Nuri Bilgə Ceylanın sevdiyi 10
film
Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26
yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet
Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan
evdar qadın olub. Orta məktəbi
bitirdikdən sonra Boğaziçi Universitetinin
"Elektrotexnika" fakültəsinə daxil olub. 8
illik tələbəlik həyatından sonra, nəhayət
ki, məzun ola bilib.
1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə
bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə
tanınıb.
Rejissorun çəkdiyi "Qış yuxusu" filmi
2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında
"Qızıl Palma Budağı" mükafatına layiq
görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.
Rejissorun filmlərindən beşi "Ən
Yaxşı Beynəlxalq Film Akademiyası"
mükafatına Türkiyənin namizədi olaraq seçilib.
Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru
Ceylanla evlidir.
Cütlüyün 2 övladı var.
Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim
edirik.
1. "Ayna" (1975) filmi, Andrey
Tarkovski
Çoxlarının fikrincə, Tarkovskinin ən dərin
əsəri olan "Ayna" rejissorun öz həyatına əsaslanan
sevgi, xatirələr, sədaqət və bəlkə də,
həyatın özündən bəhs edən poetik bir
filmdir. Əfsanəvi rejissorun valideynlərinin də
iştirak etdiyi film elə ailənin köhnə evinin yerində
tikilmiş daxmada çəkilib. "Ayna" rejissorun keçmiş həyat
yoldaşı, anası, atası, özünün və
valideynlərinin nəsilləri arasında gedib-gəlməklə
II Dünya Müharibəsindən əvvəl
danışılan yuxunu əks etdirir. Ata
Tarkovski şeirlərini öz səsiylə oxuyur. Tənqidçilər
deyirlər ki, Tarkovski əslində bu filmi "Solyaris"dən
əvvəl çəkmək istəyib, lakin Sovet
senzurasından qorxduğu üçün daha az
siyasi riskli filmi irəli çəkib.
2. "Andrey Rublyov" (1966), Andrey
Tarkovski
Filmdə hadisələr XV əsrdə tatarların
hücumlarına məruz qalan Rusiyada baş verir. Andrey Rublyov həm
rahib, həm də ikona rəssamıdır. Barbarlıqdan, zorakılıqdan, qandan fərqli
olaraq təbiətin möcüzəvi gözəlliyi və
inanc Rublyovun qida mənbəyidir. Ancaq bir kənd
qızını zorlanmaqdan xilas etmək üçün bir adam öldürməli olanda həyatını
və Allaha olan inancını yenidən sorğulayır.
3. "Tokio hekayəsi" (1953),
Yasuciro Ozu
Usta
rejissor Yasuciro Ozunun şah əsəri sayılan film, rejissorun
digər filmləri kimi sakit, sadəlövh şəkildə
Yaponiyada o dövrün mədəni və sosial dəyişikliklərinin
ailə dəyərləri və sosial münasibətlər
üzərindəki təsirini, uşaqlarını ziyarət
etmək üçün Tokioya gələn qoca ər
Şukiçi və arvadı Tomi vasitəsilə göstərir.
4. "Gecikmiş bahar" (1949),
Yasuciro Ozu
İnanılmaz
dərəcədə təsirli film olan "Gecikmiş
bahar" qaçılmaz olanın nostalji şəkildə qəbulundan
bəhs edir: Uşaqlar ilə valideynlərin yolları haradasa
ayrılmalıdır; Dünyanın nizamı belədir. Ozunun həyata qarşı sakit, dinc və yaponvari
baxışı beyni sakitləşdirir.
"Gecikmiş bahar" filmində rejissor
özünü fəda etməyin, ayrılığın, ailə
sevgisinin real və təsirli portretini çəkir. O, minimal arxa plan
görüntüləriylə xarici təsirlərdən
uzaqlaşaraq orta və aşağı təbəqə yapon
ailələrinin həyatını dürüstlüklə əks
etdirir.
Manipulyasiya və süni hekayələrdən uzaq
"Geçikmiş bahar" sadə insanların
acınacaqlı vəziyyətindən, adi həyatın
gözəlliklərindən həzz almaqdan, zamanın
qaçılmaz olaraq axıb getməsindən səmimi şəkildə
bəhs edir.
5. "Macəra"
("L'avventura", 1960), Mikelancelo Antonioni
Anna sevgilisi Sandro və ən yaxın dostu Klaudiyanın
da daxil olduğu bir qrupla yaxta səyahətinə
çıxır. Yaxta Aralıq dənizinə doğru hərəkət
edərkən, Anna sevgilisinə olan hisslərini şübhə
altına almağa başlayır. Yaxta bir adaya
yaxınlaşdıqdan az sonra Anna müəmmalı
şəkildə yoxa çıxır. Annanı
axtarmağa başlayan Sandro ilə Klaudiya arasında sevgi macərası
başlayır. Çox az dialoq olan
film öz gücünü rejissorun hekayəni anlatma
üslubundan və filmdəki sirri daim qoruyub saxlamasından
alır. Film bu şəkildə eşq hekayəsi
ilə bərabər, gərginliyi də qoruyub saxlayır.
Mikelancelonun ən mükəmməl filmlərindən
biri olan "Macəra" Aralıq dənizinin möhtəşəm
gözəlliyini də ağ-qara estetika ilə bizə
nümayiş etdirir.
6. "Batan Günəş"
("L'Eclisse", 1962), Mikelancelo Antonioni
1962-ci ildə
Kann Beynəlxalq Kinofestivalında Münsiflər Heyətinin
Xüsusi Mükafatını alan "Batan
Günəş" filmində tərcüməçilik edən
Vittoriya nişanlısından və şəhər həyatından
sıxılıb anası ilə yaşamağa gedir. Burada o,
birja brokeri Piero ilə tanış olur. Nişanlısından çox fərqli olan bu şəxslə
quracağı münasibət, bəlkə də, filmi
Vittoriyanın hekayəsindən sevgi və
yalnızlığı sorğulayan hekayəyə çevirəcək.
Monika
Vitti, Alen Delon və Fransisko Rabal kimi üç nəhəng
aktyoru bir yerə yığan filmin rejissoru usta rejissor
Mikelancelo Antonionidir.
7. "Bir edam məhkumu
qaçdı" (1956), Robert Bresson
1943-cü ildə bir leytenant Qestapo tərəfindən əsir
götürülərək Montluk qalasına həbs edilir. Qaçışını
təfərrüatları ilə planlaşdıran leytenant
ölüm hökmü çıxarılana qədər
planlarını təxirə salır. Almanlarla
işlədiyi bilinən başqa bir məhbus leytenantla eyni
kameraya salınır. Leytenant
qaçışını həyata keçirmək
üçün ya onu öldürməlidir, ya da ona güvənməlidir.
Film Fransız Müqavimət
döyüşçüsü Andre Deviqninin Lion şəhərində
yerləşən Montluk qəsrindəki ciddi mühafizə
olunan kamerasından müharibə zamanı
qaçmasının real hekayəsi əsasında çəkilib.
8. "Uğurlar, Baltazar" (1966),
Robert Bresson
Bu film bir eşşəyin hekayəsindən bəhs
edir. Həm də onunla böyüyən və
şübhəsiz, eyni taleyi paylaşan Maridan. Baltazar hələ qoduq olarkən uşaqların
sevgisi ilə böyüyür, lakin hər eşşək
kimi onun da taleyi işləməkdir. Müxtəlif
adamların əlinin altında, sahiblərinin hər cür
işgəncəsinə dözərək işləyir.
Çoxlu qamçı, çubuq yarası
alır, üzərinə çox yük qoyulur, daha sürətli
getməsi üçün, hətta quyruğu da
yandırılır. Qarşılaşdığı
bütün zülmlərə onun yeganə cavabı
anqırmaqdır. Mari isə hələ də
saflığını itirməmiş, ancaq bu vəhşi
dünyada yaşamaqda çətinlik çəkən gənc
qızdır. Əvvəllər varlı
olan atasının vəziyyətinin pisləşməsi,
uşaqlıq sevgisinin artıq onun üçün heç
bir əhəmiyyət kəsb etməməsi, sevgilisinin ona
qarşı pis rəftar etməsi onun özünü bədbəxt
hiss etməsinə gətirib çıxarır. Onunla
eyni taleyi paylaşdığına əmin olduğu
Baltazarın yanında əsl rahatlıq tapır...
Kino sənətinin ustad rejissorlarından biri olan Bresson
eşşəyin həyatı üzərindən bizə, əslində
bəzilərimizin həyatının eşşəyin həyatından
çox da fərqlənmədiyini açıq şəkildə
göstərir.
9. "Persona" (1966), İnqmar
Berqman
Dövrün ən məşhur teatr aktrisası, gözəllər
gözəli Elizabet Voqler tamaşa zamanı qəfildən
susur. Heyrətlənmiş insanlar nə baş verdiyini
anlamaq üçün əllərindən gələni etsələr
də, Voqler susmağa davam edir. Son
çarə olaraq klinikaya yerləşdirilən aktrisa orada da
susmağa davam edir. Bədənində
tibbi baxımdan heç bir problem olmayan qadın həkim məsləhəti
ilə gözdən uzaq bir bağ evinə göndərilir.
Onunla birlikdə ora göndərilən adam,
gənc tibb bacısı Almadır. Bağ evində də
Voqler heç bir şey danışmır. Voqler
susduqca Alma danışır. Alma saatlarla,
günlərlə öz hekayəsini danışır. Sonda baş verən şey isə psixologiya elminin ən
maraqlı hadisələrindən birini təşkil edir.
Böyük ustad, İnqmar Berqmanın ən önəmli
əsəri sayılan "Persona" ondan sonra gələcək
bir çox rejissora daim bələdçi olub.
10. "Utanc" (1968), İnqmar
Berqman
İnqmar Berqmanın bu filmi müharibə əsnasında
insanların nə cür reaksiyalar verdiklərini
araşdırdığı psixoloji araşdırmadır. Film
işğalçı qüvvələrin gəldiyi Qotlənddə
baş verir. Yan və Eva Rozenberq vətəndaş
müharibəsindən sonra sülh içində yaşamaq
üçün bir adaya yerləşirlər. Ancaq əsgər dolu bir təyyarənin qəzaya
uğrayıb yaşadıqları adaya düşməsi ilə
onların dincliyi pozulur. Bütün əsgərlər
adanı döyüş bölgəsinə çevirərkən
həyatlarını təhlükə altında görən
gənc cütlük başqa yerə qaçmaq istəyir.
Ancaq tutularaq üsyançı əsgərlərə
yardım etməkdə ittiham olunurlar. Polkovnik
Yakobi adanı müdafiə edən ordunun
başçısıdır və onlara kömək edəcək.
Bunun qarşılığında onlardan bir
şey tələb edir. Əgər Eva ilə birlikdə
ola biləcəksə, onların getməyinə
heç bir maneə olmayacaq.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.23.