Ədəbiyyatın dənizə
gətirdiyi eşq və yaxud Bu dənizin limanları
yazıqdır
...Çünki
gəmiləri üzüb gedib,
göynəyir... Faiq Balabəylidən yazmaq bu qədər
rahatdır.
Yazının başlığı da öz misrasıdır,
hələ yazının birinci cümləsi də...
Bilirsiniz, nədəndir... Çox güman ki,
bilirsiniz. Çünki müsahibələrində
Faiq Balabəyli dəfələrlə etiraf edib ki, onu dənizə,
dənizçi həyatına da ədəbiyyat gətirib.
Ədəbiyyatdan dənizə gətirən
eşqin gücüdür bu gün Faiq Balabəyli
imzasını var eyləyən. Bəlkə
ona görə də dəniz və poeziyadan söz düşəndə
hamının yadına Faiq Balabəyli düşür.
O dənizə gəlməmişdən dənizi sevirdi, ədəbiyyat
ona dənizi sevdirmişdi. Ona görə də qırx il əvvəl dənizə gələndə
onunla köhnə dostlar kimi görüşdü:
Dəniz
elə həmənkidir,
gah
mülayim, üzə gülər.
Gah da
dönüb ölüm olar -
bizi
güdər.
Hətta onu da bilirdi ki, dəniz qoçaqları, igidləri
sevir. Bunu dənizçi
olmaq istəyənlərin hamısı bilirdi, amma hamı
bilmirdi ki:
Dənizçiyə
dalğaların arasından
əl
eləyər su pərisi,
Dənizçiyə
ad qoyarlar -
su dəlisi.
Mavi sular
mavi gözlü gözəl olar,
naz eləyər
dənizçiyə...
Bunu
şair Faiq Balabəyli bilirdi... Ona görə
belə gözəl ifadə eləyirdi. Sonralar
bütün yaradıcılığı boyu o mavi
gözlü gözəlin cazibəsindən çıxa bilməyəcək.
Bəlkə elə xəyalında yaratdığı, dənizdə
gözü önündən xəyalat kimi keçən elə
o gözəldi Faiqə sonralar bunu yazdıran:
Bir quru nəfəsdi,
o da vaxt gələr,
Görərsən, budu ha, getdi, gəlmədi.
Mənim
xoşbəxtliyim sənin dilində
Havaya deyilmiş
quru kəlmədi -
De, axı, mən hardan xoşbəxt oluram?!
...Hələ
dənizlə davam edirik... Çünki Faiq
Balabəylinin bütün həyatı ədəbiyyatla dənizin
arasında keçib. Ürəyində şeirə
dönən düşüncələrini yanında qələm-kağız
olmayanda sahilə, qum üstünə də
yaza biləndi Faiq:
Bir
qağayı lələyini götürüb,
Qum üstünə bircə misra yazaram.
Külək
dolmuş ağ yelkənə
bürünüb,
Bir adaya qayıtmağa hazıram.
...Adam
inanmaq belə istəmir Faiq Balabəylinin 60-a gəlib
çatdığına. Amma gəlib... Özü də
dopdolu gəlib - "Eh, ayrılıq, nə yamansan",
"Sənə yazılan şeirlər", "Burda darıxmaq
olmaz", "Yaşıl yuxulu dəniz", "Yaxın,
uzaq Elazığ", "Bayıldan bayıra" bədii
kitabları, "Kəsilməyən həyəcan fiti"
publisistik kitabı, AYB-nin üzvü, "Ədəbiyyat qəzeti"nin
redaksiya heyətinin üzvü, Müstəqil.az
saytının, həm yaradıcısı, həm də
baş redaktoru kimi... Hə, həm də gəmi
kapitanı, "Dənizçilərə Sosial Dəstək"
İctimai Birliyinin sədri kimi... Bu İctimai Birlikdəki fəaliyyətin
tam yarısı da
elə sözlə bağlıdır. "Bakı
buxtası-20 Yanvar", "Dənizçilərimiz Vətən
müharibəsində", "Onlar qəhrəmandır",
"Dənizçi həyatı" publisistik kitabları da
məhz bu təşkilatdakı fəaliyyəti sayəsində
işıq üzü görüb.
Bir məqamı
hökmən qeyd etməyi lazım bilirəm: Faiqin publisistik
kitabları Azərbaycanın yaxın keçmişində
bir sıra qaranlıq məqamlara ayna salır. 34 il əvvəl - o dəhşətli 20 Yanvar gecəsində
Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin
fədakarlığı təkcə buxta üçün
deyil, bütövlükdə Azərbaycanın şərəf
tarixi üçün əvəzsiz səhifələrdir. Ona görə deyirəm ki, Faiq Balabəyli 20 Yanvar
hadisələrində Bakı buxtasında dənizçilərin
öz əməlləri ilə yazdığı igidlik
tarixini sistemli şəkildə araşdıran tək müəllifdir.
"Kəsilməyən həyəcan fiti" və "Bakı buxtası-20
Yanvar" kitablarında o zaman çoxları
üçün müəmmalı qalanlar açılır.
Hə, onu da demək lazımdır ki, Faiq 34 il əvvəl Bakı
buxtasında baş verənlərin, həm də
iştirakçısı olub.
"Dənizçi
həyatı" kitabında isə Faiq Balabəyli Azərbaycan
dənizçilərinin Somali sahillərində 30-a qədər
qayıqda silahlı quldurun mühasirəyə
aldığı gəmini qorumasını, Sarqaz dənizində
üzən cavan dənizçilərimizin Bermud üçbucağı ərazisində
üzdüklərini onların öz dili ilə ustalıqla təsvir
edir.
Faiqin "Yeni xəbər" qəzetindəki
redaktorluq fəaliyyətini də bir-iki cümlə ilə
xatırlamağa dəyər. Bu, o "Yeni xəbər"dir
ki, zamanında Məhəmməd Peyğəmbərin
karikaturasını dərc etdiyinə görə
İspaniyanın "Yutlandes Posten"i ilə
döyüşürdü. Vəhşi Qərbin
Şərqə hücumunun qabağına sinəsini
vermişdi. Bu, o "Yeni xəbər"dir
ki, İsveçrədə "İlin qəzeti"
nominasiyasının qalibi oldu, yol xərci tapa bilmədiyindən
gedib hələ mükafatını ala bilməyib. Bu, o "Yeni xəbər"dir ki, səsi gedib
"Vaşinqton post"a çatdı. Jurnalist Natiq
Muxtarlının qəzetdə gedən "Vəhşi Qərbin Şərqə
hücumu" adlı yazısı ilə bağlı
"Vaşinqton post" material vermişdi. Hamı çox
sonradan bilir ki, böyük sevgilər həmişə
böyük ağrıların qonşuluğunda olur...
Gördünüzmü,
Faiq Balabəylinin yaşam trayektoriyası haralardan dolanıb
keçib - Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın
ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən
mətbuata, arada bir dəfə Bayıla sözlə günah
çəkməyə, sonradan hamısını bir yerdə
yaşatmağa... Birindən o birisinə adladıqca ürəyini də
ayrılıqlara öyrədirdi. Hər şeyin
ayrılığına dözə bilər, amma yaşamı
ilə göstərdi ki, ədəbiyyatdan və dənizdən
ayrılmağı məhşərə qaldı:
Təməli qoyulur ayrılıqların.
Hələ
çiçəklərin ləçəyi nəmli,
Hələ buludların gözləri yaşlı.
Günləri
qabaqda gözləyir bizi,
Mən
yaxşı bilirəm darıxmaq nədir,
Mən yaxşı bilirəm ayrılıq nədir.
Altmış
illik həyatının tam qırx ili bizim
dostluğumuzun fonunda keçib və mən onun yelə verdiyi
bir gününü görməmişəm. Əvvəllər
iki qələm dostumuz - Elçin İsgəndərzadə və
Əkbər Qoşalı haqqında
həmişə deyirdim ki, onlar ömrü dopdolu
yaşayırlar. Sonralar bu sıraya Faiq
Balabəylini də qatmalı oldum. Buna müşahidələrim
rəvac verdi. Belə
adamların zamanı tənzimləyə bilmək
bacarıqları həmişə mənim üçün
düşündürücü olub. Hətta
bəzən elə bilirdim ki, mən də onlar kimiyəm, nələrəsə
zamanında çata bilirəm. Onların həyat tərzi
haqqında məlumatlı olduqdan sonra başa
düşdüm ki, mənim zamanında yetə bilmədiklərim
nə qədərmiş...
...Su kimi
safdır, suda işləyir. Su kimi saf dənizləri (nəvəsi
də Dənizdir) var. Ad günü çox vaxt Su çərşənbəsinə
düşür. Su qədər, yəni təmiz, sağlam,
uzun ömür arzulamaqdan başqa nə olsun... Yaş
əlliyə, altmışa çatanda hamı illərin tez
ötdüyündən gileylənir. Faiq də eyni
düşüncələri yaşayır, amma bir az fərqli - tələsən illərin
içində eləyə bilmədiklərinə heyifsilənir:
Məni
çağırdılar, yoxsa, dayandım,
Məni
oyatdılar, yoxsa, oyandım,
Üz
tutub keçdiyim yollara baxdım -
Yollar
duman idi, yollar çən idi,
Səksəkə
içində bir az duruxdum,
O yola,
yolağa qayıtmaq çətin,
O yola,
yolağa dönmək əbəsdi,
Bu ömür, deyəsən, yaman tələsdi.
...Yaranan
gedəcək, deyib babalar,
Qorxaraq ölümdən ağlamamışam.
Məni
qınamasın ellər, obalar -
Qolumu
boynuna dolamamışam...
Bu yandan
bir ölüm havası əsdi,
Bu
ömür, deyəsən, yaman tələsdi...
...Tərəddüd
içində "Məni çağırdılar, yoxsa,
dayandım, Məni oyatdılar, yoxsa, oyandım" dilemması
arasında qalan şair o çağıranın da,
oyadanın da ilahi səs olduğunu gözəl bilir. Həmin səsdir Faiqi 60 ilin o başından bu
günə, bizim ürəyimizə qədər gətirən.
Bu günə necə gəldiyinin də ən gözəlini
də özü deyib:
Görübən,
gəlirəm mən bu dünyanı,
Hər şeyi yoluna öncə qoymuşam.
Əllərim
üstündə yeriyirəm ta,
Yorğun ayağımı dincə qoymuşam.
Bir dəfə yazmışdım ki, təsadüfmü
olub, ya zərurətmi, bilmirəm. Otuz beş il bundan əvvəl Faiq
Balabəylinin haqqında "Mən dənizi
qısqanıram" adlı ilk mətbu yazını da mən
yazmışam, 40, 50 və 55 illlk yubileylərində təbrik
yazısını da... Hə, elə 60-ı
yazmaq da mənim payıma düşdü. Payına
şükür, İlahi! Altmış zirvəsində
də gözlədikləri var Faiqin. Nə
bilmək olar, İlahi ikimizə də möhlət versə,
bəlkə ömrün yetmişinci zirvəsində də
görüşdük. Baxın, aşağıda
örnək gətirəcəyim şeir Faiqlə mənim
dostluğumla yaşıddır, 40 il əvvəl
bu onun öz dilindən eşitdiyim ilk şeirdir:
Daha bu
yollara çıxma, yaxşımı,
Daha bu
yollara baxma, yaxşımı...
Gecələr
gündüzü, gündüz axşamı,
Ümidlə
bu gündən gözləmə, nolar...
Sənin
də adına söz gələ bilər,
Bəxtin
çiçək açıb, döz, gələ bilər...
Dost-tanış
bir yana, özgələr bilər,
Bağrımın
başını közləmə, nolar...
Sən
bahardan gözəl, bahar da səndən,
Bir də
görüşərik bə harda sənnən...
Gəlmisən,
gəlibdi bahar da sənnən,
Amma sən
baharı izləmə, nolar,..
Gəl
çıx, ta baharı gözləmə, nolar...
...Əvvələ qayıdıram... Faiq Balabəylinin həyatının qırx
ili sözlə dəniz
arasında keçib. O, ömrün çalın-çarpaz
yollarında nə sözə, nə də dənizə vəfasız
çıxıb; təpədən-dırnağa sözə
və dənizə bələnib. Bəlkə ona görədir
ki, hərdən dənizə də rəhmi gəlir,
halına acıyır:
Yamyaşıldı
duzlu suyun köynəyi,
Qayaların üzü cızıq-cızıqdı.
Gəmiləri
üzüb gedib, göynəyir,
Bu dənizin
limanları yazıqdı...
Tanınmış
jurnalist dostumuz Nəzirməmməd Zöhrablı deyir ki, dənizi
bilərmi kimsə Faiqtək?.. Bilməz,
qardaş, kimsə bilməz Faiqtək... Bilməz ki, qırx
ildir dəniz də onu məhrəm sularının qoynunda sədaqətlə
qoruyur. Faiq Balabəyli ədəbiyyatın dənizə gətirdiyi,
sonralar isə dənizi ədəbiyyata gətirən eşqdir. Hər şey çəkilib
gedəndə də eşqin qalmağı var axı... Eynən
Faiq Balabəyli - dəniz eşqi kimi...
Vasif Süleyman
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, №7.- S.24-25.