Mərziyə Əhmədi
Üskui Dalğa: Cənubun cəsur qızı
Qadın
olmaq zəriflik deməkdir, incəlik, əsalət deməkdir,
üstəlik, tale sənə yaradıcılıq
istedadı, şair həssaslığı veribsə, bu deyilənlər
ikiqat olmalıdır. Qadın güclü olmağa məcbur
deyil. Meydanda olmaq, qəhrəmanlıq göstərmək
də onun vəzifəsi deyil. Amma nəsibin
olan coğrafiya və onun taleyi bəzən səndən qəhrəmanlıq,
döyüşkənlik və cəsur olmağı tələb
edir. Məsələn, əlindəki qələmlə
gülü, çiçəyi, çayı, çəməni
vəsf etmirsən, sevgi hekayələri də yazmırsan,
sonunda üç ətirli alma düşən
nağıllar da uydurmursan. Qələmi
süngüyə, qılınca çevirirsən, zalım və
güclü olanlarla mübarizə aparmalı olursan, Mərziyə
Əhmədi Üskui Dalğa kimi.
Azərbaycanın
cənubunda - Təbrizin Üskü qəsəbəsində
1945-ci ildə dünyaya göz açan, cəmi 29 il ömür sürən Mərziyə
Üskui bir ömrün içinə neçə həyat
yerləşdirib. Pedaqoq,
şair-yazıçı, cəsur inqilabçı. Və hər üçünü şəxsiyyətində
ləyaqətlə, bacarıqla birləşdirən
Üskuinin yaradıcılığını nə müəllimliyindən,
nə də mübariz inqilabçılığından
ayırmaq olmur. O, müəllim kimi ibtidai siniflərdə
Abdulla Şaiqin "Keçi" şeirini tədris edəndə
"Bir qurd çıxsa qarşına, Sən nə edərsən
ona?" sualından sonra növbəti məşhur misraya
keçməzdən əvvəl şagirdlərindən suala
cavabı "Var gücümü toplaram, buynuzumu o qurdun sinəsinə
saplaram" kimi öyrədirdi. Az sonra
kiçik sinif otaqlarına sığmayan Mərziyə
Əhmədi "dərslərini" həm meydanlarda, həm
əsərlərində keçməyə başlayır. Ana dili, azadlıq, ədalət və bərabərlik
uğrunda mübarizə bacarığını bütün
tələbələrinə aşılamağa
çalışırdı. Bütün
bunlar ona heç də asan başa gəlmirdi. O, təqib
və təhdidlərə məruz qalır, zindan həyatı
yaşamağa məhkum olur, amma bütün bunlar onu
tutduğu haqq yolundan çəkindirə bilmir. Mərziyə Əhmədi Şəms Kəsmai, Pərvin
Etisami, Səlmaslı Nimtac xanım, Munirə Taha kimi qələm
sahiblərinin yolunu seçir. Sakit həyatı
yox, mübarizə və savaş yolunu. Onlar
bu yolla bir gün qaranlıqları
aydınlandıracaqlarını düşünürdülər.
Zərif çiyinlərinə ağır məsuliyyət
yükü götürən Mərziyə özünü
çox problemlərin qarşısında borclu bilir,
missiyasını həyata keçirmək üçün həm
pedaqoji fəaliyyətindən, həm
yaradıcılığından istifadə edirdi.
Dostları onu başına gətiriləcək müsibətlərdən
qorumaq üçün Avropaya göndərəndə Mərziyə
orada qərar tuta bilmir, vətəndə lazım ola-ola
qürbətdə rahat həyatı özünə rəva
görmür və onlardan xəbərsiz qayıdıb gəlir. Cəsur və
mərdanə addımları onun yolunu məhbəsdən də
salır. Onu həbsxanadan yola salarkən ,"Ümid
edirik ki, bir də görüşməyəcəyik" - deyən
polis işçisinə "Mən əminəm ki,
görüşəcəyik" - deməklə, öz haqq
yolundan çəkinməyəcəyini bəyan etmiş olur.
Zülmə boyun əymək, haqsızlıq
qarşısında susmaq Mərziyə Əhmədi şəxsiyyətinə
xas xüsusiyyət deyildi.
Xırda,
incə arx idim,
Meşələrdən,
dağlardan,
Dərələrdən axırdım.
Bilirdim,
durğun sular
Öz içində boğular.
Mərziyə səssiz axmağı, durğunluğu,
öz içində boğulmağı özünə
yaraşdırmırdı. O bilirdi ki, zəncirləri, çərçivələri,
sədləri sakit dayanmaqla qırıb aşırmaq olmaz. Bunun üçün dalğalanmaq, tufanlara, boranlara
hazır olmaq lazımdır.
Mən
zülümə sığışmaram!
Bir
ölümlə qorxuzdunuz, yetər məni!
Bir həyata
sığışmadım,
Yüz
ölümə sığışmaram!
Xalq şairi Bəxtiyar Vahabzadənin Mərziyənin
dilindən verdiyi bu parça bir bədii bəyannamə kimi səslənir
və təkcə Mərziyənin səsi kimi yox,
dünyanın hər yerində haqsızlıqla üz-üzə
qalanların səsi kimi. Mərziyə bir qadın harayı,
qadın fəryadı ilə xalqların azadlığını
əlindən alanlara, doğma dilində danışmağa
qadağa qoyanlara etiraz edirdi. Belə mərd, sədaqətli,
cəsur, vətənpərvər şairənin çətin
həyatı və çoxyönlü
yaradıcılığı ilə bizi tanış
edən Lətifə Mirzəyevanın "Sənətkarın
Elmi Pasportu" seriyasından olan "Mərziyə Əhmədi
Üskui Dalğa: Həyatı və
yaradıcılığı" monoqrafiyası
düşünürük ki, onun xatirəsinə dəyərli
töhfədir. Monoqrafiya Lətifə Mirzəyevanın
Cənubi Azərbaycan ədəbiyyatı istiqamətində
ilk araşdırması deyil. O, bundan əvvəl "Kərim
Məşrutəçi Sönməz", "Həsən Məcidzadə
Savalan", "Şimali Azərbaycan Cənub ədəbiyyatında",
"Cənubi Azərbaycan ədəbiyyatı araşdırma
mərkəzi", "Məhəmmədhüseyn Şəhriyarın
Şimali Azərbaycan nəşrləri" kimi kitab və
monoqrafiyalar yazmış, hal-hazırda isə "Cənubi Azərbaycan
mövzusu Şimali Azərbaycan poeziyasında"
monoqrafiyasının üzərində işləyir və
"Şimaldakı Cənubi Azərbaycan mövzulu ədəbiyyat"
antologiyasını çapa hazırlayır. Ancaq
müəllifin Mərziyə Üskui haqqında
yazdığı monoqrafiyada ona bəslədiyi xüsusi
ehtiram və sevgini sezmək çətin deyil. Qeyd edək
ki, Lətifə xanım Mərziyə Üskuinin həm bədii
yaradıcılığını, həm pedaqoji və
inqilabi fəaliyyətini dərindən incələmiş, bu
zərif və güclü xanımın bütöv şəxsiyyəti
ilə şimallı oxucuları yaxından tanış
etmişdir. Qeyd edək ki, Cənubun cəsur
şairəsi haqqında bu tayda xeyli sayda əsərlər
yazılmış, onun bədii obrazı yaradılmış,
əsərlərinin elmi qiyməti verilmişdir. Əli
Tudə, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar
Vahabzadə, Sabir Rüstəmxanlı, Firuzə Məmmədli
və başqaları onun haqqında bədii əsərlər
yazmış, Mirzə İbrahimov, Əzizə Cəfərzadə,
Həmid Məmmədzadə, Sabir Nəbioğlu kimi alimlər
onun yaradıcılığına münasibət
bildirmişlər ki, müəllif bütün bunları nəzərdən
keçirmiş, "Mərziyə Üskui Dalğa Azərbaycan
ədəbiyyatında" bölməsində hər biri
haqqında fikir bildirmişdir.
29 yaşında düşmən gülləsinə
tuş gəlib həyatla vidalaşsa da, əsərləri və
tələbələri Mərziyənin ideya və
ideallarını yaşatmış, onun bir arzusunu yüz
etmişlər. Balaş Azəroğlunun dediyi kimi:
Düşmən
elə bildi ki, bu atəşlər altında
Əbədilik söndü o.
Bilmədi ki, kök atmış bir çinara
döndü o.
Ucaldı
budaq-budaq, çoxaldı yarpaq-yarpaq,
Boylandı doğma yurdun ulduzlu sinəsinə.
El
üçün Vətən üçün neçə
şeir böyütmüş
Bir
şairə - bir ana
Ucaldı
vərəq-vərəq Vətənin səmasına...
Ümid edirik
ki, böyük məhəbbətlə yazılan, Mərziyə
Əhməd Üskui haqqında ilk sistemli monoqrafik tədqiqat
olan "Mərziyə Əhməd Üskui Dalğa: həyatı,
mühiti və yaradıcılığı"
monoqrafiyası həm oxucular, həm tədqiqatçılar
üçün dəyərli mənbə rolunu oynayacaq. Lətifə xanımın zəhmətlə ərsəyə
gətirdiyi dörd fəsildən ibarət bu əsər nakam
xanımın həm həyatını, həm fəaliyyətinin
bütün yönlərini araşdırmaq baxımından əhəmiyyətlidir.
Biz bu tədqiqat vasitəsilə Mərziyə xanımın
obrazını bütövlükdə - həm şair, həm
pedaqoq, həm də bir inqilabçı kimi görə
bilirik. Mərziyə xanımın cəsurluğu
onda idi ki, özünü bütün fəaliyyəti ilə
ölümə aparırdı. Əqidəsi və məsləyi
naminə heç vaxt geri çəkilməyən Mərziyə
xanım özü də dərk edirdi ki, bu ölüm ancaq
fiziki ola bilər. O, cəsarəti ilə hələ sağlığında
özünə mənəvi abidə ucalda bilmişdir.
Aygün Bağırlı
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.17.