İldırım
Fantasmaqorik novella.
Qurban
Qurbanova ithaf
(İxtisarla)
Artıq futbol cameəsinin çoxdan unutduğu məşqçi
Rəsul Mirbabayev qəfil peyda olub Affa-nın
qapısını döyəndə, təbii, heç kimin
ağlına da gəlməzdi ki, qarşıda ölkə
futbolunu hansı sürprizlər gözləyir.
Onu Affa-dakı yaşlı mütəxəssislər
müəyyən qədər tanıyırdı. Sovet dövrünün
sonlarında "Nefçi"nin ən perspektivli gənc
futbolçularından idi, SSRİ dağılandan sonra bir
çox idmançılar kimi Avropaya getmiş, bir neçə
il orda müxtəlif klublarda oynasa da, ordakılardan
özünə qarşı elə
aşağılayıcı münasibət
görmüşdü ki, dözməyib qayıtmış,
Türkiyədə məşqçilik məktəbini
bitirib, Şərq ölkələrində ortabab klublarda məşqçilik
fəaliyyətilə məşğul olmuşdu. Əvvəl perspektivli məşqçi kimi qəbul
edilsə də, elə də uğur qazana bilməmişdi.
Bəziləri hətta onun ərəb ölkələrinin
birində vəfat elədiyini düşünürdülər.
Lakin sağ-salamat imiş... Yaşı əllini
keçsə də, çox qıvraq və diribaş əhvalını
da saxlamışdı.
Onun təklifi isə səfeh adamın sərsəmləməsinə
bənzəyirdi - Siz mənə çempionatdakı ən
geridə qalan klublardan birini verin, mən öz heyətimi
bütünlüklə ora gətirim və ...nəticəsini
özünüz görəcəksiz.
Təbii ki, onun sözünə AFFA-nın vitse-prezidenti
Şakir müəllim əvvəlcə ciddi
yanaşmamışdı. Necə yəni öz
heyətimi? Bütöv komandanı hardan gətirəcək?
Və
yalnız bundan sonra Rəsul Mirbabayev məcbur qalıb
özüylə gətirdiyi flaşkadan bir videomaterialı ona
göstərməli oldu...
Şakir
müəllim uzun illər əvvəl dostluq elədiyi həmkarına
yalnız hörmət əlaməti olaraq bu videomateriala
baxmağa razılıq verdi və...
peşman olmadı. Videoda yeniyetmə
futolçuların iki dəstəyə bölünüb
futbol oynamağı çəkilmişdi.
Oyun tərzi isə həqiqətən çox fərqli
idi. Hər biri elə bil ki, sözün həqiqi mənasında,
topla doğulmuşdular. Həm fərdi
ustalıqları, həm ümumi komanda oyunu... Topla
elə bil ki, janqlyorluq edirdilər. Topu
ayaqlarıyla, sinələriylə, başlarıyla yox, öz
istəkləriylə idarə edirdilər. Top da
onların iradələrinə tam tabe olurdu... Şakir
müəllim elə bil sadəcə oyuna yox, ilahi bir idman
tamaşasının fraqmentlərinə baxırdı.
Video bitəndən sonra Şakir müəllimin sual dolu
baxışlarını görən qəfil qonaq öz hekayətini
qısa şəkildə danışmağa başladı. Bir şərtlə
ki, bu hadisə geniş ictimaiyyətdən gizli qalmalıdı.
Hekayət isə belə idi. Rəsul Mirbabayev
müxtəlif ərəb ölkələrində məşqçilik
edəndən sonra, doxsanıncı illərin sonlarına
yaxın Dubayda məskunlaşmışdı, yerli
komandaların birinə məşqçilik edərkən,
komandanın prezidenti olan gənc ərəb şeyxi ilə
möhkəm dostlaşmışdı. Və bir gün
ona uzun müddət düşündüyü
ideyasını bildirmişdi - müharibələr içində
od tutub yanan Şərq ölkələrindən 7-8
yaşlı yetim uşaqları seçib yığmaq və
onları dünyadan tam təcrid edərək, qapalı şəraitdə
uzun illər ərzində hazırlayıb qeyri-adi, peşəkar
futbol komandası yaratmaq...
Ərəb şeyxinə bu fantastik ideya maraqlı gəlmişdi. Razılaşmışdı
və Rəsulun bank hesabına on milyon dollar
köçürtmüşdü.
Rəsul
Mirbabayev də gənc şeyxin yaxın adamlarının
köməyilə bir il ərzində
müxtəlif Şərq ölkələrindən, qaçqın
düşərgələrindən, yetimxanalardan
seçilmiş istedadlı yetim oğlan uşaqlarını
yığıb, gizli yollarla Türkiyəyə gətirmişdi.
Dubaydan fərqli olaraq Türkiyədə
gözdən uzaq bölgələr çox idi və qərara
alınmışdı ki, gizli təlim məşq bazası məhz
belə ucqar yerlərdən birində qurulsun. Rəsul
Mirbabayevin ilk baxışdan amansız görünən
ideyası bu uşaqları bu düşərgədə tam
qapalı saxlamaq (eynən Koroğlunun Qıratı,
Düratı kimi) və on il ərzində
yalnız futbol üzərində formalaşdırmaq idi...
Baza tam təchiz edildikdən sonra Rəsul Mirbabayev işə
başlamışdı. Bakıdakı köhnə dostlarından
bir neçəsini də öz yanına
çağırmışdı və bir rəhbər heyət
formalaşdırmışdı. Hətta
texniki heyətin, tibbi personalın da əksəriyyəti onun
köhnə dostlarından ibarət idi.
Beləliklə, bu qeyri-adi eksperimentə start
verilmişdi.
Şimali Qafqaz, Azərbaycan, Türkiyə, İraq, Suriya,
Əfqanıstan və s. yerlərdən yığılan
uşaqlar qapalı şəraitdə yeni həyata
başladılar.
Mirbabayevin səyləri nəticəsində bir-iki ildən
sonra, onların keçmiş həyatları artıq unudulmaqda
olan yuxu kimi görünürdü. Onlarçün
reallıq yalnız yaşıl meydançadan ibarət idi.
Yemək-içmək, və məşq.
Yaşıl meydan və top... Daha doğrusu,
toplar.
Boş
qalan vaxtda isə köhnə futbol oyunlarına baxış və
müzakirə... Ara-sıra Rəsulun dostu olan gənc
ərəb şeyxi də gəlirdi, uşaqların
hazırlıq prosesinə baxırdı.
İlk baxışdan, sıradan bir "uşaq idman
klubu"nun fəaliyyətinə bənzəyə bilərdi. Lakin Rəsul
Mirbabayevin ideyasının vahiməli tərəfi məhz
psixoloji beyin yuyulması prosesi idi. O, uşaqlara sadəcə
futbol öyrətmirdi. Beyinlərini bütün
dünyəvi fikir və düşüncələrdən təmizləməyi,
keçmişlərini unutdurmağı, bütün fiziki və
əqli enerjini yalnız və yalnız bir istiqamətə
yönəltməyi planlayırdı. Eynən
orta əsrlərdəki gizli batini təriqətlərin
yetişdirdiyi kimi, onun iradəsinə tam tabe olan böyük
bir ailə formalaşdırırdı. Bu
ailənin üzvləri rəhbərin iradəsinə tam tabe
olub, bu ailədən kənar bütün dünyaya isə
nifrət və qəzəblə baxmalı idilər.
Yalnız biz - yalnız bizim dəstə, bizim ailə... Vəssalam. Bütün gözəlliklər
- güc, qüdrət, sədaqət, etibar, inam,
qardaşlıq, dostluq, birlik, vəhdət yalnız bu ailənin
içindədir. Seçilmiş varlıqlardan təşkil
olunmuş bu ailənin... Bu ailədən kənar
bütün dünya yırtıcı və vəhşi
varlıqlardan ibarətdir. Onlara yaxın getmək olmaz,
yaxın buraxmaq olmaz, inanmaq olmaz, etibar eləmək olmaz...
Olmaz, olmaz... Onlara yalnız qalib gəlmək
lazımdı. Amma həyatda yox, yaşıl meydanlarda...
Uzun illər boyu belə söhbətlərin təsiri
altında futbol meydançası uşaqların beynində
Xeyir və Şərin müharibə meydanı kimi
formalaşmışdı. Onlar da bu müharibədə
özlərini Xeyirin yeganə komandasının mücahidləri
kimi təsəvvür edirdilər. Rəsul isə
onların nəzərində az qala
peyğəmbər kimi bir ilahi varlığa bənzəyirdi...
Buna görə də bütün çətinliklərə
dözürdülər, ən ağır məşq proseslərini
həvəslə keçirdilər. Özlərini
kainatda Xeyirlə Şərin son döyüşünə
hazırlayırdılar.
Yetim uşaqları 7-8 yaşlarından başlayaraq bu
cür robotlaşdırmaq yaxşı idimi, pis idimi, bu barədə
fikirləri Rəsul öz düşüncələrindən
uzaq saxlayırdı. Məqsəd vasitəni üstələyir.
Məqsəd ideal saat kimi işləyən vahid
bir mexanizm yaratmaq və bu ideal mexanizm vasitəsilə ən
yüksəklərə qalxmaq idi. Bu
mexanizmin hər detalı, hər hissəsi öz işində
mütləq ideala nail olmalı, adi idmançı
bacarığını qat-qat üstələməliydi.
Hər kəs vahid mexanizmin iradəsini bütün ruhuyla hiss
eləməli, bir-birini sözsüz başa düşməli,
yalnız bir nöqtəyə vurmalı idilər. Beləcə, yaşıl meydanda ideal nizam üzərində
qurulan bir qələbə maşını təzahür etməliydi.
Lakin prosesin ən aktiv fazasında qəfildən bəd
xəbər gəlmişdi. Rəsulun himayədarı
olan ərəb şeyxi iki dostuyla birlikdə avtomobil qəzasına
düşüb, heç biri sağ çıxa bilməyib.
Bu hadisədən
sonra Rəsul xeyli düşünmüş və eksperimentini
təkbaşına davam etdirmək qərarına gəlmişdi...
Onun Dubaydakı bank hesabında kifayət qədər
vəsait var. Bu vəsaitin aylıq faizləri düşərgəni
saxlamağa yetəcək qədərdir. Sonrasını
isə düşünmək hələ tezdi.
Beləcə, Rəsul sonrakı illərdə öz fəaliyyətini
müstəqil davam etdirmişdi. İstədiyinə də nail
olmuşdu.
Və budur, artıq komanda yetişib. Onu gün
işıqına çıxartmaq vaxtı çatıb.
Vitse-prezident
Şakir müəllim bütün bu söhbəti dinlədikdən
sonra bir müddət susdu, Rəsulun gətirdiyi daha bir
neçə videomateriala baxdı, özlüyündə
analiz elədi, sonda bir neçə sual verdi - yeniyetmələr
bu vaxta qədər kənar komanda ilə oynayıblar, ya yox?.. Və niyə bunların
işığa çıxmağını elə Türkiyədə
təşkil eləməyib?
Rəsul Mirbabayev də bildirdi ki, Türkiyədə son
vaxtlarda bir neçə yeniyetmə yarışlarında
iştirak ediblər, lakin öz güclərini tam göstərməklərinə
icazə verməyib. Türkiyədə bunları ortaya
çıxarmaq isə çox tez diqqəti cəlb edə
bilər. Rəsul isə istəyirdi ki,
komandanın Avropa meydanlarına çıxmasından öncə
çox diqqət çəkməsin. Yoxsa yüksəlişə
mane olanlar çox ola bilər.
Vitse-prezident düşünməkçün Rəsuldan
bir neçə gün vaxt istədi, nəhayət, qərara
gəldi.
Artıq bankrot olmaq üzrə olan və yüksək liqada
yerini zorla qoruyub-saxlaya bilmiş "İldırım"
komandasının sahibi ilə danışıldı,
razılıq alındı və komandanı yenidən qurmaq məşqçi
Rəsul Mirbabayevə həvalə olundu. Yeganə
çətinlik isə heç bir sənədi-filanı
olmayan yeniyetmələri ölkəyə necə gətirmək
və onları yerli sənədlərlə təchiz eləmək
idi ki, bunu da yol tapıb birtəhər həll eləyə
bildilər.
Beləcə, yenilənmiş
"İldırım" ölkənin yaşıl
meydanlarına çıxdı.
Mövsümün
əvvəlində o qədər də inamlı oynamayan
komanda bir müddət sonra yavaş-yavaş xal
ehtiyatını artırmağa nail oldu, turnir cədvəlinin
ortalarına yaxınlaşdı.
Rəsul Mirbabayev isə ara-sıra köhnə dostu olan
vitse-prezident Şakir müəllimlə söhbətləşir,
fikir və düşüncələrini yalnız onunla
bölüşürdü. Düzdü, ilk
turlarda Şakir müəllim Rəsulu danlayırdı ki,
komanda yaxşı oynamır, potensialını göstərə
bilmir.
Rəsul
isə onu sakitləşdirirdi ki, hələ tezdi... Qoy kənardan elə görünsün ki,
bunların ara-sıra qələbə qazanmaqları da
yalnız təsadüfdür. Vaxtı
çatanda hamı onların gücünü görəcək.
Həm də mövsümün ilk yarısı
uşaqların müxtəlif, fərqli komandalarla oyunlara
adaptasiya dövrüdü.
Şakir müəllimin ürəyinə ara-sıra
şübhələr də yol tapırdı. Bəlkə
köhnə dostuna inanmaqda düz eləməyib? Bəlkə onun bütün danışıqları
uydurmadı? Bəlkə bu nağıl nəsə
başqa məqsədlə uydurulub?
Lakin
mövsümün sonuna yaxın "İldırım" həqiqətən
də bir az sürəti artırdı və
Avropa liqası zonasına düşə bildi. Hərçənd,
Şakir müəllimə elə gəlirdi ki,
"İldırım" istəsəydi, ölkə
çempionu olub Çempionlar liqasına da vəsiqə qazana
bilərdi. Lakin Rəsul bunun əleyhinə
idi. Ora diqqət mərkəzindədi.
Avroliqada isə sürprizlərə öyrəşiblər.
Çox diqqət çəkmədən
işimizi görəcəyik.
Rəsul öz strategiyasında haqlı
çıxmışdı. Komanda Avrokuboklara vəsiqə qazansa
da, özünü yenə də müəyyən qədər
diqqətdən kənarda saxlamağa müvəffəq
olmuşdu... Futbolçular media qarşısına, demək
olar ki, çıxmırdı, yalnız baş məşqçi
ara-sıra müsahibələr versə də,
özünü təsadüfən gəlib Avrokuboklara
düşən və bundan özünü itirən
çaşqın bir adam kimi
aparırdı. Hətta bir neçə dəfə
bildirmişdi ki, nə komanda, nə də mən belə
böyük yarışlara hazır deyilik.
Ölkənin idman cameəsinin diqqətinin əsas hissəsi
çempionun və yuxarı yerlərdəki digər
komandaların mərhələ keçmək
şanslarına yönəlmişdi. "İldırım"
barəsində isə ya heç danışmırdılar,
ya da adı gələndə deyirdilər ki, elə birinci mərhələdən
uduzub Avrokubokları tərk edəcək.
Növbəti mövsümün əvvəlində
komandanın daxili çempionatda göstərdiyi çox zəif
oyun bu fikirləri sanki bir daha təsdiq edirdi.
İkinci mövsümdə bu uğursuz startın
fonunda, Avrokuboklarda birinci və ikinci mərhələni
keçməyi də o qədər maraq oyatmadı. Kənardan elə
görünürdü ki, komanda sanki uğurlu təsadüflərə
minnətdar olmalıdı... Birində son dəqiqələrdə
vurduğu qolun köməyilə, ikincidə isə
oyunsonrası penalti zərbələri nəticəsində mərhələ
adlaya bilmişdi. Ələlxüsus, rəqiblərinin
zəif komandalar olduğu nəzərə alınanda, bu
uğur o qədər də parlaq görünmürdü.
Moldova və Kipr komandalarını udmağa nə
var ki?
Yalnız pley-offda Slovakiya klubunu keçib Avropa
liqasının qrup mərhəsinə düşəndə,
"İldırım" barəsində qismən ciddi
söhbətlər getməyə başladı. Hərçənd,
yenə də diqqətin böyük hissəsi qrup mərhələsində
yerini təmin eləmiş ölkə çempionunun üzərində
idi, ondan daha böyük uğur gözləyirdilər,
proqnozlar verirdilər, rəqiblərini analiz edirdilər.
"İldırım"ın təsadüfi
uğuru isə sadəcə qrup mərhələsinə
ölkədən iki klubun düşməsinin futbol tariximiz
üçün bir ilk olmağı üzərində idi.
Axı kənardan, həqiqətən də belə
görünürdü ki, "İldırım"ın yenə
də ard-arda bəxti gətirir. Uğurlu təsadüflər
və bəxtin köməyi. Vəssalam.
Şakir müəllimsə
"İldırım"ın bütün oyunlarını
diqqətlə izləyirdi. Özlüyündə
analiz etdikcə görürdü ki, elə bil oyunlar qabaqcadan
oxşar strategiya ilə planlaşdırılır.
Əvvəlcə komanda hücumda çox dişsiz,
sönük oyun nümayiş etdirir, lakin müdafiədə
möhkəm dayanırdı. Hansısa məqamda rəqib
onun qapısına yol tapsaydı, bir müddət
"İldırım" sanki özünü itirmiş kimi
görünür, elə təəssürat yaranırdı
ki, yenə qollar buraxacaq. Lakin elə
olmurdu. Bir müddət xaotik oyun tərzi ilə rəqibin
diqqətini keyidəndən sonra, sanki bir anda ideal mexanizm
işə düşür, sıxılmış yay
açılır, komanda gözlənilməz şəkildə
qol vuraraq hesabı bərabərləşdirir, ardınca yenə
dəqiq riyazi nizam pozulur, ideal mexanizm
qırılıb-dağılır, oyun yenə sönük
xaotik bir məcraya düşür. Sona yaxın
isə lazım olan nəticəni almaq üçün ilk
baxışdan təsadüfi görünən bir qol vurulur.
Vəssalam. Hamı sevinir, lakin heç kim bu uğuru nəsə qeyri-adi bir şey kimi
görmür.
Vitse-prezident Rəsulla söhbətlərini
xatırlayarkən bu strategiyaya haqq qazandırırdı. Bəlkə də
düz eləyir. Əgər elə ilk
oyunlardan öz ideal mexanizmini, dəqiq nizamını göstərsə,
kimlərsə qorxacaq, kimlərsə ehtiyatlanacaq, bu qəfil
göbələklərin qabağını kəsməkçün
nələrsə edəcək.
Belədə
isə heç kim əhəmiyyət
vermir, sən də rahat, sakitcə işini davam edirsən.
Şakir müəllim görürdü ki, deyəsən,
bu saat qələbə qazanmaq yox, bu qələbənin
çox da diqqət cəlb edən olmamağı Rəsulun
daha çox enerjisini aparır. Elə bil lazım olan
yerə gedib çatana qədər öz ovcundakı qiymətli
incini hamıdan bacardıqda gizlətməyə
çalışırdı. Qorxurdu ki, əlindən
ala bilərlər. Hətta
oyunçuların adları da elə idi ki, heç kimin
yadında qalmırdı. Əli Quliyev, Məmməd Həsənov,
Əli Məmmədov, Həsən Ağayev... Adam
əlləşsə də, bunların içindən
hansınınsa adını yadında saxlaya bilmirdi.
Vitse-prezident yalnız bir şeydən narazı idi -
"İldırım" ikinci mövsümdə ölkə
çempionatının ilk on turunda bircə qələbə
də qazana bilməmişdi. Hiss edirdi ki, Rəsul bunu da qəsdən
edir. Özündən soruşanda cavab
alırdı ki, uşaqların bütün diqqətini
yalnız Avrokubok oyunlarına yönəltmişəm.
Axı
düzgün deyil, Rəsulun köhnə dostu deyirdi, bəs gələn
il nə olacaq? Avrozonaya düşməsəz,
gələn il Avrokuboklarda oynaya bilməyəksiz.
Rəsul da əlini yellədib deyirdi ki, bu ildən salamat
çıxaq, gələn ili sonra fikirləşərik.
Şakir
müəllimin ürəyindən ani şübhələr
keçirdi ki, deyəsən, heç gələn il olmayacaq...
"İldırım" qrup mərhələsinin
oyunlarına da sönük başladı. Yenə eyni
strategiya ilə oynadı. Az qol vurdu, əksəriyyəti
də təsadüfi qollar kimi görünürdü. Amma çox qol da buraxmadı. Son tura qədər
qrupda vəziyyət eləydi ki, qrup liderliyini təmin eləmiş
"Roma"nı çıxmaq şərtilə,
qalan üç klubun da qrup ikincisi olmaq şansı var idi. Həm
"Slovan", həm də "Rapid" eyni xal
yığmışdı, son sırada olan
"İldırım" onlardan bir xal geridə idi.
Düzdü, "İldırım"ın son tura qədər
şansını saxlaması inanılmaz görünsə də,
oyun tərzinin sönük və solğun olması, yenə də
böyük diqqət çəkməsinə mane olurdu. Ara-sıra onu
sürpriz adlandırsalar da, hətta Avropa mediasında belə,
yalnız təsadüflər nəticəsində bu yerə qədər
gəlib çıxdığı bəyan edilirdi.
Son turda
adətincə sönük bir oyunun sonunda cərimə zərbəsindən
vurulan bir qolla qrupdan çıxmağa nail olan
"İldırım" yenə də müəyyən mənada
əsas diqqətdən kənarda qalmağa nail ola
bildi. Çünki ölkə çempionu da
qrupdan çıxmışdı və medianın diqqəti
də daha çox onun üzərində idi.
Əlbəttə,
yerli media "İldırım"ın məşqçisini
də, oyunçularını da tez-tez kamera qabağına gətirirdi,
Rəsul bunun qabağını tam ala bilməyəcəyinə
əmin idi... Lakin oyunçular eynən meydançada
oynadıqları kimi elə sönük və mənasız
şeylər danışırdılar ki, bir dəfə
müsahibə alan jurnalist ikinci dəfə
yaxın gəlmək istəmirdi.
Təbii ki, icmalçılar, şərhçilər,
idman jurnalistləri səthi də olsa,
"İldırım"ın oyununu analiz edirdilər. Lakin deyilən
əsas fikirlər bu idi ki, komanda öz oyununu hələ tapa
bilmir, ara-sıra maraqlı kombinasiyalar, fərdi texnika
nümayiş etdirə bilsələr də, çox xaotik
oynayırlar, qurulan nizam tez dağılır, oyun tərzi daha
çox başıpozuq xarakter daşıyır. Bir sözlə, komanda oyunu yox səviyyəsindədir.
Komanda öz gücündən daha ağır
bir yükün altına girib və çabalayır.
Yalnız
Şakir müəllim hiss edirdi ki, bütün bunlar məqsədli
şəkildə qurulub. Rəsulun komandası
bu saat öz gücünü göstərməkdən daha
çox, gizlətməklə məşğuldur.
Qrupdan
çıxandan sonra ölkə çempionu elə ilk mərhələdə
"Ayaks"a məğlub olub
yarışı tərk etdi, "İldırım" isə
iki oyunda bir top fərqi ilə "Partizan"ı keçə
bildi.
Yalnız bundan sonra ölkə mediasının diqqəti
"İldırım"a yönəldi. Komandanın
oyunu daha ciddi şəkildə analiz edilməyə
başlandı. Ara-sıra Avropa şərhçiləri
də onlar barədə qısa da olsa, yazılar və
reportajlar hazırlamağa başladılar.
İlk öncə komandanın müdafiə xəttinin
çox möhkəm olduğu ön plana
çıxarıldı. Müdafiəçilərin
sanki qapı qarşısında keçilməz dəmir hasar
çəkdiyi təqdir olunurdu. Sanki məşqçi
bütün diqqət və bacarığını müdafiə
xəttinin qurulmasına yönəldib. Lakin
yarımmüdafiə və hücum xəttinin çox zəif
olduğu deyilir, bunun ardınca yenə də oxşar fikirlər
təkrar edilirdi - zəif rəqiblər və təsadüfi
qollar. Bəxt, uğur amili... Yalnız
nadir mütəxəssislər başa düşürdülər
ki, bəxt bu qədər uzun müddət bir komandanın
üzünə gülə bilməz, burda nəsə hiylə
var.
Püşkatma nəticəsində
"İldırım"ın 1/8 final mərhələsindəki
rəqibinin "Olimpik Lion" olacağı bilindi. Çempionlar
liqasında "Çelsi"yə uduzub Avroliqaya düşən
"Lion" burda ən əsas favoritlərdən biri
sayılırdı. Təbii ki, ölkə
mediası da öncədən
"İldırım"ın böyük hesablı məğlubiyyətlə
yarışı tərk edəcəyi anonsunu verirdi. Elə Avropada da eyni fikirləri yazırdılar.
Püşkatmadan sonra, məşq zamanı Rəsulla
ikilikdə görüşən Şakir müəllim qəribə
də olsa, onun üzündə sevinc və fərəh hiss elədi.
Şakir müəllim bunun səbəbini soruşanda Rəsul
bildirdi ki, bu vaxta qədər komandamın gücünü
çox göstərmədən qələbələr
qazanmaq çox çətin idi. Şükürlər
olsun ki, çətin də olsa, buna nail olduq. Bu vaxta qədər
heç kim bizi ciddiyə almadı, əl-ayağımıza
dolaşmadı, mane olmadı. İndi daha
maskaları atmaq vaxtı yetişib. Daha
rahat nəfəs almaq, ayaqlarımıza bağlanmış
daşları açmaq olar.
Rəsul
Mirbabayevin üzündəki qəribə fərəh və
rahatlıq hissini Şakir müəllim məşq prosesində
uşaqların sifətlərində də gördü... Simaları müxtəlif olsa da, üzlərindəki
təbəssüm, gözlərindəki ifadə eyni idi.
Çöhrələrində qəribə bir
işıq parıldayırdı. Elə
bil artıq bütün mümkün qələbələri
qazanıb bütün kubokları almışdılar. Hər birində eyni ifadə, eyni işıq, eyni
parıltı. Elə bil üzlərindəki
ifadəni klonlaşdırmışdılar.
Şakir müəllim onların
hazırlığına mane olmamaqçün Rəsulun
vaxtını çox almadı, ayrılanda yalnız onu
soruşdu ki, "Lion"a qarşı hansı taktika ilə
oynayacaqsan?
Rəsul
Mirbabayev ani düşündü, gülümsünüb dedi
ki, üç mərhələdə hamının
tanıdığı üç fərqli oyun üslubu
quracam, dördüncüdə isə öz oyunumuzu
oynayacağıq.
Rəsul heç nə anlamadı. Nə
üç, nə dörd? Axı mərhələ
yalnız iki oyundan ibarət olur?
Lakin bunun səbəbini soruşmağa vaxtı
qalmadı. Rəsul sağollaşıb aralandı,
uşaqların yanına getdi.
Şakir "İldırım"
oyunçularının üzündə məşqdə
gördüyü təbəssümün səbəbini, həm
də Rəsulun dediklərinin mənasını
"Lion"la səfərdə ilk oyunda anladı və heyrətə
düşdü. Həm də tək o yox. İlk oyundan sonra bütün azarkeşlər eyni əhvaldaydılar.
"İldırım" oyunçuları elə bil həqiqətən
də zəncirdən qurtulmuşdular. "Lion"un məşqçisi
rəqibinin keçmiş oyunlarını analiz edib iti bir
hücum xətti qurmuşdu ki,
"İldırım"ın möhkəm müdafiə xəttini
sındıra bilsinlər. Lakin ilk dəqiqələrdən
"Lion"un bütün taktiki gedişləri
iflasa uğradı. Lion öz
qarşısında sanki 80-ci illərin sonlarının
Almaniya yığmasını görürdü.
"İldırım" bütün taktika və
strategiyası, oyun tərzi ilə həqiqətən də məşhur
alman maşınını təqlid edirdi. Həm də çox
yüksək səviyyədə... Fransızların
bütün cəhdləri bu alman maşınının
ağır təkərləri altında qalıb ovulurdu.
"Lion" oyunçuları elə bil
İkinci Dünya müharibəsində dəmir tankın
qarşısına çıxmış əliyalın
fransız əsgərlər idi və atdıqları
bütün qumbaralar dəmir zirehə dəyib partlasalar da,
heç bir xətər yetirə bilmirdilər.
Birinci
hissədə iki, ikinci hissədə isə daha bir qol vuran
"İldırım" elə bir komanda oyunu göstərdi
ki, çoxlarına elə gəldi, istəsəydi
üç yox, otuz qol vurardı. Onlar
oynamırdılar, sadəcə, dəqiq saat kimi işləyən
bir mexanizm göstərirdilər.
Bakıdakı oyun da eyni hesabla başa çatdı. "Lion"u
kənarlaşdıran "İldırım" növbəti
mərhələdə Dieqo Simeonenin uzun illər rəhbərlik
etdiyi "Atletiko" Madridlə üz-üzə gəlməli
oldu. Simeone işə daha ciddi
yanaşdı, "İldırım"ın son
oyunlarını dəqiq analiz edərək uzaq ölkədən
qəfil pırtlayıb çıxmış bu yeni alman
maşınının qarşısına necə
çıxmaq barədə planlar qurdu.
Lakin ilk oyunda Simeonenin da bütün planları iflasa
uğradı.
Oyun başlayan kimi "Atletiko"
oyunçuları qarşılarında klassik alman
maşınını yox, 60-70-ci illərin Braziliya
yığmasını gördü.
Alman mexanizmi sanki bir anda göyə sovrulmuş, yerində
əsl futbol şousu göstərən Braziliya
yığması peyda olmuşdu. Sadəcə fərq
onda idi ki, burda Pele bir dənə yox, çox idi. Komanda sanki bir estetik futbol şousu nümayiş
etdirirdi. Oyunçular futbol yox, rumbo
oynayırdılar, ritmik bir rəqs göstərirdilər.
Hər oyunçunun fərdi oyun texnikası,
qeyri-adi fintləri, topla aktrobatik hərəkətləri,
daban ötürmələri, baş üstündən zərbələri
heyrət doğururdu. Oyunun sürəti də
elə bil maksimum aşağı salınmışdı.
Heç kim tələsmirdi. Sanki tamaşaçılara bu estetik oyundan yetərincə
zövq almağa şərait yaradılırdı.
Əvvəlki oyunlardakı dəmir müdafiə xətti
də qaldırılmışdı. "İldırım"
oyunçuları elə bil eynən o vaxtkı
braziliyalılar kimi, demək istəyirdi ki, siz nə qədər
bacarırsızsa vurun, biz istədiyimiz qədər
vuracağıq... İlk oyun 3-2, ikinci oyun isə
5-3 hesablı qələbələrlə başa
çatdı. "İldırım"
hətta hesabda geri düşəndə də oyun tərzini dəyişmir,
sürəti artırmır, eyni cür şən, estetik futbol
şousu göstərirdi.
Şərhçiləri ən çox
çaşdıran isə komandanın hər iki mərhələdə
bir-birindən radikal şəkildə fərqli oyun tərzi
nümayiş etdirməsi idi. Axı bu necə ola
bilər? Eyni oyunçuların bu qədər fərqli
oyun nümayiş etdirməsi ağlasığmaz
görünürdü.
Yarımfinal püşkatmasında
"İldırım"ın qarşısına
Almaniyanın "Ayntraxt" komandası çıxdı.
Klubun məşqçisi Dino Topmüller
"İldırım"ın əvvəlki
oyunlarını analiz edərək heyrətlənsə də,
əsl alman soyuqqanlılığını qoruyub-saxladı. Oyundan əvvəlki
müsahibələrində də qəribə bir kinayə ilə
bildirdi ki, onlar nə oynayır-oynasın, özləri bilər.
İstər futbol oynasınlar, istər tanqo.
Biz elə öz oyunumuzu oynayacağıq.
Yalnız
peşəkarlar bu kinayənin arxasında qəribə bir
acizlik çaları olduğunu da hiss elədilər. Axı onun qarşısında iki müxtəlif oyun
tərzi göstərən bir klub vardı. O öz
komandasını bunların hansına uyğun
hazırlasın? Axı bilmirdi
"İldırım" bu dəfə nə göstərəcək?
Ona görə də bu fikrin üstündə qətiyyətlə
durdu - heç bir taktiki dəyişikliklər etmədən
öz oyunlarını oynamaq.
"İldırım" isə üçüncü
sürpriz edərək, bu dəfə "Ayntraxt"ın
qabağına Yohan Kroyfun vaxtındakı holland komandası
kimi çıxdı. Klassik alman maşınına qarşı hollandların
Total futbolu... Maşın mexanizmində hər
detal öz yerini dəqiq bilir, artıq heç nə eləmir
və bu da nəticə verir. Burda isə
heç kəsin konkret yeri yox idi. Hər kəs
hər yerdə idi.
"İldırım"
oyunçuları sürətli yerdəyişmələrlə,
gözlənilməz improvizasiyalarla "Ayntraxt"ın dəqiq
saat mexanizmini elə çaşqın vəziyyətə gətirmişdilər
ki, oyunçuların az qala başları
da hərlənirdi. Belə bir vəhşi
sürəti olan oyuna hazır deyildilər. "İldırım"ın sürətli Total
futbolu qarşısında alman maşını
cırıldayır, fısıldayır, lakin yerindən tərpənə
bilmirdi. İlk oyun 2-0, ikinci oyun isə 2-1
hesablı qələbə ilə bitdi və
"İldırım" Avropa liqasının finalına
çıxdı.
Əvvəlki oyunlardan sonra mətbuat konfranslarında iki
kəlmə danışıb aradan çıxan Rəsul
Mirbabayev bu dəfə tamam fərqli bir ampluada
çıxdı. Müdrik, ağıllı, ciddi görkəmdə
olsa da, eyni zamanda qəribə bir divanəlik çaları ilə
sanki Avropa futbol cameəsini heyrətləndirmək məqsədi
güdürdü.
Rəsul jurnalistlərin ilk suallarını kənara
qoyub öz fikirlərini danışmağa başladı,
bildirdi ki, dünya şər, rəzalət, zülmət
dünyasıdır. Bu zülmət, şər
dünyasının ortasında ilahi işıq altında
yaşıl meydan var. Futbol şərə qalib gəlmək
üçün yeganə döyüş meydanıdı.
Bura ilahi ədalətin zəfər çala biləcəyi
yeganə yerdir. Bu meydanda tam qələbə çalan,
bütün şeytani rəqiblərini yenən dəstə
isə bütün dünyada ilahi ədaləti bərpa edəcək,
şərin kökünü kəsəcək, bütün
dünyada işıq və səadət bərpa olunacaq... Tanrı kainatı, təbiəti ideal mexanizm kimi
qurub. İnsanlar öz dünyalarında bu
ideal düzəni pozublar. Şərə təslim
olublar, bir-biriylə yola getmirlər, didişirlər,
vuruşurlar. Vəhdət yoxdu. Lakin
insanların içində kimsə kiçik də olsa, bir
ideal mexanizm, ilahi bir struktur yarada bilsə, deməli, bu
mexanizmin həm yaradıcısı, həm də hər bir
fraqmenti öz-özlüyündə Tanrı düzəninin
bir hissəsinə çevrilir və dünyanın düzəlməsinə
doğru aparan yeni bir cığır açmış olur. İlahi düzənə açılan
cığır məhz futbol meydançasından
başlamalıydı. Bir şərtlə
ki, tamah, şöhrətpərəstlik, sərvət, pul,
var-dövlət, intriqalar, bir sözlə insanı rəzilliyə
sürükləyən bütün bu şeytani əməllər
bu yaşıl meydançadan uzaqlaşdırılmalıdı.
Necə ki, biz bu vaxta qədər öz komandamızı bu rəzilliklərdən
kənar saxlaya bilmişik...
Rəsulun bu qəribə
çıxışını dinləyən jurnalistlər təəccüblə
baxışırdılar və anlamırdılar ki,
qarşılarındakı futbol məşqçisidi, ya moizə
oxuyan bir keşişdi. Ya da peyğəmbər.
Rəsul
Mirbabayev həmin an kameraların
qarşısında həqiqətən də, bir futbol
peyğəmbəri kimi dayanmışdı.
Çıxışını
bitirib başqa heç bir suala cavab verməyərək
ayağa qalxanda Rəsul Mirbabayev qəfildən nəyisə
xatırladı, yenə kameralara çönüb dedi ki, biz
sizə ideala yaxın üç klassik oyun tərzi göstərdik.
Başqalarının oyunlarını... Finalda
isə öz oyunumuzu göstərəcəyik. Və bir də unutmayın. Bir
oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər.
Amma heç bir futbolçu on dəfə ard-arda qapı dirəyini
nişan ala bilməz...
Bunu deyib
çıxıb getdi.. Heç kim də heç nə anlamadı. Qapı dirəyinin bura nə dəxli?
Oyunçu niyə qapını yox, qapı dirəyini nişan almalıdı. Hətta
Şakir müəllim də bu barədə soruşanda Rəsul
söhbəti yayındırıb dəqiq cavab vermədi.
Final öncəsi ölkədə qəribə bir
ajiotaj vardı. Azarkeşlərdə "İldırım"ın
bu sürprizi qəribə hiss və duyğular
yaratmışdı. Elə bil bu qəfil
nağıla həm inanır, həm də inanmırdılar.
Çaşqınlığın əsas səbəbi
isə məlumatsızlıq idi. Son həftələrdə
klub yenə də qapanmışdı və
hazırlıqlarını gözdən uzaq bazasında
keçirirdi. Heç kim nə məşqçidən,
nə oyunçulardan müsahibə ala bilmir, məşq prosesindən
reportajlar edə bilmir, oyunçuların keçmişi barədə
məlumatlar tapa bilmirdilər.
Yalnız Rəsul Mirbabayevin son mətbuat
konfransındakı çıxışını müzakirə
edir, deyilən fikirlərin qəribəliyinin təsiri
altında çaşıb qalırdılar. Kimsə Rəsulu
dahi, kimsə divanə adlandırırdı. Hətta belə söhbətlər gəzirdi ki,
komandanı tamam başqa bir mütəxəssis
hazırlayır, Rəsul Mirbabayev isə saxta bir fiqurdu,
camaatın qabağına çıxarılmaqçün
saxlanılır.
Beləcə, hamı nəfəsini qısıb bu
nağıl-simfoniyanın son akkordunu - finalı gözləyirdi. Avropanın qrant
klublarının seleksionerləri və məşqçiləri
isə əl-ayağa düşərək burdan hansı
oyunçuları transfer edəcəkləri barədə
qızğın mübahisələr edirdilər. Hətta belə
bir şayiə gəzirdi ki, Madridin "Real" klubunun
prezidenti istəyir ki, "İldırım"ın
bütün oyunçularını məşqçisiylə
birlikdə alıb, "Real-2" klubunu tam təzələsin,
özünü doğruldanları hissə-hissə əsas
heyətə qatsın.
Portuqaliyanın
Lissabon şəhərində keçiriləcək bu final
oyununda isə "İldırım"ın
qarşısına futbolun yaradıcıları olan İngiltərə
təmsilçisi - Londonun "Arsenal" klubu
çıxacaqdı.
"Arsenal"ın məşqçisi müsahibələr
zamanı "İldırım"la bağlı suallara cavab
verərkən maraqlı bir fikir səsləndirmişdi. Biz "Topçular"ıq, həmişə alovla, ildırımla
oynamaq bizim alnımıza yazılıb…
Beləcə,
Lissabondakı final oyunu başladı...
İlk hissə bitənə yaxın azarkeşlər Rəsul
Mirbabayevin son mətbuat konfransındakı sözlərini yada
salmağa başladılar. Dirəyə vurulan toplar barədə
fikrini...
Həqiqətən də oyunda çox qəribə bir
görüntü vardı. "İldırım"ın
oyununda heç bir vahid üslub, dəqiq strategiya, taktika hiss
olunmurdu. Elə bil ki, bugünkü oyun
bütün taktikalardan, strategiyalardan üstün idi. Bu
da şou idi, amma başqa bir şou... Karusel
şousu. Peşəkar idmançılar
bunu yəqin ki, voleybol üslubu adlandıra bilərdilər.
Qapıçıdan başqa bütün
futbolçular eynən voleybolda olduğu kimi, hər iki dəqiqədən
bir dairəvi hərəkətlə yerlərini dəyişirdilər.
Müdafiəçi on dəqiqədən sonra
dövrə vurub hücumun ön xəttində mövqe tutur,
sonra yenə geri qayıdırdı. Hücumçu
dövrə vurub yarımmüdafiəçi, sonra da
müdafiəçi olurdu və yeni mövqeyində öz
işini eyni peşəkarlıqla görürdü. Braziliya üslubunda fərdi peşəkarlıq da
öz yerində idi. Lakin bu hələ məsələnin
əsas tərəfi deyildi. Əsas
sürpriz bu idi ki, "Arsenal"ın qapısına vurulan
bütün zərbələr qapı tirlərinə dəyirdi.
Nə qapıya girirdi, nə də qapıdan kənara
gedirdi. Yalnız qapı tirləri. "İldırım" oyunçuları elə
bil bilyard oynayırdılar. Bəlkə də
bütün dünya futbolu tarixində qapı tirləri bu qədər
ağır zərbələr almamışdılar.
Fasilə
zamanı bu məqamı təsadüfə yozanlar da oldu, burda
bir ilahi işarə görənlər də... Uzun müddət
ərzində komandanın həmişə bəxti gətirib,
indi isə ən məsuliyyətli məqamda bəxt
"İldırım"dan əvəz çıxır,
verdiyi bütün şansları sanki geri alır, bütün
zərbələr qapı tirindən geri dönür.
İkinci hissədə də eyni oyun tərzi davam elədi. "Arsenal"
topçularının hücumları
"İldırım"ın cərimə
meydançasında boğulurdu, əks hücumlar isə
mütləq şəkildə "Arsenal"ın qapı
tirlərinin silkələnməsiylə başa
çatırdı. İkinci hissənin ortalarında
iş o yerə çatmışdı ki,
"Arsenal"ın qapıçısı vurulan topların
ardınca heç tullanmırdı. Çünki arxayın
idi ki, yenə top qapı tirinə çırpılıb
qayıdacaq... Elə də olurdu. Azarkeşlər dumanlı şəkildə
anlayırdılar ki, absurd görünsə də, bu detal
öncədən planlaşdırılıb. Lakin səbəbini anlaya bilmirdilər. Niyə bir komanda qarşısına belə bir məqsəd
qoya bilər ki?
Hamı nəfəsini qısıb bu qəribə oyunun
nəticəsini gözləyirdi.
Düz doxsanıncı dəqiqədə
"İldırım"ın cərimə
meydançasında müdafiəçilərdən biri əllə
oynadı və hakim oyunu saxlayıb penalti təyin elədi. Yenə
hamı heyrətə düşdü. Axı
elə də təhlükəli vəziyyət deyildi və
topun qarşısına əl uzatmağa ehtiyac yox idi.
Penalti vurulanda "İldırım"ın
qapıçısı eləcə dayanıb gülümsəyərək
rəqib oyunçusuna baxdı.
Elə
bil "İldırım" nümayişkaranə şəkildə
"Arsenal"a bir qol hədiyyə eləmişdi...
Niyə axı? Bəlkə komanda daha bir möcüzə
göstərmək istəyir? Əlavə
olunmuş 4 dəqiqədə bir neçə qol vurub, qələbə
çalmaq istəyir?
Amma Rəsul Mirbabayevin planı, deyəsən, başqa
idi. Əlavə
olunmuş vaxtın son saniyələrində
"İldırım" səlis və sürətli bir
hücumla "Arsenal"ın müdafiə xəttini
yardı, cərimə meydançasına daxil olan
hücumçu isə topa Roberto Karlosun da qibtə edəcəyi
çox qüvvətli bir zərbə vurdu və... Top
doqquzluğun üstündə dirəyin küncünə elə
möhkəm çırpıldı ki, qapı tirləri birləşən
yerindən qopub bir anda şaqqıltıyla sınıb
dağıldılar...
Elə o
andaca Rəsul Mirbabayevin dəli qəhqəhəsi
bütün stadiona yayıldı...
Hamı şok içində idi. Bu nə zərbə
idi? Və niyə məhz qapı tirlərinin birləşən
yeri nişan alınmışdı? Bu nə mesaj, nə ideya idi?
Bu barədə düşünməyə artıq vaxt
qalmamışdı. Hakim heç qapını dəyişməyə
də icazə vermədi. Onsuz da oyunun son
saniyələri idi. Bir də niyə bu qədər
gözləyəydilər ki...
"Arsenal"ın qapıçısı topu oyuna
daxil edən kimi hakim final fitini səsləndirdi və oyun
bitdi. Ən maraqlısı bu idi ki, "Arsenal"ın
çaşqın oyunçuları qələbə
çaldıqlarına hələ də tam əmin deyildilər.
Nəhayət, tribunaların hay-küyü sanki
oyunçuları yuxudan oyatdı, "Topçular"
başa düşdülər ki, Uefa kubokunun bu qəribə
finalında qalib gəliblər.
Mükafatlandırmadan
sonrakı mətbuat konfransında Rəsul Mirbabayev yalnız
bir söz dedi: - Biz bal arısıyıq. Yalnız bir dəfə sanca bilirik. Həm də
biz çərçivədən qol keçirən yox,
çərçivələri sındıran bir
komandayıq... Sözünü dedi və çıxıb
getdi.
Oyun haqqında müzakirələr isə hələ
bir müddət davam elədi. Ən çox da məhz
qapı tirlərinə vurulan zərbələr müzakirə
olunurdu. Bir oyunda qapı tirinə 48 zərbə
dəymişdi. 49-cu isə qapı
üçün ölümcül olmuşdu.
Oyunun ertəsi günü Rəsul Mirbabayev Lissabonda icarəyə
götürdüyü iri katerə komandanı
yığıb yüngül bir dəniz səyahətinə
çıxdı. Ölkəyə qayıtmazdan əvvəl
oyunçuların bir az istirahət eləməyi
üçün.
...Və
gəmi bir gün sonra yoxa çıxdı.
Kimsə
dedi Afrikaya gediblər, kimsə dedi Amerikaya, kimsə dedi Şərq
ölkələrinə...
Katerin yoxa çıxmağından bir həftə sonra
Affa-nın İcraiyyə Komitəsinə Rəsul Mirbabayevin
adından bir mesaj daxil oldu.
- İldırım çaxdı, itdi. Bu rəzil
dünya ilahi oyun üçün hələ hazır deyil.
Biz dünyaya ilahi oyunun necə olduğunu
göstərdik. İndi isə yoxa çıxmaq
vaxtıdı... Özünüzü yaxşı aparsaz, yenə
qayıda bilərik...
Bununla da nağıl bitdi.
Azarkeşlər arasında isə uzun müddət Rəsul
Mirbabayevin son müsahibəsindəki fikirlər müzakirə
olunurdu - Bir oyunçu on dəfə ard-arda zərbə vurub
qol ata bilər. Amma heç bir futbolçu on dəfə ard-arda
qapı dirəyini nişan ala bilməz... Həm də biz çərçivədən qol
keçirən yox, çərçivələri sındıran
bir komandayıq.
İlqar Fəhmi
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.10-12.