Köhnə hamam
Hekayə
Mən onu ölmüş bilirdim. Uzun zaman idi
ki, səsi-sorağı eşidilmirdi, valideynləri də əlini
üzmüşdü. Deyirdilər, itkin
düşüb. Amma bu günlərdə
ondan məktub aldım. Yazırdı ki,
"hekayələrini oxuyub səndən ümidimi
üzdüm. Sən böyük yazıçı ola bilərdin, amma axırda
cızmaqaraçı oldun. Onu da yazırdı
ki, sənin hekayələrinin əvvəlini oxuyan kimi
axırının necə qurtaracağı o dəqiqə
bilinir".
Sözün qısası, məni yaş yuyub quru sərmişdi. Deyirdi ki, tale
sənə gözəl fürsətlər vermişdi,
yazı-pozuda nə gördün ki, özünü bu mənasız
işə fəda elədin?
Dostumun bu sözləri zərrə qədər xətrimə
dəymədi.
Əksinə, çox sevindim ki, o,
sağ-salamatdır. Bəs bu illər ərzində
harada yaşamışdı, niyə valideynlərindən,
dostlarından bir xəbər tutmamışdı? İlin-günün bu vaxtı kim-kimə məktub
yazır? Poçtalyona ehtiyac olmayan bu dünyada bu zərfi
kim gətirib mənim qapımın
arasına qoymuşdu?! Zərfin üzərində
ünvan yazılmamışdı. Sadəcə, ad
yazılmışdı: Zakir.
Cavanlığında min hoqqadan çıxırdı,
görünür, köhnə xasiyyətini heç tərgitməyib. Buna bax, hələ
bir mənə öyüd-nəsihət verir. Tənqidçi olub mənimçün. Əlimə keçsəydi, ona dişimin dibindən
çıxanı deyərdim. Ata-anasının
gözünü illərdən bəri yolda qoyan oğula nə
deyəsən? Dərd-qüssə
yazıqların belini büküb, vaxtsız-vədəsiz
qocalıblar. Bu qoçağın
dünya-aləm vecinə deyil. Görəsən,
onlara bir əlcə məktub yazıbmı?
Məktubun
sonunda yazmışdı ki, sabah gecə
saat on ikidə səni köhnə hamamın tinində
gözləyəcəm. Köhnə hamam da kəndin
qurtaracağında, dəmiryolu xəttinin keçdiyi yerdə
idi. Uşaq vaxtı atam məni bu hamama aparardı,
yadımdadır, qatar keçəndə
hamamda ayağımızın altında yer silkələnirdi,
elə zənn edərdin ki, zəlzələdir. Hamamın daimi müştəriləri bu titrəşmələrə
öyrəncəli idilər. Bu hamama həftənin
tək günləri arvadlar, cüt günləri kişilər
gəlirdi. Zakir hardansa bir deşik tapıb
arvadlara, qızlara baxırdı. Hətta
orda gördüyü qızlardan birinə möhkəm
vurulmuşdu da. O da yadıma gəlir ki, qıza onun
adından şeir yazmaq üçün mənə ilan dili
çıxarıb yalvarmışdı. İndi bu adam mənim yazdıqlarımı bəyənmirdi.
Qızın evlərinin həndəvərində
o qədər hərlənmişdi ki, idmançı
qardaşı tutub onu xurd-xəşil eləmişdi. Odu-budu, bir də həmin qızın adını
dilinə gətirmədi.
O vədələr
dayımla bazarda gül satırdıq, yaxşıca
qazanırdım. Zakirin borc adıyla məndən
aldığı pulun sayını-hesabını çoxdan
itirmişdim. Heç vaxt
qaytarmayacağını bilsəm də, həmişə
cibinə pul basırdım. Çünki Zakir dost
üçün ölümə gedən oğlan idi. Dələduzluğu,
fırıldaqçılığı olsa da, ürəyi təmiz
idi. Ciyərli oğlan idi Zakir. Onu heç nəylə sındırmaq, ələ
almaq mümkün deyildi. Özündən
qat-qat güclülər onun cəsarəti
qarşısında sarsılırdılar. Cəsarət onun üstünlüyü idi. Qorxu hissi bu adama büsbütün yad idi. Gecə vaxtı qəbiristanlığın
içindən kəsə yolla kəndə girməyi mənə
o öyrətdi. Bir dəfə gecənin
bir aləmi hansısa naməlum qəbrin üstündə
"düd" deyincə içib ağlamışdıq.
O qəbir kimin idi, biz niyə ağlayırdıq? Bunu nə o bilirdi, nə də mən. Qəribə idi ki, içəndən sonra o,
heç nəyi xatırlamırdı. Səhər
gecəki əhvalatı ona mən danışırdım, təəccüblə
üzümə baxırdı. İçki
onun yaddaşını yuyub aparırdı. Mən isə içəndən sonra daha ayıq
olurdum. Elə buna görə Zakir mənim
yanımda arxayınca içirdi. Bilirdi ki,
onu atıb heç yerə gedəsi deyiləm.
Bir gün mənsiz hansısa qonaqlığa getdi və
qayıtmadı. Deyilənə görə, möhkəm
içibmiş. Sonuncu dəfə onu həmin
məclisdə görüblər və Zakir o məclisdən
necə çıxıb, hara gedib, bunları bilən yox idi.
İndi də
bu məktub... Ay səni, Zakir! Bircə bu oyun
qalmışdı ki, başımıza açmayasan.
Fikir məni götürmüşdü. Zakir
görüş yeri kimi niyə o köhnə hamamın
yanını seçmişdi? Bir də,
niyə gecə saat on ikidə? Bəlkə
kiminsə onu görəcəyindən ehtiyat edirdi? Axı bu səfeh niyə qaçaqlar kimi kəndə
gizlicə gəlir? Bu müəmmadan
heç cür baş aça bilmirdim. Bütün
gecəni gözümə yuxu getmədi. Zakirlə
uşaqlıqdan başlayan dostluğumuzun müxtəlif
anlarını, birgə yaşadığımız macəraları
bir-bir gözümün önündən keçirdim,
bunların bəzilərini əsərlərimdə
yazmışam. Amma yazılmayanlar daha
çoxdur və mən nəyəsə görə o əhvalatları
heç cür yaza bilmirəm. Mən
axı Zakiri ölmüş bilirdim. Fikirləşirdim
ki, hər şeyi çılpaqlığı ilə yazsam,
onun ruhunu narahat etmiş olaram. Sən demə,
bu avara hardasa oturub mənim yazdıqlarımı oxuyur, mənim
yazıçı olmağıma heyfislənirmiş. Köhnə hamam bunun ağlına hardan gəlib?
Orda çılpaq gördüyü qız
çoxdan ərə gedib, oğul-uşaq yiyəsidir.
Hamamın sahibi Camal kişi elə o zaman
Zakirin qulağını burub şapalağının
altına salmışdı. "Bir də burdan
arvadları güdsən, sənin şalvarını
çıxarıb lüt anadangəlmə kəndə
göndərəcəm, it balası!" - demişdi.
İşdə də fikrim Zakirin yanında
qalmışdı. Müdir altdan-altdan məni süzüb soruşdu:
- Səhərdən
diqqət edirəm, yaman fikirlisən. Nəsə
bir hadisə baş verməyib ki?
- Yoox, hər
şey qaydasındadır, - dedim, - bir az
başım ağrıyır.
Zənnlə xeyli üzümə baxıb bir söz demədi. Hiss elədim ki, inanmadı.
Qəliz bir kitabın redaktəsini
tapşırmışdılar, fikrim dağınıq
olduğundan cümlələri təkrar-təkrar oxusam da,
heç nə anlamırdım. Bu da əsəblərimə
toxunurdu. Bir neçə cəhddən
sonra mətni yaddaşa verib kompüteri söndürdüm.
Belə vəziyyətdə işləmək
mümkün deyildi.
***
Gecənin qaranlığı köhnə hamamı da
udmuşdu. Dünya büsbütün səssizliyə
bürünmüşdü. Bu səssizlik
qaranlıqla əlbir olub Zakirə şərait
yaradırdı ki, o, bu zülmətin dibində Səriyyəni
ağuşuna çəkib kamına çatsın. Bu, həmin Səriyyə idi ki, Zakir ona görə
elə bu hamamın böyründə yaxşıca
döyülmüşdü.
Gecə Səriyyənin xəyanətinin
üstünü ört-basdır edirdi. Səriyyə
bu qaranlıq gecələrdə sevmədiyi ərini sevdiyi
Zakirə dəyişirdi. Gecənin də
elə bil qulaqları kar, gözləri kor olmuşdu. Heç nə görmürdü, heç nə
eşitmirdi.
- Elə
arzulayırdım ki, səndən bir uşağım olsun,
özü də qız istəyirdim.
Qadının uçunan səsi Zakirin bütün
varlığını cuşa gətirdi, damarında qanı
qaynadı, sinəsinə sıxılmış dolu
döşləri ovuclayıb ağzına təpdi. Hıçqırıq,
inilti, zarıltı bu gecənin dərinliyində baş verən
günahdan xəbər verirdi. Zakirin o
anlarda işin sonrasını fikirləşəsi ağlı
qalmamışdı, o, nəfsinin əsirinə çevrilmişdi.
Nəfs ona günah hissini unutdurmuşdu. Bu vədələr nəfsin xırmanında dən
üyüdürdü. Səriyyənin də
bədəni torpaq kimi canlanırdı, dirçəlirdi.
Arzularının bu qaranlıqda it-bat
olacağından qorxub möhkəm-möhkəm Zakirə
sarılmışdı. İçindəki
güclü istək, təbii instinktlər qorxu hissinə
qalib gəlmişdi.
Bu məqamda
müəllif özünü saxlaya bilməyib hadisəyə
münasibətini bildirir: Qadın nəsə etmək istəyirsə,
heç bir qüvvə bu istəyin qarşısını
ala bilməz. Zakirin əməlinə gəldikdə isə belə
deyirlər: xəyanət kişilərin fitrətindədir. Qadını xəyanətə sürükləyən
sevgisizlikdir, vəssalam. Onu zorla sevmədiyi
oğlana ərə vermişdilər, bu da nəticəsi.
***
Gecə saat on ikini gözləməyə səbrim
çatmadı, evdən çıxıb kəndin
küçələrində veyil-veyil dolaşmağa
başladım. Çayçı Yaşarın
çayxanasında zəif işıq közərirdi, kənd
cayılları domino çırpır, arada mübahisə
edirdilər. Heç mənə əhəmiyyət
verən olmadı, bir küncdə oturub çay sifariş
verdim. Yaşarın xoruzquyruğu
çayından içə-içə televizorda
nümayiş etdirilən mənasız filmə baxmağa
başladım. Qumarbaz Tofiq canhövlü
özünü içəri təpəndə hamının
diqqəti ona yönəldi. Tofiq
pırpız qaşlarını oynada-oynada
şalvarının cibindən çıxardığı
yaylıqla üzünün tərini silib nəfəs dərdi.
- Alə,
xəbərüvüz var? Köynə
hamamın yanından meyit tapıblar.
Çayçı
Yaşarın təəccübdən sifəti uzandı:
- Nə
danışırsan? Orda neçə
gündür ustalar yer qazırdı, nəsə obyekt tikirlər,
deyəsən.
- Hə də,
traktor yeri qazanda görüblər ki, yerdən
sür-sümük çıxır. Polisə
xəbər veriblər, prokurorluqdan da tökülüb gəliblər.
Damarımda qanım dondu, çay boğazımda
qaldı. Çayxanadan necə çıxdığım
yadıma gəlmir. Uzaqda polis
maşınlarının sirenasını görəndə
ayaq saxladım. Köhnə hamamın
yaxınlığına heç kəsi buraxmırdılar.
Cavan polis çavuşuna yaxınlaşıb
soruşdum:
-
Qardaş, burda nə baş verib?
O da laqeyd
görkəmdə mənə əhəmiyyət vermədən
dodaqucu dilləndi:
- Kişi
meyidi tapıblar.
Saata
baxdım, on ikiyə beş dəqiqə
qalırdı. Ora-bura vurnuxsam da, təzə
heç bir məlumat ala bilmədim. Hələ
də ətrafa boylanıb Zakiri axtarırdım. Fikirləşirdim ki, bəlkə hadisədən xəbəri
var, məni elə buna görə bura çağırıb.
Zakir gözə dəymirdi. Saat
bir oldu, camaat yavaş-yavaş dağılışmağa
başladı. Yeyin addımlarla evə tələsdim.
Gecəni səhərə qədər dəli
kimi evin bütün künc-bucağını ələk-vələk
elədim. Zakirin məktubu yağlı əppək olub göyə
çəkilmişdi...
Kənan Hacı
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.21.