Nigaran ömür – Nigar Rəfibəyli

 İyulun 9-u Azərbaycanın Xalq şairi, şeirləri ilə çağdaş poeziyamıza böyük töhfələr bəxş edən Nigar xanım Rəfibəylinin anım günüdür. "Nigaran ömür" adlı yazımı çağdaş poeziyamızın təravətli şairi, yenilikçi düşüncə sahibi Nigar xanıma ithaf edərkən, həm də bu sətirlərimi "Ədəbiyyat qəzeti"nin sayğıdəyər oxucuları ilə bölüşmək istədim. Əslində, Nigar xanımın yaradıcılığı və şəxsiyyyəti ilə ilk tanış olduğum mənbələr Anarın "Sizsiz" xatirə-romanı və akademik Rafael Hüseynovun "Rəfibəylilər" kitabları olub. "Nigaran ömür" adı da məhz Nigar xanımın böyük mənada nigaranlıq dolu ömür yaşaması ilə bağlıdır. Ərz edim ki, hər iki əsərdə Nigar Rəfibəyli şəxsiyyətinə böyük mənzərələr açılır. Bu mənzərələrə birgə boylanmağa varsızmı?

 

"Dağları duman alanda, gül yanağın solmasaydı, sənə Nigar deyərdim mən, narın çiçəklər solanda, gözün yaşla dolmasaydı, sənə Nigar deyərdim mən, 23 il doğma Gəncənə həsrət qalanda, könlün xarab olmasaydı, sənə Nigar deyərdim mən. Baxışından, yerişindən Nigara bənzədirəm, qərib, səni".

- Bənzəməzmi? 23 il sonra, 1954-cü ildə Gəncəyə qovuşanda çox güman ki, bu sətirlərlə qarşılayıb Kəpəz onu. O yerlərdən Gəncədən başlayıb Nigar xanımın ilk hüsranı, ilk acısı. Nigaran sətirlərinin ilk abzası gözəlim, əzəlim Gəncədən başlayıb.

 

Çıxdım Kəpəz dağına,

Baxdım cənnət bağına.

Bənövşə calaq olub,

Qızılgül yarpağına.

Çıxaram dağlara mən,

Yerim yoxdu qaçam mən.

Ürək ki, süfrə deyil,

Hər gələnə açam mən.

Gəncənin gədikləri,

Şəkərdir yedikləri.

Yadıma bir-bir düşür

Yarımın dedikləri.

 

Ulu nəslin, mötəbər şəcərənin övladı idi Nigar Rəfibəyli. Bu soyadı daşıyanların bir amalı olmuş tariximizdə - xeyirxahlıq etmək. Ona görə də Gəncənin hər küçəsində, hər cığırında bu nəslin nəcib əməllərinin nişanələrini görmək mümkündür. Hacıbəylilər, Bədəlbəylilər, Şeyxzamanovlar, Rüstəmbəylilər, Bakıxanovlar, Ziyadxanovlar kimi Rəfibəylilər də bu millətin pənah yeri, güman yeri olmuş tarix boyu. Nə yaxşı ki, bu cür soyadlar təkcə mübarək soylarını yox, həm də üstün əməllərini həkk ediblər ömrümüzə. Rəfibəylilər də olsun onlardan biri. Azman bir el ağsaqqalı Ələkbər bəyin nəvəsi, doktor Xudadat bəyin qızı idi Nigar xanım. Gəncəbasar üçün, ümumən Azərbaycan üçün "Xudadat bəy Xudanın bir sovqatı idi " - desək, yanılmarıq. Amma nəsibində Cümhuriyyət dönəminin ilk şəhidi olmaq da vardı. Nəslinin etdiyi savab işlərin təkcə şahidi yox, həm də müəlliflərindən idi. Zatən, bu nəslin boyuna xeyirxahlıq, yaxşılıq kimi, həm də məlalı günlər, acınacaqlı, mənhus illər biçilmişdi. "Ayrılıq" sözü Nigar xanım üçün ümumişlək sözə çevrilmişdi. Nanəcib çərxi-fələk bu zəhləmgetmiş, eybəcər, kifirsifət sözü ona elə əzbərlətmişdi ki, gecənin ortasında yuxudan qaldırsaydılar da, gözüyumulu əzbər söyləyərdi. Ah, üzüdönük tale, bircə acı vermək şakərin olmasaydı, sənə "sağol!" deyərdim mən, belə mələkxislət insanlarla uğraşmasaydın, sənə "var ol!" deyərdim mən...

İztirablı günlərin səngiyən məqamları Bakıya təsadüf edir. 1928- ci ildə Nigar Rəfibəylinin "Dan ulduzu" jurnalında "Çadra" şeirini nəşr etdirməsi poeziyamız üzərindən siyah örpəklərin qaldırılması idi. Bu, böyük Cəfər Cabbarlıyla bir səfdə dayanıb "Arvad nədir, oturub saman çuvalı kimi evin bir küncündə, nə ölüyə hay verir, nə diriyə pay" - deyənlərə qarşı mücadilə idi.O mücadilədə Nigarın yanında Rəsul, Rəsulun yanında Nigar vardı. Nigar Gəncə qovağıydı, Rəsul Göyçay çinarı... Tənha günlərdə, məşəqqətli illərdə bir Gəncə qovağının munisi bir Göyçay çinarı olmazmı, əcəba?!.

Rəsul üçün Nigar gözəl yardı. Bunu mən demirəm ki! "Məktublar" şeir toplusu deyir. 30-cu illərdə 5 il müddətinə ərsəyə gəlmişdi bu şeirlər. Bu məktubları "Səndən sənə" də adlandıra bilərik. Burada 21 yaşlı bir gəncin 18 yaşlı başqa bir gəncə lətif duyğuları görünür.Təkcə görünmür ki, həm də sevən bir qəlblə etiraf olunur. "Tanış olaq" müraciətinin qarşılığını "bir misra nöqtə işarəsi" bəzəyəndə yəqin ki, Rəsul müəllimin nələr keçirdiyini anlamaq olar. Amma o nöqtə dolu sətirlərdən sonra da Rəsulun Nigara olan kövrək hissləri öləzimədi , vaxt gəldi, 1976-cı ildə "Sevinəndə sevincim" şeirini nəşr etdirdi.

 

Bir gün səni görməsəm, könlümdə tufan olur,

Səni qəmli görəndə ürəyim şan-şan olur.

Məhəbbətin yolunda qəm olur, hicran olur,

Sən məni bu sevdanın yollarına salansan,

Sevinəndə sevincim, ağlayanda nalamsan.

Gözlərini yumanda könlüm toranlıq olur,

Gülüşün, xoş baxışın nədən bir anlıq olur?

Həsrətindən gözümdə dünya qaranlıq olur.

 

Elə Nigarın da sevinəndə sevinci Rəsul müəllim, övladları, nəvələri idi. Onlara məhəbbəti az olmadı, azalmadı. Doğmalarına olan sevgisi bütöv oldu, bir an da olsa bölünmədi. Rəfibəylilərin zamanımıza qədər olan bir yaxşılıq körpüsünün adı Nigardı. O körpüdən düz keçdi şair xanım, məğrur keçdi. Keçərkən, sevənlərindən xəbər gətirən əsən yellərin salamını almağı da unutmadı.

Rəsul Rzaya nöqtələrlə ünvanlanan "sevirəm" anlamına gələn nöqtələrdən bəhs etdim bir qədər öncə. Bu nöqtələr nəyinsə sonu deyil. Bu nöqtələr Nigar xanımın ruhu üçün bir sevgi etirafıdır. Oxucu sevgisinin sonu yox, başlanğıcı, davamıdır bu nöqtələr, Nigar xanım... Sizə çoxlu nöqtələr diləyi ilə...

Aha, əziz oxucu, nöqtələr səddini aşdığınızı görürəm, Nigar xanım haqqında yazdığım sətirləri necə oxuduğunuza, sanki tanıqlıq edirəm. Aha, elə indicə oxumağa başlayırsız, düz tapdımmı?

- Nigaran ömür - Nigar Rəfibəyli...

- Düz yoldasız, davam edin!

- Dağları duman alanda...Gül yanağın solmasaydı... Sənə Nigar deyərdim mən...

- Aha, yenə davam edirsiz...

- Narın çiçəklər solanda...Gözün yaşla dolmasaydı... Sənə Nigar deyərdim mən...

O zaman Nigaran ömrün sahibi Nigar Rəfibəyliyə sevgi və sayğılarla!

 

Turan Uğur

 

Ədəbiyyat qəzeti  2024.- 6 iyul, №25.- S.6.