Qasım Qasımzadənin ədəbi-elmi
portreti.
Safurə Quliyevanın təqdimatında
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunda işə başlayanda, ilk diqqətimi çəkən
nüans iş otağımızda divardan asılan retro-portret
olmuşdu. Portret yazı stolumla üzbəüz
asıldığından hər başımı qaldıranda
istər-istəməz şəkildəkinin mülayim, həm
də iti baxışları ilə
qarşılaşırdım. Haqqında "köhnə
kişilərdəndir", - deyə
düşündüyüm bu foto ömrünün sonuna kimi,
əvvəl Azərbaycan sovet ədəbiyyatı, 1989-cu ildən
isə "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı"
adlanan şöbənin keçmiş müdiri, şair-alim
Qasım Qasımzadənin idi. Əməkdaşların
xatirə-söhbətlərini dinlədikcə, o mənim
üçün "interyerdə portret" olmaqdan çıxır,
maraqlı bir subyektə çevrilirdi. Bu səbəbdən,
şöbənin aparıcı elmi işçisi Safurə
Quliyevanın "Qasım Qasımzadənin
yaradıcılıq yolu" monoqrafiyası çapa gedəndə
ona ilk həvəs göstərənlərdən biri elə
özüm oldum. Bu, Ədəbiyyat
İnstitutunun "Sənətkarın elmi pasportu" silsiləsindən
hazırladığı 46-cı kitabı idi. Kitab - Yeni ilə xoş başlanğıc, ədəbiyyatşünaslara,
xüsusən, Qasım Qasımzadəni tanıyanlara dəyərli
hədiyyə oldu. Monoqrafiya filologiya elmləri doktoru,
professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı,
şair Q.Qasımzadənin həyat və
yaradıcılığına həsr edilmiş, sənətkarın
çoxşaxəli irsi izlənilmiş, parlaq şəxsiyyəti,
mükəmməl obrazı bütün tərəfləri ilə
canlandırılmışdır.
S.Quliyeva "professional elmi portret" ustasıdır,
"Azərbaycan ədəbiyyatı tarixi"
çoxcildliyinin əsas oçerk müəlliflərindəndir. O, yarım əsrlik elmi fəaliyyəti
dövründə bu gün ədəbiyyatşünaslığımızın
klassikləri sayılan alimlərlə çiyin-çiyinə
çalışmış, belə bir münbit mühitdə
yetişmişdir... Tanıdığın şəxsin
portretini yaratmaq həm asandır, həm çətin...
Asandır ona görə ki, predmetə bələdsən,
Safurə xanımın situasiyasında olan kimi, illərlə
gözünün önündə olub, sanki rəssamsan,
naturadan çəkirsən... Çətindir ona görə
ki, onu başqaları da tanıyır, müasirləri
sağdır, şahidlər "uydurmağa" qoymazlar...
Ön sözün müəllifi, filologiya elmləri doktoru,
professor Şirindil Alışanlı, "ədəbi-elmi
portret"in "əvvəldən axıra qədər"
Q.Qasımzadə "yaradıcılığına və
şəxsiyyətinə böyük ehtiram və yüksək
professionallığın" təzahürü olduğunu
iki yerdə qeyd etmişdir. Şirindil müəllimin
bu dəqiq qənaəti 5 fəsildən ibarət
monoqrafiyanın "açar sözüdür". Hər fəsil də, əvvəlki fəslin
mündəricəsini inkişaf etdirib daha da qüvvətləndirir.
Əsər Qasım müəllimin ömür
yolu ilə tanışlıqla başlayır. Ən həcmli hissə də elə bu fəsildir.
Şairin soy-kökü, yaxın şəcərəsi
haqqında məlumat verilir, Zəngəzur mahalının
adlı-sanlı kişiləri olan babaları Hacı Qasım
və Şahsuvar bəy, anası Arəstə xanım
hörmətlə xatırlanır. Q.Qasımzadənin tərcümeyi-halına
geniş ekskurs edən tədqiqatçı məlum aksiomu bir
daha təsdiq edir ki, keçmişi olmayanın nə indisi, nə
gələcəyi var... Öz sələflərindən
ən yaxşı keyfiyyətləri əxz edən Qasım
müəllimin mənəvi zənginləşməsində
Yaradan nəinki "dincəlməmiş", əksinə,
daha da səxavətli olmuşdur.
Q.Qasımzadə Qubadlıda anadan olub, Şəki
Pedaqoji Texnikumunu bitirmiş, Kəlbəcərdə məktəb
müəllimi, Yevlaxda maarif şöbəsində metodist
işləmişdi; Azərbaycanın hər
qarışında iz qoymuş, hər parçasını
özünə vətən bilmişdi. Əsər qəhrəmanın
həyat materialı, çoxcəhətli yaradıcılığı
əsasında yazılsa da, Safurə xanım
üçün vacib amil - sənətkarlıq xüsusiyyətləri,
bədiilik də unudulmamışdır. Bu cəhətlərinə
görə onu obrazlı elmi proza, roman-monoqrafiya da
adlandırmaq olar: "Q.Qasımzadənin taleyi elə gətirmişdi
ki... nənnisi barlı-bəhrəli bağlarda ağac
budaqlarından asılmış, iməkləməyi,
durub-yıxılmağı "quzu tüklü"
yaşıllıq sərilmiş güllü-çiçəkli
çəmənlər olmuş, məktəb yolu Kəlbəcərin
uca dağlarından keçmiş, miniyi dırnağından
od qopan köhlənlər olmuşdu". Monoqrafiyadakı
poetik vüsət onu standart tərcümeyi-hal,
yaradıcılıq yolu çərçivəsindən
çıxarıb elmi-bədii süjetə çevirir.
Şairin lirikasından bəhs etdiyi birinci fəsildə
müəllif onun şeirlərini nəinki ideya-məzmununa
görə qruplaşdırır, poetik xüsusiyyətlərini
incələyir, yeri gəldikcə onların yaranmasına təkanverici
məqamlardan da bəhs edir. Belə ki, "Bənövşə
yarpağı" şeiri həm yaranma tarixi, həm sənətkarlığı,
eləcə də aktuallığı ilə bu gün də
seçilir. Avropa səyahəti zamanı
azərbaycanlı turistlərin biri xaricdə də
yerlibazlıq azarından əl çəkməyib, dünya xəritəsində
onsuz da kiçik olan Azərbaycanı öz dayaz atmacaları
ilə daha da kiçildirmiş. Bundan hiddətlənən
Qasım müəllim sərt reaksiya verərək həmin
adamı pərt edir: "Eyib olsun! Dünya ərazisi
ilə müqayisədə bənövşə
yarpağından da kiçik olan torpağımızı bir
neçə yerə bölsək, nöqtəyə
dönüb itmərikmi?" Yerlipərəstlik kimi
milli qüsurumuz bu gün də bizə mane olursa, ümid yenə
"Bənövşə yarpağı"nadır...
Vətən - müqəddəs mövzu kimi
Q.Qasımzadə lirikasının özəyini təşkil
edir. S.Quliyeva bu qəbildən olan nümunələri fəxrlə
"Vətən şeiri" adlandırır. Ura-patriotizmdən uzaq, vətən həsrətinə
dəyib dağılan şairin qəlb harayının əks-sədası
onun şeirlərində eşidilir. Həm də,
ucadan... Təhlilə cəlb edilən əsərlər,
seçilən şeir nümunələri alimin poeziya sərraflığından,
bədii zövqündən xəbər verir:
Adam var
ki, Kür, Araztək çay görməyib,
Qarışmayıb gülüşünə şəlalələr.
Uçurumun
şir ağzından gül dərməyib,
Dodağını
öpməyib daş piyalələr...
Əsl
poeziya ali hisslərin, incə
duyğuların tərcümanıdır. Şair
hisslərini oxucu ilə bölüşüb, onu da həyəcanına
bürüyür, düşüncəsinin, sözün
gözəlliyinə qərq edir. Poeziya tədqiqatçısı
isə obyekti öyrənir, dərinliyinə varır, onu bizim
üçün elmi cəhətdən
açıb-xırdalayır: "Q.Qasımzadənin şeir
silsiləsində təbiət lövhələri canlı,
ekspressiv-emosional təsir bağışlayır. Dağ yağışının qara buludların gəlişindən,
ta şıdırğı yağıb hamını təpədən
dırnağadək tam islatmasına qədər olan təsviri
təbii, sirayətedicidir. Lirik "mən"
təbiətdəki gözəllikləri sadəcə, seyr
etmir, onun qoynunda isinə-isinə, islana-islana, sevinə-sevinə
bizi də öz yaşantıları ilə təsirləndirir".
Bu arada məlum filmdən məşhur cümlə yada
düşür: "Əgər dünyada poeziya haqqında
danışacaq kimsən yoxdursa, yaşamağın nə mənası?"
Burada, "nə yaxşı ki, Safurə xanım var
aramızda", demək keçir könlündən... Həmkarlarının Safurə xanıma verdiyi
"səriştəli poeziya tədqiqatçısı,
poeziyanın zərif, həssas bilicisi" kimi epitetlər, bənzətmələr
tədqiqatçı professionallığının bədii
təyinlərinə çevrilir.
Xronologiya üzrə davam edən monoqrafiyada
"Şairin poemaları", "Alimin publisistikası"
da ilk dəfə olaraq peşəkarcasına
araşdırılmışdır. Q.Qasımzadə poema
janrına, əsasən, yaradıcılığının
ilk dövründə - 1950-1963-cü illərdə müraciət
etmişdi. Bu poemaların adlarının özü bir
gözəllikdir: "Meşə nəfəs
alırdı", "Alma almaya bənzər",
"Damcılar", "Günəş gec batacaq" və
s. ...
Q.Qasımzadənin elmi araşdırmaya cəlb olunan
publisistikası içərisində xarici ölkələrə
səfərlərindən qələmə aldığı
xatirələri xüsusilə diqqəti cəlb edir. S.Quliyeva
yazıçının "Getdim, gördüm,
düşündüm", "10 günün təəssüratı"
və b. səyahətnamələrini elə canlı təqdim
edir ki, dərhal gedib gözünlə görmək istəyirsən.
Əlbəttə ki, bu səfərlərin
gözü 1968-ci ildə getdiyi İstanbul-Bursa-İzmir-Ankara
səyahətidir. Bu təəssürat həm
də, onunla maraqlıdır ki, orada "bir millət, iki
dövlət" deyil, əvvəllər bizə mənfi
yüklü kapitalist ölkəsi kimi tanıdılan
Türkiyədən söhbət gedir (Bu o zaman idi ki,
"hamı hər iş və hər şey
üçün - varlıqda-yoxluqda, xəstəlikdə-sağlıqda,
üzünü şimala, "vətənimizin"
paytaxtı Moskvaya çevirirdi. Bakıda
Türk filmləri festivalı keçiriləndə sovet Azərbaycanı
bu filmlərə rus dilində diktor tərcüməsi ilə
baxırdı". - D.A.). Lakin bütün bunlara baxmayaraq şair dili, dini bir
olan ölkədə özünü qərib hiss etmir, sonradan
"səfər yaşantıları lirik-romantik
duyğuların ifadəsi olaraq" şeirlərinə
köçür.
Safurə xanımın analizlərində elmi üslubla
rəvan ədəbi-bədii dil bir-birini tamamlayaraq, fikrin ifadəsini
asanlaşdırır, "quru" akademizmi xatirə fraqmentləri
canlı edir.
Hansıları ki, mən vaxtaşırı, yeri
düşdükcə, dəfələrlə Safurə
xanımın dilindən eşitmişəm... Məsələn,
bir axşam Q.Qasımzadə dostu B.Vahabzadə ilə axşam
gəzintisinə çıxır, sovet ideologiyasından
gileylə yanaşı, "ikiyə bölünmüş Azərbaycanın
taleyi ilə bağlı yanğılarını
bölüşürdülər". Bu
arada yerdən tapdıqları kibrit qutusu ilə bəxt
sınamaları monoqrafiyanın həssas və maraqlı hissələrindəndir.
Əsər həqiqi alim zəhmətinin, yuxusuz gecələrin,
evdən, ailədən "oğurlanan" zamanın məhsuludur. Safurə
xanım onilliklərin ciddi
araşdırmaçısıdır, həm də məsuliyyətlidir,
ondan da artıq zəhmətkeşdir. Başladığı
yeni işə sadəcə, girişmir, əksinə, onu
beyninə, qəlbinə yerləşdirir, ta bitirənə qədər
onunla yaşayır, ondan ayrıla bilmir. Bir
tədqiqat başqa birinə yol açır. S.Quliyeva kitabında özünün
araşdırması ilə yanaşı, həmkarlarından
şərh və sitatlara da geniş yer ayırır. Məqsəd - Q.Qasımzadəni
düşündürən məsələləri,
qaldırdığı problemlərə dair fikirləri
müqayisəli şəkildə həmkar və
dostlarının müşahidə və təhlillərində
önə çıxarmaqdır. Qasım müəllimin
yetirmələrindən olan, hazırda AMEA-nın müxbir
üzvü Tehran Əlişanoğlu, professorlar - Qəzənfər
Paşayev, Şamil Salmanov, tənqidçilərdən
Əkbər Ağayev, Qulu Xəlilov, şair Hüseyn
Kürdoğlu və başqalarının yanaşma və dəyərləndirmələri
monoqrafiyanın əhatəsini genişləndirib əhəmiyyətini
artırır.
Q.Qasımzadə tərcüməçilik fəaliyyəti
ilə də ciddi məşğul olmuş, bu sahədə
böyük uğurlara imza atmışdır. Y.Yevtuşenkonun
"Əfqan qarışqası" şeirinin tərcüməsi
orijinalı ilə rəqabət aparacaq qüvvədədir, tərcüməçi
şüşə kimi görünməz olub, həmmüəllifliyə
iddialıdır:
Sərilmişdir
rus cavanı Əfqanıstan düzündə,
Gəzir müsəlman-qarışqa onun tüklü
üzündə.
Çoxdan
ülgüc toxunmayan sifətdə gəzmək çətin,
O, mərhumun
qulağına pıçıldadı xəlvəti:
"Heç bilirsən, yaralanıb öldüyün
yer haradır?
Bircə onu bilirsən ki, yaxınlıqda İrandır.
Burda islam sözünü də eşitmisən ilk
dəfə,
Nə niyyətlə silahlanıb bəs gəldin biz tərəfə?"
Həqiqətən də, "ədəbiyyat - həyatın
güzgüsüdür"sə, "yazıçılar
zamanın bələdçiləridirlər". (akademik
İsa Həbibbəyli) Başqa sözlə, - tarixin təkrar
olunmaq kimi bir "vərdişi" var... 1983-cü
ildə yazılmış bu şeirin süjeti 2020-ci ildə
bizim Qarabağda təkrar olundu, bu dəfə həmin rus əsgərinin
aqibətini 4000 erməni gənci yaşadı. İbrət:
"Özgə torpağına daşla gələn,
başını da qoyub gedər".
S.Quliyeva
tədqiqat obyektinə dərin bələdliklə
yazdığı monoqrafiyada Q.Qasımzadənin "dağ
vüqarlı poeziyası" və elmi
yaradıcılığından başqa, milli ənənələrə
bağlı xarakterini, vətəndaşlıq mövqeyini,
yüksək erudisiyasını, cəsarətli və qərəzsiz
alim, tənqidçi mahiyyətini, "ipək kimi yumşaq,
ipək kimi möhkəm" şəxsiyyətini tam
açmışdır.
Əsərdə müəllif səmimiyyətini
xüsusi qeyd etmək istəyirəm. Çox zaman
publisistikada, hətta, müəllif təhkiyəsində belə,
bu qədər ürək açıqlığı
müşahidə olunmur. Əsərdə
ara-sıra elə xatirələrə yer verilir ki, Safurə
xanım onun üstündən rahatca sükutla keçə
bilərdi. İctimailəşdirməyindən
isə həm əsər, həm baş qəhrəman, eləcə
də müəllifin özü qazanır.
S.Quliyevanın hər kitabı alimlər, ədəbiyyatşünaslar,
elmə yeni gələnlər üçün hazır
köməkçi vasitədir. "Qasım
Qasımzadənin yaradıcılıq yolu" da
şair-alimin özəl fəaliyyəti ilə yanaşı,
həm də, müasirlərinin də içində
olduğu dövrün, ictimai-ədəbi mühitin geniş mənzərəsidir.
Məsələn, Qasım müəllimin Qarabağ
mövzulu fəaliyyətinə işıq salmaqdan öncə
belə bir panoram giriş verilir: "Azərbaycanın zəngin
torpaqlarına yiyələnmək xəyalında olan və həmin
məqsədlə 100 ildən bəri uzun gedişli planlar
hazırlayıb zaman-zaman fürsət düşən kimi onu
həyata keçirən qonşu ermənilər XX
yüzilliyin səksəninci illərində artıq
açıq hücum üçün starta hazır idilər".
Yekun
olaraq demək istəyirəm ki, filologiya üzrə fəlsəfə
doktoru, dosent S.Quliyeva Q.Qasımzadənin adına,
tutumuna, şəxsiyyətinə layiq bir əsər ortaya
qoymuşdur. Müəllifin diqqət və məhəbbətlə
yazdığı monoqrafiyanı zövqlə oxudum, ikiqat zənginləşdim...
Həm Qasım müəllimi görünən
və görünməyən tərəfləri ilə yenidən
kəşf etməklə, həm də bu tərəflərin
əhatəli, mükəmməl S.Quliyeva təqdimatı ilə.
Bu yazı da, əsərə və müəllif
zəhmətinə qiymət vermək cəhdidir.
Qasım
müəllim özü demiş, 70 il
yaşayıb dünyanın hər üzünü
gördü: oxucu məhəbbəti də qazandı, dövlət
tərəfindən də qiymətləndirildi. Müqəddəs
torpaqlarımızın işğalından da
yanıb-yaxıldı, övlad dağı ilə də
sarsıldı... Ağ və qara... Lakin həyatın
hər zolağında ləyaqətli insan, dəyərli, məhsuldar,
mənalı sənətkar ömrü yaşadı.
Hal-hazırda da şöbəmizdə Qasım müəllimin
portreti asılıb. Bayram keçirəndə, ad günü qeyd edəndə
çəkdirdiyimiz kollektiv şəkillərin
hamısında Qasım müəllim divardan baxır.
Şöbəyə ondan sonra gələnlər də onu
tanıyır, sevir... Safurə xanım həmişə
"elə dayanaq ki, Qasım müəllim də
düşsün...", - deyir. Bu ağ-qara foto Q.Qasımzadə
nüfuzunun, şəxsiyyətinin, poeziyasının portret təcəssümüdür.
Bu gün də Qasım Qasımzadə elminin, sənətinin
ucalığında dayanır. Həm də dostlarının,
həmkarlarının, yetirmələrinin,
davamçılarının qədirbilənliyində!
Dilarə
Adilgil
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.18-19.