Dağılan tifaqlar tikilir
Şuşa
Teatrının "Dağılan tifaq" tamaşası
üzərinə notlar
İyunun
9-da, axşam saat altı-yeddi arası Şuşa Dövlət
Musiqili Dram Teatrının foyesi əllərində
gül-çiçək tutmuş tamaşaçılarla elə
dolmuşdu ki, iynə atsan, adam əlindən yerə
düşməzdi. Foyenin
lap yuxarı başında qərar tutmuş trio bir ucdan elə
hey muğam, təsnif ifa eləyir, "tamaşa nə vaxt
başlayacaq?" deyə, səbirsizlənən gələnləri
darıxmağa qoymurdu. Kimlərsə şəkil
çəkdirir, kimlərsə öz aralarında nəyisə
müzakirə edirdi. Müxtəsəri, o axşam Şuşa Teatrında əsl bayram ovqatı, qələbəlik
yaşanırdı!
Niyə də yaşanmasın? Milli
dramaturgiyamızın banilərindən Əbdürrəhim bəy
Haqverdiyev tragediya janrımızın ən gözəl
örnəklərindən biri - "Dağılan tifaq"
faciəsini də götürüb öz doğma Teatrına
gəlmişdi. Əbdürrəhim bəy, sanki sadəcə,
teatra deyil, otuz ildir Bakının səkkizinci mikrorayonunda,
"Azadlıq" metrosu yanında yüz nəfərlik
tamaşaçısı olan balaca bir məkana
sığınan Şuşamıza gəlmişdi ki, desin:
-
Balalarım, amandır, var-dövlət, şan-şöhrət
sizi yoldan çıxarmasın! Ay evi tikilmişlər,
ağlı başında olan da öz əliylə öz
tifağını dağıdarmı? Bəndə
olan da Allahı başının üstündə görməzmi?
İnsan olan da yetim-yesirin malına əl
uzadarmı? Kişi olan da
başqasının namusuna toxunarmı? Vallah, billah, bunun
bədəlini ağır ödəyəcəksiniz! Bəyəm,
bilmirsinizmi, verən də, alan da bir olan
Allahdır! Əgər bilmirsinizsə, tamaşa eləyin mənim
Nəcəfimə və özünüzə bir nəticə
hasil eləyin! Qurşandı qumara, malı-mülkü
günbəgün əlindən çıxdı, on iki para kəndi
getdi, cavan oğlu Süleymanı qız üstündə
öldürdülər, biçarə zövcəsi
Sonanın ürəyi tab gətirməyib öldü, iki
körpə balasıyla bayquşlar ulayan imarətində tək
qaldı, vaxtilə qapısında nökərçilik eləyən
Cavadın verdiyi bir parça çörəyə möhtac
oldu. Axırı iş o yerə çatdı ki, ölüm
yatağında ölməyi də Allah ona çox
gördü, ildırım vurdu öldürdü!
Əbdürrəhim bəy əsilzadə idi və on
doqquzuncu yüzilin sonlarına doğru ağlasığmaz bir
sürətlə irəliləyən kapitalizmin
sarsıdıcı zərbələri altında bəylik
quruluşunun göz-görəsi
çöküşünü faciə kimi
yaşayırdı. Bu yaşantı o qədər güclü idi ki,
yazılmasından az qala, yüz otuz il
keçəndən sonra da "Dağılan tifaq"a
baxanlar göz yaşlarını saxlaya bilmir. Amma
böyük ədib bu çöküşə sadəcə,
sinfi deyil, ümummilli faciə kimi yanaşır və
aristokratiyanın məhvinə millətin gələcək fəlakətlərinin
başlanğıcı kimi baxırdı. Faciənin
yazılmasından cəmi iyirmi il keçəndən
sonra bolşeviklərin hakimiyyətə gəlişi ilə
milli aristokratiyanın məhvi və yetmiş illik sovet dönəmində
çəkdiklərimiz görkəmli ədibin öz
uzaqgörən həyəcanlarında
yanılmadığını göstərdi. Eyni mövzu ədiblərimizdən
Süleyman Sani Axundovun "Laçın yuvası",
Ənvər Məmmədxanlının "Şərqin səhəri",
İlyas Əfəndiyevin "Mahnı dağlarda
qaldı" və digər dram əsərlərimizdə fərqli
rakurslardan öz əksini tapıb. "Dağılan
tifaq" bu mövzuda dramaturgiyamızda ilk əsərdir və
özünün ilkinlik statusunu həmişə qoruyub
saxlayacaq.
Foyedə durub tamaşanın başlamasını
gözləyənlər arasında mən də
varıydım. Düşünürdüm ki, görəsən,
tamaşanın rejissoru, vaxtilə ANS kanalında yayınlanan
və milyonların rəğbətini qazanan "Qulp"
teleproqramından yaxşı tanıdığmız,
Respublikanın Əməkdar artisti Yadigar Muradov öz
işinin öhdəsindən necə gələcək, on
doqquzuncu yüzilin sonlarında yazılan faciəni müasir
rakursdan necə təqdim edəcək, klassik əsərə
müasir qulp qoya biləcəkmi?
Amma Allah insaf vermiş Əbdürrəhim bəy elə
gözəl əsər yazıb ki, rejissorun özünü əziyyətə
salmasına ehtiyac qalmayıb. Mətn özü deyir ki,
"dünya beş gündür, ye, iç, kef elə" fəlsəfəsiylə
yaşayan, yetim-yesirin malını yeyən, xalqın
irzi-namusuna toxunan, bir sözlə, Allahı başının
üstündə görməyən marallar bu gün də
var, özü də xalqın sinəsinə çəkilən
dağlarda gəzib-dolaşırlar və dünən on idisə,
bu gün min olublar, sabah, bəlkə də milyon olacaqlar! Bəlkə, bu üzdən rejissor klassikanın
müasir oxunuşuyla bağlı özəl vasitələrə
əl atmağa ehtiyac görməyib? Bəlkə,
bərayi-ehtiyat, işini bərk tutub? Bilmirəm,
hər nədirsə, Yadigar Muradov belə məsləhət
bilib və elə onun gördüyü şəkildə də
səhnədə baş verənlər baxılır, maraq
doğururdu.
Antraktsız oynanılan tamaşanı şərti olaraq
üç hissəyə bölmək olardı. Nəcəf bəyin öz
evində dostlarıyla eyş-işrət məclisindən
başlayıb, ta ki Süleyman bəyin qətli və Sona
xanımın ölümünə qədər hər şey
- qapı-pəncərə, stol-stul, üstünə
döşəkcələr atılmış yük yeri, səhnədəkilərin
həddən ziyadə parlaq, al-əlvan geyimləri... Hüseyn Ərəblinski dönəmi
tamaşalarının üslubunu yada salır və bizi təkcə
hadisənin vaxtı deyil, estetik təqdimi yönündən də
on doqquzuncu yüzilin sonları, iyirminci yüzilin
başlanğıcına qaytarır. Bu, realizmdir!
Pinəçi
İsmayılla (Cavid Cavadzadə) İrandan gəlmiş
Əbdül (Hamlet Qənbərov) arasında Nəcəf bəyin
faciəli sonu barədə epiloqvari söhbət tamaşada
özəl yer tutur, həm öz informasiya yüküylə əvvəllə
axır arasında körpü salır, həm də faciənin
ağırlığından sarsılan
tamaşaçılara nəfəs dərməyə imkan verirdi.
Səhnənin bir küncündəki pinəçi
köşkünün sağına və soluna vurulmuş
çarıq şəkilləri, Nəcəf bəyin xaraba
qalmış imarəti tərəfdən gələn
bayquş ulartısı rəmzi-simvolik səciyyə
daşıyırdı. Bəyin aqibəti
barədə məhz pinəçinin danışması cəmiyyətin
başı ilə ayağının bir yerə cəm
olması fikrini doğurur və bu travestiyanı ən
xırda detalda da görmək olurdu - çarıqlardan bir
cütünün üstü, o biri cütünün
yararsız hala düşmüş, tikişləri
sökülmüş altı görünürdü. Bu, bəylikdən dilənçiliyə yuvarlanan,
vaxtilə qapısında nökərçilik eləyən
Cavada möhtac qalan Nəcəf bəyin altı üstünə
çevrilən taleyinə, güzəranına, ömrünə,
bir sözlə, etibarsız dünyanın axırına
işarə idi. Tamaşanın
quruluşçu rəssamı Valeh Məmmədov faciənin əsas
ideyasını bu baxımdan gözəl tutur və işarələrlə
zala çatdıra bilir. Bu, simvolizmdir!
Nəhayət,
şərtiliklər üstündə qurulan final -
üçüncü hissə! Məişət dekorları,
rekvizitlər yoxa çıxıb, sağdan və soldan
divarları əvəz eləyən, səhnənin içərilərinə
doğru hər iki tərəfdən trapesiya şəklində
getdikcə daralan, ölüm, qəbir assosiasiyası
doğuran ağ lövhələr
görünür. Zövcəsini, cavan
oğlunu, on iki para kəndini itirən, əvəzində,
özünü tapan Nəcəf bəy tez-tez yanıb-sönən
işıqların yaratdığı, şimşək
çaxışını işarələyən
yarıqaranlıqda günahlarını dərk etməkdən
doğan etiraflarını eləyir. Sona xanımın ağ, uzun libasda bir neçə dəfə
peyda olan və səhnənin bir tərəfindən digər
tərəfinə keçən ruhu hər
görünüşündə "Ver mənim imarətlərimi!"
- deyə bəydən öz puç
olmuş ömrünün bədəlini istəyir. Teyfin
zühuru Nəcəfin tezliklə öləcəyinə
işarə edir və qəfil çaxan ildırım bəyi
vurur! Yüksək gərginlikli bu final səhnəsi
tamaşanın tamam fərqli üslubi hissəsi - modernizmdir!
Əlbəttə, kimsə bütün bu realizm,
simvolizm, modernizm söhbətini üslubi xaos, metodoloji
qeyri-müəyyənlik kimi də dəyərləndirə
bilər, mən bunu klassika və müasirliyin sintezi hesab edirəm. Qoy, bu məsələ
açıq, hərə öz yanaşmasında sərbəst
qalsın!
Şuşa
Teatrının tamaşalarında dəfələrlə
olmuşam - "Boy çiçəyi",
"Şekspir", "Dağılan tifaq"... Hər dəfəsində də mənə elə gəlib
ki, yüz nəfərlik zal, balaca səhnə aktyorlara
darlıq eləyir. Bu dəfə eyni hissi
daha dərindən yaşadım. Görünür,
bu yaşanan faciənin böyüklüyü ilə
bağlı idi.
Tamaşanın əsas ağırlığı Nəcəf
bəy rolunun ifaçısı, teatrın
repertuarındakı bir çox tamaşalarda baş rollarda
çıxış eləyən Respublikanın Əməkdar
artisti Nazir Rüstəmlinin üstünə
düşürdü. Xoşbəxtlikdən bədbəxtliyə
gedən obrazın faciəsini getdikcə yüksələn xətt
üzrə göstərən və final səhnəsində
son həddə çatdıran Nazir Rüstəmli obrazın
tragizmini olayların gedişinə uyğun, pillə-pillə
açırdı. Final səhnəsindəki etiraf
monoloqunu aktyor özünəməxsus, çılğın
bir etiraz, üsyanla deyərək, qəhrəmanın
yuvarlandığı acı qismətlə
barışmadığını göstərir və bununla
da, taleyin son cəzası - ildrım vurmasından ölməsinə
haqq qazandırırdı!
Ailəsini
addım-addım yaxınlaşan fəlakətdən heç
cür xilas edə bilməyən, çəkilməz
ağrılardan xəstə düşən, əri Nəcəfdən
əlini hər gün bir az da üzən, son ümidini
bağladığı oğlu Süleymanın qətlinə
dözməyib ürəyi partlayan Sona xanımın əzabkeş,
çarəsiz obrazını Xanirə İsgəndərova əndazəni
aşmadan, heç bir şişirdilmiş, bayağı
tragizmə yol vermədən oynayırdı. Aktrisa,
özəlliklə də, obrazın ölümqabağı
ağlını itirməsi ilə bağlı psixoloji
keçidi razılıq doğuran
inandırıcılıqla canlandıraraq
tamaşaçıları dərindən təsirləndirə
bilirdi. Lakin Xanirə xanımın zahiri
fakturası dramaturji mətndən
tanıdığımız cavan, zərif Sonadan fərqli idi.
Onun iki azyaşlı uşağı səhnəyə
çıxanda bu fərq daha qabarıq hiss olunurdu. Yeri gəlmişkən, Sonanın ölümündən
dərhal sonra uşaqların səhnəyə
çıxarılması və analarının nəşini,
hətta səssizcə qucaqlaması faciənin təsirini
qat-qat artıra bilərdi. Əlbəttə,
bu son qeydimin hörmətli aktrisamıza birbaşa aidiyyəti
yoxdur.
Tamaşadakı əsas rollardan olan Süleyman bəyin
varlığıyla ata, ana və oğuldan ibarət ailə
üçbucağı tamamlanır, öldürülməsiylə
isə silsilə ölümlər başlayır. O, bəyliyin süqutundan
doğan faciənin gələcək nəsil üzərindəki
acı təsirini rəmzləşdirir. Süleyman
bəy rolunun ifaçısı, gənc aktyor Cavidan Kəsəmənli
uca qaməti, bəyzadələrə məxsus siması, bir
sözlə, zahiri fakturasından tutmuş,
çılğın temperamentinə qədər bu rola
yaraşırdı. Amma Süleyman bəyin öz
atasıyla son dəfə qarşılaşdığı,
tamaşanın ən dramatik epizodlarından olan səhnədə
bu temperament nə qədər yerindəydisə, səhnəyə
ilk çıxışında qədərindən bir az artıq təsir
bağışlayırdı. Aktyorun, hətta
gizləməyə çalışması belə obrazın
daxili hiddətinin dozasını lazımı qədər
aşağı salmırdı. Əlbəttə,
bəyzadənin bu hiddətinin psixoloji əsası
varıydı. Nəcəf bəyin qumara
qurşanması nəticəsində əldən
çıxan var-dövlət onun gələcəyi idi və
Süleyman bəy - Cavidan Kəsəmənli günbəgün
dağılan xanimanlarının acı sonunu dərindən
duyur, gözəl anlayırdı. Bununla
belə, bəyzadəni səhnəyə ilk gəlişindən
indicə püskürəcək vulkan kimi göstərməkdənsə,
obrazın təqdimini tamaşanın ümumi tempinə
uyğun, tədricilik prinsipi üzrə vermək, ilk gəlişdəki
emosional dozanı müəyyən qədər azaltmaq daha məntiqi
olardı. Üstəlik də, Süleyman
bəyin nə həddən artıq parlaq köynəyi, nə
də zərli şalvarı bəyzadənin səciyyəsinə
uyğun deyildi. Ən əsası isə,
geyimlərin ona dar gəldiyi hiss olunur və bu, obrazın ciddi
planda təqdiminə öz əks təsirini göstərirdi.
Darlıq demişkən, tamaşada həcmcə
o qədər də böyük yer tutmayan Süleyman bəy
obrazının Cavidanın temperamentinə dar gəldiyi hiss
olunurdu. İnanmaq istəyirəm ki, gənc aktyoru gələcəkdə
daha böyük rollarda görəcəyik!
Nəcəf
bəyin dostları - özündənrazı Səlim bəy
(Rasəf Mehdiyev) müdrik, ağıllı Aslan bəy
(Gündüz Qasımov) xəsis Həmzə bəy (Vüsal
Məmmədov) hər biri öz səciyyəvi, xarakterik
cizgisi ilə digərindən seçilirdi. Haqverdiyev
xarakterlər ustasıdır, aktyorlar da onun verdiyi mesajları
tutmuşdular.
Tamaşada özəl statusa malik obrazlardan biri Nəcəf
bəyin nökəri Cavaddır (Əhliman
Ərşadlı). Nəcəf bəy və onun ailəsi
ölməkdə olan feodalizmi, nökərdən tacirə
çevrilən Cavad isə yeni yaranan kapitalizmi təmsil eləyir.
Əhliman Ərşadlının
çoxbilmiş, fərasətli, uzaqgörən
Cavadının təqdimində qəribə,
düşündürücü bir sirr gizlənir, ikinci plan
hiss olunurdu və bu sirr, bu plan tamaşanın ikinci hissəsində
açılırdı. Sən demə, hamıya
"baş üstə" deyən, gələnin
qabağına yüyürən, gedənin dalınca
qaçan nökər Cavad süquta uğramaqda olan bəyliyin
aqibətini görür və biznesmen, tacir Cavad olmaq barədə
öz gələcək planlarını qururmuş!
Kəkələyə-kəkələyə
danışmasına baxmayaraq, bir qəpiyindən də
keçməyən sələmçi Məşədi Cəfər
(Nihat Heybətov) bu sənətin sahiblərinə məxsus xəsislik
və qorxaqlığı, yazdığı mədhiyyə
qarşılığında Nəcəf bəydən
taxıl və at alan Mirzə Bayram (Zahid Mehdiyev) isə
yazı-pozu adamlarına məxsus mədəni dilənçiliyi
səciyyələndirə bilirdi. Lakin hər
iki aktyorun, xüsusilə də, Mirzə Bayramın
ifaçısının öz obrazını
çağdaşlıqla əlaqələndirməsinə,
daha səciyyəvi, daha yaddaqalan detallar, ştrixlər
tapmasına ehtiyac duyulurdu.
Tamaşada
Sona xanımdan başqa, daha iki qadın obrazı var - xoşbəxt
Pərixanım və bədbəxt Nazlı! Xoşbəxtlikdən bədbəxtliyə doğru
yol gedən Sonanın biri sağında, digəri isə
solunda duran bu obrazlar epizodik olmalarına baxmayaraq, önəmli
ideya yükü daşıyır, Pərixanım Sonanın
xoşbəxt keçmişi, Nazlı isə bədbəxt gələcəyinə
işarə edir və üçü bir yerdə Şərq
qadınının hüquqsuz, aciz, çarəsiz durumunu səciyyələndirir.
Hər şeyin guya yaxşı olacağına
dair rəfiqəsi Sona xanıma təsəlli verən Pərixanım
(Aybəniz Cahangirova) ətrafda nələr cərəyan elədiyini
bilməyəcək qədər avam, şən,
qayğısız bir qadın, bir sözlə, əhli-kef
kişilərin qız qardaşıdır. Onun səhnəyə
çıxışı tragediyanın
ağırlığını azaldır, olayların
gedişinə ani də olsa, şənlik, şuxluq qatır.
Əri qumarda uduzan, dilənçi
durumuna düşən ailəsini xilas eləmək,
pulları almaq ümidiylə Nəcəf bəyin
qapısına xahişə gələn Nazlının (Təranə
Əliyeva) səhnəyə çıxmasıyla onsuz da
ağır tragik durum daha da gərginləşir və rədd
cavabı alan qadının elədiyi tükürpərdən
qarğışlarla ilahi işarə səciyyəsi alır:
artıq iş qarğışa qalıb, artıq Allah
özü bu işlərə qarışacaq və onun cəzası
ağır olacaq! Lakin aktrisanın obrazı təqdimində
tamaşanın məzmunu ilə uyuşmayan qrotesk
çaları duyulur, onun ... - şivənlik təsiri
bağışlayan qarğışları və
çadrasını başından qəfil atdığı,
bununla da hər yola getməyə hazır olmasına işarə
elədiyi məqamda isə, ümumi partituradan kənara
çıxdığı daha qabarıq görünürdü.
Əlbəttə, aktrisanın klassik obrazını
çağdaş rakursdan təqdim eləmək cəhdi
gözəl olardı - bir şərtlə ki, bu cəhd
tamaşanın üslubi vəhdətinə xələl gətirməsin,
yad element kimi görünməsin!
Əbdürrəhim bəy Haqverdiyev bu faciədə
toplumun bütün kəsimlərinin təmsilçilərini
başından-ayağınacan bir yerə cəm edib: bəylər,
tacirlər, sələmçilər, ziyalılar, pinəçilər;
kişilər, qadınlar, uşaqlar... Dağılan
tifaqın kərpicləri yoxsul kəsimin də başına
düşür - Süleyman bəy dəllək
İmamverdinin (Azad Məmmədov) gənc qızını
öz yoldaşları ilə birlikdə dağlara
qaçırır və dəllək öz oğlu Kərimi
də (Sahib İbrahimov) götürüb Nəcəf bəyin
qapısına namus davasına gəlir! Onsuz da baş verənlərdən
başını itirən Nəcəf bəy onları
ağızlarını boza verib yola salır və nəticə
ağır olur - Süleyman bəy öz düşüncəsiz
hərəkətinə görə qətlə yetirilir! Yəni
durum olduqca ciddidir! Lakin nə İmamverdi, nə də Kərimin
ifaçısının ağzından qan iyi gəlmir, onlar
bəyin qarşısında çox aciz görünür,
faciədən daha çox, vodevil personajlarına bənzəyirdilər!
Bəlkə, bu uyuşmazlıq Nazlı obrazının təqdimində
olduğu kimi, burda da klassikanı uğursuz müasirləşdirmək
istəyindən irəli gəlir? Bu suala aktyorlar özləri
cavab verməlidi, çünki mən cavab tapa bilmədim.
Əlbəttə, ideal heç nə yoxdur,
ideal yalnız və yalnız Allahdır! O Allah ki,
Əbdürrəhim bəy Haqverdiyev də onun ədalətinə
qeyd-şərtsiz iman gətirmiş, Nəcəf bəyin
başına gələnləri ilahi ədalətin təcəllası
hesab etmişdi. Bu ilahi ədaləti biz də
gördük, otuz ildən bəri düşmən
tapdağında olan Şuşamız azad oldu! Şuşa
Teatrı bu otuz ilin məhrumiyyətləri, çətinlikləri
içində adını daşıdığı qutsal
şəhərimizi, mədəniyyət
paytaxtımızı ləyaqətlə təmsil etdi və
odur ki, bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən
aparıcı teatrlar sırasına daxil edilməsi onun halal
haqqıdır. Bu uğurdan dolayı, Teatrın kollektivini
ürəkdən təbrik edir, onun növbəti
tamaşalarına otuz ildən bəri dağılan
tifaqlarımızın sürətlə tikildiyi Xankəndində,
Şuşada baxacağımıza inanıram.
Əsəd Cahangir
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.22-23.