Ədəbiyyatımızın
Nigarı
Nigar Rəfibəylini həyatda görmüşəm. Azərbaycan ədəbiyyatının
qadın yazarları arasında xüsusi yeri, əsərlərinin
sənətkarlıq cəhətdən xüsusi çəkisi
olan qadın sənətkarımız idi. 70-ci illərin
ortalarından Azərbaycan Yazıçılar Birliyində
çalışdığım illərdə Mədinə
Gülgün, Əzizə Cəfərzadə, Hökümə
Bülluri, Xalidə Hasilova, Mirvarid Dilbazi, Xanımana Əlibəyli
kimi dövrünün tanınmış qələm sahibi
olan xanımlarla şəxsi ünsiyyətim,
tanışlığım olmuşdu, amma Nigar Rəfibəyli
ilə olmamışdı. Onu sadəcə, tədbirlərdə
- bir-iki dəfə Filarmoniyada görmüşəm. Elə o gördüyüm şəkildə də
yaddaşımda qalıb. Səmimi
baxışları, sakit, təmkin dolu çöhrəsini
unutmuram. Və həmişə də
ekranda Nigar Rəfibəyli ilə bağlı nümayiş
etdirilən verilişləri maraqla izləmişəm. Nədənsə, o xanımda sözlə ifadə
edə bilmədiyim, məni çəkən nəsə
vardı... yaradıcılığı haqqında dəyərli
araşdırmalar aparmışam. Azərbaycan
ədəbiyyatının 60-cılar nəslinin
yaratdığı ədəbiyyata qədər yetişən
o böyük sənətkarlarımız arasında
özünəməxsus xüsusi yaradıcılıq keyfiyyətlərinə
malik olan Nigar Rəfibəyli yaradıcılığı
haqqında da sözümü demişəm.
Nigar xanım həyatın hər cür
üzünü görmüş, böyük sənətkar
idi. Repressiya
illərinin dəhşətini uşaqlığından
yaşamışdı, həyat onu elə
uşaqlığından sərt sınağa çəkmişdi,
zamanın sərt üzünü görmüşdü, amma
mübarizə dolu bu həyatda mübariz bir insan kimi ayaq
üstə dayanmağı, yaşamağı, cəmiyyət
üçün, xalq, dövlət üçün dəyərli
bir insan kimi yaddaşlarda əbədi qalmağı
bacarmışdı. Nigar xanımın əsərlərində
onun qəmi, qüssəsi, çəkdiyi həyat əzabları
var...
...Nə
ata çörəyi yedik,
nə
gördük qardaş sovqatı.
Qamçıladı
bizi acı-acı
sərt
üzlü yetimlik həyatı.
Nigar xanım zamanın ona yaşatdığı
ağrı-acıları, şirinli-acılı ömrü qələmindən
çıxan əsərlərində ifadə edib. O, çevrəsi ona dar gələn
mətbəxdə quş kimi qanadlı, azad ilhamının
daxilən ona verdiyi narahatlığı dilə gətirməklə
yanaşı, özü də bilmədən ədəbiyyatımızın
ən az işlənən
mövzularında elə əsl sənətkar olduğunu
sübut edir. Əsl qadın olmaqla yanaşı, əsl sənətkar
kimi "mətbəx şeirləri"ndə bütün
daxili duyğularını verə bilir, içindəki
işıqlı nurunda bu həyatın hər sahəsində
olduğu kimi, ona mənsub olan mətbəxində bir başqa
aləmi "kəşf" edə bilir. Qadın taleyini,
ziyalı qadın taleyini...
Bütün
günü yu, sil,
bişir-düşür.
Birinin
qismətinə
yüksək masa arxasında oturmaq,
Birinin
qismətinə
qab-qacaq
yumaq düşür.
Amma Nigar xanım bunun da gözəlliyini duyur. Müqayisələr
aparır. Gəldiyi qənaət var. Bilir ki, "bəzən
yüksək məclislərdən/daha parlaq,/daha
təmiz olur/adi mətbəxlər..."
Bəzən
yüksək məclislərdən
daha
parlaq, daha təmiz olur
adi mətbəxlər.
Bir
kiçik mətbəx pəncərəsindən
İlin dörd fəslini görürəm.
Ürək
geniş olarsa,
xəyal
dərin olarsa,
Könüldə
bir işıq
bir atəş
varsa,
Balaca bir
mətbəxdən də
böyük bir dünya görünür.
Nigar xanım hər şeydən öncə ana idi. Onun mətbəx
şeirlərindən qadın-ana dünyası boylanır.
Hər qadına - şöhrət tacı belə
başında olan qadına yaxşı ana, ailə
başçısı olmaq nəsib olmur, onlardan birini mütləq
bu və ya digər şəkildə "itirir". O
şöhrət sahibi ana-qadın xoşbəxtdir ki, həm
ailəsi, həm də milləti qarşısında alnı
açıqdır, yazdıqları ilə, əməli fəaliyyəti
ilə əqidəsi, əxlaqı birləşir. Nigar xanımın necə ana olduğunu sevgisini,
qayğısını verdiyi övladlarından yaxşı
bilən olmaz. Bu mənada, Nigar xanımın necə bir
ana olduğunu oğlu Anarın sözlərindəki həqiqət
də təsdiq etmiş olur: "Anam yaza biləcəklərinin
yüzdə birini də yaza bilmədi. Ailə
borcu, analıq vəzifəsi, böyük evin
qayğıları onun yaradıcılığına mane
olurdu. Biz hamımız onun vaxtını
talayırdıq, qarət edirdik, onu yazı masasından
ayırırdıq, hisslərini, duyğularını, fikirlərini
dağıdıb pərən-pərən edirdik. Həmişə yanındaydıq, həmişə
böyründəydik, həmişə onunlaydıq;
öz-özü ilə tək qalmasına imkan vermirdik, qəlbiylə
baş-başa qalmağa macal tapmırdı". Burada qeyd etmək yerinə düşər ki, Nigar
xanım hər şeydən əvvəl əsl ana idi.
Nigar
xanım azad dünyanın insanı idi, belə bir dünya
üçün yaranmışdı, göz
açdığı, duyduğu, dərk elədiyi aləmdə
qadağalara, buxovlara dözəcək deyildi, ona görə də
qələmi əlinə aldığı gənclik illərindən
həm də Qadın azadlığı duyğuları ilə
yüklənmiş şeirlərin müəllifi kimi tanındı.
Onun "Çadra" şeiri bu gün də məzmun-mövzu
aktuallığı ilə diqqəti çəkir:
O ruhunu
altında gizləyən qara pərdə
Artıq gözəl üzünün
saflığından çəkilsin.
Düşsün
ayaqlarıma, sürünsün bu yerlərdə,
Ana,
artıq sən də bir zəncirli qul deyilsin...
İşıqlı
gözlərinin yorğun qanadlarından
O qara rəngli
qorxunc gecəni qaldır və at.
Günün
nurlarını iç al şəfəqli yarından,
O gözəl
gözlərində parlasın yeni həyat.
Nigar xanım həm də Anadır. Ana məhəbbətinin
ülviliyi, ucalığı, müqəddəsliyi
qarşısında səcdə edir. Bir
ana kimi övlada verə biləcək sevginin
işığında yeriyir. Onun "Ana məhəbbəti"
şeiri özü bir ana dastanıdır.
"Mən analıq duyğusunu qul etmədim
şan-şöhrətə//Ən müqəddəs hisslərimi
bağladım bir məhəbbətə" - deyir. Üç beşiyin
arxasında sübhədək oturub, "nəğmələrimdən,
şeirlərdən onlara dünya qurdum", - deyir. Bütün gecəni beşik başında başa
vuran ana "üfüqdə dan söküləndə //al
şəfəqlər saçaq-saçaq" otağına
töküləndə, səhər körpələrinin
dodağında gülüş görəndə, başqa bir
ovqatı yaşayır; "mənim könül aləmimdən
uçub qalxdı xoş nəğmələr" - deyir.
Yuxusuzluq
yandıranda,
Gözlərimin
səhər üzü
isindirdi
ürəyimi
Ana
sözü, ana sözü...
Başının
üstündə ona doğma olan bir təbəssüm, sevgi
dolu üzü görəndə, onun dilindən bir
"ana" kəlməsini eşidəndə unudur
bütün o yuxusuz gecənin narahatlığını... Bir
"ana" sözü ona dünyanı bəxş edir
Bu söz
körpə dodağında
Dadlıdır, nə şirindir.
Ana-bala məhəbbəti
Nə zərifdir, nə dərindir.
Həssas
şairə - ana "Qoruyaq bu məhəbbəti // bədnəzərdən,
bədnəfəsdən, - deməklə yanaşı,
ananın məhəbbətinə, ananın şirin
sözünə övladın olan mənəvi
ehtiyacını da dilə gətirir. Qoruyaq bu məhəbbəti//kobud
səsdən, acı səsdən. - deyir.
Nigar xanım gözəl bilir ki,
Ana-bala məhəbbəti
Dünyanın arzularıdır.
Bu analar,
bu körpələr
İnsanlığın baharıdır.
Nigar
xanımın yaradıcılığında uşaqlar
üçün yazdığı, müxtəlif illərdə
çap olunmuş "Balaca qəhrəman" (1942),
"Günəşin cavabı" (1966), "Məstanın
balaları" (1968), "Bizə bahar yaraşır"
(1978) kitablarında toplanan əsərləri uşaq ədəbiyyatının
ən dəyərli nümunələridir.
***
Nigar Rəfibəylinin ictimai-siyasi duyğuları əsrarəngiz
aləmə münasibətində açılır. İçində bir
ayrılıq dastanı var. O dastanın "boy"larında
ictimai-siyasi ayrılıqdan aldığı yara var. Nigar
xanımın yaradıcılığına nəzər salan
hansı oxucu, hansı tədqiqatçı, şair-fərqi
yoxdur, həssas insan o "ayrılıq"
damğasının onun ürəyində əbədi
olduğunu elə "Ayrılıq" şeirindən duyur:
Mən ki
doymamışdım heç vüsalından,
Mənə zülüm elədi yaman ayrılıq.
Nə
olaydı bir gün durub yuxudan
Görəydim
ki, olub yalan ayrılıq...
Burada
ayrılığın "iki bədəndə" "bir
ruh" kimi bütöv olan insanlara verdiyi əzab, həsrət,
ağrı-acı, daxili yanğı, göynərti,
ayrılıqdan doğan "böyük dərd" yüksək
poetik bir dillə ümumiləşdirilir, şəxsilikdən
çıxıb ictimai mahiyyət daşıyır:
Biz ki bir
ruh idik iki bədəndə,
O
gülüb-sevinsə, gülərdim mən də.
Vüsalın
bülbülü uçub gedəndə,
Daş kimi qəlbimdə qalan ayrılıq.
Aşağıdakı misralarda bu "ictimai mahiyyət"
tam aydınlığı ilə duyulur; Nigar Rəfibəylinin
"bahar elinə" qıyanlara ünvanlanan sualında bir
gizli məqam diqqəti çəkir. Şeirində nə qədər
gizlətmək istəsə də (bəlkə də şair
kimi özü belə münasib bilmişdi), əslində
"ayrılıq" ifadəsini siyasi-ictimai anlamda kökləmişdir...
Nigar Rəfibəyli yaşananlardan qorxmayır,
sarsılsa da ruhdan düşməyib, sabaha ümidlə
baxır. Ayrılıqlara son qoyulacağına inanır.
Bir gün o Günəşin yenidən
doğacağına, cövlan edən ayrılığın
dizini yerə qoyacağına ("pozulmaz dostların əhdi,
ilqarı") əmindir.
...Pozulmaz
dostların əhdi, ilqarı,
Gün
çıxar, dağların əriyər qarı,
Keçər
ürək dərdi, könül qubarı,
Gəl,
etmə meydanda cövlan, ayrılıq!
***
"Dağlar" mövzusu böyük sənətkarlarımızın,
sazlı-sözlü ozan dədələrimizin
yaradıcılığında əsasdır. Kimisi o
dağların qüdrətindən, kimisi
qartallı-şahinli qoynundan, zirvəsindən, çənindən,
boranından, sinəsi güllü-çiçəkli,
yamacları yaşıl otlu gözəlliyindən bəhs
edir. Nigar xanımın "Dağlar"ından
ayrılığın, həsrətin verdiyi əzab, işgəncə,
ürəkləri odlayan alı-nalə duyulur:
Mən
sizi bir daha görə bilməsəm,
Xatirəmi
əziz saxlayın, dağlar,
Döşünüzdən
lalə dərə bilməsəm,
Siz məni
aranda yoxlayın, dağlar...
Uca
başınızdan külək göndərin,
Məxmər
döşünüzdən çiçək göndərin,
Buluddan
bir bəyaz örpək göndərin,
Matəm
yaylığını bağlayın, dağlar...
Nigar
xanımın hər şeirində bir gizli, içində
çəkdiyi "dərd" var. O "dərd" motivi
N. Rəfibəylinin yaradıcılığında bir xəttdir
- pozulmayan bir xətt. O xəttin içində yaşanan bir
ömrün ağrı-acıları var, vurduğu yaralar,
üzü qaysaqlamayan, həmişə açıq yara var,
onu hara baxırsa, harda olursa, hər an belə
tərk etməyən bir dərd var.
Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi
sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində
şirin yuxular kimi keçən
Həzin
axşamları,
Günəşli
səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan
xatirələri,
Dənizin
səsi gəlir...
Nigar xanımın vətən sevgisi saf sevgidir, müqəddəs
sevgidir, əbədi sevgidir.
Mən sənin
torpağından
Boy
atmışam, vətənim.
Dirçəlmişəm,
qalxmışam,
Dənli sünbül olmuşam.
Şairə
bu sevgidən boy atıb, bu sevgidən varlığını
duyub, könlü bu vətənin gözəlliklərindən
vəcdə gəlib, ilhamı coşub-daşıb, bu
sevdanı sözə misraya çevirib...
Eşqini
ürəyimdə
Yaşatmışam, vətənim.
Min nəğməli,
min sözlü,
Coşqun könül olmuşam.
***
Nigar xanım şair ömrünü yaşayıb,
yazar insanların ruhuna dərindən bələd olub. Müşfiqlər,
cavidlər, seyid hüseynlər məhv ediləndə Nigar
xanım adlarını çəkmədən, sətiraltı
kodlarla böyük məna kəsb edən şair
adının ucalığını söyləyib.
Özgə
bir dünyadır şair aləmi,
Gizlində saxlanar qüssəsi, qəmi.
Qırılsa
şairin bir gün qələmi,
Qırıb hər ümidi ondan kəsməyin.
Sirrini kimsə bilməyən fövqəl gücün
neməti olan şair ömrünə, şair
duyğularına müqəddəs bir hiss kimi baxır,
hörmət və ehtiram göstərir. Əslində bununla nizamilər,
füzulilər, nəsimilər aləminə olan
etimadını, ehtiramını ümumiləşdirir:
Torpağın
altında xəzinə yatır,
Çox zaman bilinməz orda nə yatır.
Şairin
könlündə qərinə yatır,
İncə duyğuları qırıb əzməyin.
Şairi zaman yetişdirir. Hər şair öz
zamanının şairidir, amma o yaşadığı
dövrün, zamanın həqiqətlərini gələcək
nəsillərə poeziyanın dili ilə çatdıranda əbədi
qalır. O poeziyada ki, insan azadlığı, insan səadəti,
haqq-ədalət əsasdır, onu yaradan şair də əbədi
qalacaq. Adına nəğmələr qoşulacaq, heykəlləri
qoyulacaq, gələn nəsillər onun dəyərini biləcək...
Yaşadığı dövrün, zamanın şairəsi
Nigar Rəfibəyli ondan sonra gələn nəsillərin qəlbində
yer tuta biləcək şairləri dəyərləndirir:
Qəlblərdə
yaşasın onun heykəli,
Şeiri məşəl kimi illəri yarsın.
Gələcəyin
xoşbəxt nəsillərinə
Əsrindən,
dövründən salam aparsın.
***
Nigar xanımın əsərlərini oxuyan hər kəs
onun bədii yaradıcılığındakı özünəməxsus
bədii təfəkkür zənginliyini görür. Müəllifi
olduğu əsərlərdə də, klassik ədəbi
irsimizdən və dünya ədəbiyyatından etdiyi tərcümələrində
də Nigar Rəfibəyli ədəbi dünyasının zənginliyi
görünür. Hər dövrdə, hər
zamanda ədəbi mühitdə dəsti-xəttiylə
tanınan yazar qadınlarımızın böyük
yaradıcılıq yoluna nəzər saldıqda, bir daha əmin
oluruq ki, XX əsr ədəbiyyatımızın
Nigarının poeziyasının möhtəşəmliyi
inkaredilməzdir.
Gülxani Pənah
Filologiya üzrə elmlər
doktoru, dosent
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.7.