Ömür xətti
Qarşımda
səmimi və təvazökar insan, yazıçı,
publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq
Nasirin sevgiylə qələmə aldığı bir
neçə kitabı var. Əzəl başdan onu deyim ki,
görüşlərimizdə bir qayda olaraq yeni, müasir ədəbiyyat
haqqında mülahizələrimizi bölüşür,
heç kimə və heç nəyə güzəşt
etmədən, müzakirə predmeti olan əsərlə
bağlı həqiqi fikrimizi ortaya qoyuruq. Şəfəq
sözün həqiqi mənasında, haqlı və doğru
mövqeyi, sözün çəkisini bilməsi, təəssübünü
çəkməsi ilə əsl ədəbiyyat
adamıdır.Yazılarında da söz köhlənini yeri gəldi-gəlmədi,
sağa-sola səyirtməyi xoşlamır, israfçı da
deyil, əksinə, sözə qısqanclıqla
yanaşır...
İxtisasca jurnalist olsa da, yaradıcılığa bədii
yazılarla başlayıb. Başqa sözlə, ədəbi
mühitə yazıçı kimi gəlib. Elə mən də onu əvvəlcə
yazdığı hekayələr və povestlərindən,
publisistik əsərlərindən tanımışam. Diqqətimi çəkdiyindən mətbuatdakı
çıxışlarını hər zaman izləmişəm.
Onun jurnalistika sahəsində qələmə
aldığı resenziya, rəy və çoxçeşidli
publisistik məqalələrində də bədii təsvir
elementləri açıq-aydın nəzərə
çarpır. Kitablarından birinə
yazdığı "Ömür zaman
işığında" Ön sözündə belə
deyir: "Uşaqlıq çağlarından göy
üzü kimi təmiz sözə aşiq olmuşam. İllər uzunu işığını,
cığırını tutub üzü yoxuşlara yol
almışam. Bir də baxmışam ki, hər şeydən
uca, dəyərli olan sözlə sirdaşam..." Bu aşiqlik, sirdaşlıq həyatı boyu onu
yaradıcılığa sövq edib. Və bir gözəl
cəhəti də odur ki, Şəfəqin şəxsiyyət
olaraq əqidəsi bütövdür, o, Sözlə
bağladığı əhdi-peymanına sadiqdir...
Şəfəq uşaqlıq çağlarından həyatı
müşahidə etməyi sevib. Gördüyü, dərk
etdiyi nə varsa, yaddaşına hopub. Sonra
yaşadıqlarını ədəbiyyata gətirməyə
ehtiyac hiss edib. Hələ orta məktəb illərində
yazdığı şeirləri, miniatür və kiçik məqalələri
rayonda çıxan "Yüksəliş" qəzetində
dərc olunub. İmzası geniş oxucu auditoriyasına
"Ulduz" jurnalından,
"Ədəbiyyat və İncəsənət qəzeti"ndən
tanış olan Şəfəq ədəbiyyata ilk nəsr əsəri
olan "Qonşular" hekayəsi və "Müəllifin
ilk kitabı" seriyasından "Gecə
yağışı" hekayələr toplusu ilə gəlib.
Hər birinin mövzusu həyatdan alınmış
bədii nəsri ədəbi mühitdə maraqla
qarşılanmışdır. "Gecə
yağışı" kitabındakı hekayələrində
müəllif özünün qeyd etdiyi kimi, insana
qayğı, övlad-valideyn və doğmalar arasında
yaranan yad münasibətlərdən söhbət
açır.
Bədii nəsrinin oxucular arasında uğurla
qarşılanmasından ruhlanan yazıçı bir-birinin
ardınca yeni və maraqlı əsərləri ilə yoluna
rəvan olur.
"Gecə yağışı"ndan sonra
kiçikyaşlı uşaqlar üçün
yazdığı "Beyləqanın güllü
yazı" kitabını ərsəyə gətirir. Kitabda müəllifin bir povesti, hekayə və
nağılları yer alıb. Bu əsərlərdə
uşaqların mənəvi dünyası, hiss və
düşüncələri, dostluq, yoldaşlıq münasibətləri
ön plana çəkilir. Bununla
yanaşı, balaca qəhrəmanların qəlbində
çiçəkləyən vətən, yurd sevgisi də
özünəməxsus ştrixlərlə təqdim olunur.
Müəllifin güclü intuisiyası,
müşahidə qabiliyyəti, bədii təsvir vastələrindən
yerli-yerində və öz rəngində istifadə
maneraları heyrətamizdir. Diqqət edək:
"...Üstü şiferli evlərin alnından qəribə
buz fiqurları sallanır. Elə bil saray keşikçiləri
ayaq üstə yuxuya gediblər..."
Bundan sonra Şəfəq oxucuların
görüşünə çoxçeşidli mövzularda
qələmə aldığı publisistik əsərləri
ilə gəlir. "Ciddi söhbət",
"Könüllərə şəfəq payı"
kitablarında müəllifin müxtəlif vaxtlarda dövri mətbuatda
dərc etdirdiyi publisistik məqalələri, xatirə-esseləri
yer almışdır. Şəfəq
Nasir ədəbi yaradıcılığın müxtəlif
növlərində qələm çalır. Onun uzun
illər tədqiq etdiyi İrəvan ziyalılarından olan babasının
həyatı, ədəbi
mühiti və yaradıcılıq yolundan bəhs edən
"Məmmədəli Nasir" monoqrafiyası ədəbiyyatşünaslıq
elminə yeni bir ədəbi şəxsiyyəti
tanıtması ilə təqdirəlayiqdir.
Şəfəq Nasirin irihəcmli bədii əsərlərini
daxil etdiyi "Bir ömrün üç bucağı"
kitabında üç povesti yer alıb. Bu əsərlərdə
insan taleləri bədii ştrixlərlə, həm də məharətlə
işlənilib. Yazıçının təxəyyülünün,
mənəvi aləminin həyat gerçəkliklərinə
özəlliklə və həqiqət prizmasından
yanaşması olduqca maraqlıdır.
Bəllidir ki, insan ömrünün ən unudulmaz,
sevimli çağları saf, təmiz uşaqlıq, ilk gənclik
dövrüdür. Sonralar necə bir həyat
yaşamağından asılı olmayaraq, fikri, xəyalı
onu elə hey həmin çağlara çəkir.
Yaddaşından silinməyən, heç vəchlə
qayıda bilməyəcəyi, əlinin yetmədiyi,
ününün çatmadığı o illərə
aparır...
"Bir ömrün üç bucağı"nda da
müəllif oxucuya məhz uşaqlıq illərinin munis
çağlarının xatirələrindən
danışır. Əsərin qəhrəmanı olan Səma
özünün nağılabənzər həyatı ilə,
sanki gözümüzün önündə
böyüyür. Ehtiyac və
qorxularını, önündəki maneələri
ağlının və həyat eşqinin gücü ilə
aşaraq həyat yoluna davam edir. Müəllim
valideynlərinin ailə qanunlarına söykənərək
onlar kimi əqidəli, qürurlu olub, halallıqla
yaşamağı öyrənir.
Bu yerdə gözlərimiz qarşısında öz
çətin, ağır həyatlarından təlaş
keçirən, həyəcanlanan insanlar canlanır. Çoxumuz uşaqlıqda
aldığımız qəlb yarasının
ağrısını həyatımız boyu hiss edirik. Qəhrəmanımız olan balaca
qızcığazın da yaddaşında nənəsinin
onunla soyuq və sərt davranışları qövr edir.
Nənəsi əllərinin sığalı ilə deyil, silləsiylə
hafizəsində qalır...
Əsər müxtəlif insan taleləri, qonşu və
qohumluq münasibətləri, həssas məqamlarla da zəngindir. Əsərdə
müxtəlif xalqların nümayəndələri ilə
birgəyaşayış, dostluq və qonşuluq münasibətlərinə
də yer verilmişdir. Yazıçı,
bir bölgənin timsalında Azərbaycan xalqının
tolerant yaşam prinsiplərinə uyğun, bir ailə kimi
mehriban münasibətlərini açıb göstərir.
Axı tolerantlıq xalqımızın xarakterik xüsusiyyəti
və mədəniyyətinin göstəricisidir...
"Ruhlar ocağa dönər" povestində hadisələr
Birinci Qarabağ müharibəsi dövründən bəhs
edir. Mənfur ermənilər tərəfindən
torpaqlarımız işğala məruz qalır, dədə-baba
torpaqlarında yaşayan insanlar yurd-yuvalarından didərgin
düşərək məcburi köçkünə
çevrilir. Hakimiyyətdə gedən
oyunlar, kürsü davası və bu davada xalqın güdaza
verilməsindən sarsılan yazıçı hadisələri
gerçəklik prizmasından açır. Ömrünün çoxunu yaşamış, bir də
doğma yurd-yuvasına dönmək ümidi olmayan insanlar
üçün isə bu, ikiqat faciədir. Məmməd müəllimin ailəsinin,
el-obasının, kəndinin fonunda bir xalqın faciəsinin təsviri
povestin başlıca amilidir.
Əsərdə həm də qarşılıqlı
sevgi, inam, etibar olmadan bir damın altında
yaşamağın çətinliyi, bəlkə də
mümkünsüzlüyü də özünün bədii
həllini tapır.
"Ötən günlərin nağılı"
povesti iki dövrü əhatə edir. Qarabağda
baş verən hadisələr ötən əsrin sonlarını,
həm də sovet hakimiyyətinin qurulduğu zamanı əks
etdirir. Müəllif ədəbi qəhrəmanların
mənəvi aləmini incə ştrixlərlə
açaraq, onların müsbət və mənfi tərəflərini
məharətlə təqdim edir.
Hər gün gördüyümüz, bəzən
görüb də fərqinə varmadığımız
gözəlliklər Şəfəqin qələmində
bambaşqa çalar alır. O zaman təbiət daha əlvan,
insanlar daha munis, daha saf və mükəmməl
görünür. Oxucu da özünü bu mükəmməlliyin
əhatəsində rahat və məmnun hiss edir. İnanır
ki, yazıçının təsvir etdiyi bu möhtəşəm
dünyada xoşbəxt olmamaq mümkün deyil...
Şəfəq Nasirin yaradıcılığı elmi,
ədəbi araşdırmalarla da zəngindir. Onun Qərbi
Azərbaycan mətbuatı tarixinin
araşdırılmasında da zəhməti
böyükdür. Belə ki, tədqiqatçı alim İrəvanda
ilk anadilli mətbuatımız olan "Lək-Lək"
satirik jurnalını və "Bürhani-Həqiqət"i
transliterasiya edərək nəşrini həyata
keçirmişdir.
Görkəmli Amerika yazıçısı Henri Miller
yazıçılığı metafizik macəra
adlandırırdı. O deyirdi ki, yazıçı varlığın üst
və alt qatlarını birləşdirən
cığıra qədəm qoyur və nəticədə
özü də bir cığıra çevrilir. Şəfəq bu gün də böyük həvəs
və məsuliyyətlə yazıb yaradır. Bildiyimə görə, indi üç müxtəlif
mövzuda olan kitabları üzərində yaradıcı
işlərini davam etdirir. Hələ nə
qədər toxunmadığı, qələmə almağa
macal tapmadığı əsərlər onu gözləyir.
Geridə keçilmiş zamandırsa, irəlidə
yaşanacaq illərdi. Bundan sonra neçə bahar, yaz göyərəcək,
dünya yenidən doğulacaq, söz isə hər vaxt diri
qalacaq. Arı çiçəyə, yazıçı
sözə uçur. Gələcək uçuşların və
yubiley yaşın mübarək olsun, Şəfəq Nasir!
Şahnaz
Şahin
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.13.