Sevmədiyindən yazmaq olmur...
Rəşad Məcid-60:
"İnanmadığınla söhbət
alınmır"... Sözünə
qüvvət, Rəşad
Məcid, elə sevmədiyindən də yazmaq olmur, alınmır...
vallah, alınmır! Nə hikmətdirsə bilmirəm,
qələm ürəkdən
duyğulanmırsa, şirə
çəkmirsə, fikrə
can verə bilmir, sözlər ölü doğulur.
60 illik yubileyi ərəfəsində Rəşad
Məciddən nədən
yazmaq istədim? Niyəsini-nədənini bilmirəm, amma bu işıqlı adamla bağlı yaddaşımdan işıqlı
xatirələr boylanır
və bu yazını da yazdıran
elə həmin işıqdır.
Qeyd edim ki, Rəşad Məcidi tələbəlik
illərindən tanıyıram. BDU-da jurnalistika fakültəsində
eyni kursda oxuyurduq - mən əyani, o qiyabi. Müəllimlərlə, tələbələrlə-əyani-qiyabi-fərq
eləməz, elə canlı münasibəti vardı ki, hamı Rəşadı özünə doğma, yaxın bilirdi. Ünsiyyət bacarığı
böyük istedaddır,
Tanrı vergisidir və bəlkə Rəşadın sonrakı
iş,
karyera taleyində ən böyük təkanverici qüvvə də məhz bu amil oldu.
İnsanları yola getmək,
başa düşmək
üçün onları
sevmək lazımdır
- ayrı yolu yox bunun. "Ürəkdən sevinə
bilmək də istedaddır, Tanrının
lütfüdür", - Rəşadın
feysbuk sosial şəbəkəsindəki paylaşımı
bu yerdə lap yerinə düşür.
Doğrudan da, birinin sevincinə
ürəkdən sevinəndə,
qəmindən kədər
payını çəkəndə
həm də ürəyinə yol tapırsan. Aqillər
"ürəkdən ürəyə
yol var" kəlamını boşuna
söyləməyiblər ki...
...Dissertanturaya qəbul olunanda sevincimi ilk öncə Rəşad müəllimlə paylaşmış,
elmi işimlə - Seyid Məhəmmədhüseyn
Şəhriyarın anadilli
yaradıcılığı barədə ilk yazımı
çap etmək üçün ona göndərmişdim. Elə
həmin gün də yazımın Rəşad müəllimin
baş redaktor olduğu "525-ci qəzet"də
çap olunduğunu görəndə körpə
kimi, etiraf edirəm, ürəkdən
sevinmişdim! Rəşad
Məcidin bölgədə
çalışan jurnalist
həmkarına operativ
diqqətindən, sevincinə
şərik olmasından
çox duyğulanmışdım
və o hərarəti
indi də - 5 il sonra,
onun haqqında yazanda da hiss edirəm.
Rəşad Məcidin ən üstün cəhəti bilirsiniz, nədir? - Tək
sevincini deyil, ağrısını, əsəbini
də gülüşdə
əritməsi, qəlb
qırmaqdan çəkinməsi,
sözdən "həya"
etməsi, hamıya yetmək, bacardığını
etmək istəyi. Mənim tanıdığım
Rəşad Məcid əksər vəzifə adamları kimi üzünü ciddiyyət
pərdəsi ilə maskalamağa ehtiyac duymur - "gülən adam" bütün
hallarda özüdür
ki var! Məhəmməd peyğəmbərin "Xoş
təbəssüm də
sədəqədir" deyimi
bu işıqlı insanın, sanki həyat kredosuna çevrilib. Və bu
deyimlə çalışdığı,
rəhbərlik etdiyi qurumlarda insanlara müsbət ruh, aura aşılamaqla "Allah adamı"
olur.
...İnsanlar bilirsiniz,
nə vaxt kökdən düşür
- yaşamaq enerjiləri
tükənir, həyat
sevgiləri sönür,
ümidləri ölür? Əksərən,
təmasda, ünsiyyətdə
olduqları insanlardan neqativ enerji alanda! Xırdaçılıq etsəm də,
mənə elə gəlir ki, bu kiçik nüanslara toxunmasam, Rəşad Məcidin portreti tamamlanmaz. Çünki, ürək duyğulanmasa,
gözlərə də
sevinc işığı
axmaz. Rəşad Məcidin gülümsər
siması xarakterinin açılımıdır elə.
Baxın
sosial şəbəkələrdəki
fotolarına, efirdəki
çıxışlarına - gülüşün bütün
çalarlarını izləyə
bilərsiniz. Vallah,
elə fotosu var ki, sanki
gülüşü ilə
körpə kimi ağlayır! "Dərdsiz
adam yoxdur",
- deyən Rəşad
Məcid dərdlərini,
saysız-hesabsız qayğılarını,
ətrafdakılardan aldığı
neqativ enerjini gülüşündə əritməklə
öz əsəb, ağrı yükünü
ətrafdakıların üzərindən
öz içinə çəkməyi bacaran böyük insandır. Niyə böyük? Çünki, əksəriyyətimiz belə
deyilik, zəhər payımızı başqalarına
ötürməkdə, onları
da neqativ enerjimizin əsiri etməkdə maraqlıyıq.
Kimdir Rəşad Məcid? Vikipediyaya istinad etsək, "yazıçı,
jurnalist, Azərbaycan Respublikasının Əməkdar
Mədəniyyət işçisi,
"525-ci qəzet"in baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri,
Azərbaycan Respublikasının
Prezidenti yanında Əfv Məsələləri
Komissiyasının üzvü.
Maşallah, bu maraqlı
insanın həyat, yaradıcılıq şaxələri
o qədər çoxdur
ki, bilmirsən, hansı istiqaməti tutub gedəsən, söz deyəsən.
Yəqin
ki, yubiley təbriklərində bu istiqamətlərin hamısı
bir yazı mövzusu olacaq, ətraflı yazılacaq,
araşdırılacaq. Mənim nəzərimdə Rəşad
Məcidin 60 yaşına
ən böyük uğuru qazandığı
sevgidir, hansı postda olursa-olsun, işləyirsə-işləsin, qoruduğu sadəlikdir, kənddən gətirdiyi
rayon uşağının saflığıdır, səmimiliyidir,
təbəssümü ilə
ətrafa yaydığı
xoş auradır.
Bəs Rəşad Məcidin uğurlarının sirri nədədir? "Sirr xarakterdədir!"
- özü belə deyir! "İstedad və
ardıcıl zəhmət
çəkmək inadı
hamıda olmur".
"Özünü gözə soxanlardan, gördüyü xırda
işləri bəh-bəhlə
tərifləyənlərdən fərqli olaraq, başını aşağı
salıb, sevərək
öz işi ilə məşğul olanlar sonda daha
çox uğur və ehtiram qazanırlar" - Rəşad
Məcidin bu deyimləri özünün
uğurlu həyat hekayəsinin açılımıdır
elə.
"Xəyallar tükənəndə
ömür mənasızlaşır"...
Rəngli yuxulara, dadlı
xəyallara söykəndiyinə
görə də şair Rəşadın sirli-sehrli şeir dünyası həmişə
maraqlıdır, rəngarəngdir,
cəzbedicidir. Axı,
"Sənət həyəcandan
yaranır":
Bir kəlmə yalana qısılıb təkcə,
İki qəlb
yükünü daşıya
bilər.
Bir solğun xəyalın qoluna girib
Bir ömrü
ümidlə yaşıya
bilər.
Rəşad nə yazır,
nədən yazırsa,
mütləq yazdığına
öz möhürünü
vurur:
Başlayanda macəradı,
Dəcəllikdi, zarafatdı.
Bir də gördün, ciddiləşdi,
Yaxın
gəldi addım-addım
-
söz oyunu.
Məhəbbətdən kimlər yazmayıb ki? Amma bu köhnə mövzuya aşiq Rəşadın öz yanaşması var - kobud sözlərin
əks etdirdiyi sevgi yanğısı sətirlərdən damır
- yanan şam kimi:
Təzə ət qoxusu
duyan it
necə ki, zəncir çeynəyib dartınır,
Siçan pendir iyinə
necə ki, gözüyumulu atılır,
Xəstə narkoman gecəyarısı
özünü aptekin qapılarına
çırpıb qışqırır.
Bax, elə olursan
sevgi qoxusu,
sevgi havası hiss eləyəndə!
Elə bilirsiniz,
sevgi şeirləri yazmaq asandır? Şair
Rəşad Məcid üçün sevgi şeirləri canlı ikən yaşadığı
"qəbir ağrısı"dır,
ölüm xofudur:
Əzabın, sitəmin içində
azdım,
Gah kəfən
geyindim, gah qəbir qazdım.
Bilsəydim, əvvəldən heç
başlamazdım,
Öldüm yaza-yaza bu şeirləri.
Vallah, billah, şeirin gözəlliyi zərif ifadələrdə, bəzək-düzəkli
ibarələrdə deyil,
qəlbi rahatladan, aşiqi inandıran səmimi etirafdadır:
Bir qədər az
sevəydin gərək,
sakit sevəydin.
Sən demə,
rahatlıq, səadət
dəli kimi sevməkdə yox,
sakitcə sevib,
it kimi sədaqətli olmaqdadır.
60 illik yubileyi
ərəfəsində Rəşad
Məcidin bir jurnalist, redaktor kimi fəaliyyətindən
söz açmamaq insafsızlıq olardı.
Sizi bilmirəm, mən bu informasiya
bolluğunda da hər gün "525-ci qəzet"i mütləq
izləyirəm. Tərif
xatirinə yox, insafla deyirəm: bu qəzetdə müasir oxucunun - elm adamının, tələbənin, fəhlənin,
sıravinin - hamının
maraq dünyasına uyğun yazılar tapa bilərsən. Şəxsi qənaətimdir,
bu "Sovremennik" jurnalı N. A. Nekrasovu tarixdə yaşadan kimi "525-ci qəzet"
də Rəşad Məcidi ədəbiyyat, mətbuat tariximizdə yaşadacaq!
"Təmənnalı tərif sözlərin düzülüşündən bilinir", - Rəşad müəllim, sözünüzə
qüvvət, elə huşyar oxucu da təmənnalı yazını ilk sözündən, ab-havasından
hiss edir. Bu yazım təmənnalı
yazı deyil... Bir tələbə yoldaşı, həmkar kimi 60 illik yubileyinizlə
bağlı qeydlərimi
oxucularla bölüşmək
istədim. Alındımı?
Deyirsiniz ki: "Jurnalistlər və yazıçılar hər
yerdə bir-birinə bənzəyir". Bir əlavəm var: bu yazımda kimsəni təkrarlamaq, bənzəmək istəmədim:
Ayrı səda,
səs bilmərəm,
Mənəm işıq dəstələyən,
Yüz-yüz nəğmə bəstələyən.
Kimdi orda
"bəsdi" deyən,
Bəsdi nədi?
Bəs bilmərəm.
Yaxşı arzudur! Daim yazın,
yaradın, təbəssümünüz
həmişə talismanınız
olsun, İşıqlı,
Təbəssümlü, Diqqətli,
Səmimi İnsan! 60 illik yubileyiniz mübarək!
Esmira İsmayılova
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.11.