Açıq
söhbət
Arxivimi araşdırarkən
"Ulduz" (1993 ¹3) jurnalında Sadıq Elcanlının
Xalq yazıçısı Ənvər Məmmədxanlıyla
söhbəti diqqətimi çəkdi.
Yazıçının dediklərində
bu günümüzün ədəbi həyatıyla səsləşən
fikirlərini - o vaxt kiril əlifbasıyla çap olunmuş
bu mətni - çağdaş oxuculara təqdim etmək istərdim.
ANAR
Ənvər MƏMMƏDXANLI - 70
1913-cü
ildən yetmiş il keçdi.
Yetmiş
il ulduzların altından, dəryaların, dağların,
ruzigarın üstündən keçdi.
Görkəmli
yazıçımız, gözəl, təvazökar insan,
sevimli Ənvər Məmmədxanlının da yetmiş
yaşı tamam oldu.
Ənvər
Məmmədxanlının anadan olmasının yetmiş
illiyini qeyd etdiyimiz bu günlərdə zamanın güllə
kimi keçib getdiyini bir daha acı həqiqət kimi hiss elədik.
Öz-özümüzə dedik: "Necə oldu, insafın gəldi,
Ənvər müəllimi də qocaltdın, zalım
dünya".
Lap
uşaqlıqdan bizə tanış olan "Buz heykəl"
yadımıza düşdü. Bəlkə Ənvər
müəllimdən sonra gələn ədəbi nəslin
çoxu "buzlaşmış" bələyin içindən
çıxıb.
İndi
Ənvər müəllim ədəbiyyatımızın
üstünə ana bələyin üstünə əyilən
kimi əyilib.
Ənvər
müəllim bəlkə əlinə qələm alan
gündən, bəlkə insanın heykələ
döndüyünü yazdığı gündən taleyin hər
sınağına hazır olub, saçlarına qarlar yağıb,
üstündən ruzigar kimi zaman əsib, gecələrindən
ulduzlar kimi həftələr, aylar, illər axıb.
O
aydınlıq bir gecənin adamıdı.
Yetmiş
ildi üzü aydınlığa doğru min illərdən
uzanıb gələn bir yolu tutub gedir.
Xalq
arasında müqəddəs olan hər nə var, o cümlədən,
gözəl, insan adamlara heykəl deyirlər.
O,
gülən, ağlayan, ağrıyan sözün heykəlidir.
Bir
az da ürəkdə qalan, hələ deyilməmiş
sözün heykəlidir.
O
işığın heykəlidir.
Böyük,
gur, projektor işığının deyil, min illərdən
bəri yanan balaca, solğun bir şam
işığının heykəlidir.
Onun
iddiasız ömrü həmişə bu balaca şam
işığıyla işıqlaşıb.
İnanışa
görə yeddi də, on da müqəddəs rəqəmlərdir.
Yetmiş il müqəddəs yaşdır.
Deyirlər,
dünya yağmurdan sonra təzədən doğulur.
Zaman
da bir yağmur kimi!
Yaşayan
əsər, yaşayan söz hər bir nəsillə təzədən
doğulur.
Ənvər
Məmmədxanlı bir yazıçı kimi "Ulduz"un
gənc oxucularıyla yenidən dünyaya göz
açıb, sevinib, kədərlənib. Onun kədəri
gözə görünməyən, içəri axan kədərdi.
Sevinci isə ayaqyalın, başaçıq yağmur
içində, buludların altında qaçan bir az
yağmur, bir az da bulud olan, özündə dünya
gücü duyan günahsız və köməksiz bir
uşağın sevincidir.
Aşağıda
Ənvər müəllimlə söhbətimizi veririk.
- Sənətdə
sehr, "cadugərlik", məsələn, bəzi dini ayinlərdə,
şaman söyləmələrində, əsatir və miflərdə
olduğu kimi... İstəyirəm söhbətə bu
nöqtələrdən başlayaq. Oxucunu tilsimə salmaq, onu
mənəvi "əsarətdə" saxlaya bilmək - buna
yazıçı xoşbəxtliyi demək olarmı?
-
Dostoyevskinin paradoksal frazalarından biri budur ki,
(yaddaşımda ilişib qalanı deyirəm)
"İnsanın xoşbəxt olması üçün ona
nə qədər xoşbəxtlik lazımdırsa, bir o qədər
də bədbəxtlik lazımdır". Bunu bəlkə
daha artıq yazıçıya, sənətkara,
yaradıcıya aid etmək olardı. Yazıçı,
birinci növbədə, oxucu üçün yazır, eyni
zamanda özünüifadə prosesində içəri
dünyasını, mənəvi aləmini,
varlığı, qavrayışını bədii sözdə
realizə etməyə can atır - və beləliklə,
dediyi söz oxucunun ürəyində əks-sədasını
tapırsa - bu onun halal qazanılmış sevinc əppəyidir,
hisslərinin və düşüncəsinin səadətli
çağlarıdır. Brilyantın və sair
daş-qaşın çəki ölçüsü
karatdır, misqaldır, qramdır, yazıçı səadətinin
də ölçüsü dəqiqələrdər,
saatlardır, günlərdir. Bir də "böyük
xoşbəxtlər" ifadəsi var ki, bu, bəşər mədəniyyətinin
inkişafında çox uca zirvələri fəth etmiş
dahilərə aid bir epitetdir...
-
Söz sənəti sözə olan inamdan, söz sehrindən
başlayıb. Cadular və əfsunlar, bütlər və
Allahlar ən çox söz sehrinə söykənib; Allah
xofu söz xofundan başlayıb...
-
İnsan hələ çox qədim zamanlardan sözün
qüdrətini dərk etmiş və sözə sitayiş
etmişdir. İncil ədəbiyyatında söz, hətta
Tanrı məfhumu ilə eyniləşdirilmişdir.
"Başlanğıcda söz var idi və söz
Tanrının yanında idi və söz Tanrı idi".
Bibliya və dörd İncil isə müasir elm
üçün qədim Şərq ədəbiyyatının
ən böyük abidələrindən və bədii
sözün sərçeşmələrindən biridir.
Sözdə ölməzlik var, əbədi gənclik var,
söz dirilik çeşməsindən su içmişdir.
Doğma dilimizdə biz bədii sözün sehrinə, cadusuna
şifahi xalq yaradıcılığının bərəkətli
söz tarlasında, Füzulinin violonçel sədalı
şeirində, Mirzə Cəlilin xalq dilinin canverici axarı
ilə suvarılmış prozasında rast gəlirik...
-
Əsl sənət əsəri və şablon, yazı xatirinə
yazı: təəssüf ki, bizdə ikincilər birinciləri
üstələyir, həm həcmdə, həm də tərifdə,
məddahlıqda. Bizdə çap olunan və unudulan əsərlər
bolluğunu necə izah etmək olar?
-
Boz-bulanıq axın deyilən şey bütün ədəbiyyatlarda
olmuşdur, vardır və olacaqdır. "Çox işlənən
mallar" istehsalında keyfiyyət aşağı
düşəndə belə istehsalat dayandırılmır -
paralel olaraq keyfiyyət uğrunda mübarizə
başlanır. Bir var, yazmaq qrafomanlığı, bir də
var, yazmaq fədakarlığı. Birincilərin axını
gedir axmazlarda göllənir, ikincilər zamanın məhəkdaşı
sınağından keçir, milli sərvətə
çevrilir.
- Böyük
sənətkarlardan kimə qibtə edirsiniz?
Yazıçıya ustad lazımdırmı?
-
Yazıçıya ustad lazımdırmı? Yaratmaq
üçün əvvəlcə ustaddan dərs
almalıdırmı? Buna istər müsbət, istər mənfi
cavabım nə sizi təmin edər, nə özümü.
Desəm ki, yazıçıya dərs verən ustad həyat
özüdür, yaşadığı zəmanədir, bu da
ümumi söz olacaq. Qısaca onu deyə bilərəm ki,
institut, ədəbi təhsil, yaxud canlı müəllim və
ustad gənc yazıçıya necə yazmamağı
öyrədə bilər, necə yazmağı öyrədə
bilməz. Qibtə məsələsinə gəldikdə...
Budur, bir anlığa gəldi gözlərim
qarşısından Dostoyevskinin böyük kölgəsi
keçdi. Amma bədii möcüzə qarşısında,
dahi yazıçının tragik prozası
qarşısında duyduğumuz sarsıntıları qibtə
kimi bir sözcük ilə ifadə etsəydik, bu, bir cikkilti
kimi səslənərdi. Füzulinin simfonik faciəsi
"Leyli və Məcnun" qarşısında, yaxud
Mikelancelonun mərmərdəki mərsiyəsi
Pieta
qarşısında duyduqlarımızı pərəstiş
sözündən başqa nə ilə ifadə etmək olar?
Sənətin müqəddəs zülmünə son nəfəsinə
kimi davam gətirənlər ölməz əsərlər
yaradırlar... Budur, Dostoyevski haqqında bir çox dərin və
parlaq araşdırmalar var, amma yazıçının
dühasına daha dərindən nüfuz etmək yenə də
gələcəyin vəzifəsi olaraq qalır.
-
Dostoyevski öz məktublarında tələsə-tələsə
yazdığını, naşirlərlə
razılaşdığı vaxtda hər şeyə nail olmağa
çalışdığını etiraf edir. Doğrusu, məsələn,
kədərli cəngavəri xatırladan, Don Kixot
bulağından su içən Knyaz Mışkin öz
böyük fəlsəfəsində son nöqtəyə
çatmır...
- Fəlsəfi
axtarışlarda son nöqtə varmı? Əgər bu,
nöqsandırsa, Dostoyevskinin nöqsanları da dahiyanədir.
O, "dünyanı gözəllik xilas edəcəkdir!"
demişdir. Bu ülvi bir inamdır, amma bir hökm kimi həqiqətdən
çox uzaqdır. Yaxud yazıçının dilinə və
personajların dialoqlarına irad tutmaq olar ki, fərdiləşmə
prinsipi... gözlənilmir. Amma bir halda ki, yazıçının
dərin və ağır düşüncə yüklü
sözlərinin daxili enerjisi parçalanan atom kimi
şüalanır, burda ədəbiyyatşünaslığın
əlifba həqiqətlərinə ehtiyac qalarmı? Dünya ədəbi
tənqidi Dostoyevski adlanan müəmmanın hələ ətəklərində
axtarış aparır.
-
Söz ki tənqiddən düşdü, tənqid və tənqidçilər
haqqında, eləcə də müasir Azərbaycan tənqidi
haqqında fikrinizi bilmək istərdik...
- Hər
bir müasir ədəbiyyatın inkişafında ədəbi
tənqid təbii və zəruri bir amildir və bu prosesdə
tənqidin öhdəsinə düşən vəzifə nəcib
olduğu qədər də ağırdır... Amma psixoloji
planda qəribə cəhət odur ki, ən cüzi tənqidə
davam gətirməyən varlıqlara ən çox tənqidçilər
içərisində rast gəlmək olur. Bəzən də
belə olur ki, tənqidçi haqlıdır, amma tənqidə
məruz qalan yazıçı daha istedadlıdır. Bizim
bugünkü tənqiddə isə bir para tənqidçilər
yazılarını ekzotik terminlərlə doldurmağa o qədər
aludə olurlar ki, ədəbi dillərinin bərbad
olduğunun fərqinə varmırlar.
- Tənqidçinin
yazıçıya kömək edəcəyinə, yol
göstərə biləcəyinə
inanırsınızmı?
- Tənqid
bu və ya digər yazıçıya
yaradıcılığında rast gəldiyi
müşküllərdən xilas olmaq üçün yol
göstərə bilməz, resept verə bilməz. Daha
doğrusu, yol göstərə bilər (bu onun öz
işidir), amma yazıçının imdadına yetişəcək
yeganə bir kimsə varsa, o da yalnız
yazıçının özüdür.
-
Ədəbiyyatda üslub və dil məsələləri.
Böyük ədəbiyyatın hər hansı bir üsluba
ehtiyacı varmı?
-
Üslub və dil hər bir yazıçının fərdi
siması, sənətkarlıq xüsusiyyətidir, estetik
zövqünün göstəricisidir. Amma bədii
yaradıcılıq məsələsi riyazi
dürüstlüyə tabe bir məsələ deyil.
Çexov bir yerdə qeyd edir ki, frazaya o qədər tumar
çəkməlisən ki, nəhayət, fraza gülümsəməyə
başlasın. Digər bir yerdə tamamilə buna zidd bir fikir
irəli sürür ki, dili yalamaq, cilalamaq lazım deyil. Hər
iki mülahizədə həqiqət var, amma hər ikisində
bu həqiqət birtərəflidir. Sənət isə həyat
kimi heç vaxt birtərəfli həqiqətlərin,
donmuş ehkamların, məktəb məntiqinin darısqal qəfəslərinə
sığmaq istəməmişdir və
sığmamışdır. Bədii həqiqət
axtarışlarında sənətkarın bədii instinkti və
məzmunun tələbi hər dəfə bütün bu məsələləri
yenidən həll etməli olur. Elə həqiqi sənət əsərləri
var ki, "çılpaq" nəsr ilə
yazılmışdır və yenə elə həqiqi sənət
əsərləri var ki, "zinətli" nəsr ilə
yazılmışdır...
-
Yenidən Dostoyevskiyə qayıdaq. Dostoyevski hansı ciddi
üslub və bədii dil çərçivələrinə
sığır? O, öz müasiri olan, söz üzərində
dönə-dönə işləyən bəzi
yazıçılara istehza etmirdimi?
-
Söz üzərində işləyənlərə yox,
Turgenevin mənsur şeirini məşhur romanında parodiya hədəfi
etmişdi. Və bu, təsadüfi deyildi. Bir-birinin müasirləri
olan hər iki yazıçının bir-birinə daban-dabana
zidd əqidə və qənaətləri vardı. Digər tərəfdən,
bunu da qeyd etmək lazımdır ki, heç bir üslub
çərçivəsinə sığmayan Dostoyevski eyni zamanda
"həmişə ədəbiyyatçıdır və
romantikdir" - həm də oxucunun marağını
körükləyən, oxucunun yaxasını əldən
buraxmayan "qarayaxa" bir janrdan, detektiv janrından istədiyi
qədər bəhrələnmişdir.
Deməli,
üslub hadisəsini təkcə sözlərin
düzülüşüylə, deyilişiylə
hüdudlandırmaq özünü doğrultmur: necə deyərlər,
bəzəkli söz hələ bədii ədəbiyyat deyil.
Nəsrin başqa bir nəhəngini - Folkneri götürək.
Onun əksər əsərlərində zaman və məkanın
konkretlikdən çıxması, şərtiliyi, demək
mümkünsə, anarxizmi orijinal, təkrarsız üslubdan
xəbər verir. O, adicə bir fərddən danışanda
da insanlığı yaddan çıxarmır...
- Azərbaycan
ədəbiyyatının şah əsəri
yazılıbmı?
-
Füzulinin "Leyli və Məcnun" poemasını Azərbaycan
poeziyasının şah əsəri hesab edirəm.
- Bəs
nəsrimizin şah əsəri hansıdır?
- Nəsrimizin
inciləri kimi "Aldanmış kəvakib" və
"Danabaş kəndinin əhvalatları"ndan
başlayaraq, bu günə kimi bir çox hekayə və
povestlərin adlarını çəkmək olar...
-
Böyük Azərbaycan romanı yazılıbmı?
-
Roman janrı nəsrimizdə hələ çox gəncdir.
Böyük ispan romanı var. Böyük rus romanı,
böyük fransız romanı var. Əminəm ki, nəsrimiz
də dünya ədəbiyyatına böyük roman təqdim
edəcəkdir.
- Mənə
elə gəlir ki, Füzuli ilə Cəlil Məmmədquluzadə
bir-birinə yaxındır, qohumdur, bir-birini tamamlayır;
Füzulinin poeziyamızda etdiyini Mirzə Cəlil nəsrimizdə
edib. Milli-mənəvi dünyamızda Füzuli və Cəlil
Məmmədquluzadə ənənəsi (zahiri yox, daxili,
genetik-psixoloji ənənə) sizi qane edirmi?
-
Füzuli şeiri kimi Nazim Hikmət şeiri də istər ənənə
daxilində, istərsə də ənənə xaricində
dünya poeziyasının hadisələridir. Yaxud Mirzə Cəlilin
"Anamın kitabı" və Cavidin "Şeyx Sənan"ı
- biri Azərbaycan realizminin, digəri Azərbaycan romantizminin
yaratdığı böyük əsərlərdir.
-
Müasir nəsrimizdə parodiyaya yer verərdinizmi?
- Bir
çox böyük sənətkarlar parodiya janrına
müraciət ediblər. Sabir şeirindəki, Mirzə Cəlil
nəsrindəki hədəfə sərrast atəş
açan parodiyaları xatırlasaq, kifayətdir...
- Nəsrimizin
belə qüdrətli qüvvəyə qovuşacağına
inanırsınızmı?
- Ədəbiyyatımızda davam edən
yüksəliş prosesləri yaxın gələcəkdə
böyük bədii nailiyyətlər vəd edir; inanıram
ki, bədii nəsrimiz də bütün janrlarda qüvvətli
əsərlər yaradacaqdır və yaratmaqdadır.
-
Lakin nəsrimizdə elə sahələr var ki, ciddi
narahatlıq doğurur. Azərbaycan nəsri üçün
hələ də yad olan elmi-fantastikanı nəzərdə
tuturam. Yusif Vəzir Çəmənzəminlinin "Təzə
şəhər" hekayəsini, Anarın "Əlaqə"
povestini və bir neçə digər nümunəni
çıxmaq şərtiylə bizdə elmi-fantastik ədəbiyyat
yox dərəcəsindədir. Yanılmıramsa, indiyə qədər
elmi-fantastik romanımız yoxdur. Sizcə, bunun səbəbi nədir?
-
Elmi-fantastik bədii nəsr (hekayə, roman və s.)
yaradıcılarından dürüst elmlər sahəsində
çox əsaslı və geniş spektrli bilik həcmi tələb
edir; burda, məsələn, nəzəri fizikanın
"çılğın ideyalarından" tutmuş,
molekulyar biokimyanın canlı hüceyrə yaratmaq sahəsindəki
xarüqəli eksperimentlərinə qədər məsələnin
məğzinə fəlsəfi baxış və dərindən
nüfuz etmək zəruridir. Bu baxımdan, müasir ingilis,
rus və polşa elmi-fantastik ədəbiyyatında
yaradıcı fantaziyanın gücü və bədii səviyyəsilə
fərqlənən bir çox maraqlı əsərlər
vardır...
-
Sizin sözünüzə qüvvət, elmi-fantastik ədəbiyyata
girişmək üçün ciddi elmi-texniki bilik lazımdır;
hər cür macəraçılığa, uydurmaya bu ədəbiyyatın
etiketi vurula bilməz. Bir neçə il bundan əvvəl
"Panqeyanın övladları" adlı bir povest kitab
halında çap olunmuşdur. Elmi-fantastik ədəbiyyatın
nümunəsi kimi təqdim olunan həmin povestdə adi fiziki
qanunauyğunluqlar pozulur; təsəvvür edin ki, təbiətdə
ifrat soyuq maddələr - nəhəng daşlar yanında
çiçəklər açır, yaz havası hökm
sürür...
-
Elmi-fantastik bədii ədəbiyyatda hadisələr ifrat
uzaqlarda, "qaçışan, uzaqlaşan" qalaktikalarda
cərəyan etdiyi kimi, çox yaxında, insan beyninin sirli dərinliklərində
də cərəyan edə bilər - çünki insan beyni
milyon-milyon illər əvvəl sönmüş ulduzların
"dəfn" edildikləri fəzaları kəşf etdiyi
kimi, atomun için-içalatın çözüb, saniyənin
milyonda biri qədər ömrü olan elementar hissəcikləri
də ovlaya bilmişdir, - amma öz içindəki on-on
beş santimetr dərinlikdəki girdablara hələ də əli
çatmamışdır. Yaxud elmi-fantastik bədii ədəbiyyat
əsəri şüurardının qaramat dünyasında
başmaq seyrinə çıxıb,
"özümüzün özümüzə
oxşamadığımızı" bizə göstərə
bilər...
-
Ənvər müəllim, elmi-fantastik ədəbiyyata şəxsi
yaradıcılıq münasibətiniz? Nə vaxtsa bu janrda əsər
yazmaq istəmisinizmi?
- Bu
planda yazılmış bir pyesim var: əsərin əsas
personajı "düşünən maşındır".
Üç nəfər gənc konstruktorun kibernetik
röyalarından ibarət komediya janrında bir
fantaziyadır. Pyes çoxdan Mədəniyyət Nazirliyi tərəfindən
qəbul edilmişdir... Gənc rejissorlardan biri pyeslə
maraqlanmışdır, pyesi məndən alıb
aparmışdır, amma hələ də nə geri
qaytarır, nə də riskə gedib işə başlayır...
-
Yeri gəlmişkən, çapa vermədiyiniz əsərləriniz
varmı?
-
Var, amma bu barədə söhbət uzun çəkərdi.
"Heç bir şey çap elətdirmədiyim
üçün ən çox mən özüm
yorulmuşam" - deyə Heminquey vaxtı ilə bir dostuna bir
məktub yazmışdı...
-
Sizi ədəbiyyata, sənətə səsləyən nə
oldu? Necə oldu ki, yazmağa başladınız?
-
Dönüb geri baxanda uşaqlıq və ilk gənclik illərində
zaman-zaman ürəyində baş qaldıran səbəbsiz təlaş
və qüssələr şiddətinin səndən nə
istədiyini ifadə etmək üçün indi belə
söz tapa bilmirsən... Günlərin, həyatın, məişətin
adiliyindən qurtuluş istəyirdi ürək... 1926-cı
ildə Göyçayda birinci dərəcəli adlanan məktəbi
qurtarıb 13 yaşında Bakıya gəldim... "Qəlpələr"
adlandırdığım qara cildli dəftərlərin
birincisində ilk qeydlərim haman 1926-cı ilə aiddir...
Bakıda Sənaye Texnikumunda oxudum. "Qəlpələr"
adlı dəftərlərimdəki yazılar, bəziləri
mənsur şeirə oxşar parçalar gündən-günə
çoxalırdı... İndi artıq bir çamadan dolusu o
ümumi dəftərlər içindəki hərc-mərclikdən
"Yazmalıyam! Yazmalıyam!" nidası ilə
vurğulanmış bir çox vərəq tapmaq olar. Olar,
amma tənbəlliyimlə əlbəyaxa olmadığım
bir günüm Yadıma gəlmir...
-
İlk dəfə kimləri oxudunuz?
-
Böyük kitabları, dünya ədəbiyyatının
nümunələrini mənə təqdim edən Bakı
oldu; Sabir adına kitabxana oldu. O kitabxananı hər vaxt minnətdarlıq
hissiylə yad edirəm. İlk oxuduğum kitablar içində
Mirzə Cəlilin, Seyid Hüseynin, Divanbəyoğlunun, Cek
Londonun, Qorkinin, Belyayevin əsərlərini
xatırlayıram...
-
Otuzuncu illərdə yazılmış "Əfsanəli
dağlar", "Ayrıldılar", "Bakı gecələri"
və başqa uğurlu hekayələr ədəbiyyata
orijinal dəst-xəttə malik yazıçı gəldiyindən
xəbər verirdi. Ənvər müəllim, bu illərdə
necə yaşayır və işləyirdiniz?
-
Ədəbiyyata 1934-cü ildə çap olunmuş
"Burulğan" povesti ilə gəldim (sadəlövh və
zəif bir şeydir, ikinci dəfə heç vaxt çap
etdirməmişəm, unutmaq istəmişəm, amma
başlanğıcı xəbər verdiyi üçün hər
dəfə yadıma salırlar). O vaxt Qaraşəhərdə
Montin adına zavodda texnik vəzifəsində işləyirdim.
İndiki Neft-Kimya İnstitutunun axşam şöbəsində
oxuyurdum. Qıtlıq və qəhətlik ili idi. Üzgün
və xəstə günlərim olurdu. Həkimin təkidi ilə
institutdan bir il möhlət aldım... Təəssüf ki,
sonra ora qayıtmadım... Daha sonralar "Azərnəşr"də
tərcüməçi kimi işləməyə
başladım. Ruscadan tərçümə etdiyim çox əsərlər
var. Flober, Stendal, Tolstoy, Puşkin, Qorki, Drayzer və sayı
yadımdan çıxmış onlarla pyeslər - mənim
qara çörəyim həmişə tərcümədən
çıxıb...
- Necə
oldu ki, tarixi mövzuya müraciət etdiniz?
-
Tarix həmişə məni maraqlandırıb. Doğma
yurdumun tarixi və ümumdünya tarixi. Mütaliələrimdə
çeşidli tarixçilərin əsərləri xeyli yer
tutub - Herodotdan başlamış, Bakıxanova qədər...
Sonra tarixin fəlsəfi problemləri haqqında
düşüncələr: nədir tarix? Bu suala öz
cavabımı tapmaq istəmişəm...
-
Ümumiyyətlə, tarixi mövzuya münasibətiniz...
-
Tarixi mövzu bütün ədəbiyyatların
inkişafında mühüm rol oynamışdır. Söhbət,
əlbəttə ki, həqiqi və böyük sənət əsərlərindən
gedir. Məsələn, Şekspirin faciələri, yaxud Tolstoyun
"Hərb və sülh"ü və ya Floberin
"Salambo" adlı zinətli romanı... Digər tərəfdən,
dünya ədəbiyyatında tarixi mövzuda
yazılmış saysız-hesabsız romanlar var ki,
maraqlı, macəralı süjetləriylə oxucuya
yalnız əyləncəli mütaliə təqdim edir,
bunların böyük əksəriyyəti "nəfis ədəbiyyatdır",
böyük və həqiqi sənət əsərləri
deyil. Demək istəyirəm ki, hər bir milli ədəbiyyatın
inkişafında tarixi mövzular nəsri yox, müasir
mövzular nəsri həlledici rol oynayır. Dostoyevski qaranəfəs
yazdığı dahiyanə roman və povestlərinin
hamısında müasir mövzuları işləmişdir və
zamandaşı olduğu gerçəkliyin cəhənnəmi
problemləriylə əlbəyaxa olmuşdur. Bu gün isə
tarixi mövzu, yəni qeyri-müasir bir şey birinci növbədə
ən müasir yazı səviyyəsi tələb edir və
epoxa özü personaj kimi, bədii obraz kimi tarixi-bədii əsərdə
iştirak etməlidir. Və nəhayət, tarixi roman fəlsəfi
tutumu, bədii nailiyyətilə müasir ədəbi prosesin
qaynarına daxil ola bilər...
-
Tarixi mövzuda yazılmış əsərlərdə
tarixçi dəqiqliyini, yoxsa, sənətkar təxəyyülünü
əsas hesab edirsiniz?
-
Deyir, sən südlü inək ol, sonra vur sərnici
sındır. Tarixi dəqiqliyə bu və ya digər dərəcədə
riayət edilməməsinə əldə edilən bədii
nailiyyət bəraət qazandıra bilər. Təəssüf
ki, tarixi mövzuların ehtikarına da tez-tez rast gəlirik,
necə deyərlər, ayranındır, şorundur, indi
növbət korundur...
-
Hansı əsərinizi özünüzün ən
yaxşı uğurunuz hesab edirsiniz?
- Bu
barədə bir çox yazıçılar demişdir, mən
də təkrar edirəm: heç birini! Özünə inamla
özünə inamsızlıq, ümid ilə ümidsizlik
arasında çırpınır yazıçı
bütün ömrü boyu...
-
İmkanınız olsaydı, əsərlərinizi yenidən
yazardınızmı?
-
Bilmirəm, ömür limitindən nə qədər
qalıb, amma bu dözülməz zəhmətə
qatlaşardım. Bəzi yazılarımı
büsbütün ləğv edərdim, bəzilərini isə
yenidən yazardım...
-
Əsər üzərində necə işləyirsiniz?
Əsəri yazıb qurtarandan sonra tükəndiyinizi, bir daha
heç nə yaza bilməyəcəyinizi hiss edirsinizmi?
-
Əksinə, bir əsər üzərində işlərkən,
başımda növbəyə duran o biri bədii niyyətlər
qısqanclıq edir, məni rahat qoymur ki, nədir o yazdığın,
nədirsə, tez yaxa qurtar ondan, yaxud at getsin, çünki
sorağında olduğun əsl sözünü bizimlə,
bizimlə baş-başa qalanda tapacaqsan və
yaşanmış ömrünün son mənasını dərk
edəcəksən... Bu zaman üzərində işlədiyim
əsər də dil açır, qabarır, "şeytan vəsvəsəsinə
uyma" deyir, əldən qalan əlli il qalar, necə ki, bir
çoxları qaldı... Bir sözlə, hər bir
yazıçının özünəməxsus dəli-divanəlik
dəqiqələri var...
- Bəs
təcrübə, çoxillik yazı səriştəsi?..
-
Ədəbi təcrübə! Hər dəfə yeni bir
şey başlayanda sıfırdır ədəbi təcrübə
mənim üçün. Başlanğıcda bəlkə
heç bu qədər çətin deyildi, amma indi, yəni
illər keçdikcə daha çox artan bir çətinliklə
yazıram. Gündüzün yazdığına gecə
baxır, qaşlarını çatır, gecənin
yazdığına gündüz baxır, ağzını
büzür.
- Bu
anların kiçicik bir təsəllisi ələ
düşməz...
-
Yazıçı üçun mövzu yoxluğunu, yaxud
yazıçının bütün istədiklərini
yazıb qurtardığını təsəvvür edə
bilmirəm...
- Bir
də var, öz sevimli yazıçısının
susduğunu görən oxucu...
- Son
illər aldığım oxucu məktublarının sayı
nə qədər azalmışdırsa, əvəzində
yazıçı kimi mənə adres olunmuş acı məzəmmətlər
bir o qədər çoxalmışdır. Bu,
özümün-özümə qarşı münasibətimin
əks-sədasıdır...
-
Oxucu məktubu dediniz, vaxtı ilə sizə məktub yazmaq
istədiyim yadıma düşdü...
- Sənət
qarşısında ilk heyrətim, ilk sarsıntım sizin
"Qızıl qönçələr"inizdən
başlayıb. Doqquz-on yaşım olardı, hardansa,
1960-cı ildə çap olunmuş bircildlik seçilmiş əsərləriniz
əlimə düşmüşdü. Təbrizdə
yazılmış o kədərli hekayəni oxudum. Və
gözlərimizin qabağından Təbrizin köhnə məhəllələrindən
ağca qar içində donmuş qızcığazın təbəssümü
çəkilmirdi.
Açığını
deyim ki, sizinlə görüşməzdən əvvəl o
hekayəni təzədən oxudum və yenidən həyəcanlandım,
sarsıldım. Bu dəfə sözə qənaət, məna
çoxluğu, dil aydınlığı, bir sözlə, ədəbiyyatçıların
sənətkarlıq adlandırdıqları bədii keyfiyyətlər
daha çox valeh etdi məni: "Qızın üzünə
ağ kəlağayı kimi bir yuxu qonmuşdu: bu, onun on səkkizinci
baharının yuxusu idi" ("Qaralmaz günəş");
"...nəfəsi bir şüşə kimi
qırılıb ayaqları altına
tökülür..." ("Buz heykəl"); "Bu
etinasızlığı görən bahar gecəsi dərindən
köksünü ötürür, qıza yalvarır, sehrli
pıçıltılarla onu öz ağuşuna, ağ
ulduzlar altına səsləyirdi" ("Ay
işığında"). Sevən qızın "ay
işığından küsməyini", yaz
havasının "məhəbbət duasını
andıran qızdırmalı
pıçıltıları"nı eşitdim,
"solğun və qüssəli gəlini andıran
payızı" gördüm və heyrətləndim...
Və
öz-özlüyümdə qət etdim ki, sizdən
soruşum: yazıçı üçün ən əsas
keyfiyyət nəyi hesab edirsiniz?
- Cəsarəti
və öz ürəyindəki həqiqətə sədaqəti!
Rəsul Rzanın belə bir misrası var ki, "insanda insan
oyadın!" Yazıçı oxucusunu mənəvi
ucalığa, şücaətə, yüksək ideallara
doğru çağırmalıdır. "Həyatın
tacı şücaətdir" - demişdir Engels...
- Cəsarət
həmişə lazımdır. Dahi K.Marks deyirdi:
"Xalqı cəsarətləndirmək üçün onu
özü-özündən dəhşətlənməyə
məcbur etmək lazımdır". Bizdə bu dialektik yolun
böyük yolçusu - klassik Cəlil Məmmədquluzadə
sənəti var. Bir də bitməz-tükənməz xalq
yaradıcılığı qaynaqlarımız - böyük
dünyamız var. Müasir yazıçının o
böyük dünyaya, şifahi xalq ədəbiyyatına
üz tutmasına necə baxırsınız?
-
Böyük alman şairi Höte öz "Faust"unu xalq əfsanələri
əsasında yaratmışdır... Azərbaycan
dramaturgiyasının ən gözəl əsərlərindən
biri olan "Pəri cadu" dramında folklor fantastikası
elementlərindən istifadə olunmuşdur.
Yazıçı folklordan bəhrələnə bilər,
bir şərtlə ki, bayağılığa yol verməsin,
birinci növbədə, bədii söz
ustalığını folklorda dərk etmiş olsun. Bircə
misal: bütün tarix boyu bəşəriyyəti
düşündürən suallardan biri də bu olmuşdur
ki, nədir həyatın mənası, nə
üçün dolur bu dünya, nə üçün
boşalır? Belə suallara əbədi suallar, yaxud Tanrı
qarğımış suallar deyirlər.
Bayatılarımızdan birində isə bu əbədi sual
bir quşun diliylə bütün varlığa və
yoxluğa adres olunmuşdur:
Bir
quş çıxdı dəryadan,
Xəbər
aldı dünyadan:
Əgər
bir gün öləcəkdim,
Neçin
doğdum anadan?
Bədii
sözün sehri, cadusu, fəlsəfi, əbədi bir
sualın xalq bədii düşüncəsindəki bu poetik
ifadəsi misilsizdir. Quş göydən enmir, yaxud ağac
budağına qonub banlamır, quş dəryanın sirli dərinliyindən
çıxır, çünki belə bir sualı verəcək
quş dəryadan çıxmalı idi və sualını
da insana yox, məhz bu qoca dünyaya, kainata,
varlığa-yoxluğa verməli idi. Bədii zövqə,
forma ilə məzmunun vəhdətinə heyran qalmamaq
mümkün deyil. Bir yazıçı kimi iftixar hissi ilə
deyərdim ki, Azərbaycan folkloru qədər formaca zəngin,
məzmunca dərin folklora az-az rast gəlmək olar!
- Son
sualımız: gənclərə nəyi arzulardınız?
-
Düşünməyi və yamanlığa qalib gəlməyi.
Belə bir kəlam var: "İnsan yalnız əppəknən
yaşaya bilməz..."
Söhbəti
yazdı: Sadıq Elcanlı
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, ¹25.- S.4-5; 6.