“Ulduz” jurnalının iyun
sayı - yeni təqdimatda
“Ulduz” ədəbiyyat jurnalı iyun
nömrəsində oxucularının görüşünə
yeni təqdimatda gəlib. Dərginin üz qabığı,
mündəricatından tutmuş son səhifəsinə qədər
dizaynında dəyişiklik olunub. “Ulduz”un yeni
dizaynı Türkiyədə hazırlanıb, növbəti
nömrələr də eyni qaydada tərtib ediləcək.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar
jurnalist, şair Qulu Ağsəs daha bir yeni təşəbbüsün
reallaşmasının gözlənildiyini bildirib.
Belə
ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin
baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə
etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi
buraxılışı “Gənc ürəklər” dərgisində,
“Gənc ürəklər” dərgisinin növbəti nömrəsi
isə “Ulduz”da oxuculara təqdim olunacaq.
Bundan əlavə, jurnalın səhifə sayı da
artırılır. Əvvəl 88 səhifə çap
olunduğu halda, bundan sonra 96 səhifəli olacaq.
Jurnalın iyun nömrəsi isə xüsusi olaraq 104 səhifə
hazırlanıb. Eyni zamanda, jurnalın
ölçüsündə də dəyişiklik edilib.
“Ulduz”un iyun nömrəsində maraqlı bədii mətnlər
yer alıb. Dərgi Tural Cəfərlinin
“Özüylə söhbəti... və şeirləri” ilə
açılır.
Sərdar
Aminin “Rəsul nəsə demək istəyir”, Təvəkkül
Boysunarın “Araz axır qıyqacı”, Ayişə Nəbinin
“Relsə bağlanan çoban”, Nazilə Gültacın
“İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət
Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılzadənin
“İtmiş pul” hekayələri, Aydan Abdullayevanın
“Darıxan yazı” essesi dərgidə işıq üzü
görüb.
Bir müddət əvvəl dünyasını dəyişmiş
gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri”
hekayəsi də ruhuna ehtiram əlaməti olaraq bu
buraxılışda dərc olunub.
“Ulduz”
jurnalı və Azərbaycan Yazıçılar Birliyinin
Ədəbiyyat Fondunun təşkilatçılığı
ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr
olunmuş 35 yaşa qədər gənclər arasında
keçirilən şeir müsabiqəsinin qalibləri - Cavid
Qasımov, Allahşükür Ağa, Rəşad
Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin
şeirləri iyun nömrəsində çap olunub. Eyni
zamanda, Hafiz Hacıxalıl, Aysel Nəsirzadə, Rəsmiyyə
Sabir, İnqilab İsaq, Ədalət Salmanın şeirləri
“Şeir vaxtı”nda oxuculara təqdim edilib.
“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində
Sergey Dovlatovun “Ariel” hekayəsi dərc edilib.
Yazıçı-publisist Nadir Yalçının
tanınmış şair Baba Vəziroğlu ilə
müsahibəsi də jurnalın iyun nömrəsində yer
alıb.
Jurnalda İlham Abbasovun “Nobel” üzrə ədəbiyyat
mükafatları laureatlarından Andre Jidin həyat və
yaradıcılığından bəhs edən “Cuhud”
soyadlı fransız yazıçısı” adlı məqaləsi
dərc olunub.
“Gənc
yazarlar üçün ustad dərsləri”nin
növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrəsi”
barədə olub. Bakı Dövlət
Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasının dosenti Məti Osmanoğlu sözügedən
esseni şərh edib.
İyunun “Tribuna”sında filologiya elmləri doktoru Vaqif
Yusiflidir. “Yeni ədəbi nəsil” başlıqlı
yazısında o, ümumi mənzərəyə nəzər
salıb, iki mininci illərin ən gənc nümayəndələrindən
bəhs edib.
“Dərgidə kitab”da İlhamə Nasirin qələm
nümunələri işıq üzü görüb.
“Dərgidə sərgi”də isə Sumqayıt şəhəri
11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə
Cəfərovanın rəsmləri əksini tapıb.
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, ¹25.- S.19.