Dəyərli
leksikoqrafik əsər
“Türk
mənşəli arxaizmlər lüğəti” (XIII-XVIII əsrlər
Azərbaycan yazılı abidələri əsasında)
kitabı haqqında
Bu
günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik İnstitutu Elmi Şurasının 22
sentyabr 2023-cü il tarixli iclasının (9¹-li protokolu) qərarı
və professor Nadir Məmmədlinin elmi redaktorluğu ilə
dosent Xədicə Heydərovanın və dosent Teyyub Quliyevin
tərtib etdikləri A, B, C, Ç, D, E, Ə hərfləri
daxil edilən "Türk mənşəli arxaizmlər
lüğəti" (XIII-XVIII əsrlər Azərbaycan
yazılı abidələri əsasında) adlı
leksikoqrafik əsər işıq üzü
görmüşdür. Tərtibçilər
bütün məqamlarda lüğətçilik prinsiplərinə
sadiq qalmış və bu prinsiplərə doğru -
düzgün riayət edərək dəyərli bir mənbə
yarada bilmişlər. Diaxron aspektli bu lüğətin
A, B, C, Ç hərfləri ilə başlayan sözlərini
Xədicə Heydərova, D, E, Ə hərflərini əhatə
edən sözləri isə Teyyub Quliyev sistemli şəkildə
toplamış və tərtib etmişdir. Layihənin rəhbəri
və lüğətin ön söz müəllifi dosent Xədicə
Heydərovanın qeyd etdiyi kimi, lüğətin tərtibi
prosesində şöbə əməkdaşları bu işi
iki mərhələdə yerinə yetirmişlər: 1) mənbələrdən
nümunələrin toplanması və baş sözlər əsasında
əlifba sırasının düzülməsi; 2) mənbələr
üzrə ayrı-ayrılıqda toplanmış
materialların qəbul edilən tərtibli prinsiplər əsasında
hərflər üzrə birləşdirilməsi və vahid
lüğət halına salınması.
Türk
xalqlarına məxsus folklor və yazılı abidələrin
hər birində müasir türk dillərinin, o sıradan Azərbaycan
dilinin hamısının payı var. Məhz bu payı qoruyub
saxlayan Orxon-Yenisey yazılı abidələri, Mahmud
Kaşğarinin "Divani-lüğət-it-türk" əsəri,
Əhməd Yəsəvinin "Divani-Hikmət"i, Əhməd
Yügnəkinin "Ətəbətül Həqaiq" əsəri,
"Kitabi-Dədə Qorqud" dastanı, "Oğuznamə"lər,
V.V.Radlovun və L.Z.Budaqovun lüğəti və digərləri
əsas mənbə kimi xüsusi yer tutur. "Türk
mənşəli arxaizmlər lüğəti" adlı
leksikoqrafik əsərin tərtibçiləri göstərdiyimiz
mənbələrin bəzilərindən başqa, 60-a qədər
müəllif və tərcümə əsərlərindən
də nümunələr toplamış və bunların
hamısını sözlüyə daxil edərək, leksik,
semantik, fonetik, qrammatik istiqamətlərdə izahlar vermişlər.
Tərtibçilər XIII-XVIII əsrlər Azərbaycan
yazılı abidələri əsasında yaratdıqları
bu leksikoqrafik əsərə, mənasına, quruluşuna, səslənməsinə
və qrammatik formasına görə arxaizmlərin 5
növünü seçmiş və onları belə
qruplaşdırmışlar: 1) leksik arxazimlər (tamamilə
köhnəlmiş, müasir ədəbi dildə işlənməyən
sözlər). Məs: ağınmaq-çıxmaq,
ağgöz-gözünün ağı çox olan,
aqtarmaq-çevirmək, yerə salmaq, andağı-ondakı,
balçaq-qılıncın qəbzəsi və s; 2) semantik
arxaizmlər (müasir dövrdə işlənən, leksik mənası
dəyişmiş sözlər. Məs: bazlamaq-azar oxumaq, bərk-dönməz,
möhkəm iradəli və s; 3) fonetik arxaizmlər (səslənməsi
köhnəlmiş sözlər). Məs:
aqlıq//ağlıx-aqlıq, dəprənmək-tərpənmək,
hərəkət etmək və s; 4) qrammatik arxaizmlər
(sözlərin müasir dildə olmayan köhnəlmiş
qrammatik formaları). Məs: açılğan-açılun,
ağlayu-ağlayaraq, andan//andin-ondan və s; 5)
leksik-sözdüzəldici arxaizmlər (əvvəlki mənasını
saxlamaq şərtilə morfemlərindən biri dəyişmiş
sözlər). Məs: aydınrak-daha aydın,
altunlıx-qızıllı, atuğ-atçı, atı
olan, birlə/birlən-ilə, -la, -lə və s.
Dilin qədimliyinin aşkar olunmasında mühüm cəhətlərdən
biri də onun leksikonuna vaxtilə daxil olmuş, sonralar arxaikləşmiş
sözlərin leksik-semantik, qrammatik quruluşlarının
üzə çıxarılmasıdır ki, bu nöqteyi-nəzərdən
də bu leksikoqrafik səciyyəli əsər olduqca qiymətlidir. Azərbaycan
yazılı abidələrində tarixən işlənmiş
və ədəbi dilimizdə köhnəlmiş sözlərə
bu aspektdən, yəni təqdim edilmiş lüğət
yönündən yanaşsaq, bunu tam aydınlığı
ilə görərik.
Bəşər tarixində xeyli sayda ensiklopedik, filoloji,
siyasi həm də izahlı lüğətlərin müəyyən
növ və tipləri böyük bir inkişaf yolu
keçmiş və açıq şəkildə etiraf etməliyik
ki, XI əsrdə Mahmud Kaşğarinin yaratdığı
"Divan"a bərabər ikinci bir möhtəşəm və
qüvvətli mənbə, lüğət tipi
yaradılmamışdır. Düzdür, qədim
Mesopotamiyada, Yunanıstanda yaradılmış lüğətlər
olmuşdur, lakin onlar primitiv xarakterli olmuş, qədim
dövrlərin söz qatını hərtərəfli bir
şəkildə əks etdirməmişdir, lakin Mahmud
Kaşğarinin "Divani-lüğət-it-türk"ü
ensiklopedik xarakterə malik olmaqla türk xalqlarının
tarixi, mədəniyyəti, coğrafiyası,
dili, etnoqrafiyası və s. barədə böyük bilgilər
verən əzəmətli bir mənbədir. Ölkəmiz
müstəqillik qazandıqdan sonrakı dönəmlərdə
elmi tədqiqatların üfüqləri daha da genişlənmiş,
mənşə, etnik səslərə, kök, genezis məsələləri
yasaq və qadağalardan kənar konyuktur düşüncənin
qəliblənmədən uzaq milli dəyər və sərvət
kəsb edən elmi-nəzəri mənbələr
yaradılmışdır. Uzaq tarixin ədəbi-mədəni
irsi kimi arxaik sözləri toplamaq, onu lüğət şəklinə
salaraq xalqımıza təqdim etmək möhtəşəm
olduğu qədər, eyni zamanda şərəfli bir
işdir. "Türk mənşəli arxaizmlər
lüğəti"nin I cild tərtibçiləri filologiya
üzrə fəlsəfə doktorları, dosent Xədicə
Heydərova və dosent Teyyub Quliyev bu işin öhdəsindən
layiqincə gəlmiş və olduqca dəyərli bir mənbə
yarada bilmişlər. Əslində tərtibçilər bu mənbəni
lüğət adlandırsalar da bunu yalnız struktur və
forma baxımından belə hesab etmək olar. Mahiyyət
etibarilə isə biz bu işi A, B, C, Ç, D, E, Ə
baş hərfləri üzrə təqdim edilmiş mükəmməl
araşdırma və bütün parametrlərin qoyuluşu
etibarilə samballı tədqiqat əsəri hesab edib, tərtibçilərə,
lüğətin yaradıcı heyətinə növbəti
işlərində uğurlar arzulayırıq.
Mahirə Hüseynova
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.9.