Nanəcib
Kasparov MAT!!!
"Görkəmli
şəxslər nanəcib ola bilərmi?"
- deyə yüzillərdir ki, insanlar
arasında dartışma gedir. Bu konuya yetərincə
sərbəst yanaşma dahi Yohan Volfqanq Hötenin "Nanəciblik
- zəifliyin bir növüdür. Görkəmli
şəxslər heç vaxt nanəcib olmurlar" fikrində
ifadə olunub.
Əgər bu aforizmin birinci hissəsiylə hələ
birtəhər razılaşmaq mümkündürsə, ikinci
hissəsi açıq-aşkar dartışılacaq səciyyə
daşıyır. Və günaha yol versəm də, fikrimcə,
şəxsi keyfiyyətlərini itirmiş birisini örnək
gətirərək böyük mütəfəkkirlə
dartışmalı olacam. Söhbət
şahmat üzrə on üçüncü dünya
çempionu, özünü "insan hüquqlarının
müdafiəçisi" kimi qələmə verən Harri
Kasparovdan gedir.
Yəhudi
mənşəli yaşlı bir bakılı intelligent,
özündə mühəndis-energetik və musiqiçi
istedadını birləşdirən, amma həyatdan erkən
gedən talantlı adam - Kim Moiseyeviç
Vanşteynin ailəsində, 1963-cü ildə dünyaya
göz açan Harri hələ uşaq yaşlarından
şəxsiyyətlə bağlı hər hansı
ehkamın əsla mövcud olmadığı bir mühitə
düşmüşdü. Oxucu mənə
etiraz edə bilər ki, atasını itirəndə Harrinin
vur-tut, yeddi yaşı vardı və bu yaşda hansı
şəxsi keyfiyyətlərin formalaşmasından
danışmaq olar? Amma ABŞ Prezidenti
Franklin Delano Ruzveltin qızı, ünlü amerikan ictimai
xadimi Eleonora Ruzveltin də əsassız yerə demədiyi
kimi, "şəxsiyyətin formalaşması
uşaqlıqdan başlayır və ta ölümün
özünəcən davam eləyir".
Digər
tərəfdən, gələcək şahmat çempionu
anası Klara, babası Şagen və nənəsi Susanna
Kasparovların tərbiyəsi nəticəsində erməni
şovinizmi, ermənilərin guya dünyanın bütün
xalqlarından üstünlüyü, Azərbaycan xalqı və
mədəniyyətinə nifrət zəhəri ilə məhz
bu yaşdan etibarən nəfəs almağa
başlamışdı. Yeri gəlmişkən,
bu tərbiyəçilər Dağlıq Qarabağdan idi və
onların sayəsində Kasparovun ruhuna hopmuş irqçi
dünyagörüşünün necə psixoloji mahiyyət
daşıdığını təsəvvür eləmək
çətin deyil. Kasparovun
özünün 2010-cu ilin aprelində erməni elektron nəşri
"Miassin"ə müsahibəsində etirafına görə,
uşaqlıqdan onu ancaq ermənisayağı bir tərzdə,
Azərbaycana qarşı nifrət ruhunda
böyütmüşlər. Halbuki, əsrlər
boyu dünyanın hər yerindən qovulan ermənilər məhz
Azərbaycan torpağında rifah içində yaşayıb
və inkişaf ediblər.
Atasının familiyası və milli mənsubiyyətinə
etinasızlıq o vaxtlar gənc yaşlarda olan Kasparovda hər
hansı şəxsi və əxlaqi başlanğıcın
yoxluğunun ilk təzahürü idi. Sonralar onun
satqınlığı getdikcə böyüyəcək və
ən əcaib, inanılmaz dərəcədə merkantil
formalar alacaqdı. Çünki yalnız
insanlıq və əxlaqın sərhədləri var, insanlıqdan
məhrumluq və əxlaqsızlıq isə hüdud
tanımır.
Üstündən onillər keçsə də, əminəm
ki, hələ də çoxları Kasparovun öz şahmat
karyerasının zirvəsinə necə ucalmasını
yaxşı xatırlayır. O bu məqama respublikamızın
gücü, o vaxtlar Sovet dövlətinin rəhbərlərindən
biri, ümummilli liderimiz Heydər Əliyevin qayğısı
və dünya şahmat məkanına nüfuzedici təsiri
sayəsində qalxa bilmişdi. Dünya
şahmat tacı uğrunda mübarizədə Kasparovun əsas
rəqibi, şahmat üzrə üçqat dünya
çempionu Anatoli Karpovun fikirlərindən ədalət və
mötəbərlik naminə çıxarışlar edəcəm.
2021-ci il fevralın 11-də
"Media.Az" Azərbaycan elektron resursuna verdiyi müsahibədə
Karpov öz hiddətini səmimi şəkildə belə ifadə
eləyirdi: "...Azərbaycandan aldığı
yardımı ona (Harri Kasparova - müəllif) heç kim verə
bilməzdi. Mən bunu ancaq təxmin edə bilərəm,
amma fikrimcə, o, Azərbaycanda mənim bütün həyatım
boyu qazandıqlarımdan daha çox qazanc əldə eləmişdi.
Kasparovu əyləndirirdilər, onun imkanları
sonsuz idi. Zuğulbada külli miqdarda
yığdıqları onun əmlakının cüzi bir hissəsi
idi. Və bütün bunlardan sonra necə
nankorluq edə bilərsən?! Bu, düzgün deyil! Onun arxasında respublika dayanmışdı".
Beynəlxlaq
Şahmat Federasiyasının başçısı Kirsan
İlyumjinov da eyni ruhda danışır: "Gəlin,
unutmayaq, Harri Kasparovu məhz Azərbaycan yetişdirib. Əgər
Heydər Əliyevin qayğısı olmasaydı, Kasparov
heç vaxt dünya çempionu ola bilməzdi.
İdmanda ustalıq çox şeyi həll
edir, amma hər şeyi yox. Əgər zəruri
diqqət olmasa, böyük qələbələrə
ümid eləmək çətin məsələdir".
Kasparov əsl
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
uzun dönəmdən bəri işğal edilməsi və
ümumən keçmiş Dağlıq Qarabağ konflikti ətrafındakı
olayların yekunları barədə heç olmasa, susa, bununla
Azərbaycanın onun üçün elədiklərinin
qarşılığını verəydi! Amma yox, Kasparov erməni
nifrət və ksenofobiya ideologiyası tərəfdarlarının
uydurduğu cəfəngiyyatı təkrarlayaraq, Azərbaycan
xalqına qarşı durmadan od
püskürməyə üstünlük verir. O,
"Moskvanın səsi" qəzetinin 2020-ci il 13 oktyabr
sayına müsahibəsində Azərbaycanı böhtan və
yalan çəlləkləri ilə sulayır, 1988-ci il
Sumqayıt, Gəncə və Bakı olaylarını qərəzli
şərh edir, azərbaycanlıların döyüldükdən
sonra Ermənistanın Qafan, Masis və Mehri
rayonlarındakı dədə-baba torpaqlarından kütləvi
surətdə qovulması, Britaniya jurnalisti Tom de Vaal, rus
yazıçı-publisisti Aleksandr Proxanovun da şahid
olduqları kimi, Bakıya və respublikanın digər şəhərlərinə
sözün birbaşa mənasında, başı-gözü
qanlı gəlməsinin əsl səbəblərinin
üstündən sükutla keçir. Hələ,
onun Dağlıq Qarabağ konfliktinin ilk günlərində
bölgənin birbaşa özündə
öldürülmüş azərbaycanlıları görməzdən
gəlməsini demirik. Sumqayıt hadisələrinin erməni
ekstremist qüvvələrinin təhriki ilə törədilməsi,
özü şəxsən altı erməni
öldürmüş, sonra isə Qorbaçov və onun əlaltılarının
himayə elədiyi erməni siyasi dairələrinin köməyi
ilə uzun müddət cinayət məsuliyyətindən
yayınan sağ cinah qırğınçısı Eduard
Qriqoryanın milli mənsubiyyətinə gəlincə isə,
o, bu olaylara ümumən etinasız yanaşır.
Kasparov bütün radio, televiziya və elektron
kanallardakı davamlı çıxışlarında
çoxlu sayda azərbaycanlıların öz həyatlarını
təhlükəyə ataraq, erməni ailələrini xilas eləməsi,
öz yanlarında gizləməsi və ölkə
hüdudlarından kənara çıxarmalarını ədalət
naminə bir dəfə də olsun yada salmır. Bəs, onda
dünya çempionunun "İnsan haqlarının müdafiəsi
üzrə Beynəlxalq Fondun sədri" kimi missiyası nədir?
Bir faktı ört-basdır eləmək və
digərini şişirtmək? Bütöv
bir qrup xalqlara ölüm hökmü oxumaq və digərlərini
müqəddəslər dərəcəsinə qaldırmaq?
Sonra o, erməni-azərbaycan qarşıdurmasına dair
müsahibələrində bir yığın erməni
tarixiçisinin mahiyyətcə tarixi saxtalaşdırmaqdan
başqa bir şey olmayan, səthi sxolastik fərziyyələrini
təkrar edərək, əsla başı
çıxmadığı tarixi cəngəlliklərə
girdi. Onun
Leninin guya Atatürklə dost olduğu üçün
Naxçıvan və Qarabağı Azərbaycana
bağışlaması ilə bağlı hər cür
tarixi mötəbərlikdən məhrum, bəsit qənaəti
tarix elmiylə az-şox tanış olan,
sağlam düşüncəli adamlarda sadəcə, ironik təbəssüm
doğurur. Bir tərəfdən, xarici müdaxiləçilərə,
digər tərəfdən, bolşevik Rusiyasına
qarşı milli-azadlıq mübarizəsinin getdiyi Türkiyədə
Antanta ölkələrinin Ermənistanı kamalizm əleyhinə
mübarizə meydanına çevirməsi, Moskva (1921-ci il, 16
mart) və Kars (1921-ci il, 9 oktyabr) sazişlərinin həmin
Atlanta tərəfindəncə təhrik olunmuş Ermənistan
və o zamankı sovet Azərbaycanı ilə müharibənin
hüququ nəticəsi kimi meydana çıxması isə
Harri Kimoviçin əsla vecinə deyil. Özünün
şahmat istedadına baxmayaraq, tarix məsələlərində
görünür, o elə də güclü deyil.
Üstəlik də, Kasparov belə bir durumla maraqlanmaqdan
dolayı özünə əziyyət vermir ki, Ermənistan
adından Askinax Mravyan və daxili işlər komissarı
Poqos Makintsyanın Kars müqaviləsini imzalaması
Naxçıvanın Azərbaycan tərkibində
qalmasının təminatıdır və beynəlxalq
hüquq müstəvisində bu gün də aktualdır. Çünki Ermənistan onda artıq suveren dövlət
idi.
Kasparov daimi olaraq Lenin və Stalinin ünvanına
konyunktur səciyyəli etirazlarla dolu çıxışlar
eləyir. Halbuki
məhz bu sovet dövlət başçıları əsl Azərbaycan
ərazisi Zəngəzurun Ermənistana verilməsinin təşəbbüskarları
olublar. Belə ki, sovet hakimiyyətinin
qurulmasından iki ay keçən kimi erməni dövlətçiliyinin
bütün Şərqi Anadoluda imtiyazlarını, ermənilərin
öz müqəddəratını təyin etmək
hüququnu car çəkən "Türkiyə Ermənistanı
haqqında dekret" (1917-ci il, 29 dekabr) işıq üzü
görmüş, S.Şaumyan, A.Mikoyan və
digər bu kimi bolşevik adı altında maskalanmış
quduz daşnaklar qəbilindən ən qatı şovinist və
cinayətkarlar bu işə cəlb olunmuşdu.
Özünü insan hüquqlarının "beynəlxalq
müdafiəçisi" adlandıran bir şəxsin bu
cür görməzdən gəlmək mövqeyində
onun heç bir əxlaqa sığmayan, hər cür
prinsipiallıqdan uzaq mahiyyəti əks olunur.
Kasparov Azərbaycana qarşı mürtəce
münasibətini təkcə təhqiramiz bəyanatlarla tənzimləməyərək,
ölkəmizin ərazi bütövlüyünü
pozmağa yönəlmiş əməli düşmənçilik
fəaliyyəti də göstərib.
O hələ 2013-cü ildə
Rusiyadan qaçmış, Rusiya hüquq-mühafizə
orqanları onun həbsi və ya saxlanılmasıyla
bağlı heç bir tədbir görməmişdi.
İstintaq Komitəsindən şahmat üzrə
keçmiş dünya çempionuyla bağlı xalaxətrin
qalmasın, bir neçə məlumat almaq bəs elədi və
iz itdi. Səbəb çox bayağı
idi - onlar bu əldəqayırma siyasətçidən eləcə
soruşmaq istəyirdilər ki, Daxili İşlər Nazirliyi əməkdaşını
niyə dişləyib? Özü də bu indi dəbdə
olan vodevil şoularının hansısa birindən
götürülmüş epizod-zad deyil, çünki
Kasparov Femidanın xidmətçisinin əlini
dişləməklə doğrudan-doğruya onun bədəninə
xəsarət yetirmiş, zərərçəkmişə əlin
və şəhadət barmağının yumşaq
toxumalarının dişlənməsi, eləcə də, sol
əlin sümüküstü qişasının zədələnməsi
diaqnozu qoyulmuşdu.
Rusiya ictimaiyyətinin Harri Kasparovla bağlı
fikirlərinin bariz göstəricisi kimi məşhur rus
şahmat qrossmeysteri Sergey Karyakinin "Çarqrad" elektron
nəşrinə 2023-cü il 17 noyabr tarixli müsahibəsindən
belə qənaətə gəlmək olar: "Mənim
üçün böyük məyusluqdur. Nə qədər
gözəl şahmatçı olsa da, o, həyatda öz
ölkəsinə qarşı döyüşkən mövqe
tutmuşdur. Şahmatda Kasparov və həyatda Kasparov iki
diametral ziddiyyətli insandır".
Rusiyanın Təhlükəsizlik və
Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin
başçısı Vitali Borodin Harri Kasparovun korrupsiya fəaliyyəti
ilə bağlı cinayət işinin başlanması
üçün Baş Prokurorluğa rəsmi müraciət
etmişdi. Kasparovun vətənə xəyanət
və ekstremizmə çağırışlar, respublika ərazisində
separatizm və terrorizmi təbliğ etmək ittihamı ilə
cinayət işinə başlamaqdan V.Borodini saxlayan yalnız
Azərbaycan rəhbərliyinin alicənablığı oldu.
Şahmat üzrə dünya çempionu özü də
bunu etiraf etdi.
"İnsanın nankorluğundan daha dəhşətli
bir şey varmı?" - deyə böyük Şekspir on
altıncı yüzildə öz səsini
uclatmışdı. Bir əsr sonra həmyerlisi, tarixçi və
ilahiyyatçı Tomas Fuller, sanki ona cavab olaraq deyirdi:
"Münnətdarlıq fəzilətlərin ən
kiçiyi, nankorluq pisliklərin ən pisidir!"
Hər yerdə, həmişə,
istənilən formada öz nankorluq, xəyanət, ifrat əxlaqsızlığını
büruzə verən Harri Kasparov isə hələ
eramızın ikinci əsrində antik Roma
yazıçısı və şairi, platonist filosof Lutsi
Apuleyin belə bir xəbərdarlıq elədiyini bilmir:
"İnsanın mənəvi natəmizliyi onun özünə
ikrah eləməsinin göstəricisidir". Və əgər
Kasparov planetin bütün vicdanlı, ləyaqətli
insanlarının ona qarşı ikrah etməsinin fərqində
deyilsə, ola bilərmi ki, nəsə insani bir şey nə
vaxtsa onun öz ruhuna tüpürməsinə mane olsun?!!
Adəm İsmayil Bakuvi
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.12.