Mərhəmətsizə həkim mərhəməti
Hekayə
Gecənin bir aləmində Təcili yardım şöbəsinə çağırış zəngi gəldi. Şəhərin Qələbə prospektində, 28 saylı evdə ağır xəstə var idi. Təcili tibbi kömək istəyirdilər. Çağırışdan yenicə qayıtmış, növbədə olan Qadir həkim cəld tibbi çantasını götürüb yola düşdü.
Bayırda qar yağsa da, hava bir qədər aydın və mülayim idi. Tək-tək yanan küçə işıqlarının aydınlığında yağan quşbaşı qarın kəpənək kimi göydə uçaraq yerə düşüb əriməsi insanda xoş əhval yaradırdı. Bütün günü insan axını ilə qaynayıb-coşan mərkəzi prospekt insan həniri olmayan, kimsəsiz gecə görüntüsündə olduqca, məhzun və yazıq görünürdü.
Sürücü oğlan gecənin alaqaranlığında prospektdə bir-bir evlərin nömrəsinə baxaraq qeyd olunan evi tapıb qarşısında maşını saxladı. Həkim maşından düşüb dəmir darvazadan içəri girdi. Həyətdə olan işıq stolbasına vurulmuş gur işıqlı gecə lampası həyəti gündüz kimi işıqlandırmışdı. Ətrafa baxan həkim birdən nəyi isə xatırlayıb bir anlığa duruxdu. Həyət ona tanış gəlirdi. Hiss etdi ki, nə vaxtsa, bu həyətdə olub, ancaq ani olaraq ayırd edə bilmədi. İçəri keçməyə tələsdi. Evin xanımı onu balkonda qarşıladı:
- Həkim, kişi ağır vəziyyətdədir, bayaqdan zəng eləmişəm, hardasınız?!
- Çağırışdan indi qayıtmışam, mənə xəbər verilən kimi gəldim.
- Yaxşı, day gəlmisiniz,
keçin içəri.
Qadının haqsız ittihamı
və məzəmmətli
təklifi həkimin əhvalını qarışdırsa
da, səbrini sıxıb
içəri keçdi.
Xəstə otağın yuxarı
başında, çarpayıda,
yanı üstə uzanmışdı. İri,
dolu sifəti, boynunun dalında qat-qat peysəri və yorğanın altından
hiss olunan gövdəsi
onun gödək boylu, şişman adam olduğunu göstərirdi. Qalın,
lopa bığları
da, sanki bu görkəmi təsdiqləyirdi.
Qadir həkim yaxınlaşanda
xəstə xırıltılı
səslə:
- Ay arvad, ustul gətir,
doxtur otursun. Ürəyimin qardiaqramın
da gətir, həkim çəkmişdi ey... -
dedi.
- Yaxşı, ay kişi, bir tavaxıl elə...
Ər-arvadın hər ikisinin danışığı, sifəti
də həkimə tanış gəldi. Kök əndamlı qadının ağır gəlişi həkimə
xatirələrini çözələmək
üçün imkan
yaratdı. Ani olaraq bir-bir olub-keçənləri
telefon kadrları kimi yaddaşından keçirdi. Birdən beynindən keçən
"Tapdım" sözünü,
az qala, dilində ifadə etmək istədi. Uşaq vaxtı eşitdiyi, yaddaşına
həkk olan sözlər qulaqlarında
cingildədi: "Araba qırılar,
elə bir-bir qucağınızda daşıyın".
Həmin
adam idi: kök-tösmərək ev
sahibi. Xeyli yaşlaşsa da, sifət
cizgiləri dəyişsə
də, həmin səs idi. O vaxt yoğun, indi isə xırıltılı
səs yenidən xırıldadı:
- Ay arvad, harda qaldın?
Qonşu
otaqdan qadının çır-çığırtıya bənzər səsi gəldi:
- O zəhirmarı tapa bilmirəm.
Heç
nəyi büruzə vermədi, açıb ağartmadı həkim. Ancaq beynində bir təlatüm yarandı. Ani olaraq on altı il əvvəl olan hadisələrin acı xatirəsi ürəyini qorlandırdı:
Füzuli
rayonundan köçkün
idilər. Köçkün
qəsəbəsində yaşayırdılar.
Ana, iki qardaş və bir də
kiçik bacı. Ataları Birinci Qarabağ müharibəsində
Füzulidə şəhid
olmuşdu. Maddi vəziyyətləri
ağır idi. Böyük qardaşı
Nadirlə hər gün el arasında
"qul bazarı"
deyilən yerə gedib, uşaq olmalarına baxmayaraq evlərdə fəhləlik
edirdilər. Nadirin on altı, özünün isə on dörd yaşı vardı. Bir gün də...
...Soyuq qış günü idi. Bir həyətdə işləyirdilər.
Həyət darvazasının
qabağına tökülmüş
bir maşın kubik daşlarını evin arxa tərəfinə
daşımalı idilər.
Qardaşı Nadir həyətdə
gördüyü əl
arabasını gətirib
içərisinə daşları
yığanda kök,
tösmərək boylu
ev sahibi bozarıb qışqırdı:
- Araba qırılar, elə bir-bir qucağınızda
daşıyın.
Qardaşlar məcbur olub, ağır daşları bir-bir qucaqlarında daşıyası oldu. Balaca qardaş Qadirin iri daşlara
gücü çatmadığından
tək-tək parçalanmış
daşları seçib
daşıyırdı. Qışın
soyuğunda daşların
sərt soyuqluğu hər ikisinin əlini qılınc kimi kəsirdi. Balaca Qadir daşların arasından bölünmüş
daşı seçib
götürəndə, qəflətən
yuxarıdan sürüşən
daşların biri onun əlinin üstünə düşdü.
Əli iki daşın arasında qalıb
bərk əzildi. Barmağının əti
parçalandığından bir anda qan
əlini boyadı. Həyəcanlı vəziyyətdə
əlindən bir şey gəlməyən
Nadir tez evə qaçıb kömək
istədi. Balkona çıxan ev sahibi:
- Nə olub, ay uşaq, nə haydı? - dedi.
- Dayı, qardaşımın
əlini daş əzib, qanı kəsmir, evdən bir şey verin,
sarıyım.
Ev sahibi, tösmərək kişi etinasızcasına:
- Heç nə olmaz, boş şeydir, damın altında nöyüt var,
bir az tök
üstünə, qanı
kəsəcək.
Başqa
çıxış yolu
tapmayan Nadir yaranın
üstünə neft tökəndən sonra yerdən bir əski parçası tapıb qardaşının
yaralı barmağını
bərk-bərk sarıdı.
Bir qədər keçəndən
sonra barmağının
qanı kəssə də, dəhşətli ağrı balaca Qadiri uzun müddət
rahat buraxmadı. Qardaşı onu evə göndərmək
istəsə də, getmədi, balaca bir kötüyün üstündə oturub ağrıdan zoqquldayan, yaralı barmağı ilə baş-başa qaldı.
Bərk
yorulmuşdular, həm
də üşüyürdülər.
Havanın soyuqluğundan
birnəfəsə işləmələrinin
istiliyi də onları isidə bilmirdi. Tez-tez evə tərəf baxır, gözləyirdilər
ki, indi ev sahibi onlara isti
çay gətirəcək,
içib qızışacaqlar.
Ancaq elə olmadı. Ev sahibi əlində su qabı ilə
bir stəkan gətirib, onların yanına qoyub getdi.
...Günorta naharının vaxtı keçirdi. Aclıqdan işləyə
bilmirdilər. Evin xanımı balkonda balıq qızardırdı.
Xoş qoxusu ətrafı bürümüşdü.
Qardaşlar yenə də tez-tez evə tərəf baxır, onları nahara çağıracaqlarını
səbirsizliklə gözləyirdilər.
Çoxdan idi onlar balıq yemirdi. Qadir böyük qardaşına:
- Qaqa, axırıncı dəfə
balıq yediyim yadıma düşmür.
- Elə mənim də.
Bir qədər keçəndən
sonra ev sahibi onları harayladı:
- Ay uşaqlar, gəlin, çörək yeyin.
Qardaşlar bayaqdan səbirsizliklə
gözlədikləri bu
sözə bənd imiş kimi, əlüstü evə tərəf tələsdilər.
Hər ikisi balkona çıxmaq istəyəndə ev sahibi:
- Arvad yeməyinizi damın altına qoyub, bayaq nöyüt
götürdüyünüz yerə, gedin, yeyin.
Damın
altına gələndə
gördüklərinə hər
ikisinin gözləri böyüdü. Balaca stolun üstünə qəzet sərilib kartof yeməyi qoyulmuşdu. Pərt, əsəbi halda, hər ikisi bir-birinə baxıb qaldı. Heç biri keçib stulda oturmadı. Qəflətən Nadir əsəbi
halda:
- Getdik, - dedi.
Həyət qapısını bərk
vurub çıxdılar.
Lap yaxınlıqda, "bulvar"
deyilən yerdə böyük yeməkxana
var idi. Ora gəlib balıq sifariş etdilər. Dünənki qazancları ilə doyunca balıq yeyib, yenidən "qul bazarı"na qayıtdılar. Nadir buradan
qardaşını məcbur
evə yola salıb özü yeni müştəri gözlədi.
Bir daha həmin evə qayıtmadılar.
...Xatirələrin qucağında
ilişib qalan həkimi qadının qəfil, hikkəli səsi diksindirdi:
- Doxdur, nə fikrə getmisən, kişi ölur ey...
Həkim
baxdı ki, əndamlı
qadın bir əlində stul, o biri əlində isə xəstənin ürəyinin kardioqrama kağızı, onun yanında dayanıb, kinlə qadına:
- Bu dəqiqə baxaram, narahat olmayın, - dedi.
Qadir həkim əvvəl xəstənin nəbzini yoxladı. Nəbzi lap yavaş vururdu. Xəstənin dolu sifətindən puçur-puçur,
soyuq tər tökülürdü. Hiss etdi
ki xəstənin halı
özündə deyil.
Tez çantasından təzyiqölçən
aparatını çıxarıb
xəstənin təzyiqini
yoxladı. Təzyiq çox aşağı düşmüş, 90/60 həddini
göstərirdi, ürək
döyüntüsü də
çox zəif idi. Xəstə güclə:
- Doxtur, ölürəm, gör, neyniyirsən.
- Narahatçılığınız nədir? - həkim soruşdu.
- Başım bərk ağrıyır, mədəm
bulanır, gözlərim
də qaralır, doxdur.
Xəstənin xırıltılı səsi, elə bil quyunun dibindən
gəlirdi. O, vaxtkı
gurultulu, yoğun səsindən əsər-əlamət
yox idi.
Həkimin beynini çuğlayan
acı xatirələrlə
ürəyinin mərhəmət
hissi, həkimlik borcu bir-biri ilə qarşı-qarşıya
gəldi. İllər
əvvəl bu evdə ona göstərilən
qul, nökər münasibəti uşaqlıq
dünyasına, barmağının
əzilib-qırılaraq sümüyünün
əyri bitməsi nəticəsində barmağının
bu gün də şikəst olması isə, sağlamlığına yara
vurmuşdu. Nə etməli?! Ağır sual qarşısında qalmışdı həkim.
Adi halda, ilk yardımı
göstərib gedə
bilərdi. Sonra isə...
Həkim gördü
ki, xəstənin vəziyyəti
ağırdır. Xəstənin
özünün dediyinə
görə, onda,
həm ürək çatışmamazlığı, həm də təzyiq xəstəliyi olduğundan, onu bu vəziyyətdən çıxarmaq ciddi zəhmət tələb etməklə, çox vaxt aparacaqdı. Vəziyyəti tam yaxşılaşıncaya
qədər yanında
oturub nəzarətdə
saxlamağa ehtiyac vardı. Bu müddətdə
isə başqa tibbi çağırışlar
da ola bilərdi.
Beyni ilə ürəyi arasında gedən daxili çarpışmada
müqəddəs həkimlik
borcu, ürəyin mərhəmət hissi qalib gəldi. Çantasından lazım
olan dava-dərmanları
bir-bir götürüb
müalicəyə başladı.
Ardıcıl bir neçə iynə vurdu, tabletka dərman verdi. Sonra xəstənin yanında oturub vəziyyətini izləməyə başladı.
Səyyar fikri yenə uzaq xatirələrə uçdu.
...O, vaxt barmağı əziləndən sonra qardaşı Nadir onu daha fəhlə kimi işə aparmadı. - Mənə baxma, səndən fəhlə olmaz, sən oxumalısan, - dedi.
Əvvəllər uzaq rayon mərkəzinə
məktəbə gedirdi.
Sonra xoşbəxtlikdən öz qəsəbələrində
köçkün məktəbi
açıldığından həmin məktəbə
dəyişildi. Və
birinci gündən də yaxşı şagird kimi özünü tanıtdı.
Məktəbin direktoru,
öz qonşuları
Kərim müəllim
onun ən yaxşı yardımçısı
oldu. Orta məktəbi əla qiymətlərlə başa
vurub Tibb Universitetinə daxil oldu. Onun maddi
qayğılarını və
ailənin dolanışıq
yükünü qardaşı
Nadir çəkdi, həkim
olub gəlməsini səbirsizliklə gözləyirdi.
Ancaq bu xoşbəxtlik ona qismət olmadı. Həkim kimi fəaliyyətə başlamasına
on bir gün qalmış qəfil maşın qəzasında
həlak oldu. Təzəcə evlənmişdi,
bir övladı var idi. Hər iki
ailənin qayğıları
Qadir həkimin üzərinə
düşdü...
...Qəfil xəstənin huşunu itirməsi ilə arvadının cikkə çəkib qışqırmağı bir
oldu:
- Həkim, neylədin, kişi öldü ki...Vay, evi yıxılan
canım...
Qadir həkim:
- Sakit olun, mane olmayın, - dedi və tez xəstənin
nəbzini yoxladı.
Get-gedə nəbzin döyüntüsü itirdi.
Aparatla təzyiqini yoxladı. Təzyiqin yuxarısı altmışı,
aşağısı isə
iyirmi səkkizi göstərirdi. Xəstə
doğrudan da, şok vəziyyətinə düşmüşdü.
Artıq həyəcandan
həkimin özünü
də tər basmışdı. Birinci dəfə idi şoka düşən xəstə ilə qarşılaşırdı. Tələbə
vaxtı hörmətli
müəlliminin belə
məqam üçün
dediyi tövsiyəsi qəfil yadına düşdü. Tez xəstənin
başının altından
yastığı götürüb,
ayaqlarını yuxarıya
qaldırıb bir müddət əlində
saxladı. Həyəcanlı
gözləri xəstənin
sifətinə sancılıb
qaldı. Qadını
köməyə çağırıb,
tez əlavə bir iynə vurdu.
Həyəcanlı, narahat
dəqiqələr bir
qədər davam etdi. Xəstə yavaş-yavaş gözlərini
açmağa başladı,
halı özünə
gəldi. Hikkəli qadın sevinərək dərindən köks ötürdü:
- Allah, sənə şükür,
kişi əlimizdən
getmişdi...
Həkim
yenidən xəstənin
nəbzini, təzyiqini
yoxladı. Aparılan
müalicələr artıq
öz təsirini göstərirdi. Nəbzi də, təzyiqi də yaxşılaşırdı.
Qadir həkim bir qədər də qalıb xəstənin tam
yaxşılaşmasını gözləmək istəyirdi.
Lakin Təcili yardım
şöbəsindən qəfil
gələn zəng onu fikrindən daşındırmalı oldu.
Başqa xəstə üstünə çağırırdılar.
Yenidən xəstənin
nəbzini və təzyiqini yoxladı. Artıq vəziyyəti
tam yaxşı idi. Bu
dəfə özü
xəstəyə gözaydınlığı
verdi:
- Allaha şükür, vəziyyətiniz tam yaxşıdır.
Əlavə müalicə
də yazaram, sabahdan başlayıb elətdirərsiniz.
- Allah köməyin olsun, həkim, ölmüşdüm,
məni diriltdin.
Ay arvad, şalvarın cibindən pul gətir mənə, həkimə şirinlik verim.
- Heç nə lazım deyil. Şirinliyi neçə illər əvvəl vermisiniz.
- Nə vaxt, balam,
yadıma düşmür.
- Uşaq vaxtı qapınızda kubikləri
daşıyanda, bu barmağım qırılıb
bu hala düşəndə.
Həkim
əyri bitmiş barmağını göstərdi.
- Bıy başımıza xeyir, - hər ikisi qoşa dilləndi, heyrət içində donub
qaldılar.
...Qadir həkim başqa xəstə üstünə
çağırışa getdi...
Şirxan Aranlı
Ədəbiyyat qəzeti.- 2024.- 24 fevral, ¹7.- S.28.