Avara
Stefan
SVEYQ - görkəmli Avstriya nasiri, şairi, dramaturqu, jurnalisti
və ədəbi tənqidçisidir. 1881-1942-ci
illər arasında yaşayıb.
Baxışları kilsə saatına sataşınca, dərsə
gecikdiyinin fərqinə vardı. Kitablarını
qoltuğunun altına vurmuşdu. Həmin
andan etibarən, tənbəl-tənbəl yeriməyi
buraxıb, addımlarını qismən yeyinlətdi. Yayın bu bürküsü onu əcəb də əringən
birisinə çevirmişdi. Əslində
yaxşı bilirdi ki, yunan dili dərsinə geciksə belə,
dünya-aləm dağılmaz. Odur ki, nəfəskəsən
bürküdən qovrulan səkiylə laqeyd halda, candərdi
bir yerişlə məktəbə tərəf üz tutdu.
Ora çatanda dərsə düz on dəqiqə
gecikmişdi və bir anlığa ağlına geri
qayıtmaq fikri gəldi. Ancaq bu gün yemək süfrəsində
evdəkilərdən bir xeyli öyüd-nəsihət
eşitmişdi və bunları təkrar dinləməyi
özünə heç cür
sığışdırmırdı: buna görə də
inamla sinif otağına tərəf yönəldi və sərt
bir hərəkətlə qapını açdı.
Onun qəflətən kandarda peyda olması bütün
sinif yoldaşlarını karıxdırdı. Arxa partalardan
rişxənd dolu hırıltılar yüksəldi, ön cərgələrdə
oturanların üzlərində isə təkəbbür dolu
ifadələr yarandı. Nisbətən yüksəkdə,
kürsüdə dayanan professor da özündənrazı bir
təbəssümlə onu süzdü və güclə
eşidilən, amma aşkar kinayə sezilən bir səslə
dedi: "Bircə kərə gecikməsəydiniz, hər halda
bunu əsl möcüzə sayardıq, Libman. Gecikmələrdə
sərgilədiyiniz bu yüksək əzmkarlığı
kaş başqa işlərdə də göstərə biləydiniz".
Bütün sinif uğunub getdi, yoldaşlarının bəziləri
buna uca səslə, digərləri isə
xısın-xısın güldü. Hamısının da
baxışları o ara Libmana
dikilmişdi. Amma o, nə bir təpki verdi,
nə də üzündəki ifadə dəyişdi. Şuxluqla gülüşənlərin arasıyla
öz yerinə tərəf gedərkən hövsələsini
güclə cilovlayırdı. Hər dəfə
bu qəddar səhnəni yaşayarkən qəlbində dərin
bir sızıltıyla yanaşı, dəli bir hiddət hissi
də baş qaldırırdı.
Keçib yerində əyləşdi, kitabındakı
hansısa səhifəni açıb, gözlərini
oradakı hərflərə dikdi və gözləri
önündə ləngər vuran o sətirlər qapqara bir
burulğan əmələ gətirənə qədər onun
bu ovqatı dəyişməz qaldı. O əsnada sinifdə
qulağına dəyən bütün sözlər və səslər
ona mənasız, ətürpədən bir küyü
xatırlatdı. Ətrafında olub-bitən hər
şeyə qarşı bəslədiyi biganəlik ona
ağır bir yük kimi görünürdü.
Qabaq sıraların üzərində bir neçə
günəş halqası əks olunurdu. Eynilə
sevincdən çığırışan uşaqlar kimi, bu
rəngli halqalar da ora-bura sıçrayır,
gözqamaşdırıcı rənglər isə, sanki
yumşaq və gözəgörünməz əllərin
köməyilə cərgələr şəklində
partanın üzərindən səssizcə, həm də
sürətlə ora-bura adlayırdılar. İndi maraqla tamaşalarına duran Libman əslində
onları dəqiq görüb-eləmirdi. Çünki
öz xəyal aləminə qapılmışdı o.
Dünən rastlaşdığı bir hadisə onun
gözlərini yaşadığı bu həyata daha geniş
şəkildə açmışdı. Əlində
dərs kitablarıyla evə qayıtdığı vaxt öz
yaşıdlarıyla rastlaşmışdı. Onlardan kimisi universitet tələbəsi, kimisi də
zabit idi artıq. Bir vaxtlar səmimi
olduğu bu yaşıdları indi artıq ciddiyə
almadıqlarından onunla açıq-aşkar rişxəndlə
salamlaşırdılar, çünki o, hələ də əl
boyda uşaq-muşaqla eyni parta arxasında əyləşirdi,
müəllimlərin də mənasız əllaməliyinə
qulaq verməyə məcbur idi. Hiddət və
çarəsizliyin də qarışdığı acı qəhər
hissi belə anlarda boğazında iri bir düyünə
çevrilirdi. Özünü ora-bura
çırpıb, uşaq kimi
çırpınmadığına və ya qabaqlarını
kəsib, onlara hədlərini niyə bildirmədiyinə,
düzü, elə özü də heyrətlənirdi.
İçindəki iztirab qəlpələndikcə, o
da daxilən müəyyən bir təskinlik tapırdı. Demə, ən
dərin iztirabın ardınca gələn görünməmiş
laqeydlik hissi ən xırda zərrələrə
bölübmüş onun qürurunu. Bu,
sadəcə, onunmu bəxtinə yazılmışdı ki?!
Axı minlərlə insanın da eyni şəraitdə
yaşadığından xəbərdar idi o. Bütün bu
yaşantıların hər gün başqalarının da bəxtinə
yazılan qaçılmaz bir faciə olduğunu dəqiq
bilirdi, üstəlik, heç kəsin bunu özü qədər
dərinləməsinə yaşamadığından da əmin
idi.
Bir avara
idi o... Görəsən, bu dünyada onun kimi
neçə nəfər tapılardı? Amma
bütün bunların başlandığı o günü,
yəni imtahandan kəsildiyi günü xatırladıqca,
içini dözülməz çarəsizlik hissi
bürüyürdü. Buna qərar verən professor,
gör, nə qədər düşüncəsiz biri
olmalıydı da! İndi cəmi on addım aralıda dayanan,
onu əsla ciddiyə almayan və eyni sinifdə ikinci il oxumasına səbəb olan bu kişi
özünün ötəri verdiyi bir qərarla hansı
iztirablara səbəb olduğu barədə görəsən,
bir dəqiqə və ya bircə saniyə
düşünübmü heç?! Halbuki bir göz
qırpımında bu adam öz tələbəsinin
gələcək inkişafı önündə
aşılmaz bir sədd çəkmiş, onun həyatını
fərqli yönə, fərqli məcraya salmışdı.
Bu səbəbdən
o, növbəti sinfə keçə bilməmiş, bir il geri düşməsi isə onda ruh
düşkünlüyünə rəvac vermişdi. Hər nə qədər əlləşib-vuruşsa
da, uğurları get-gedə və günbəgün
azalmış, ən axırda bütün cəhdləri dərsə
biganəliklə əvəzlənmişdi. Ədəbiyyata və incəsənətə bəslədiyi
maraq bir göz qırpımındaca harayasa
buxarlanmışdı. Aldığı o
amansız zərbənin təsiri onun gündəlik həyatının
ən dərin qatlarında da ciddi əks-səda
doğurmuşdu.
Getdikcə, dərslərə hazırlaşmaqdan tamamilə
soyumuşdu, öz fikir-xəyal aləminə necə
qapılmışdısa, artıq ağlasığmaz və
vecəyaramaz fantaziyalarıyla baş-başa qalmağa daha
çox üstünlük verirdi. Həm özü bu xəyal-məyal
aləminin tam mərkəzində qərarlaşmışdı,
həm də bu aləm ona gündəlik həyatda öz
güc və qabiliyyəti hesabına nail ola
bilməyəcəyi minlərcə imkandan əlavə,
hansısa uğurlar da vəd edirdi.
Beləcə, o, tədricən lap dibə doğru enməyə,
avaragor bir həyat tərzi sürməyə başladı. İkinci dəfə
sinifdə qalarkən, bundan heç tükü də tərpənmədi,
çünki qarşısıalınmaz şəkildə
bilinməz bir uçurumun dibinə
yuvarlandığının artıq tam fərqində idi.
İyirmi bir yaşına girməsinə rəğmən,
hələ də məktəb partası arxasında
oturması onun nə vecinə gəlirdi, nə də bu
durumdan hər hansı çıxış yolu
görürdü. Bunun səbəblərini araşdırdıqca, hər
səfər eyni nəticəyə gəlib,
çıxırdı: imtahandan kəsilməsinin yeganə səbəbi
- sadəcə, bəxtinin gətirməməsi imiş. Get-gedə beynində kök atmağa başlayan bu qənaət
artıq əsl taxıntıya dönmək üzrə idi, bunun
əsassız, uydurma bir ehtimal olduğu özünə əyan
olsa da, onun xəstəhal beynində bu qənaət qəti
bir hökmə çevrilirdi ki, bu da təsadüfi bir sonuc
sayıla bilməzdi.
Bəlkə də içində bəslədiyi gizli kin
və ya səbəb ucbatından professor ona qarşı bu
cür davranmağa qıyırdı. Bu inamın
özünə yer elədiyi vaxtdan bəri qəlbi kinlə
dolub-daşırdı. Hər dəfə
baxışları professorun üzünə sataşanda
bütün varlığı hiddətdən lərzəyə
gəlirdi. Saralmış çöhrəyə,
rahib görkəminə malik professor öz kürsüsündə
görəsən, necə belə arxayın dura bilirdi
axı?! Hansı ağır günahlar işlədiyini
görməməzliyə vuran bu kişi
özündən əmin bir şəkildə, həm tam
ciddiyyətlə, həm də uca səslə bu cür
cansıxıcı, yalan-palan və mənasız mövzularda
necə danışırdı?! Məhz belə
birisi onun aqibəti barədə hökm vermək,
bütün həyatını hansısa məcraya yönəltmək
hüququna sahib imiş və bu imkandan da dərhal
yararlanıbmış. Bunu
düşündükcə, əsəbləri tamamilə
tarım çəkilirdi və özündən ixtiyarsız
yumruqlarının necə sıxıldığını,
kinli baxışlarla o adamı necə süzdüyünü
özü də hiss edirdi.
Təsadüfən həmin an ona tərəf qanrılan
professor bu kəskin baxışları havadaca yaxaladı. Heç nəyin fərqinə
varmadığından kişinin üzündəki cizgilər
bir az sərtləşərək, daha
ötkəm bir ifadə qazandı. Professor:
- Libman,
tavana marıtlamaqdansa, fikrinizi dərsə cəmləməniz
və dərsliyə baxmanız daha məsləhətlidir, -
dediyi an oğlan diksindi. Bu kişinin ona bu
cür təpinməsi isə bədəninə közərən
bir damğa basması qədər dözülməz idi.
Onun da tərs damarı tutdu və daha susmamaq qərarına gəldi:
- Hörmətli
professor, mən dediklərinizi diqqətlə dinləyirdim.
- Bax, bu -
bəyəniləcək haldır: elə isə az əvvəl dediklərimi təkrarlayın,
görüm.
Kişi bu sözləri eləcə, yəni hər
hansı ard niyyət güdmədən dilinə gətirsə
də, Libman bunlarda da sonsuz bir qəddarlığın
nişanələrini sezdi. Düzü, nə deyəcəyini
bilmirdi, alt dodağını gəmirib durduğu anlarda o həmişəki
naxoş qənaət təkrar qəlbində
zühur elədi. Ciddiyə almadığı bu
qarşıdurma əsl fəlakətə yol aça bilərdi:
hə, əgər tale yenə də öz gündəlik
hoqqalarını təkrarlamaq niyyətinə düşsəydi,
bax, onda ən əhəmiyyətsiz şeylər də
ağıla gəlməyəcək nəticələrə gətirib-çıxara
bilir. Az sonra nələrinsə baş verəcəyinin
fərqindəydi artıq. İçində yüksələn
çarəsizlik dalğası onu qətiyyətli
davranmağa səsləyirdi: köhnədən bəri qəlbində
qalaqlanan kin nəhəng bir çaya dönmüşdü və
artıq öz məcrasına sığmayacaq şəkildə
coşub-daşırdı. Bununla yanaşı,
o, hələlik hisslərini cilovlamağı bacarırdı,
rəngi qaçmış dodaqları səyrisə də,
susub, dururdu.
Professor bir neçə saniyə də gözlədi.
Sonra təmkinlə dedi:
- Belə
çıxır ki, heçcə nə deyə bilmirsiniz və
bir qədər əvvəl mənə ağ
yalan söyləmişdiniz!
Bu, artıq qəti hökm idi. Geriyə çəkilmə
ehtimalı da sıfırlanmışdı. İndi Libman çoxdan bəri itirdiyi bir dəyər
uğrunda çarpışmalıydı. Həm də
indiyədək qəlbinin dərin guşələrinə
gömdüyü hisslərin artıq boy göstərdiyini və
bir an əvvəl dilə gətirilmək
istəndiyini sezirdi. Bu gün olmasa, sabah
bunu edəsiydi. Hələ bütün bunlar bir yana dursun, sinif yoldaşlarının
hırıltı və pıçıldaşmaları da əsəblərini
daha betər şəkildə gərirdi. Bundan
belə dünya da dağıla, onlara baş qoşan deyildi.
Arxayın
şəkildə və qətiyyətlə dedi:
- Mən
yalan-zad söyləmirdim... Əgər istəsəm, bayaq
dediklərinizi eynən təkrarlayaram!
- Amma təkrarlamaq
istəmirsiniz, eləmi?
- Hə,
istəmirəm, çünki o bəhs etdikləriniz mənasız
şeylər idi.
Bu iddia
sinifdə bir şimşək misalı
çaxdı. Bayaqdan bəri bu söhbətə
qulaq verən və bunun nə ilə bitəcəyini maraqla
gözləyən üzlərdə dolaşan təbəssümlər
qəflətən dondu. Bu fikir toqquşmasının ciddi
bir faciəyə çevriləcəyini artıq hər kəs
hiss eləyirdi. Çünki bu sinifdəkilərin içində
ən soyuqqanlı adam
elə Libmanın özü idi. Heç
nədən çəkinmədiyi üçün, adətən
ötkəm davranmağı uyğun sayırdı. Ən axırda da o, istədiyinə nail oldu.
Belə
bir cavab gözləmədiyi üçün professor
özünü tamamən itirsə də, az
sonra bütün iradəsini topladı. Yeyin addımlarla
Libmana tərəf yeriyib, həyəcandan nəfəsi
daralaraq sadəcə:
- Siz
qabasınız! - deyə bildi.
-
Özünüzsünüz, qaba!
Bu cavabdan sonra professor nəsə deməyə daha hacət
görmədi.
Bir göz qırpımındaca yaxalaşma, itələşmə
və bir-birinin saçına-başına əl atmalar
baş alıb, getdi. Həm də onlardan
hansının digərinə əl
qaldırdığını otaqdakılardan heç kəs
anlamadı, baxmayaraq ki, əlbəyaxa olanların hər ikisi
içlərindəki kini və acığı artıq maneəsiz
bir şəkildə sərgiləyirdilər. Bir də bu səhnə yalnız bir neçə
saniyə davam elədi. Ardınca qəlbində
yığılan kinin diktəsiylə Libman professora hələ
bir yumruq da ilişdirdi və kişi yerində
səndələdi. Qapıldıqları bu həyəcandan
sinifdəki hər kəs yerindən sıçradı, o ara sinifdə qəfil gurultu qopdu. Amma yoldaşlarının bu məsələyə
qarışmasına hər hansı imkan verməyən Libman
cəld hərəkətlə papağını asılqandan
götürdü, sinifdən çıxarkən hələ
qapını öz ardıyca zərblə çırpdı
da. Hərçənd bayıra can atdığı həmin
anlarda onun nə bir hədəfi vardı, nə də ki
planı...
Sonrakı bir saat boyu avara-avara küçələri
dolaşdı, sonra bu yaşananları götür-qoy edərək,
bir qərara gəldi. Ən incə məqamlarına qədər hər
şeyi ölçüb-biçdi, gözləri
qarşısından minlərlə görüntü -
özünün gəncliyi, gələcəyi və ailəsi
- bir lent misalı gəlib-keçdi, amma
bütün bunlar ayrı-ayrılıqda onun gələcək
planlarını necə dəyişdirdisə,
qarşısında açıldığını
sandığı o yol get-gedə daralan bir cığıra
çevrildi...
Özündən ixtiyarsız addımlarını, nəinki
yeyinlətdi, hətta qaçmağa da başladı. Xırda ümidlər və
dumana bürünmüş ehtimallar bir şimşək
sürətiylə gözləri önündə canlansa da,
o, qaçmağına əsla ara vermir,
daha betər götürülürdü. Maşın
və arabaların hay-küyü, küçədəki
damba-durum, qarşısına çıxan laqeyd və onun
yaşadıqlarından tamamilə xəbərsiz insanların
deyinmələri də daxil, onun öz təlaşlı
addımlarının qopardığı tappıltılar da
qulaqlarında güclü əks-səda yaradırdı.
Sanki beynində oyanan düşüncələri
keyitməkdən ötrü o, öz sürətini get-gedə
artırırdı. Beynində isə yalnız bircə
cümlə dolaşırdı: "Bir az da iti... Bir az da
iti..."
Varlığındakı
hər şey artıq bu cümlənin ritminə
uyğunlaşaraq, ağılasığmaz bir sürətlə
bütün bədən əzalarına yayılırdı
deyə, o, tamamilə key və hissiyyatsız bir məxluqa
çevrildi. Bir də baxdı ki, gəlib
körpüyə çatıb. Orada bir dəqiqəliyinə
karıxıb, durdu, amma bu, ağlındakı işi
gerçəkləşdirməkdən qorxmasından yox,
tir-tir titrəyən qollarında özünü məhəccərdən
üzüaşağı atmaq üçün yetərincə
güc tapmayacağından irəli gəlirdi.
Gözgörəsi məhvə sürüklənən
həyat yolu təkrar xəyalında canlandı. Qəfil titrəyişə
yenik düşən bədəniylə artıq heç
cür bacara bilmirdi. Tək həmlə etməklə,
məhəccərin üzərinə sıçradı və
bir şimşək sürətiylə özünü
aşağıdakı qaranlıq suların ağuşuna
buraxdı.
Stefan Sveyq
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, №7.- S.6-7.