Müharibədə casusluq edən, külü kitabxana divarlarına səpələnən, pyesləri ilə varlanan məhşur yazıçı Somerset Moem
Somerset Moem
21 roman, London, Nyu-York və Parisin ən yüksək dairələrinə
köçmüş, qısa
hekayələrin müəllifi,
dramaturq və tənqidçi idi. Yazıçı realizm janrında işləmiş,
naturalizm, modernizm və neoromantizm ənənələrinə diqqət
yetirmişdir.
Onun inanılmaz
hadisələrlə dolu
həyatı haqqında
onlarla kitab yazılıb. Lakin Moem özü haqqında yox, başqaları haqqında
yazmağı sevirdi və bu qaydadan
istisnalar etsə də, özünü qəhrəmanlarından ayırmağa
çalışırdı.
Somerset Moem 25 yanvar
1874-cü ildə anadan
olub. Atası Parisdə Britaniya
səfirliyində hüquqşünas
idi. Moem ingilis dilini
mənimsəməmişdən əvvəl fransızca danışırdı. Somerset ailənin ən kiçik uşağı
idi. Moemin özündən böyük üç qardaşı İngiltərəyə
təhsil almağa göndərildikdən sonra
o, valideynləri ilə
tək qaldı.
Moem anası
ilə çox vaxt keçirirdi və ona bağlı
idi. Moemin səkkiz yaşı
olanda anası vərəmdən həyatını
itirdi. Bu itki kiçik Moemin həyatında ən böyük şok idi. Sarsıntılar nitq qüsuruna səbəb oldu: Somerset kəkələməyə
başladı. Bu xüsusiyyət bütün
həyatı boyu onunla qaldı.
Moem on yaşında
atasını da itirdi. Ailə dağıldı.
Böyük qardaşlar Kembricdə
hüquqşünas olmaq
üçün oxudular
və Somerset bir əmi, bir keşişin
himayəsinə verildi.
Moem tənha
və qapalı böyümüşdü. Sinif yoldaşları
onu qəbul etmirdilər. Fransız dilli
Moemin kəkələməsi
və ləhcəsi məsxərəyə qoyulurdu.
Bu əsasda utancaqlıq
getdikcə güclənirdi.
Moemin heç bir dostu yox idi.
Kitablar internat məktəbində
oxuyan gələcək
yazıçı üçün
yeganə çıxış
yolu oldu.
On beş yaşında
Somerset əmisini alman
dilini öyrənmək
üçün Almaniyaya
getməyə razı
saldı. Heidelberg şəhəri
yazıçının özünü
ilk azad hiss etdiyi yer idi. Gənc Moem
fəlsəfədən mühazirələrə
qulaq asır, dramaturgiya oxuyur, teatra maraq göstərirdi.
Onun maraq dairəsinə Henrik İbsen, Artur Şopenhauer, İohann Volfqanq fon
Höte, Riçard Vaqner, Benedikt Spinoza, Pol Verleyn və Dante Aligyerinin əsərləri
daxil idi.
Moem on səkkiz
yaşında Britaniyaya
qayıtdı. Gələcək peşəsini seçmək
üçün yüksək
təhsil səviyyəsi
var idi. Əmisi onu ruhani yoluna
yönəltdi, lakin
Somerset Londona getməyi
seçdi və burada 1892-ci ildə Müqəddəs Tomas Xəstəxanasında
tibb fakültəsinin
tələbəsi oldu.
Təbabətin öyrənilməsi və
tibb təcrübəsi
Somerseti yalnız sertifikatlı bir həkim deyil, həm də insanları tanıya bilən bir yazıçı etdi. Tibb elmi
yazıçının üslubunda
öz izlərini qoydu. O, əsərlərində
nadir hallarda metaforalardan
və ya mübaliğələrdən istifadə
edirdi.
Ədəbiyyatdakı ilk addımlar zəif idi, çünki Moemin tanışları arasında onu doğru yola yönəldə biləcək
insanlar yox idi. Dram yazmaq texnikasını öyrənmək
məqsədilə İbsenin
əsərlərini tərcümə
edir, qısa hekayələr yazırdı.
1897-ci ildə onun ilk romanı - "Lambetli Liza" nəşr
olundu.
Henri Fildinq, Fyodor Dostoyevski, Çarlz Dikkens, Qustav Floberin əsərlərini təhlil
edən yazıçı
öz dövrünə
uyğun tendensiyaları
da diqqət mərkəzində
saxlamışdır. O, çox
çalışırdı və məhsuldar işləyirdi, beləliklə,
Moem tədricən ən çox oxunan müəlliflərdən
birinə çevrildi.
Kitabları böyük tirajla
satılaraq yazıçıya
gəlir gətirməyə
başlamışdı.
Moem insanları
öyrənir, onların
taleyindən və xarakterlərindən öz
əsərində istifadə
edirdi. Ən maraqlı şeylərin
gizli olduğuna inanırdı. Bu, Emil Zolanın əsərinin təsirinin hiss olunduğu
"Lambetli Liza" romanı
ilə təsdiqləndi.
"Xanım Kreddok"
romanında müəllifin
Mopassan nəsrinə olan həvəsi görünürdü. Yazıçı ilk dəfə həyat və sevgi haqqında
suallar verməyə başlamışdı. Moemin
pyesləri onu varlı adam
etdi. 1907-ci ildə
baş tutan "Ledi Frederik"in premyerası onu dramaturq kimi təsdiqləmiş oldu.
Moem teatrın
tərənnüm etdiyi
ənənələrə sadiq idi. Oskar Uayldın komediyaları onun üçün örnək idi. Somersetin pyesləri Bernard Şounun
düşüncələrinə bənzər ideyaların izləndiyi komik və sosial problemləri əks etdirən dramatik pyeslərlə ifadə olunurdu.
Yazıçının bəzi əsərləri
Birinci Dünya müharibəsində iştirak
təcrübəsini əks
etdirirdi. Moem təcrübə və təəssüratlarını
"Hərbi xidmətlərə
görə" və
"Ülgücün kənarı"
əsərlərində ifadə
etmişdi. Müharibə illərində o, Fransada avtosanitar bölmədə,
İsveçrədə Britaniya
kəşfiyyatının maraqları
üçün neytral
bölmədə və
Rusiyada olub.
Moem səyahət
etməyi sevirdi, Avropa və Asiya ölkələrində,
Afrikada və Sakit Okeandakı adalarda olub. Bu, onun daxili aləmini
zənginləşdirirdi, yaradıcılığında
istifadə etdiyi yeni təəssüratlar yaradırdı.
İngilis yazıçısının əsərlərində
realist və pessimist hisslər
nəzərə çarpır. Bu hisslər ətraf aləmin sərtliyi və sosial şəraitdə qəhrəmanların
mövcudluğu, dərin
dramatik münaqişələrlə
bağlı faciələri
ehtiva edir.
Yazıçının tərcümeyi-halına əsaslanan
"İnsan ehtiraslarının
yükü" romanında
bu kateqoriyalar birləşdirilib. "Ay və qəpik" romanında Moem rəssamın faciəsindən, "Rənglənmiş
pərdə"də alimin
taleyindən, "Teatr"da
isə, aktrisanın gündəlik həyatından
bəhs olunur.
Moem öyrənəndə ki,
müharibə zamanı
xüsusi xidmət orqanları yazıçıları
casusluq üçün
cəlb edir və onlar da, öz növbəsində,
tapşırıqların öhdəsindən
asanlıqla gəlir, lazımi əlaqələri
qururlar, o, bu ideyadan ruhlanmış, ancaq yazıçı bir şeyi nəzərə
almamışdı: o, utancaq
və çəkingən
idi, insanlarla yaxşı ünsiyyət
qura bilmirdi. Buna görə də
onun Rusiyadakı missiyası uğurlu alınmamışdı.
Yazıçının həyatında iki qadın olub. Sue Jones kimi tanınan Ethelvina Consu çox sevirdi. Onun obrazı "Tortlar və Ale" romanında istifadə olunub. Məşhur dramaturqun qızı olan Etelvina Moemlə tanış olanda 23 yaşlı, parlaq karyerası olan bir aktrisa
idi. O, ərindən yenicə ayrılmışdı
və yazıçının
qayğıkeşliyinə və nəzakətinə
tez təslim olmuşdu. Lakin yazıçı aktrisanın sərbəst
və azad düşüncə dolu həyatı ilə barışmadı və ondan ayrıldı.
Yazıçı ikinci dəfə
bir rahibin qızı ilə evlənir və 22 il birlikdə
yaşayırlar. Lakin bu evlilik də uğursuzluğa düçar
olur və cütlük ayrılmalı
olur.
Somerset Moem 92 yaşında
vəfat edib. Yazıçı
1965-ci il dekabrın 15-də Nitsa yaxınlığındakı bir
əyalətdə gözlərini
dünyaya əbədi
yumur. Ölüm səbəbi sətəlcəm
göstərilib.
Yazıçının yaxınları və dostları bildirirdilər ki, ölüm yazıçını çox
sevdiyi villasında haqlamışdı. Moem kremasiya edildiyi üçün dəfn olunmayıb. Onun külü Kenterberi Kral Məktəbinin kitabxanasının divarlarına
səpələnib. Bu
müəssisə onun
adını daşıyır.
Hazırladı: Tural
Cəfərli
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, №7.- S.32.