Prezidentin
portreti
Bu il fevralın 7-də Azərbaycanda keçirilən
prezident seçkiləri tarixə düşdü!
Ən
yüksək vəzifə uğrunda mübarizə aparan yeddi
namizəddən yalnız birinin - Əliyev İlham Heydər
oğlunun mütləq üstünlüyünə heç
kimin şübhəsi yox idi!
Bu
seçkilərin nəticələrini oxucuya xatırlatmağa
ehtiyac yoxdur, belə ki, seçicilər bütün
dünyaya xalqın son iki onillikdə, həm daxili, həm də
xarici siyasətdə saysız çətinliklərlə,
toqquşmalarla sınanan liderinə olan ən yüksək
güvənini açıq-aşkar sevinc, dərin minnətdarlıq
hissi ilə nümayiş etdirdi...
Bununla
yanaşı, seçkidə qalib gələn prezident
İlham Əliyevin şəxsiyyətinə dönərkən,
onun triumfual uğurunun təməl daşlarına diqqət
yetirmək məqsədəuyğundur - uzun illərdən
sonra Azərbaycan Respublikası ərazilərinin 20%-nin
işğaldan azad edilməsi, ölkənin dövlət-ərazi
kompleksinin bərpası üçün hərtərəfli
zəmin yaradan şəxsin reputasiyası! Bir
sözlə, öz xalqını möhtəşəm qələbələrə
aparan, Ermənistanın təcavüzünə qarşı
uzun, israrlı tarixi dramatizmlə dolu mübarizədə
mütləq Qalib.
Lakin qədim
latın ifadəsində "Amat victoria
curam", yəni "Qələbə
hazırlığı (səyləri, qayğını)
sevir" deyilir.
İlham Əliyev Azərbaycan xalqının məkrli,
güzəştsiz, qəddar düşməni - erməni
militarizmi üzərində, beynəlxalq aləmdə ən
mürtəce siyasi qüvvələrin və hər cəhətdən
cinayətkar xarici erməni diasporunun üzərində
böyük Qələbəni təmin etmək yoluna haradan
başlayıb?
XX-XXI əsrlərin kəsişməsində Azərbaycanda
hərbi-siyasi və sosial-iqtisadi vəziyyət 90-cı illərin
əvvəllərində yenidən yaradılmış Azərbaycan
müstəqil dövlətçiliyinin hərtərəfli
inkişafına mane olan ziddiyyətli amillərin
konqlomeratı idi.
Demokratik
sistemin və bazar iqtisadiyyatının
formalaşdırılmasının bütün yükü,
müasir tarixin ən böhranlı illərində, faktiki
olaraq suveren dövlət anlayışının
özünü bərpa edən, ona vətəndaş
qarşıdurması uçurumuna düşməyə və
etnosiyasi zəmində parçalanmağa imkan verməyən
Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan
xalqının öz çiyinləri üzərinə
düşdü.
Unutmaq olmaz ki, dövlətçiliyimizin
inkişafının o mərhələsi ciddi hərbi-siyasi
toqquşmalar fonunda baş verirdi. Respublikanın ərazi
bütövlüyünə, bir milyona yaxın
qaçqına səbəb olan qəsd cəmiyyətdə
müəyyən sosial gərginlik yaratmaya bilməzdi. Heydər Əliyevin, sonradan isə onun
davamçısı İlham Əliyevin Azərbaycanın ərazi
bütövlüyünün bərpası yönündə
sülh yolu seçmək üçün prinsipial arzusu ilə
aşılanmış istənilən danışıqlar
prosesi, ilk növbədə, güclü müdafiə qabiliyyətinə,
Silahlı Qüvvələrimizin güclənməsinə
dayanmalı idi.
Dövlətin
siyasi sisteminin və sosial-iqtisadi modelinin islahatının
embrional inkişafı vəziyyətində siyasət,
diplomatiya və iqtisadiyyat sahəsində ən dərin nəzəri
biliyə, o cümlədən, neft-qaz, nəqliyyat-enerji
strategiyalarının, respublika üçün əhəmiyyətli
xarici siyasət tədbirlərinin həyata keçirilməsində
böyük təcrübəyə malik olan İlham Əliyev
2003-cü ildən müasir dövlətçiliyimizin böyük
memarı Heydər Əliyev tərəfindən müəyyən
edilmiş Azərbaycanın tərəqqisi və
sivilizasiyanın intibahına aparan dahiyanə yolu davam etdirdi.
Kifayət
qədər məntiqli və məqsədyönlü şəkildə
Respublika Prezidenti kimi fəaliyyətə, siyasi və iqtisadi
düşüncəsinin konstruktivliyini nümayiş etdirərək,
Azərbaycan dövlətçiliyinin Heydər Əliyev tərəfindən
yaradılmış optimal inkişaf ənənələrinin
həyata keçirilməsinin innovativ formalarının
işlənib hazırlanmasından başlayır.
Amerikalı esseist Edvard Abbey düzgün qeyd edirdi ki,
"Siyasətdə olduğu kimi, tarixdə də "gələcək"
dövlət adamlarının əməlləri ilə
doldurulmasını gözləyən zaman
boşluğudur". İlham Əliyevin uzun illər prezidentlik
fəaliyyətinə nəzərən cəsarətlə deyə
bilərik ki, o, bu boşluğu təkcə Azərbaycanın
deyil, həm də beynəlxalq münasibətlər tarixinin
salnaməsinə dərin iz buraxmış əməllərlə
doldurur.
Bu əməllərin
əhatə dairəsi dövlət idarəçiliyi anlayışının
genişliyinə dair heç bir təsəvvürlərə
uymur. Transmilli, regionlararası yanacaq-energetika
layihələrindən, Silahlı Qüvvələrin hərbi-texniki
modernləşdirilməsindən tutmuş, cəmiyyətimizin
müasir simasını simvolizə edən, Azərbaycan
xalqının tarixi, mədəni və mənəvi-psixoloji ənənələrinə
əsaslanan multikulturalizmin yetişdirilməsinədək.
Eyni
zamanda Prezidentin dövlətçilik təfəkkürünün
uzaqgörənliyi və miqyaslılığı
respublikanın neft və qaz ixracından əldə etdiyi milli
gəlir, o cümlədən, iqtisadiyyatın neft-qaz sənayesi
ilə əlaqəli olmayan və Azərbaycan iqtisadiyyatı
üçün çox vaxt qeyri-ənənəvi olan sənaye
sahələrinin və yüksək texnologiyalı
sektorların yaradılması vektorunda nəqliyyat və enerji
layihələrinin fəaliyyətindən əldə etdiyi gəlirlər
istiqamətində təcəssüm olundu.
İlham Əliyevin qeyd olunan maliyyə-sənaye
strategiyası, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının
inkişafı baxımından, əsaslarının
fundamentallığının və diversifikasiyasının
möhkəmləndirilməsinə töhfəsini verir,
respublikanın enerji ehtiyatları tükəndiyi halda, onun
neft-qaz kompleksindən asılılığını
azaldır, gələcək tərəqqinin yüksək
templərini təmin etmək imkanını saxlayırdı.
İlham
Əliyevin ardıcıl diplomatik uğurları Amerika tarixində
əfsanəvi prezident kimi tanınan Avraam Linkolnun
çıxartdığı formulu xatırladır: "Mən
düşmənlərimi dosta çevirməklə məğlub
edirəm".
Bu isə
dəyişməz həqiqətdir, Prezidentin rəhbərlik
etdiyi illərdə misli görünməmiş bir zirvəyə
yüksəlmiş Azərbaycan diplomatiyasının alfası
və omeqasıdır! Axı bir vaxtlar Azərbaycanla
informasiya-təbliğat qarşıdurmasında üstün
olan erməni dezinformasiya fəaliyyəti dövlətlərarası
münasibətlər və o vaxtkı başıbəlalı Qarabağ probleminə
baxışlar sferasında xalqımızın ətrafında
mənfi ab-hava yaradırdı.
Müasir
Azərbaycan Respublikasının əsl yaradıcısı
Heydər Əliyevin Qarabağ erməni
separatçılarının qondarma "dövlət müqəddəratını
təyinetmə" və "Dənizdən-dənizə
Böyük Ermənistan" ideyası tərəfdarlarının
uydurmalarının ifşası üçün
başladığı son dərəcə dəqiq iş
prezident İlham Əliyev tərəfindən
yaradıcılıqla təkmilləşmiş və səmərəli
şəkildə davam etdirilmiş, Azərbaycan
xalqının siması dünya ictimaiyyətinin
şüurunda əvvəllər erməni informasiya təxribatının
hiyləgərliyi nəticəsində yaranan irinli təbəqələrdən
təmizlənməyə,
Qarabağ problemi isə öz həqiqi, obyektiv məzmununda
aydınlaşmağa başladı.
Azərbaycanın dövlət
başçısının beynəlxalq nüfuzu gündən-günə
artdı və digər dövlətlərin rəhbərlərinin
əksəriyyəti tərəfindən həqiqi dövlət
müstəqilliyinin qorunub saxlanması, ərazi
bütövlüyünün davamlı şəkildə
müdafiəsi, dünyanın bütün ölkələri
ilə dövlətlərarası qarşılıqlı,
faydalı əməkdaşlıq mövqeyi ilə şərtləndirilmiş
nüfuzunun tanınması aydın şəkildə
özünü göstərdi.
İlham Əliyev beynəlxalq aləmdə istənilən
vəziyyətdə məzlum xalqların müdafiəsi, ərazisinin
böyüklüyü və əhalisinin sayından, beynəlxalq
siyasi və iqtisadi həyatdakı yerindən və rolundan
asılı olmayaraq dünyanın bütün dövlətləri
arasında ədalətli, qarşılıqlı hörmətə
əsaslanan münasibətlər mövqeyində dayanan
dövlət xadimi ruhunda çıxış edir. Bu onun
Qoşulmama Hərəkatında aparıcı rolunu müəyyənləşdirdi.
Təbii ki, bütün bunlar bütövlükdə Azərbaycan
dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsində
Azərbaycanın xeyrinə olan köklü dəyişikliyə
təsir etməyə bilməzdi.
Eyni zamanda İlham Əliyevin respublikanın dövlət-ərazi
kompleksinin bərpası üçün seçdiyi
strategiyanın konstruktivliyi, ona təkcə diplomatik münasibətlər
sahəsində deyil, həm də hərbi-texniki və siyasi əməkdaşlıq
sahəsində müttəfiqləri və strateji tərəfdaşları
düzgün və dəqiq seçməyə imkan verirdi. Bu rakursda ikitərəfli əsasda
səmərəli şəkildə qurulmuş əlaqələr
qardaş Türkiyə, Rusiya, Çin, İsrail, Pakistan, BƏƏ və
Səudiyyə Ərəbistanı ilə müttəfiqliyi və
strateji tərəfdaşlığı təmin etdi.
İlk
iki dövlətlə qarşılıqlı münasibətlər
"Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında" 2021-ci il 15 iyun tarixli
Şuşa Bəyannaməsi və "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında" 2022-ci
il 22 fevral tarixli Bəyannamənin imzalanması yolu ilə
sonradan hərbi-texniki və siyasi müttəfiqliyə
çevrildi.
Otuz ilə
yaxın qədim əzəli Azərbaycan torpaqlarını əlində
saxlayan təkəbbürlü, işğalçı,
çoxəsrlik sivilizasiyasının bütün irsini məhv
edən ölümcül qasırğa üzərində
İlham Əliyevin titanik səyləri ilə Azərbaycan
xalqının parlaq, dönməz, mütləq qələbəsində
təcəssüm etdiyinə heç kəs şübhə
edə bilməz.
Eyni
zamanda İkinci Qarabağ savaşında liderimizin dövlət
xadimi üçün əvəzsiz xarakter keyfiyyəti üzə
çıxdı: xalqa verilən vədləri dəqiq və
sarsılmaz bir şəkildə yerinə yetirmək! Axı hələ
böyük Napoleon Bonapart qeyd etmişdi ki:
"Döyüşü yaxşı məsləhət verən
yox, onun yerinə yetirilməsinin məsuliyyətini öz
üzərinə götürən və yerinə yetirən
udur".
2003-cü
ildə, prezidentlik karyerasının hələ lap əvvəlində
dövlətin ərazi bütövlüyünü bərpa
edəcəyinə söz verən Azərbaycan Prezidenti
İlham Əliyev, 2021-ci ilin noyabrında verdiyi sözün nəticələrini
xülasə etdi: "2003-cü ildə ilk dəfə
Prezident vəzifəsinə seçilən zaman Azərbaycan
xalqına müraciət edərək demişdim ki, nəyin
bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı
düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə
yolu ilə və belə də oldu."
Dünyada sivilizasiyanın mövcudluğunun ən
yüksək məqsədlərini müəyyən edən dəyərlər
var. Onların məzmunu cəmiyyətin normal fəaliyyəti
və inkişafı üçün ayrılmaz şərt
olan əsas insan ehtiyacları meyarı ilə qiymətləndirilir. Siyasi dəyərlərin
dəyər piramidasının zirvəsində humanizm
dayanır. Respublika Prezidenti
dünyanın, humanizmi incəliklə, ardıcıl və
dönməz şəkildə siyasətə daxil edən,
nadir dövlət başçılarındandır.
Rəhbərlik etdiyi dövlətin milli təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı apardığı siyasətin
sərtliyi və barışmazlığı, sosial-mədəni
sahədə, insan və vətəndaş hüquqları ilə
bağlı məsələlərdə çoxşaxəli
şəraitin yaradılması humanizmin harmoniyasını
qoruyur.
Prezident
İlham Əliyevin illərlə işləyib
hazırladığı və təkmilləşdirdiyi sosial
siyasətin mahiyyətini, motivasiyasını və əldə
etdiyi nailiyyətləri üzə çıxaran statistik rəqəmləri
təkrarlamadan qeyd edim ki, ölkəmizə gələn hər
bir qonağın Azərbaycan cəmiyyətinin rifah səviyyəsinin
sistematik şəkildə yaxşılaşdığına əmin
olmaq üçün real imkanları var. Xarici qəzet, jurnal
və elektron nəşrlərin səhifələri bu məlumatlarla
doludur.
Şübhəsiz
ki, Lion Feyxtvangerin məşhur "İstedadlı insan hər
şeydə istedadlıdır" aforizminin mənbəyi ona
insan intellektinin, ağlının və üfüqlərinin
tam gücünün dərk edilməsindən gələn
ilham olub! İstedad - Allah
vergisidir! İlahi bəxşişdir!
Bəli,
Respublika Prezidenti İlham Əliyev bu ilahi bəxşişi qazananların ən
parlaq təcəssümüdür! Çünki
onun siyasət üfüqlərində görünməsi Azərbaycan
tarixində son iki onillikdə əldə edilmiş
bütün nailiyyətlərin əsasını təşkil
etmişdir.
Respublika Prezidenti təbii ki, Azərbaycanın dinamik,
münaqişəsiz, hərtərəfli ahəngdar
inkişafının əsas təminatçısıdır.
Bunun təminatı Azərbaycan dövlətinin həqiqi
müstəqilliyi haqqında milli ideyaların maddi təcəssümündə
onun mükəmməl təcrübəsi Heydər Əliyev
şəxsiyyətindən və ana babası Əziz
Əliyevin irsindən qaynaqlanır.
Bu kontekstdə hindistanlı görkəmli ictimai xadim,
milyarder Adi Qodreyin "Dünyada olduqca çox siyasətçi
və olduqca az dövlət xadimi var" fikri maraq doğurur. Xalqımızın
isə fəxr etməyə haqqı var ki, Azərbaycan
dövlətinin başçısı İlham Əliyev, eyni
sağlam düşüncəni dünya siyasətinə gətirən,
bəşər cəmiyyətinin deqradasiyasına yol verməyən
və müasir sivilizasiyanın gələcək
inkişafının ümidverici perspektivi ilə vəd
verən əsl dövlət xadimləri
sırasındadır.
Adəm İsmayıl
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.8-9.