Savaşın qara və ağ
üzü
Hekayələr
Hər cür savaşın
əleyhinə olmuşam.
Elə bilmişəm
ki, haçansa dünya
düzələcək və
biz yazıçılar dinclik
dövrünün məhəbbət,
sədaqət, səxavətdən
bəhs edən, bahardan, xoş gələcəkdən mayalanan
hekayələrini, ağzı
gül qoxulu gəncliyin sevgi romanlarını yazacağıq...
Heyhat...
Ustad demişkən, mən
bu təmənnada ikən... Adıbəlli qonşu Xocalıda qan saldı, Şuşanı işğal
etdi... etdi, etdi, axırda gəlib mənim Qaradərəmi, Zəngilanımı
da əlimdən aldı...
Otuz ildir oranın həsrətindəyəm
və nə vaxt qocalıb 70-ə çatdığımı bilmədim...
Və bu otuz ildə, həm də bir şeyə
əmin oldum: yazıçı da insandır,
onun da duyğuları
var, onun da qəlbi var
və ağrıyan yeri var. Sən onun ağrıyan yerini bassan, daha ondan "yazıçı tərəfsizliyi"
tələb edə bilməzsən!..
Bəli, düz otuz ildir mən də xalqımın bir fərdi kimi tərəf olmuşam, tərəfli mətnlər yazmışam
- Vətən torpaqlarının
azadlığı uğrunda
mübarizəyə və
müharibəyə çağıran
hekayələr və
romanlar yazmışam.
Savaş əsərləri!
Savaşa çağıran
mətnlər!
Yazdıqlarımın tən yarısı işğaldan
və lap sonralar, şükürlər olsun
ki, həm də azadlıq müharibəsindən
- 44 günlük şərəf
tariximizdən bəhs
edən əsərlərdir...
Müharibə gedə-gedə bir kitablıq hekayələr ("Sevgilim
Vətən") və
bir roman ("Cəbrayıl
əfsanəsi") yazıb
kitab halında çap
etdirdim. Elə bir kitablıq da hələ kitablaşmayan
yazılarım var, 44 günlük
savaşımıza aid...
O kitablara düşməyən
böyük savaşımızın
kiçik hekayələrindən
bəzilərini oxucularımıza
təqdim edirəm. Hansı ki, oxucu bu yazılarda savaşın qara və ağ üzünü görəcəklər...
Qara Məliklərin yanında üzümüzü
ağ edən Ağatlı oğlanların
üzü ağ olsun...
Müəllif
İki yaşlı qəhrəman
Biz gecə ikən yola çıxdıq. İki yaşlı oğlumu şalla kürəyimə şəlləyib
düşdüm yolun
ağına. Ağ da
dedim, ağmı vardı? O gün hər şey qara idi...
O qədər tələsmişəm
ki, ayaqyalın çıxmışam.
Fevralın şaxtası,
qırovu ayaqlarımı
kəsir, amma dayanmıram. Məndən
qabaqda qaçan adamların iziylə yüyürürəm. Arada
dayanır, nəfəsimi
dərir, bir də qaçıram. Neynim? Yüküm ağırdır. Qabaqda gedənlər tək canlarını götürüb
qaçırlar, mənsə,
üç canam: oğlum kürəyimdə,
bətnimdə körpəm,
bir də qarabaxt canım...
Ay Allah! Ayaqlarımı hiss etmirəm.
Oduna dönüblər.
Belə getsə, qəfildən yıxılacam.
İncavara, kürəyim istidir.
Oğlum qızdırır
onu. Canım da istidir - bətnimdəki isti saxlayır məni. Bircə ayaqlarım...
Bəs nənəm deyirdi kiçik çilə çıxdı, qorxu yoxdu? Hanı, bu şaxta, bu qırov niyə
götürülmür? Ayaqlarımı
kəssələr, xəbərim
olmaz.
Birdən
yadıma düşür
ki, kürəyimə şəllədiyim
oğlumun corablarını
kürkümün cibinə
qoymuşdum. Dayanıb
axtarıram. Və tapıram! Nə yaxşı! Bir daşa söykənib balamın cıqqılıca corablarını
çətinliklə də
olsa, birtəhər ayağıma taxıram. Uxayyyy... Bir az isti gəldi ayaqlarıma. Nə yaxşı... Allah köməyin
olsun, bala. Allah köməyimiz olsun...
Bu uşaq corablarını geyəndən sonra bir az ayaqlarım
qızışır. Artıq
hiss eliyirəm onları.
Bir dərədən keçəndə
sucuq yerə düşürük. Palçıqlı
dərədə ayağımdakı
corablar islanır və yenidən ayaqlarım donur. Qabaqda gedən adam işarə verir ki, bu dərənin
kolluğuna qısılıb
bir hovur dincələcək, sonra təzədən qalxacağıq.
Bir qadınla diz-dizə
oturmuşam. Nə qədər çalışsam
da, qadının kimliyini
xatırlaya bilmirəm.
Və dəhşət
məni bürüyür:
ağlımmı qaçıb?!
Bəs niyə bu arvadı tanımıram? Və qadının qucağında
bir cüt kişi çəkmələri
görürəm! Əl
atıb ətəyinnən
tuturam.
- Kimindi bunnar?
- Oğlumundu, - deyir. - Qapıdan çıxanda götürdüm ki, geydirəm
ayağına, tapa bilmədim.
Sonra bildim ki, ermənilər
güllələyib.
- Nə olar, ayaqlarım
dondu, bir azdan yıxılacam... Ver,
onları geyinim...
Arvad bir az darılır,
nə düşünürsə,
verir ayaqqabıları.
Bah! Həyat varmış. Daha ölmərəm. Balalarım canımı isti saxlayır, bu şəhid oğlanın ayaqqabıları
da ayağımı. Ya
Allah! Sən bizə kömək ol...
***
Bir zəmi yerini keçəndə düşmən
bizi arxadan gülləyə tutdu. Dəstəmizdəkilərin yarısı
qırıldı. İncavara,
mənə güllə
dəymədi.
Bələdçimiz deyir ki, bax, o tapı da aşsaq, Şellidi. Şelli Ağdamın kəndidir. Ora çatsaq,
day qorxusu yoxdur. Mən isə narahatam. Kürəyimdəki
isti yavaş-yavaş yoxa çıxır. Əvəzində elə bil islanır kürəyim. "Yəqin
uşağım çiş
eliyib. Gör, neçə sahatdı yoldayıq. Hələ indi..."
Ayaqqabıları verən qadına
səslənirəm:
- Xala, bir zəhmət
olmasa, bu uşağa bax, gör yatıbmı? Kürəyim sudu eləcənə...
Arvad dayanıb uşağa baxır və içini çəkir:
- Ağız, a bala, bu tifilə gülləmi dəyib?! Şəlləcəyin də,
uşax da, sənin kürəyin də qan içindədi...
Bələdçiyə xəbər verirlər. Dəstə dayanır. Qadın uşağı kürəyimdən
alır. Oğlumun boynu düşüb. Al-qanın içindədir!.. Oğul balam
kürəyini gülləyə
sipər eləyib, bizi - anasını, bacısını qoruyub...
- Yazıq balam, körpə balam, iyid balam! Kürəyini
gülləyə sipər
eliyən balam, heyyyyyyyy....
Yavaşcadan ağı deyirəm.
Qadın əli ilə ağzımı tutur. Oğlumu məndən güclə alıb kiməsə verirlər. Dəstə yenə yola düzəlir. Mən isə hələ də oturmuşam. Bu vaxt içəridən bir təpik dəyir qarnıma. Elə bil təpik
deyil, "qalx" əmriydi. Qanlı şəlləcəyimi üzümə
basıb iyləyirəm.
Üzümü görməsəm
də, şaldakı qan ləkələrinin üz-gözümə bulaşdığını
hiss edirəm - qan qurumayıbmış... Yadıma
dədəmin sözü
düşür: "Şəhid
qanı qurumaz..."
Qanlı
şalı belimə dolayıb yola düşürəm...
26.02.2021
Kəşfiyyatçının
bir gecəsi
Zülmət gecə. Saat
11-12 arasıdır. Kəşfiyyatçı
dəstəmiz düşmənin
arxasına keçib və mühasirəyə
düşmüşük. Artıq bir şəhidimiz var. Döyüşə-döyüşə
oradan çıxmağı
gözə almışıq.
Amma düşmənin qüvvəsi
o qədər çoxdur
ki, burdan çıxacağımıza
heç ümid yox kimidir. Kəşfiyyatçılar
isə heç vaxt ümidi üzməzlər. Ən azı, qaranlıqdan istifadə edib əlbəyaxa döyüşəcəyik.
Bu vaxt telefonum qoltuğumu titrədir (zəng səsi eşidilməsin deyə vibrasiyaya qoymuşam). Fikir vermirəm. Atışa-atışa bir
az aralana bilmişik. Dağın arxasına çatanda yenə qoltuğum qıdıqlanır. Yarəb,
heç zamanımı?
Yadıma
düşür ki, bu
vaxtlar zəng vuran anam olur.
Məcburən açıram.
- Alo, ana...
- Can. Anan
qurban, nə təhərsən? O nə
səsdi elə? Güllə atırlar? Vay, başıma xeyir! Ay bala...
- Ana, bizimkilərdir, erməniləri
qovurlar. Mən sənə sonra zəng vuraram, yaxşımı? - çalışıram
ki, səsimdən həyəcanı
duymasın.
- A bala, axşam yeməyi yemisən?
"Ana, susuzdan dilim quruyub, nə yemək?" - deməkdən
özümü güclə
saxlayıram.
- Ana, yemişəm... mən səni bir az
sonra...
Bir güllə düz qoluma saplanır və səsimi qısmaq üçün
yaralı qolumu ağzıma basıram.
- Bala, o nə səsdi...
Telefon əlimdən düşür.
Mən buradan aralanmalıyam. Anam isə hələ də danışır:
- A bala, isti çay
iç... Gecə yatanda üstünü yaxşı ört...
Əyilib
telefonu götürürəm
və məcburən anamın üzünə qapayıb qalxıram. Bu
zaman boğazıma isti
bir şey axır. "A bala, isti çay iç..." Yadıma düşür ki, yaralı
qolumu ağzıma basmışdım... Qanım
ağzıma dolubmuş...
Quruyan boğazım yumşalır. "Sağ
ol, ana. Boğazım qurumuşdu..."
O gecə səhərəcən
atışdıq. İşıqlanana
yaxın artıq sərhədimizə yaxınlaşmışdıq
və az keçmiş, bizimkilər
köməyimizə gəldi.
İki şəhidimizin
nəşini, mən də daxil üç
yaralımızı alıb
arxaya aparırlar.
Bayğın olsam da, səsləri
eşidir və anlayıram.
- Əsgərin birinin ağzınnan qan gəlmiş...
- Axı qolu yaralıydı...
Bəlkə ayrı yarası da var?
"A bala, isti çay
iç..." - bu yenə anamın səsidir. Məni dartıb bayğınlıqdan
çıxardır. Gözlərimi
açıb su istəyirəm. Amma vermirlər...
Yaralıya, qan itirənə su verməzlər axı...
15.01.2021
"Bizi köçürdürlər..."
"Salam,
müəllim... Bilirsiniz..."
"Nə olub, səsiniz
niyə belə boğuq gəlir?.."
(Sualımdan özüm də utanıram - şəhid atasına da belə sual verərlər?! Nə olsun oğlunun ili çıxıb?! Onunçün oğulsüz
keçən hər gün...)
"Bizi burdan köçürdürlər...
Mən sizi Beyləqana - onun yaşadığı hərbçi
evinə, Şuşaya
- qanını çilədiyi
qala şəhərimizə
aparmaq istəyərkən...
yaşadığı, boya-başa
çatdığı evi..."
(Səsi qırılır.
Bir şey başa düşməsəm də,
az qala qəzəblə
qışqırıram.)
"Siz bir şəhidin,
bir qəhrəmanın
atasısınız!.. Kim sizi evinizdən
köçürdə bilər
axı?!"
"Yox e, müəllim, məsələ ayrı cürdür... Bizim ev sürüşmə zonasındadır... Son zəlzələdə
sürüşmə həddi
daha da çoxalıb...
Ona görə bizim binanı köçürdürlər...
Mənə, illah da, anasına çox çətindir... Axı
o bu evdə böyümüşdü..."
Məsələni anlasam da, bu
"haqsızlığ"a - taleyin bəd naxışına az qala üsyan edirəm içimdə...
Və xəttin o başından susan ata kimi nəfəs
dərir və bu bəd xəbərlə
barışmalı oluram...
Sonra nə oldu, nə
olmadı, önəmli
deyil...
Önəmli olan odur ki...
Önəmli heç nə yoxdur...
Biz neçə vaxtdır ata ilə danışa
bilmirik.
Başladığım bu yazı da beləcə yarımçıq qalıb...
Eynən Onun həyatı kimi...
Sürüşmə zonasındaymışam,
sanki...
(Yaza bilmədiyim əsərdən kədərli
fraqment)
Əsgər çəkmələri
Nəvəm Əliyə, ana dili
ilə bərabər,
ingiliscəni də öyrənən bütün
uşaqlara
***
Amerikada
yaşayan Vətən
müharibəsi qazisi
Hüseyn Məmmədov
müharibə bitəndən
sonra Amerikaya geri dönərkən döyüş zamanı geydiyi əsgər çəkmələrini də
özü ilə aparıb.
İnternet
xəbərlərindən
- What
smell it is! Do you carry dried fish?*
Kobud ingiliscədə verilən
sual onu diksindirdi. Xalası çox yapışmışdı
ki, qoy, çəkmələri
yuyum, sabunlayım, qurudum, sonra yük çamadanına yerləşdirib apararsan.
O isə razı olmamışdı.
"Yox, xala... Əl
dəymə... Bu mənə
elə belə yaxşıdı... Büküb,
yol çantama qoyacam..."
Bu cümlədə nələr
yox idi? Amma xalası kimi ürəyiyuxa bir qadının onun sözlərindən ağlayacağını
bildiyindən eləcənə,
üstüörtülü cavab vermişdi...
İndi bude ha, burda öz millətindən olan birisi onun
çəkmələrinin qoxusunu quru balıq
qoxusuna bənzədir...
(Bir az əvvəl yanındakı qızı
öz dillərində
azarlamışdı:"Azzar!
Bəsdi də! Atana deyəcəm, kəssin dilini!.."
Gənc bir xanımın öz doğma qızını belə acılaması xoşuna getməsə də, öz dilində səs eşitdiyinə görə
umudlanmış, qabaq
cərgədə oturan
xanımla qızına
diqqətlə baxmışdı.)
- Bilirsiniz?..
- Azərbaycan türkcəsində
səs eşidən xanım diksindi. Səhərdən bir yerdə durmayan qızcığazla didişdiyindən
oğlana əməlli-başlı
fikir verməmişdi
("Bu ki bizlərdənmiş! Ayıb oldu... Quru balıq-zad... Bu qız məni dəli eləyəcək
də...").
- Siz allah bağışlayın...
Bu uşaq məni lap dəli eləyib... Qardaşımın qızıdır.
Bakıya gəlmişdilər
gəzməyə. Atasıgil
geri dönən kimi... Elə bil buna bəndmiş, müharibə başladı...
Oğlan
da bu köktəhər
xanımı gəlin
bilmişdi - qızı
onun uşağı sanmışdı - indi diqqətlə baxdı və gördü ki, azca köklüyü onu belə qadına
bənzədib, əslində
gənc qızmış...
- Həəəə... Müharibə...
- Oğlan ləzzətlə
dedi. Və onun "müharibə"
sözünü belə
ləzzətlə işlətməsi
qıza qəribə gəldi və nədənsə birdən-birə
ona qanı qaynadı. Tərslikdən
təyyarəyə minik
çoxalmışdı və
gəlib-gedənlər onların
söhbətinə mane
olurdu. Amma oğlanın
yanı hələlik
boş idi deyə, rahatca qıza tərəf əyilib nələrsə
deyə bilirdi.
- Hə, hə! Müharibə!.. - Bu dəfə qız da ləzzətlə
söylədi bu sözü. Sanki oğlanın
o mübhəm sözünün
nə anlama gəldiyini anladığını
deyirdi.
- Nə yaxşı Amerikaya uçursunuz? - Bu dəfə oğlan ərklə soruşdu. Qız hiss elədi ki, bu oğlanı Allah özü göndərib
ki, qardaşı qızının
əlindən alsın
onu.
(Yeddi-səkkiz yaşlarında
qızcığaz əlindəki
telefonla oynayır, hərdən də bibisinin gah saçını
dartır, gah əyninə
qısıqıvraq oturmuş
boz kostyumunun yaxasındakı qızılı
sancaqlı firuzəyi
daşı dartışdırır,
gah da qıza yad olan hansısa mahnını zümzümə edirdi.
Bir sözlə, "su
durur, bu durmur" deyimi, sanki bu qızçün
yaranmışdı.)
- Alisa... əslində Alsudur, orda Masseçusuda ona belə deyirlər,
məktəbə getməlidir...
anası bir-iki vacib sənədə görə Bakıda qaldı hələlik...
Bu da ki, oddu də,
od... İngiliscə dil
açsa da, bizim dildə də toqquşdurur... Hə... indi... ona görə
mən bunu aparmalı oldum... Həm də dedim, bir Amerikanı
görüm də, mən də... - Qız şirin bir tərzdə güldü. Oğlanın
ürəyinə yatan
bu gülüş onu qıza tərəf
daha da itələdi, sanki.
- Bəs siz? Siz
nə yaxşı ora gedirsiniz?.. - Qız verdiyi
sualdan utanan kimi oldu. İndicə
tanıdığı adama
birdən-birə belə
sual vermək "bir az birtəhər
çıxmazmı?" düşüncəsi
ilə pörtüb qızardı, hətta. Oğlan bunu hiss etsə də, belə ciddi geyimli, hiylə-riya görməyən üzü,
nazik, amma adamı çəkən
dodaqları, eşidəni
qarsan səsi olan qıza daha yaxın hiss etdi özünü.
- Bilirsiz... Mən iyirmi ildir Amerikada
yaşayıram... Ailəmlə...
İndianada...
Qız diqqətlə oğlana baxdı və qorxantəhər oldu.
"Amerikada yaşayırmış!
Allah bilir, min cür şey görüb... Amma qəribədir, ləhcəsi
heç dəyişməyib...
Səhərdən bircə
ingiliscə söz də işlətməyib...
Yaxşısı budur,
bununla söhbəti burdaca bağlayaq... Nə bilim, haranın nəyidir?.. Bayaqdan ağzımı
Allah yoluna qoymuşam mən də..."
- Müharibə başlayanda
anama dedim, İstanbula uçuram. Orada dostlarımla görüşəcəyəm... Hələ zarafatla dedim ki, bir türk
qızı var, onunla feysbukda yazışırıq...
Onunla da görüşəcəyəm...
Sözümüz tutsa,
onu da alıb sənə gəlin gətirəcəyəm... Ha-ha-ha!..
Anadır da, o sahat inandı, dedi, gəlinimi mütləq gətir... Ha-ha-ha...
Qızın əti ürpəşdi.
Oğlanın belə
açıq-saçıq danışması onu lap əsəbiləşdirdi. Hələ
müharibə başlayanda
İstanbula kefə getməsi!..
Alisa-Alsu telefonu əlindən
yerə saldı. Bibisinin indicə qışqıracağından ehtiyatlanıb "i am
sorry**" dedi və əyilib telefonu götürdü. Amma qız
Alsunun telefonu salmasını, sonra nəsə söyləyib
götürməsini duymadı,
sanki.
Oğlansa bayaqkı nəşəylə
danışmağındaydı.
- Amma İstanbula deyil, Bakıya gəldim... Ordan da birbaşa çağırış məntəqəsinə
və sonra cəbhəyə... Sol qolumdan
aldığım güllə
yarası hələ də sağalmayıb...
Bu qolumu yaxşı işlədə bilmirəm...
Oğlan
sağ əlini yanında sallalı qalmış sol qolunun üstünə elə qoydu ki, elə bil öz qolunun
deyil, sevgilisinin qolunun üstünə qoyurdu - ehtiyatla, ehmalca, sevgiylə və bir az
da ağrıdacağından qorxarcasına...
Qız yalnız indi baxıb gördü ki, oğlanın sol qolu qorxaq uşaq kimi yanına qısılıb. Sağ əlini danışanda tərpətsə də,
o birisi göyümtül
bambazı köynəyin
sol qolunun içində
sallalı qalmışdı.
Utandığından bilmədi nə etsin. Bu gözəl qəlbli, vətənpərvər insan
haqqında iki dəqiqə əvvəl düşündüklərindən elə utandı ki, üzü od tutub yanmağa başladı. Tərslikdən təyyarənin
də ayağının
yerdən üzülüb
göyə qalxması,
bu zaman yüngül təkan və titrəyiş də qızın həsb-halı
ilə eyni vaxta düşdü.
Araya dərin bir sükut çökdü.
Alsunun arabir şıltaqlıqları, müxtəlif
dillərdə eşidilən
səslər, gəmi
kapitanının sərnişinlərə
müraciəti, stüardessaların
yemək və içki dolu arabaları ora-bura dartmaları da onların arasına çökmüş
səssizliyə əngəl
ola bilmədi. Nəhayət,
qız nəsə deməli olduğunu düşünüb, bayaqdan
dilinin altında gizlədiyi sualı verəsi oldu:
- Harda yaralandınız? - titrək səslə deyə bildi və başını aşağı saldı. Oğlan stüardessanın
bir qədər əvvəl "xahiş olunur, kəmərlərinizi
bağlayın" xəbərdarlığından
sonra nə qədər çalışsa
da, tək əli ilə kəmərini bağlaya bilməmişdi.
Bəlkə də bağlayardı, ancaq indi onu basmış
həyəcan buna mane olurdu.
("Döyüş vaxtı
heç belə həyəcanlanmamışdım... Mənə nə oldu?!")
Qız yalnız indi sezdi ki, oğlan bayaqdan bəri kəmərini bağlamaqda
çətinlik çəkir.
Əlini uzadıb ona kömək etməkdən özünü
zorla saxladı. Hətta əli oğlanın sinəsinə
tərəf uzalı qaldı da... ("Tərslikdən
kəmər də elə yerdədir
ki...") Bu zaman gözucu oğlanın
üzünə baxdı.
Bu gözlərdə etibar
və inam gördü. Yad ölkədə
yaşadığı 20 il ona qəti toxunmamışdı.
("Qız bayaqdan söz soruşub, cavab da verməmisən... Ayıb olsun! Sən necə döyüşçüsən?!")
- Hadrutda... - Nəhayət, kəməri uzun çalıq-balıqdan sonra
bağlaya bilmişdi.
- Orada ilk dəfə yüngül yaralandım,
iki gün hospitalda qalsam da, tezliklə cəbhəyə
döndüm... Amma qolumdan
yaranı Şuşada
almışam... Müharibənin
bitməsinə bircə
gün qalmış...
- Bəs... Qarabağdan... Azərbaycandan ananıza nə aparırsınız?
- Qız bu sualının da yersiz olacağından ehtiyat etdiyindən çəkinə-çəkinə
dedi.
Oğlan
bir an gərildi. Bayaqkı şuxluğundan
əsər-əlamət qalmadı.
Təyyarənin kiçicik
pəncərəsindən ağappaq
buludları süzdü
və kədərli halda dedi:
- Şuşadan torpaq götürdüm bir az, anamın bir tərəfi oralıdır axı...
Bir də... Bir də özümlə əsgər
çəkmələrimi götürmüşəm...
Bütün Qarabağı
44 gün mənimlə
dolaşan çəkmələrimi...
Qız diksindi. İçinə elə bil təyyarənin
balaca pəncərəsindən
görünən o ağ
buludlar dolmağa başladı. Şişdi
ürəyi. Nəfəs
almağı çətinləşdi.
Elə bil içinə dolan o pəmbə buludlar şar kimi üfləndi
və oturduğu yerdən yuxarı qalxdığını hiss edib,
oturacağın sağ-solundakı
tutacaqdan yapışdı.
Və tez-tez nəfəs almağa başladı.
Oğlan
bir an gözünü
buludlardan çəkdi,
qıza tərəf baxdı və onun nə halda
olduğunu anlayıb,
tez qıza sarı əyildi, əlini onun əlinin üstünə
qoyub asta-asta dedi:
- Sakit... Sakit olun... Biz ilk gün döyüşə girəndə
belə olmuşduq...
Bir an sonra keçib gedəcək...
Yüksəklik qorxusu
var sizdə, yəqin...
Yüksəklik... Nəfəs
alın. Nəfəs alın...
Alisa da gözləri böyümüş
halda bibisinə baxırdı.
Az sonra qız özünə gəldi. Oğlan yalnız indi hiss etdi ki, bayaqdan qızın əllərini bərk-bərk
tutub, özü də iki əllə
- necə olmuşdusa,
yanında qalaraq bir işə yaramayan zədəli əli də o biri əlinə köməyə gəlmişdi...
Tezcənə sağ əlini, sonra isə ağrısını
unutduğu sol əlini
bir az çətinliklə
geri çəkib, gülümsündü.
- Bayaqdan danışırıq,
tanış da olmadıq...
Mənim adım...
Alisa bic-bic güldü, çətinliklə sözləri
tapa-tapa dedi:
- Onu adi Şuşadi...
Sənin döyüşən
Şuşan...
Oğlanın sözü ağzında
qaldı. Əlini uzadıb Alisanın başını tumarladı
və dedi:
- Biz Şuşa üçün
canımızdan keçməyə
hazır idik!..
Üçü də gülümsündü.
Alisa isə qəfil elə söz dedi ki, onların gülüşləri sifətlərində
dondu.
- What
smell it is! Do you carry dried fish?
Şuşa gözünü oğlandan
qaçırdı. Oğlanın
isə sataşmaq üçün əlinə
bəhanə keçdi.
- Hə, Alsu, düzdür, quru balıq qoxusu mənim çamadanımdan
gəlir... Əsgər
çəkmələrimi özümlə
Amerikaya aparıram axı... Müharibənin
yadigarı kimi...
Bir anlıq üçü də susdular. Amma Alisa dözmədi, pıqqıldayıb
güldü. Sonra oğlanı
gülmək tutdu. Nəhayət, Şuşa
da çar-naçar güldü
və elə gülüşdülər ki, təyyarədəkilər
dönüb təəccüblə
onlara baxdılar...
* Bu nə qoxudur?!
Quru balıq aparırsınız?
(İngiliscə)
** İ
am sorry - üzgünəm. (İngiliscə)
08.01.2022
Azad
QARADƏRƏLİ
Ədəbiyyat qəzeti.- 2024.- 24 fevral, №7.- S.26-27.