ADPU-nun repressiya qurbanı olan
üç dilçi alimi: Abdulla Tağızadə, Xalid Səid
Xocayev və İdris Həsənov
XX əsrin 30-cu illəri Azərbaycan tarixinə daha bir
qara səhifə olaraq yazıldı. Bu illərdə
xalqın düşünən beyinləri,
türkçülük və azərbaycançılıq
ideyaları ilə döyünən ürəkləri bir gecənin
içində "xalq düşməni", pantürkist
damğasıyla repressiyaya məruz qaldılar. Əslində isə repressiya qurbanlarının
hamısı məhv edilməkdə olan soykökü, dili, mədəniyyəti,
bir sözlə, xalqı xalq edən bütün milli-mənəvi
dəyərlərin həm təmsilçisi, həm də
qoruyucusu idilər.
XX əsrin
ilk yarımilliyində Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu)
professor-müəllim heyəti Azərbaycanın ictimai, siyasi,
mədəni həyatında mühüm işlər
görmüş, adlarını xalqın mədəni, siyasi
birliyi və türkçülük uğrunda aparılan
mübarizədə tarixə yazmağı bacarmışlar.
Bu heyətin üç nümayəndəsinin - Abdulla
Tağızadə, Xalid Səid Xocayev və İdris Həsənovun
yolları yalnız Azərbaycan Dövlət Ali Pedaqoji
İnstitutunda kəsilmir, onların amalları,
düşüncələri, əqidələri də
bir-birinə bənzəyir. Məhz elə buna
görədir ki, hər üçünün müxtəlif
işlərdə birgə
çalışdığını, adlarının
yanaşı çəkildiyini görə bilərik.
Abdulla Tağızadə və İdris Həsənovun
yolları eyni ildə (1897) və şəhərdə (Gəncə)
anadan olmaları ilə başlayıb. Sonra bu yol Azərbaycan
Dövlət Ali Pedaqoji İnstitutunda davam edib və repressiya
ilə sona çatıb. 1888-ci ildə Daşkənddə
dünyaya göz açan, əslən özbək olan Xalid Səid
Xocayev isə Ali Pedaqoji İnstitutunda ərəb və fars dillərinin tədrisi ilə məşğul
olmuşdur.
Abdulla Tağızadə və Xalid Səid Xocayev
1926-cı ildə keçirilən Birinci Türkoloji
Qurultayın iştirakçıları olmuşdular. Abdulla Tağızadə
1924-cü ildə Maarif Komissarlığının sərəncamı
ilə Leninqrad şəhərindəki Şərq Dilləri
İnstitutuna oxumağa göndərilir və burada Leninqrad
Dövlət Universitetinin dil və ədəbiyyat mədəniyyət
fakültəsinin ikinci kurs tələbəsi olarkən,
1926-cı il Birinci Türkoloji Qurultaya tələbə
kimi dəvət olunur. Beləliklə,
A.Tağızadənin adı Azərbaycandan yox, Rusiya
Federasiyasından (Leninqraddan) dəvət olunanlar içərisində
verilir. Xalid Səid Xocayev isə 1926-cı
ildə Birinci Türkoloji Qurultaya Azərbaycandan şəxsən
dəvət olunanlardan olmuşdur. Həmçinin
Xalid Səid Xocayev qurultayda çıxış edənlər
cərgəsində idi. Çox təəssüf
olsun ki, onun çıxışı qurultayın
stenoqramında və ya başqa bir yerdə çap
olunmamışdır. F.D.Aşinin,
V.M.Alpatov və D.M.Nasilovun müəllifi olduqları
"Repressirovannaə Törkoloqiə" kitabında Xalid Səidin
üç dəfə özbək dilində
danışdığını, rusca xülasənin
olmaması onun rus dilini kifayət qədər bilməməsi
ilə əlaqələndirilib (F.D.Aşnin, V.M.Alpatov,
D.M.Nasilov; Repressirovannaə Törkoloqiə, 2002, s.95). Azər Turan isə "Xalid Səid Xocayev. Şəhid Türkşünas" adlı
kitabında Xalid Səidin nitqinin stenoqrama
salınmamasının səbəbini onun rus dilində
danışmaması ilə izah edir (Azər Turan, Xalid Səid
Xocayev. Şəhid Türkşünas,
2009, s.21). Bu o demək deyil ki, Xalid Səid
özbək dilində çıxış edib. Onun çıxışının türkcə (Azərbaycan
dilində - Ş.M.) olduğunu Əli bəy Hüseynzadənin
qurultayla bağlı yazdığı qeydlərdən oxuya
bilərik. Azər Turanın 15 fevral 2008-ci ildə
"Ədəbiyyat qəzeti"ndə çap olunmuş
"Əli bəy Hüseynzadənin Birinci Türkoloji
Qurultaydan qeydləri" adlı yazısında oxuyuruq:
"Özbək Xalid Səid fasih türkce nitqini verdi. Ona görə qonuşma fərqlərinin
hüdudunu təyin etmək çətindir, ləhcələrin
coğrafiya baxımından bir-birinə qarışmaları,
türklərin bir-birini anlamaları üçün ümumi
bir ədəbi dil zəruridir".
Ali Pedaqoji İnstitutun (ADPU) müəllimləri olan
Abdulla Tağızadə, Xalid Səid Xocayev və İdris Həsənovu
birləşdirən digər ünsürlər onların, ya
birgə müəllifi olduqları dərsliklər, ya da
redaktoru olduqları kitablar idi. Belə ki, Abdulla
Tağızadə və Xalid Səid Xocayev 1938-ci ildə orta
məktəb (7-ci sinif) üçün "Müxtəsər
üslubiyyat" adlı dərsliyin həmmüəllifi
olmuşlar, kitabın Ön sözü (bir neçə
söz) elə müəlliflərə aiddir. Kitabın redaktoru isə B.Çobanzadə
olmuşdur. 92 səhifədən ibarət olan kitabda
mövzular altı başlıq altında verilmişdir: A.
Üslubiyyat (stilistika), intonasiya və durğu işarələri;
B. Cümlə; C. İfadənin bədii ünsürləri;
Ç. Bəyan; D. Yazı. Yazının mənşəyi
və inkişafı; E. Yeni türk imlası.
Digər ortaq kitab isə Abdulla Tağızadə,
İdris Həsənov və Ələkbər Babazadə həmmüəllifliyi
ilə 1934-cü ildə çap olunan "Azərbaycan
türk dilinin imlası" adlı kitabdır. 32 səhifədən ibarət
olan kitab 3 hissədən ibarətdir: 1) Türk və türkləşmiş
kəlmələrdə imla prinsipləri; 2) ərəb-fars
sözlərinin imlası prinsipləri; 3) Avropa və rus
sözlərində imla prinsipləri.
İdris
Həsənovun 1936-cı ildə altıncı sinif
üçün tərtib etdiyi "Qrammatika"
kitabının redaktoru Abdulla Tağızadədir. Abdulla
Tağızadə, həmçinin bir neçə kitabın
redaktoru olmuşdur: Türk dili: qeyri-türk məktəblərinin
dördüncü sinfi üçün /Qasımbəyli, D.Məhəmmədzadə;
red. A.Tağızadə, Q.Həsənov.
(1936); Türk dili: qeyri-türk məktəblərinin 3-cü
sinfi üçün /Qasımbəyli, Məmmədzadə;
red. A.Tağızadə. (1936); Türk dili və ədəbiyyat:
ibtidai məktəb proqramları /ASŞC MXK İbtidai və
Orta Məktəb İdarəsi; dil proqramını tərt. ed. Q.Ələkbərli; ədəbiyyat
proqramını tərt. ed. Ə.Nazim,
F.Qasımov, Ə.Sultanlı [və b.]; red. A.Tağızadə, Ə.Şərifov, Ə.Nazim
(1936).
1928-1929-cu
illərdə Ali Pedaqoji İnstitutda qədim türk dilləri
- orxon və uyğur dilləri, türk dillərinin tarixi
qrammatikası haqqında məruzələr oxuyan Abdulla
Tağızadə haqqında yazılan bir çox məqalələrdə
onun müəllifi olduğu kitabların adı qeyd olunur ki, həmin
kitablar harada və necə saxlanılması ilə
bağlı heç bir məlumat yoxdur. "Şərq"
qəzetinin 8 noyabr 2014-cü il
buraxılışının 11-ci səhifəsi Abdulla
Tağızadəyə həsr olunub və həmin səhifədə
yazılır: "..."Türk-tatar dillərinin tarixi sərf-nəhvi"
kitabını nəşr etdirir. VIII-IX əsrlər
qədim uyğur abidəsinin mətnini nəşrə
hazırlayır, ona sözlük yazıb, abidə haqqında
qiymətli fikirlər söyləyir. 692-693-cü illərdə
yazıldığı güman edilən, Tonyuququn qəbirüstü
abidəsi üzərindəki mətni çapa hazırlayan
Abdulla Tağızadə "Qədim türk dilləri və
yazılı abidələrinin öyrənilməsi üsulu və
yolları", "Dil haqqında elmin inkişaf tarixi",
"Azərbaycan dili və şivələrinin izahlı
lüğəti", həmçinin Xalid Səid Xocayevlə
birlikdə "Müxtəsər üslubiyyat" əsərlərini
yazmaqla dilçilik elmimizə yeni nəfəs
qazandırır".
Digər
bir məqalədə - Savalan Fərəcovun "Qədim
türk mədəniyyətini araşdıran alim" ("Mədəniyyət"
qəzetinin səh.19, 6 iyul 2018-ci il nəşrində)
adlı yazısında yuxarıdakı əsərlərin adı
çəkilir: ""Türk-tatar dillərinin tarixi sərf-nəhvi"
kitabını nəşr etdirir. VIII-IX əsrlər
qədim uyğur abidəsi "Huastuanift"in mətnini nəşrə
hazırlayır, yazdığı Ön sözdə abidə
haqqında qiymətli fikirlər söyləyir. Həmçinin 692-693-cü illərdə
yazıldığı ehtimal edilən Tonyuququn qəbirüstü
abidəsi üzərindəki mətni çapa
hazırlayır. "Qədim türk dilləri və
yazılı abidələrinin öyrənilməsi üsulu və
yolları", "Dil haqqında elmin inkişaf tarixi",
"Azərbaycan dili və şivələrinin izahlı
lüğəti", habelə tanınmış özbək
dilçisi Xalid Səid Xocayevlə birlikdə "Müxtəsər
üslubiyyat" əsərlərini yazır".
Qeyd etmək
lazımdır ki, A.Tağızadənin Xalid Səid Xocayevlə
birlikdə "Müxtəsər üslubiyyat" və
adı heç bir yerdə çəkilməyən İdris
Həsənov və Ələkbər Babazadə ilə həmmüəllif
olduğu "Azərbaycan türk dilinin imlası" adlı
kitabları Mirzə Fətəli Axundov adına Azərbaycan
Milli Kitabxanasında qorunub saxlanılır. Cəlal
Qasımovun "Birinci Türkoloji Qurultay: Şahidlər Və
Şəhidlər" (Bakı, 2019) adlı kitabının
173-cü səhifəsində də eyni əsərlərin
adlarına rast gəlirik: "Qədim türk dilləri və
yazılı abidələrinin öyrənilməsi üsulu və
yolları", "Dil haqqında elmin inkişaf tarixi",
"Azərbaycan dili və şivələrinin izahlı
lüğəti", eləcə də Xalid Səid Xocayevlə
birgə yazdığı "Müxtəsər
üslubiyyat"ı və onlarca başqa əsərləri
ilə dilçilik elmimizi zənginləşdirən Abdulla
Tağızadə 1897-ci il martın 17-də (istintaq
qovluğunda onun doğum tarixi gah 1897, gah da 1898-ci il göstərilmişdir
- C.Q.) Gəncə şəhərində anadan
olmuşdur. Abdulla Tağızadə Azərbaycan
Elmi-Tədqiqat İnstitutunda dil-ədəbiyyat və sənət
şöbəsində elmi işçi, sonra isə
dilçilik və terminologiya şöbəsinin müdiri
işləyir, "Türk-tatar dillərinin tarixi sərfi-nəhvi"
kitabını nəşr etdirir". 18
mart 1937-ci ildə həbs olunan Abdulla Tağızadənin
şəxsi kitabxanasının yandırılması, "əlyazmalarının
məhv olunması ilə bağlı akt" olduğu məlumdur.
Nəşr olunan kitablarının repressiya
zamanı müsadirə olunması onun əlyazmalarının
ortada olmamasına əsas verir, amma nəşr olunan
kitablarından yalnız ikisinin Azərbaycan Milli
Kitabxanasında oxuculara təqdim olunması təəssüf
hissi doğurur.
Həbs
olunana qədər Abdulla Tağızadə, İdris Həsənov
və Xalid Səid Xocayev SSRİ Elmlər Akademiyası Azərbaycan
filialının əməkdaşları olmuşlar, eyni
zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda (ADPU)
qabaqcıl pedaqoq kimi də fəaliyyət göstərmişlər.
Abdulla Tağızadə ADPU-da dilçilik
kafedrasının müdiri vəzifəsində
çalışmış, 1930-cu ildə institutun dosenti
seçilmiş, qədim türk dillərinin
qrammatikasından məruzələr oxumuş, Azərbaycan
dili fənnini tədris etmişdir.
Türkdilli xalqların ortaq əlifba və ortaq ədəbi
dil ideyasını irəli sürən Xalid Səid Xocayev
institutda ərəbcə və farsca tədrislə məşğul
olmuşdur. Onun
adının bir türkoloq kimi tarixə yazılmasına səbəb
türkçülük fikirləri ilə yanaşı,
Mahmud Kaşğarinin "Divanü
Lüğat-it-Türk" əsərini ilk dəfə tam
şəkildə türkcəyə çevirməsi oldu. Azərbaycan filologiyasının inkişafında
xüsusi yeri olan Xalid Səid Xocayevin "Türk dillərinin
müqayisəli qrammatikası" (Bakı 1926),
"Osmanlı, özbək, qazax dillərinin müqayisəli
sərfi", "Yeni əlifba yollarında əski xatirə
və duyğularım", "Müxtəsər
üslubiyyat", "Müfəssəl sintaksis",
"Üslubiyyat nəzəriyyəsi",
"Türk dilinin tarixi qrammatikası", "Cığatay
ədəbiyyatı haqqında mühazirələr",
"Türk ədəbiyyatının nəzəriyyəsi",
"Türküstan tarixinin qısa icmalı",
"İran dillərinin qrammatikası", "Mahmud
Kaşğari "Divan"ı mətninin izahlı, elmi tərcüməsi",
"Orxon kitabələrinin izahlı tədqiqi",
"Türk məktəbi üçün rus dili"
kimi mətbu əsərləri və kitabları ilə
yanaşı, itkin əlyazmaları (Azər Turan) da var.
1934-cü ildə Ali Pedaqoji
İnstitutunun dillər kafedrasında "Dil və ədəbiyyat
kabineti" yaradan İdris Həsənov haqqında Ədalət
Tahirzadə yazır:
"İşə ürəkdən can
yandırmasının və artıq nüfuzlu elmi
işçi kimi yetişməsinin məntiqi nəticəsi
olaraq 1935-ci ilin 22 noyabrında institutun (ADPU - Ş.M.) dilçilik və dillər kafedralarının birləşmiş
iclasında professor Bəkir Çobanzadənin, eləcə də
Abdulla Tağızadə, Xalid Səid Xocayev və
başqalarının rəyi ilə İdris Həsənova
professor rütbəsi və dissertasiya müdafiə etmədən
filologiya elmləri namizədi alimlik dərəcəsi
verilməsi qərara alındı" (Ədalət Tahirzadə,
"Elm" qəzeti, 18 iyun 1988, səh.4). Eyni zamanda İdris
Həsənov 1932-ci ildə Azərbaycan və SSRİ-nin
başqa respublikalarında yeni latın əlifbası əsasında
korlar üçün nöqtəli hərflərin layihəsini
yaratmışdır. Həmçinin İ.Həsənov yeni
türk əlifbası ilə buraxılan "Yeni yol" qəzeti
və "Gələcək" jurnalında müxtəlif məqalələrlə
fəal iştirak etmişdir. "Gələcək"
jurnalının 10 mart 1925-ci il buraxılışında (№2)
"Əlifba üstündə çalışanların
müxtəsər tarixi" adlı məqaləsi çap
olunmuşdur. Həmin məqalədə
İdris Həsənov ilk dəfə olaraq əlifba məsələsini
qaldırmış və onun dəyişdirilməsi
üçün səy göstərmiş Mirzə Fətəli
Axundovun əlifba islahatı üçün
gördüyü işlərdən və yeni türk
(latın) əlifbasından danışmışdır.
Azərbaycan dilçiliyində,
filologiyasında əvəzsiz işlər görmüş
A.Tağızadə, X.S.Xocayev və İ.Həsənovu birləşdirən
nəhayət, son idi, hər üçü repressiyanın
qurbanı, türkçülük şəhidi və
dilçilik qəhrəmanları idi. Abdulla Tağızadə
17 mart 1937-ci ildə həbs olunmuş, 12 yanvar 1938-ci ildə
isə güllələnmə hökmü yerinə yetirilir. Xalid Səid Xocayev 3 iyun 1937-ci ildə həbs olunur,
A.Tağızadədən fərqli olaraq onun barəsində
hökm daha tez verilir - 12 oktyabr 1937-ci ildə hökm həyata
keçirilir. İdris Həsənov isə digər həmkarları
kimi, 3 aprel 1938-ci ildə həbs olunur, sadəcə,
hökmün nəticəsi fərqli olur. Belə
ki, İ.Həsənov 1939-cu il iyunun 2-də antisovet təşkilatında
iştirakına görə 8 il müddətinə islah-əmək
düşərgəsinə göndərilməsinə qərar
verildi. 8 il sonra - 1946-cı il aprelin 3-də cəzasını
çəkdikdən sonra Gəncəyə qayıtsa da, professor İdris Həsənov 1949-cu il dekabrın
21-də təhlükəli element kimi yenidən 1939-cu il
ittihamına görə həbs olundu və ömürlük
Krasnoyarsk diyarına sürgün edildi. 1950-ci il noyabrın 3-də
özünü dənizə ataraq dünyasını dəyişdi.
Əksinqilabçı, millətçi, pantürkist, terror təşkilatının
üzvü, "xalq düşməni" kimi həbs olunan gənc
nəslin maariflənməsində və formalaşmasında
mühüm rol oynayan hər üç müəllim 1957-ci
ildə bəraət almışdır. Onları birləşdirən
dəyərlər çox idi, ən önəmlisi isə,
onlar milli düşüncə zəminində orijinal təfəkkür
sahibləri idilər. Yeni əlifba fəalları və təbliğatçılarından
və Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun
peşəkar müəllimləri olan A.Tağızadə,
X.S.Xocayev və İ.Həsənov filoloq, alim, türkoloq kimi
Azərbaycan dilçiliyində təkrarolunmaz şəxslərdəndir.
Şəkər Məmmədova
Filologiya
üzrə fəlsəfə doktoru,
ADPU, Türkoloji mərkəzin
rəhbəri
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.14-15.