Sənə yanan varsa...
- Axır vaxtlar gündüz saatlarında
evdə az
olursan, ay qız! Səbəbi
nədir, görəsən?
Gənc qadın ərinin amiranə səsinə diksindi, özünü bir boy atıb nə cavab verəcəyini
götür-qoy elədi. Handan-hana:
- Daim evdə tək qalmaqdan bezirəm. Anam xəstədir, bilirsən.
Evdən çıxıb
gedirəm ki, həm onu görüm,
başa çıxım,
həm də bir az təmiz havada gəzim, - dedi. Sonra isə dərindən köks ötürüb:
- Körpəmizin doğulmasına
da hələ var...
Üzünü ərinə tərəf çevirəndə onun zəhmli baxışları
ilə qarşılaşdı. İşdən yaman əsəbi gəlmişdi. Yemək
masası arxasında əyləşib ağzını
marçıldadan, sanki
boşqaba zərblə
çırpdığı qaşıqdan, çəngəl-bıçaqdan
hirsini-hikkəsini çıxan
kişi heç sakitləşmək
istəmirdi:
- Hər şeyin bir yolu-yolağası, təhəri var. Bu gediş-gəlişi
daha su yoluna
döndərmə, ağır
otur, batman gəl!
Qadın susdu. İçi sızlasa da, bəxtinə,
taleyinə düşən
ömür-gün yoldaşı
ilə bağlı çox şey bilsə də, günü qara olsa da, danışmadı.
Ona demədi ki, vaxt keçirdiyin, əyləndiyin, ailəmizə
balta çalan o sərbəst, şıltaq
qadın mənzilimizə
zəng edərək sənin sirrini açıb. Sizin sevgi
macəralarınızı bu azğın, əxlaqsız qadının
dilindən eşitmək
nə qədər əzabverici olsa da, dözümüm, səbrim
köməyimə gəlib.
Üstəlik, məni
yad adam
gözündə görməyin,
hətta ilk hamiləliyimə
də etinasız yanaşmağın çox
ağrılıdır.
Kişi xörəyini yeyərək,
qarşısındakı boşqabları
zərblə geri itələdi. Ona səliqə-sahmanla süfrə açmış
zövcəsinə heç
"sağ ol" da demədi. Mobil telefonuna dəqiqəbaşı
gələn zəngləri
hər dəfə dayandırıb ekrana diqqətlə baxırdı.
Ayağa
qalxdı, gödəkçəsini
asılqandan çıxarıb
qapıya yönəldi.
Qadın pəncərədən küçəyə
boylandı. Alatoran çəkilir, qaranlıq
düşür, gecənin
zülmət pərdəsi
şəhərin başı
üstünü alırdı.
Cövlan edən payız
öz hökmünü
verməkdə, sözünü
deməkdəydi. Saralıb yerə
tökülən xəzəllər
küçədəki işıq
dirəklərindən asılmış
lampaların şöləsində
cazibədar görünür,
kəhrəba butalı,
qızılı xalçanı
xatırladırdı. Dumanlı, çiskinli hava qadının tutqun əhvalı, pərişan
halətiylə həmahəng
idi. İstədi bu şərqovuşan
vaxtda hara gedəcəyini soruşsun.
Amma fikrindən vaz keçdi. "Onsuz da, geri qayıdan deyil," - deyə düşündü.
Qəhər onu boğur,
göz yaşları içinə axırdı.
***
Beş-altı ay əvvəl tanış olduğu
açıq-saçıq, naz-qəmzəli gözəlin
yanına tələsirdi.
Günortadan bəri zəhlətökən
çiskindən əsər-əlamət
yoxuydu, indi güclü yağış
şəhəri silkələyirdi.
Maşının şüşələrini
təmizləyən fırçalar
gur yağmura tab gətirmir, necə deyərlər, göz-gözü
görmürdü. Yolda sıx tıxac
yaranmışdı. Avtomobillərin
siqnal səsləri aləmi bürümüşdü:
hövsələsiz sürücülərin
isə başqa çarəsi yox idi.
Kimsə bildirdi ki, qarşıda
avtomobil qəzası baş verib. Sanki ətrafdakı hər şey, hətta təbiət də qəfil, şıdırğı
leysan yağışıyla
bu görüşə
mane olur, sədd çəkirdi. Üstəlik, qəza nəticəsində
yol tamamilə bağlanmışdı. Görüşə
gedən kişi
maşını birtəhər
kənara verib saxladı. Tıxac məngənəsindəki avtomobillərin arasından
birtəhər keçərək
xeyli irəlilədi.
Qarşıda görduyu mənzərədən
dəhşətə gəldi.
İti sürətlə şütüyən,
işıqfora məhəl
qoymayan minik avtomobillərinin zəncirvari
toqquşması nəticəsində
köhnə "Jiquli"
əzik-üzük olmuşdu.
Taksi kimi yola çıxmış
bu maşının ön oturacağındakı
sərnişinin - çalsaçlı
qocanın bir ayağı dizdən aşağı üzülmüşdü.
Üz-gözü, qolları qan
içindəydi. Sınıq-salxaq maşından onu güclə çıxarıb
xərəyə qoydular,
təcili yardım maşınına apardılar.
Yol polisinin
əməkdaşları qəza
baş vermiş ərazini təmizləməyə,
qayda yaratmağa çalışırdı. Başqa yaralılar
da vardı. Ağxalatlıların onlara köməyə tələsdiyini görəndə
həkim dostu yadına düşdü.
Xeylı
vaxt idi ki, ondan ötrü
darıxmışdı. O, cərrah-travmatoloq idi, yaxınlıqdakı özəl
klinikada işləyirdi.
"Tıxacda qalmaqdansa,
dostumla görüşərəm",
- deyə düşündü.
Vaxtilə eyni məktəbdə,
eyni sinifdə oxumuşdular. Məktəb illəri bitəndə yolları ayrılmışdı.
O, biznesi, şagird yoldaşı isə tibb sahəsini seçmişdi.
***
Klinikaya çatıb dostunu soraqladı, ikinci növbədə işdə
idi. Onun iş otağına qalxdı. Qəbula gələn sonuncu xəstə çəliyini
yerə döyəcləyə-döyəcləyə
otaqdan çıxanda
içəri keçdi.
İllərin həsrətlisi kimi
qucaqlaşıb, bir-birindən
hal-əhval tutdular.
İndicə şahidi
olduğu yol qəzasından danışıb,
"qoy bir də heç kəs xəsarət almasın", - dedi. Sonra isə:
- Deyirlər, "kişinin
başına iş gələr". Bir qadınla
görüşürəm. Bu ağır yol qəzasıyla qarşılaşandan
sonra düşündüm
ki, başıma bir iş gəlsə,
həmin gözəl buna necə yanaşar? Lap elə tutaq ki, belə
bir qəzada ayağımı itirsəm,
məni özünə
yaraşdırarmı?
Gənc
həkim eşitdiklərinə
biganə qalmadı:
- Sənin çox ağıllı, təmkinli,
həm də gözəl həyat yoldaşın var. Bütün
bunları ona necə rəva görürsən? İndi söylədiklərini sənə
heç yaraşdırmadım
axı. İstəyirsən, hər iki qadını
sınayaq, fikirlərini
öyrənək.
- Necə?
- Səbir elə, biləcəksən.
Həkim,
dostunun telefonunu ondan aldı, ekrandakı sonuncu nömrəni yığıb
səsucaldan düyməni
işə saldı:
- Xanım, avtomobil
qəzasında xəsarət
almış gənc kişini klinikamıza gətiriblər. Qəzadan
əvvəl sonuncu dəfə telefonda sizinlə danışıb.
Vəziyyəti ciddi, kritik idi. Qanqren
olmasın deyə onun hər iki
ayağını amputasiya
etdik. Gəlib evə apara bilərsiniz.
Ötkəm, qaba bir səs
otağa yayıldı:
- Nə dediniz,
iki ayağı kəsilib?! - Sonra daha kəskin, ədalı tərzdə:
- Yanlışınız var. İndi onun mənə heç bir aidiyyatı yoxdur! Daha mənə gərək deyil. Gözəlçə arvadını
axtarın, ərini çox sevdiyini söyləyirdi. Qoy, gəlib axsaq, şikəst ərinə sahib çıxsın, yiyəlik eləsin.
Ehtiyaclarını ödədiyi, çox müşkülünü asan
elədiyi, az öncə görüşünə
can atdığı qadın indi gör, nələr söyləyirdi! Beynində,
sanki mühərrik uğuldayırdı. Ağrıyan
başını əllərinin
arasına alıb, fikrə getdi. Büsbütün sarsılmış,
tutduğu əməldən
peşman olmuşdu.
Düşündükləri sınağı başa vurmaqda israrlı olan həkim isə səsinin ahəngini dəyişərək dostunun
evinə zəng edib, onun xanımına
da eyni məlumatı
çatdırmışdı. Bu xəbərdən sarsılıb hönkürən
qadının cavabına
heyran qalmışdılar:
- Siz nə
danışırsınız? Ona canım qurban. O indi hardadır? Klinikanızın
yerini deyin, lütfən. Kaş bu yağmurlu
havada heç evdən çıxmayaydı,
qəzaya da düşməyəydi.
Yaralı canına qurban
olum. Nə yaxşı ki, sağdır, İlahi! Hər əziyyətini özüm çəkərəm,
gözümdən aralı
qoymaram onu...
İncitdiyi, əzab verdiyi zövcəsinin kövrək,
həlim səsini eşitdikcə gözləri
dolur, səhvlərini
bir daha başa düşürdü. Onu ürəkdən
sevən, anlayan, halına yanan qadını olduğuna görə qürrələnirdi.
Əsl xoşbəxtliyin
nə olduğunu indi anlamışdı...
Zemfira Məhərrəmli
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, №7.- S.19.