. Bunun fərqində necə oldum? Fikrimcə, dünyalar
arasındakı hərəkətim, səyahətim bu nizama
tam və şüursuz şəkildə tabe olmaqdan məni
xilas edib. Bu, sevindirici hal olsa da, elə yaşamalı idim ki, hər
şeyi gördüyümün fərqində olmasınlar.
Yoxsa, yaşamaq mənə baha başa gələrdi. Hər kəs
üçün ucuz olan varlığımın artıq qiyməti yox idi. Bunu bilmək və
özümü qorumaq lazım gəlirdi. Eyni şəkildə
onlar kimi olduğuma inanmalı idilər.
Hiss edirdim ki, artıq gerçək mənada, keçmişimlə, kədərlərlə vidalaşıram. Məni daha
böyük şeylər maraqlandırır - daha nəhəng
ideyalar. Tanrılogiya elminin mahiyyətinə varmaq.
Robotlaşmamaq, titanlaşmamaq, insanlaşmamaq...
Nargis
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.7.