Səkkiz qəzəlin qafiyəsi
Füzulinin
türkcə-azərbaycanca divanında 294 qəzəl var. Onlardan cəmi səkkiz qəzəlin
qafiyəsi bütövlükdə türk mənşəli
sözlərdən ibarətdir... Şərq şeirinin ən
məşhur bilicilərindən biri olan müəllimim,
professor Əkrəm Cəfər (1905-1991) həmişə
deyirdi ki, Şərq poetikasının qolları - əruz,
qafiyə, bədi, bəyan, məani içərisində bu
elmlərin ən incəsi, ən zərifi, ən mürəkkəbi,
ən çətini qafiyədir; həm sənət, həm də
elm baxımından. Xüsusilə, türkdilli
poeziyada. Görünür, ona görə
də, qafiyənin ərəb-fars şeirində meydana
çıxan xüsusiyyətləri haqqında elmi-nəzəri
sistem olsa da, orta əsrlərdən tutmuş, hələ indiyədək
qafiyənin türkdilli şeirdə meydana çıxan
xüsusiyyətləri barədə, demək olar ki, belə
bir nəzəriyyə yoxdur. Çünki....türk dilləri,
əsasən də, doqquz sait səsə malik olan Azərbaycan
dili, ərəb-fars qafiyə nəzəriyyəsinin çərçivələrinə
sığmır, onlardan daha genişdir...
Qafiyə Şərq - Azərbaycan şeirinin ayrılmaz
poetik tərkib hissəsidir. Şeirimizdə bu
poetik əlamətin tarixi olduqca qədimdir. Orta əsrlər Şərq poetika alimləri qafiyəni
şeirin vacib əlaməti saymış, şeiri qafiyəsiz
təsəvvür etməmişlər. Hətta,
lüğətlər belə, bəzən, qafiyə ilə
yazılmışdır.
Xuda -
tanrı, tavangir, mənisi - bay,
İşə buyruqedici - karfərmay.
Məsələn,
XI əsrin böyük alimi İbn Rəşiq yazır:
"Şeirdə qafiyə vəznin şərikidir". XIII əsrdə,
1251-ci ildə ərəb və fars şeirlərində əruz
və qafiyənin nəzəri əsasları haqqında
yazdığı "Miyarül-əşar" (Şeirin
meyarı) adlı əsərində isə Nəsirəddin Tusi şeirə
belə qiymət verir: "Şeir, əksəriyyətə
görə, təxəyyülə əsaslanan vəznli, qafiyəli
kəlamdır". Nəsirəddin Tusi qafiyə
haqqında fikirlərini davam etdirərək qafiyənin mənşə
etibarilə ərəb şeirilə bağlı olduğunu
söyləyir. Bu fikri müdafiə etdiyinə görə, onun qeydlərindən aydın olur
ki, qafiyə yunan və fars
şeirlərində bir o qədər
də əhəmiyyətli element hesab olunmamış, qədim
fars şeirində isə Cəşubu adlı bir şair, hətta
qafiyəsiz şeirlərdən ibarət "Yubenamə"
adlı kitab da tərtib etmişdir. Lakin Nəsirəddin
Tusi digər bir əsərində, "Əsas əl-iqtibas"
(İqtibasın əsasları) əsərinin sənətdən,
poeziyadan bəhs edən doqquzuncu məqalətində yenidən
qafiyəyə yüksək qiymət vermiş, onun mənşəyi, poeziyadakı
yeri haqqında danışarkən,
olduqca qiymətli fikirlər söyləmişdir. "Əsas
əl-iqtibas" əsərinin doqquzuncu məqalətini Azərbaycan
dilinə çevirən mərhum Qasım Cahaninin tərcüməsində
oxuyuruq: "Qafiyənin mənası ondan ibarətdir ki,
şeirin axırı sadə olduğu kimi, oxşar da olur. Qədimdə şeirdə qafiyələnmək
şərti yox idi. Bu, ərəb şeir
sənətkarlığına xasdır. Başqa
xalqlar onlardan götürmüşlər. Qafiyə haqqında elmi mülahizə vardır və
bu elm lüğət (dil - Tərlan Quliyev) elmi tərkibinə
daxildir. Şeiri zəngin göstərən
qafiyədir. Qafiyə şeirin ayrılmaz
hissəsidir. Qafiyələr barədə: Qafiyənin sənətdə
əhatəsi - onun varlığı zəruridir və qafiyə
zahiri parıltı, göz qamaşdırmaq və sairə
kimi bədii keyfiyyətlərlə əhatə olunmuşdur. Yunanların qafiyəyə mənəvi tələbləri
məhdud idi. Şeirdə hər bir qafiyənin
özünəməxsus mövqeyi vardır. Qafiyə mənanın surətini daha da
çoxaldır".
Təbii ki, qafiyə haqqında, onun şeirdəki rolu və
əhəmiyyəti barədə orta əsr müəlliflərindən
gətirilən belə misalların sayını istənilən
qədər artırmaq olar. Lakin belə misallarla məsələni
uzatmaqdansa, ilk növbədə, bir suala cavab vermək
lazımdır. Müasir şeirimizdə və
tənqidimizdə şairlərimizin və tənqidçilərimizin
belə bəzən qəbul etmədikləri qafiyə,
ümumiyyətlə, nədir? Bu məqama
gəlib çatdıqda isə, bir məsələyə də
qısaca aydınlıq gətirək və sonra keçək
bu sualın cavabına. Belə ki, ərəb
filologiyası tarixində qafiyə elmini ilk dəfə sistemə
salan, bu elmin nəzəri əsaslarını yaradan yenə də
böyük ərəb alimi, əruz elminin
yaradıcısı, ərəb filologiyasının atası
hesab olunan Xəlil ibn Əhməd (718-791) sayılır.
Sonralar ərəb şeiri istər məzmun və istərsə
də, forma baxımından bütün Şərq şeirində
yayıldıqca, şeirin poetik tərkib hissələri olan əruz
və qafiyə elmləri fars poetika elminə də təsir
etmişdir ki, nəticədə fars filoloqları da əruzun
fars şeirində meydana çıxan xüsusiyyətlərini
ümumiləşdirdikləri kimi, eyni zamanda qafiyənin də
fars şeirində meydana çıxan xüsusiyyətlərini
də nəzəri şəkildə sistemə
salmışlar. Qeyd edək ki, istər ərəb, istərsə
də fars şeirinin qafiyəsinin nəzəri
əsasları mahiyyət etibarilə eynidir. Sadəcə, fars dilinin xüsusiyyətləri ilə
bağlı olaraq, fars qafiyəsinin təşkilində
iştirak edən hərf və hərəkələrin
sayı ərəb qafiyəsində iştirak edən hərf
və hərəkələrin sayından daha çoxdur. Bu mənada,
fars qafiyə elminin hüdudları daha
geniş olduğundan, biz də daha çox fars qafiyəsinin
xüsusiyyətlərindən bəhs edib, ümumiyyətlə,
qafiyənin nəzəri əsaslarını fars qafiyəsinin
xüsusiyyətləri əsasında izah etmək istəyirik.
Beləliklə, qafiyə nədir? Təbii ki, ümumi qənaətə görə
qafiyə, misraların axırında gələn qafiyələnmiş
kəlmələrdəki səslərin eyniliyidir. Belə
ki, bu eyni səslər, ən böyüyü bir neçə
hərf və səsdən tutmuş, ən kiçiyi bir hərf
və yaxud bir səsə qədər ola
bilər. Ərəb-fars qafiyə nəzəriyyəçilərinə
görə, qafiyənin təşkilində iştirak edən
hər bir hərf və səsin qafiyənin təşkilində
öz rolu, mövqeyi və adı vardır ki, bu rol və
mövqelər də həmin hərf və səslərin dildəki
xüsusiyyətləri, adlar isə hərf və səslərin
qafiyədəki rolları ilə bağlıdır. Fars qafiyəsinin təşkilində doqquz hərf və
həmin hərflərlə bağlı altı səs
iştirak edir. Hərflər təsis, dəxil,
ridf, qeyd, rəvi, vəsl, xüruc, məzid, nayirə, səslər
isə rəss, işba, həzv, tövcih, məcra, nəfazdır.
Ərəb-fars dillərində, adətən hərf
dedikdə, samitlər, səs dedikdə isə, qısa sait səslər
nəzərdə tutulur. Ərəb
qrafikasına görə, sağdan-sola yazıldıqda bu hərflərdən
dördü - təsis, dəxil, ridf, qeyd rəvidən qabaq, vəsl,
xüruc, məzid, nayirə isə rəvidən sonra işlənirlər.
Beləliklə, ərəb-fars qafiyə nəzəriyyəçilərinə
görə, qafiyənin təşkilində iştirak edən
əsas hərf rəvi hərfidir. Rəvi
hərfi qafiyənin əsasını təşkil edir. Başqa sözlə desək, orta əsr müəlliflərinə
görə bir neçə qafiyələnmiş sözü
bir-birinə bağlayan əsas hərf rəvidir. Rəvi
istər ayrı-ayrı beytlərdə, istərsə də
bütöv bir qəsidədə mütləq təkrar
olunmalıdır. Buna görə də bəzən
bütöv bir qəsidəni və yaxud da qafiyələri həmin
qafiyələrin rəvisi ilə də adlandırırlar.
Lüğəvi mənada rəvi yük və
malları bağlamaq üçün istifadə edilən kəndirin
adıdır. Rəvi hərfi də kəndir kimi bütün
qafiyələri bir yerə toplayır və bu mənaya
görə rəvi adlanır. Rəvi, əsasən,
sözün kökünə daxil olan hərfdir. Bəzi
istisnalardan başqa, dildə olan bütün hərflər rəvi
ola bilər. Məsələn, elə
Füzulinin hər hansı qəzəlinə baxsaq, rəvi
hərfini asanlıqla müəyyən etmək olar. Tutaq ki, qan, viran, hicran, peykan, pünhan, pərişan,
peşiman sözləri ilə qafiyələnmiş qafiyələrdə
n hərfi qafiyənin rəvisidir. Çünki, o,
bütün bu sözlərin qafiyəsində iştirak edən
ən əsas və
qafiyələri bir-birinə bağlayan hərfdir. Diqqətlə baxsaq, görərik ki, bu qafiyələr
əslində iki səsdən, hərfdən ibarətdir.
Yəni bütün qafiyələnmiş kəlmələrdə
iki səs eynilə təkrar olunur: a və n səsləri.
Dediyimiz kimi, burada a səsinin də öz
adı, mövqeyi və rolu vardır. Amma bu
qafiyədə yenə də qeyd etdiyimiz kimi, əsas hərf rəvidir
və bu qafiyədə n səsindən ibarətdir.
Başqa bir qafiyəyə nəzər salaq: qəm, aləm, dəm,
adəm, möhkəm, pürnəm, məryəm, məlhəm.
Bu qafiyələrdə isə rəvi hərfi m
hərfidir.
Beləliklə, qafiyənin təşkilində
iştirak edən digər hərf və səslər və
ümumiyyətlə, qafiyə haqqında fikrimiz tam olsun deyə,
xırdalıqlara getmədən onlar haqqında da qısaca məlumat
verək. Belə
ki, təsis,
uzun a səsidir ki, onunla rəvi arasında mütləq bir hərəkəli
hərf gəlməlidir. Dəxil, təsislə sakin rəvi
arasında gələn hərəkəli hərfə deyilir. Qeyd, rəvidən
qabaq gələn hərəkəsiz hərfdir. Ridf isə iki növ olur. Bir
ridfi-əsli, ikincisi ridfi-mürəkkəb. Ridfi-əsli, rəvidən qabaq gələn uzun hərfə
deyilir. Ridfi-zaid isə rəvi və ridfi-əsli
arasında gələn hərfdir. Rəvidən
sonra dörd hərf gəlir. Belə ki, rəvidən
sonra gələn hərfə vəsl, ondan sonra gələn hərfə
xüruc, ondan sonra gələn hərfə məzid, ondan sonra
gələn hərfə isə nayirə deyirlər. Ərəb-fars qafiyə nəzəriyyəçilərinə
görə, qafiyənin təşkilində eyni zamanda altı
qısa səs, qısa sait, hərəkə də iştirak
edir. Belə ki, rəss əlfi-təsisin hərəkəsi,
işba dəxlin hərəkəsi, həzv ridfin hərəkəsi,
toucih sakin rəvidən əvvəl gələn hərfin hərəkəsi,
məcra rəvinin hərəkəsi, nəfaz isə xüruca birləşən
vəslin hərəkəsinə deyilir. Təbii
ki, bütün bunlar nəzəri baxımdan olduqca qəlizdir.
Xüsusilə, ərəb-fars əlifbasını
bilməyənlər və ərəb-fars dillərindən xəbərləri
olmayanlar üçün. Ancaq qafiyə
nümunələrinə baxdıqda bu nəzəri bilgilər
bir qədər aydınlaşır. Məsələn,
elə yuxarıdakı misallara bir daha nəzər salsaq, dediklərimiz
bir qədər aydınlaşar. Belə ki, qan, viran,
hicran, peykan, pünhan, pərişan, peşiman kimi qafiyələnmiş
sözlərdə dediyimiz kimi, əgər n hərfi rəvidirsə,
a hərfi də ridfdir, ridfi-əsli. Və bu hərf də şeirdə bütün qafiyə
boyu dəyişməməlidir. Bunların
dəyişməsi, yumşaq desək, şeirin və
şairin sənətkarlığı haqqında mənfi
fikir yaratmış olur. Bunun başqa uzun səslərlə
olan növləri də var, i və u səsləri ilə:
firib, rəqib, nəsib, şəkib, həbib; gülgun, məcnun,
məhzun v.s. Burada da b və n hərfləri rəvi, i və
u hərfləri isə ridfi-əslidirlər. Digər bir qafiyə,
qeydli növ: zərd, dərd, fərd, nərd. Bu
qafiyədə isə r-lar qeyd, d-lar isə rəvidirlər.
Təsisli və dəxilli növlər isə
poeziyada çox azdır. Çünki hələ Nəsirəddin
Tusi bu növlərin sırf ərəb dili və şeiri ilə
bağlı olduğunu söyləyərək, onların, hətta
fars şeirində də az işləndiyini,
işlənsə də, ərəb şeirinin təsiri ilə
işləndiyini bildirir. Amma Füzulidə bu da var.
Aydınlıq olsun deyə, "Cəhan içrə hər
fitnə kim, olsa hadis, Ona sərvi-qəddindir,
əlbəttə, bais" mətləli qəzəlinin qafiyələrinə
baxaq. Qafiyələr hadis, bais, məbahis, xəbayis,
salis, varis, haris və mühəddis-dir. Burada s-lar rəvi, a-lar təsis, d,
ayn, h, y, l, r -lar dəxil,
i-lər isə toucihdir. Nəzəriyyəyə
görə, dəxil hərfi qafiyələrdə eyni olmaya da
bilər. Buna görə də nəzəriyyəçilər
təsisə və onunla bağlı olan dəxilə bir o qədər
də əhəmiyyət verməyiblər.
Dediyimiz
kimi, qafiyədə rəvidən sonra da bir neçə hərf
və səs iştirak edir: vəsl, xüruc, məzid, nayirə
və hərəkələrdən məcra və nəfaz. Biz bunların da üzərində dayanmaq istəmirik.
Çünki xırdalıqlar oxucunu yorar.
Amma qafiyədə bunların da yerlərini tərpətmək
olmaz, əgər tərpətsək, onda da qafiyə
pozulmuş olar. Lakin ən əsası odur ki, Nəsirəddin
Tusi bu hərflərə də əhəmiyyət verməyib.
Şeirdə rədif misraların sonlarında
semantik və qrammatik baxımdan eyni ilə təkrarlandığı
kimi, onun nöqteyi-nəzərinə görə, rəvidən
sonra gələn bu hərflər də eyni ilə təkrarlandığı
üçün, onları da rədifdən
saymışdır. Füzulinin məşhur bir qəzəlində
bu hərflərin də geniş şəkildə işləndiyini
görürük: "Aşiyani-mürği-dil zülfi-pərişanındadır"
mətləli qəzəlində. Qəzəlin qafiyələri
isə aşağıdakılardır: pərişanındadır,
yanındadır, dərmanındadır, damanındadır,
şəkkərəfşanındadır,
müjganındadır, hicranındadır, canındadır. Burada da a-lar ridf, n-lar rəvi, ındadır-lar isə
dediyimiz kimi, vəsl, xüruc və s.-dir ki, Tusi də bunlari rədif
sayır. Beləliklə,
xırdalıqlara getmədən qafiyənin təşkilində
iştirak edən hərf və qısa saitlərin yerini,
rolunu və mahiyyətlərini bildik. Amma
onu deyək ki, qafiyədə də bu hərf və hərəkələrin
hamısı bir yerdə eyni zamanda işlənə bilməz.
Klassik alimlər ərəb-fars qafiyəsində
təqribən, maksimum neçə hərfin işləndiyini
söyləsələr də, biz türkdilli şeirdə belə
bir hesablama aparmadığımız üçün,
türkdilli şeirin qafiyəsi haqqında bunu deyə bilmirik.
Amma Füzuli şeiri üzərində
apardığımız araşdırmalar rəviyə qədər
onun daha çox ikisəsli qafiyələrə
üstünlük verdiyini göstərir: ar - bimar, didar, əsrar, bidar,
huşyar, yar, xumar, var; iq - aşiq, müvafiq, layiq, dəqayiq,
əlayiq, sadiq, sabiq; as - xas, ğəvvas, rəqqas, xilas,
ixlas; ab - şərab, hübab, səhab, cəvab, afitab, əzab, hesab; ah - şah, mah,
nəzərgah, kütah, agah, cah, gümrah; am - xüram, həmmam,
tamam, badam, cam, xam, əmbərfam, aram, məqam, müdam, siməndam;
il - dil, mənzil, qızıl, xəcil, müşkil, qafil,
mayil, aqil, hail, məhfil və s. Füzulidə təkcə
bir səsdən, ərəb-fars nəzəriyyəsinə
görə uzun a, u, i-dən ibarət olan qafiyələr də
vardır. Bir-iki qəzəlini nümunə gətirək.
"Qəd ənarəl-eşqu-lil üşşaqi-minhacəl
hüda" və "Yarəb, həmişə
lütfünü et rəhnüma mana" misraları ilə
başlayan qəzəllərinə baxsaq, birinci qəzəlində
hüda, iqtida, səda, gəda, cüda, xuda, maəda, ibtida,
ikinci qəzəldə isə rəhnüma, sana, aşina,
müqtəda, cəza, əta, müddəa, fəna sözlərindəki
qafiyələrin tək bir uzun a səsindən ibarət
olduğunu görərik. "Girib meyxanəyə müğ
məşrəbilə kim ki xu eylər" qəzəlində
isə qafiyələr tək bir uzun u səsindən ibarətdir:
xu, arizu, göftgu, su,
bu, tari-mu.
Beləliklə, dediyimiz kimi, indi Füzulinin qafiyələri
bütövlükdə türk mənşəli sözlərdən
ibarət olan qəzəllərinin qafiyələrinin təhlilinə
keçmək olar. Lakin istəyirəm ki, icazənizlə, bir məsələyə
də toxunaq, sonra... Belə ki, insan Azərbaycan
şeirinin, poeziyasının qafiyəsinə nəzər
saldıqda heyrətlənməyə bilmir. Şairlərimiz, nənə-babalarımız Azərbaycan
dilindən və onun gözəlliklərindən necə də
məharətlə istifadə etmişlər. İnsan, həqiqətən
də, bu gözəlliklərin və Azərbaycan dilinin
qarşısında baş əyir... Sənətkarlıq
budur! Bir gün Əkrəm Cəfərlə oturub qafiyə
haqqında danışarkən, Əkrəm müəllim mənə
hamıya məlum olan bir bayatımızın qafiyəsinə
nəzər salmağı və oradakı rəvi hərfinə
diqqət yetirməyimi istədi:
Bu
dağlar ulu dağlar,
Çeşməli,
sulu dağlar.
Burda bir
igid ölmüş,
Göy kişnər, bulud ağlar.
Bu
bayatının birinci və ikinci misralarına baxdıqda,
qafiyələrin ulu və sulu olduğunu,
rəvinin u olduğunu, dağlar sözünün isə rədif
olduğunu görürük. Dördüncü
misrada isə vəziyyət tamamilə dəyişir. Bu bayatını yaradan sənətkar bir dənə
d hərfinin yerini dəyişməklə, yəni sonuncu
misradakı dağlar sözündəki d-nı bulud
sözünə vurmaqla tamamilə yeni bir qafiyə sistemi
yaradır. Və necə də gözəl
yaradır, səs ahəngi də yerində qalır. Cəmi
bir hərfin yerini
dəyişməklə. Mən deyərdim
ki, bəlkə də heç bir xalqın şifahi ədəbiyyatında,
qafiyəsində belə gözəl səs oyunu və onun nəticəsində
əmələ gələn səs uyğunluğu, qafiyə
yoxdur. Budur, Azərbaycan dilinin və
şeirinin gözəlliyi. Budur, Azərbaycan
övladının bədii təxəyyülü...
Orta əsrlər qafiyə haqqında dediyimiz nəzəri
təlim yuxarıda söylədiklərimizlə bitmir. Dediyim kimi,
onun xırdalıqları və xüsusiyyətləri olduqca
çoxdur. Bu xüsusiyyətlərdən
biri də qafiyə zamanı meydana çıxan
qüsurlardır. Belə ki, bu qüsurlar
istər hərflərə və istərsə də səslərə
də aiddir. Qeyd edək ki, orta əsr qafiyə nəzəriyyəçiləri
bu qüsurları da ümumiləşdirmiş, onların
neçə növ və neçə tip ola
biləcəklərini də söyləmişlər. Və təbii ki, şairlərə bu qüsurlara
yol verməmələrini tövsiyə etmişlər. Məsələn, bu barədə xırdalıqlara
getmədən, birini qeyd edək. Məlumdur
ki, ərəb-fars dillərində bir neçə t, bir
neçə s, bir neçə z və s. vardır. Nəsirəddin Tusi bu hərflərin hər birinin
ayrı-ayrı məxrəclərə sahib olduqlarına
görə, hətta rəvi məqamında onların biri digərinə
qarşı işlənmələrini də qəbul etməmişdir.
Lakin Azərbaycan şifahi xalq ədəbiyyatı
nümunələrində bəzən biz rəvi hərflərinin
qanunlarının pozulduqlarını da görürük ki, əslində
bu, klassik nəzəriyyəyə görə qüsur
sayılsa da, amma Azərbaycan şeirinə xüsusi gözəllik
verir.
Və bu, bir daha göstərir ki, Azərbaycan
şeirinin qafiyə gözəllikləri ərəb-fars qafiyə
nəzəriyyəsinin çərçivələrindən
daha genişdir və əslində bu çərçivələri
vurub dağıdır da.
Su gəlir,
arxa nə var,
Dolanır çarxa, nə var.
Məndən
öz yarım küsüb,
Bilmirəm, xalxa nə var.
Təbii ki, burada qafiyələnmiş kəlmələr
arx, çarx və xalx-dır. Rəvi hərfi isə
x-dır. Məlumdur ki, sonuncu misradakı
xalx sözü əslində xalq şəklində
yazılmalıdır. Belə olduqda isə
rəvi hərfi pozulmuş olacaqdır. Lakin
xalq bu sözü x hərfi ilə işlədərək, yenə
də şeirə xüsusi gözəllik vermiş və eyni
zamanda rəvi hərfini pozmamışdır. Təbii ki, biz klassik şairlərimizin
yaradıcılığında ərəb-fars qafiyə nəzəriyyəsini
mükəmməl bilən, məsələn, Nəsimi,
Füzulinin yaradıcılıqlarında belə hala təsadüf
etmərik. Çünki, klassik ədəbiyyatın,
yazılı ədəbiyyatın normaları tamamilə
başqadır və şairlərimiz belə qafiyə
növlərindən istifadə etsəydilər, yəqin ki,
dövrün tənqidçiləri tərəfindən tənqidlərə
məruz qalardılar...
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirdikdən
və orta əsrlər qafiyə nəzəriyyəsi
haqqında müəyyən biliklərə sahib olduqdan sonra,
Füzulinin səkkiz qəzəlinin qafiyəsinə
qayıtmaq olar. Füzulinin elə qəzəlləri
vardır ki, orada da qafiyələrdə bir neçə
türk mənşəli sözlər işlənir. Lakin eyni zamanda bu qafiyələr sırasında ərəb-fars
mənşəli qafiyələr də özünə yer
tapır. Ona görə də biz
onların üzərində dayanmır, ancaq bütün qafiyələri
türk mənşəli sözlərdən ibarət olan qəzəllərdən
söhbət açırıq. Həmin qəzəllər
və onların qafiyələri
aşağıdakılardır:
1.
Tilsimi-gənc üçün ismi-əzəm yad tutdun, tut!
Tilsimi
sındırıb, gənci töküb, ismi unutdun, tut!
Qafiyələri: tutdun, unutdun, yutdun, qurutdun,
tutdun, utdun.
2. Saqiya,
can tut ol aşiqə kim, qayğuludur,
Qayğu çəkmək nə üçün, cam ilə
aləm doludur.
Qafiyələri: qayğuludur, doludur,
ağuludur, uludur, uyğuludur, doludur, qapuludur, suludur.
3. Gəlir
ol sərvi-səhi, ey gülü lalə, açılın!
Vey məhü
mehr çıxın, qüdrətə nəzzarə
qılın!
Qafiyələri: açılın,
qılın, dərilin, bilin, kəsilin, silin, çəkilin,
əyilin.
4. Qəmindən
başə dün həsrət əliylə ol qədər
vurdum
Ki, sübh olunca mürdə cismimi toprağə
tapşurdum.
Qafiyələri: vurdum, tapşurdum, qurdum,
aşurdum, sordum, oturdum, durdum, inandırdım.
5.
Könül, səccadəyə basma ayaq, təsbihə əl
urma,
Namaz əhlinə
uyma, onlar ilə durma, oturma!
Qafiyələri: urma, oturma, uçurma, durma,
sorma, arturma, tapşurma, aşurma.
6. Məni
candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi
yanmazmı?
Qafiyələri: usanmazmı, yanmazmı,
inanmazmı, oyanmazmı, bulanmazmı, utanmazmı,
usanmazmı.
7. Giryədir
hər dəm açan qəmdən tutulmuş
könlümü,
Əşkdir xali qılan qan ilə dolmuş
könlümü.
Qafiyələri: tutulmuş, dolmuş,
olmuş, bulmuş, önmüş, yorulmuş, pozulmuş,
urulmuş.
8. Kuhikən künd eyləmiş min tişəni
bir dağilən,
Mən qoparıb salmışam min dağı
bir dırnağilən.
Qafiyələri:
dağilən, dirnağilən, sağilən, toprağilən,
ortağilən, uçmağilən.
Beləliklə,
bu qəzəllərdə təkrarlanan bəzi qafiyələri
nəzərə almasaq (onların leksik-semantik xüsusiyyətləri
haqqında, inşallah, başqa bir yazıda), görərik
ki, onların əksəriyyəti feillərdən ibarətdir.
Əslində bu qafiyələrin feil
olub-olmamalarının da onların qafiyə kimi işlənmələrinə
heç bir dəxli yoxdur. Lakin Füzulinin qafiyə məqamında
məhz feillərə müraciət etməsinin özü də
maraqlıdır. İndi isə yuxarıdakı qafiyələrə
nəzər salaq. Birinci qəzəlin qafiyələrində -
tutdun, unutdun, yutdun, qurutdun, tutdun, utdun-da
gördüyümüz kimi ikinci t-lar rəvidir. Rəvidən
qabaq gələn u-lar isə, ərəb-fars dillərində
olduğu kimi uzun səs deyildir. Xalis ana dilimizdəki adi u səsidir.
Buna görə də ərəb əlifbasında hansı
şəkildə yazılıb, hansı hərf kimi qəbul
olunmasından asılı olmayaraq, bizim üçün o vəslə
birləşməyən rəvinin hərəkəsi olan
toucihdir. Dəqiqlik üçün deyək ki, əlyazmada bu
sözlərin hamısı ərəb əlifbasındakı
vav hərfi, uzun u ilə yazılmışdir ki, onda da vəziyyət
dəyişir...
İkinci qəzəldə isə rəvi
başdan-başa u-dur, qısa, ana dilimizdə olan u:
qayğuludur, doludur, ağuludur, uludur, uyğuludur, qapuludur,
suludur. Bir az yuxarıda Füzulinin ərəb-fars mənşəli
u ilə qafiyəsini görmüşdük: xu, arizu,
göftgu, bu, tari-mu. Qeyd edək
ki, poeziya tariximizdə ana dilimizdəki u ilə qafiyələr
çox azdır.
Üçüncü qəzəlin qafiyələrində
- açılın, qılın, dərilin, bilin, kəsilin,
silin, çəkilin, əyilin-də rəvilər l-dır.
Lakin birinci i-lərdə fərq var. Açıl və
qıl sözlərində bu səs i deyil, ı-dır. Bu,
qanunlardan kənardır. Məhz bu anda Azərbaycan dili
çərçivələrə sığmır,
onları vurub dağıdır.
Dördüncü qəzəlin qafiyələri
- vurdum, tapşurdum, qurdum, aşurdum, sordum, oturdum, durdum,
inandırdım-dır. Biz, adətən
müasir günümüzdə tapşırdım,
aşırdım desək də, görünür, bu sözlər
Füzuli dövründə ərəb qrafikasından
asılı olmayaraq, elə Füzulidə olduğu kimi
deyilmiş və yazılmışdır.
Beşinci qəzəlin qafiyələri - urma,
oturma, uçurma, durma, sorma, arturma, tapşurma, aşurma.
Burada rəvi hərfi r-lardır. Rəvidən əvvəlki
hərf də əksər sözlərdə eyni olsa da, təkcə
sorma sözündə o ilədir. Təbii ki, söz surma
şəklində ola bilməzdi.
Altıncı qəzəlin qafiyələrində
- usanmazmı, yanmazmı, inanmazmı, oyanmazmı,
bulanmazmı, utanmazmı, usanmazmı qafiyələrində hər
şey mükəmməldi. N-lar rəvidir. Rəvidən əvvəlki
hərf də eyni ilə təkrarlanır.
Yeddinci qəzəlin qafiyələri -
tutulmuş, dolmuş, olmuş, bulmuş, önmüş,
yorulmuş, pozulmuş, urulmuş gördüyümüz kimi,
sait səslər baxımından yenidən çərçivələrə
sığmır. Və bu da tamamilə təbiidir.
Çünki demək olar ki, üç qısa sait səsin
üzərində qurulan nəzəriyyə doqquz sait səsə
malik olan dilin imkanlarını tam əks etdirə bilməzdi.
Səkkizinci qəzəlin qafiyələri isə
yenidən gözəldir: dağılən, dirnağilən,
sağilən, toprağilən, ortağilən,
uçmağilən. Həm dilimizin gözəlliyini əks
etdirmək və həm də bütün normalara uyğun gəlmək
baxımından.
Beləliklə, bütün yuxarıda deyilənlərə
yekun vurmalı olsaq, Əkrəm Cəfərin dediyi fikri bir
daha təsdiq etmiş olarıq. Həqiqətən də,
qafiyə elmi özlüyündə mürəkkəb elm
olduğu kimi, eyni zamanda türkdilli şeirin qafiyəsi də
olduqca həm incə, həm də olduqca mürəkkəb
bir sənətdir. Ona görə də orta əsrlərdə
və hətta müasir günümüzdə də
türkdilli şeirin qafiyə xüsusiyyətləri demək
olar ki, nəzəri şəklə
salınmamışdır. Doğrudur, Əkrəm Cəfər
bu haqda yazdığını söyləsə də, onun
arxivində mən onun dediyi əsərə demək olar ki,
rast gəlmədim. Görkəmli alimimiz,
gözəl tərcüməçi, islamşünas, əruz
və qafiyə elmini mükəmməl bilən Əhmədağa
Əhmədov da (1922-2008) qafiyə haqqında "Qafiyətül-kafiyə"
(Kifayət edən qafiyə) adlı gözəl bir əsər
yazmışdır. Çap olunmuş bu kiçik əsərin
redaktorlarından biri də
mənəm. Lakin mənə elə gəlir ki, ümumiyyətlə,
türkdilli şeirin qafiyəsi haqqında hələ
çox yazmaq, çox araşdırma aparmaq lazımdır.
Bu bir-iki əsərlə və yəqin ki, mənim bu
kiçik məqaləmlə bu böyük elmə tam şəkildə
aydınlıq gətirmək olmaz. İşləmək,
işləmək, işləmək lazımdır. Mən bəzən
istər klassik ədəbiyyat, istərsə də, müasir ədəbiyyatşünaslığımızda
poetika haqqında yazılan bəzi əsərləri də
ciddi qəbul edə bilmirəm. Mənə elə gəlir ki,
poetikaya, xüsusilə, klassik ədəbiyyatımızın
poetikasına məhz bu nöqteyi-nəzərdən, bu
mövqedən yanaşmaq lazımdır. Bu mənada, poetika
haqqında inşa, başqa sözlə desək, esse yazanlar,
lütfən, məni bağışlasınlar...
Tərlan Quliyev
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, ¹25.- S.8-9.