Dəhşətli gecə
Anton Pavloviç ÇEXOV (1860-1904)
- Rus nasiri, dramaturqu və publisistidir. Xeyriyyəçilik
fəaliyyəti ilə də tanınan ictimai xadim olub.
İxtisasca həkim olan bu yazarın əsərləri
100-dən çox dilə çevrildiyi üçün o,
haqlı olaraq
dünya ədəbiyyatının klassiki
sayılır. Dünyanın 3-4 hekayə
ustasından biri kimi məşhurlaşan Çexov həm də
ən məşhur dramaturqlardan biridir. Ona bu şöhrəti
qazandıran isə son yüz il boyu dünya səhnələrindən
düşməyən dörd pyesidir - "Qağayı",
"Üç bacı", "Albalı bağı" və
"Vanya dayı".
Yaradıcılıqla məşğul
olduğu 25 il ərzində ən müxtəlif
janrlarda 500-dən çox əsərə imza
atdığı üçün o, həm də
dünyanın ən məhsuldar qələm adamlarından
biridir.
Rəngi
avazıyan İvan Petroviç Panixidin lampanın
işığını azaldıb, həyəcanlı bir səslə
sözə başladı:
-
1883-cü ilin Milad gecəsi dünyadan köçən bir
dostumuzun evində tay-tuşlarımla gec saata qədər
spiritizm (ruh çağırma ayini - A.Y.) seanslarıyla xeyli
zaman keçirdikdən sonra evə dönürdüm. Yerin səthinə qapqara və gözdeşən bir
zülmət çökmüşdü. Arxada
buraxdığım dalanlar nədənsə
işıqsız idi, bu səbəbdən də az qala, əl havasına irəliləməyə
məcbur idim. Mən Moskvada, Böyük Mogiltsev
dalanındakı Müqəddəs Ana Kilsəsi tərəflərdə,
məmur Trupovun Arbat küçəsinin az qala, ən ucqar
yerində tikdirdiyi binada özümə mənzil tutmuşdum.
Yeridikcə ağlıma bir-birindən ağır və nəhs
fikirlər gəlirdi...
"Həyatın
bitmək üzrədir... Tövbə elə..." Seans əsnasında ruhu ilə bağlantı
qura bildiyimiz Spinoza mənə məhz bu cümləni
pıçıldamışdı. Seansı təkrarlamaq istədiyimdə
nimçə nəinki əvvəlki cümləni təkrarladı,
hətta ona bu əlavəni də elədi: "Bu gecə".
Mən bu spiritizmə-filana inanmıram, ancaq yenə
də ölümlə bağlı hər hansı fikir və
ya eyham məni kədərlənməyə məcbur edir.
İlahi, ölüm hər nə qədər
qaçılmaz, adi şey sayılsa da, onunla bağlı
fikir yaşayan insanda nədənsə bir
çimçişmə hissi oyadır... İlahi,
bütün bədənimin qalın və soyuq zülmət pərdəsinə
büründüyü, gözlərim önündə
çılğın yağış damlalarının rəqsə
başladığı, başım üstə isə küləyin
şikayətlə uladığı, ətrafımda bir dənə
də canlı məxluqun tapılmadığı, bir insan hənirtisinin
belə duyulmadığı həmin an qəlbimi
anlaşılmaz və izaholunmaz bir qorxu hissi bürüdü.
Mən hər cür mövhumatdan uzaq bir insan
kimi, geriyə və yan-yörəmə baxınmaqdan qorxaraq,
yeyin addımlarla irəliləyirdim. Özümə
aşılamışdım ki, əgər geriyə
qanrılsam, ölüm mələyini aşkar kabus şəklində
görəcəyəm.
Panixidin
çətinliklə köks ötürüb, su içdi və
sözünə davam elədi:
-
Anlaşılmaz, ancaq sizlərə də məlum olan o qorxu
hissi, hətta mən Trupova məxsus binanın
dördüncü mərtəbəsindəki mənzilimin
qapısını açıb, otağa daxil olduğum vaxt da
yaxamı buraxmadı. Kasıbyana mənzilimə
qaranlıq çökmüşdü. Sobadan
küləyin vıyıltısı yüksəlirdi və
burada isinmək istəyirmiş kimi, rüzgar da
özünü sobanın damdar qapısına
çırpırdı.
Gülümsəyərək
düşündüm: "Əgər Spinozaya inanacaq olsam,
küləyin hönkürtüsünün müşayiəti
ilə mən elə bu gecə canımı
tapşırmalıyam. Əcəb dəhşətli
hissdir bu!"
Kibrit
yandırdım... Güclü külək evin
damını lərzəyə gətirdi. Bayaqkı
xısın-xısın ağlamsınma dönüb, hiddətli
bir bağırtıya çevrildi. Haradasa
aşağılarda bir cəftəsi qopmuş pəncərə
qapağı taqqıldadı, mənim sobamın kiçik
qapısı isə mədəd istəyirmiş kimi
cırıldamağa başladı...
Düşündüm
ki: "Belə gecədə o səfil-sərgərdanların
işi lap fırıq olar".
Ancaq indi bu cür fikirlərə köklənməyin
vaxtı deyildi. Kibritimin ucundakı kükürd
göyümtül şölə ilə yananda öz
otağıma göz gəzdirdim. O ara
qarşılaşdığım mənzərə mənə
son dərəcə gözlənilməz və dəhşətli
bir təsir bağışladı... Kaş əlimdəki
kibrit küləyin təsiriylə sönəydi o dəm! Bəlkə o sayədə heçcə nə
görməzdim və saçlarım da o cür biz-biz
durmazdı. Hövllə çığırıb,
qapıya tərəf cumarkən dərin dəhşət,
çarəsizlik və heyrət içində gözlərimi
qapadım...
Otağın tən ortasında bir tabut vardı. Göyümtül
şölənin işığı qısa sürsə də,
mən o tabutun nişanələrini dəqiqləşdirməyə
fürsət tapdım... Gözlərim
önündə çəhrayı rəngdə və bərq
vuran zərli qumaş, tabutun qapağı üstə isə
qızılıya çalan, qabarıq bir xaç vardı.
Cənablar, bəzi nəsnələr var ki,
ötəri görməmizə baxmayaraq, onlar həmişəlik
yaddaşımıza həkk olunurlar. Bu tabutla da
bağlı eyni hal baş verdi. Vur-tut, bircə saniyə görsəm də, indi mən
o xaçı ən xırda təfərrüatlarına qədər
təsvir eləməyə hazıram. Tabut
ortaboylu bir cəsədə hesablanmışdı, çəhrayı
rənginə baxılarsa, mərhum cavan bir qız
olmalıydı. Üzünə çəkilən
bahalı zərxara da, tabutun qısahal dayaqları da, bürünc
dəstəkləri və sair də göstərirdi ki, mərhumə
varlı-hallı biriymiş.
Hövlnak qaçıb, otağımdan
çıxdım, heç nə barədə
düşünmədən, heç nəyi
saf-çürük eləmədən, sırf izaholunmaz bir
qorxu hissiylə pilləkənlə aşağı qata endim. Dəhliz də, pilləkən
də qaranlığa qərq olmuşdu, kürkümün ətəkləri
isə elə hey ayaqlarıma ilişirdi: o şəraitdə
büdrəyib-yıxılaraq boynumu qırmamağım da əsl
möcüzə idi. Küçəyə
çıxdıqdan sonra nəmli bir işıq dirəyinə
söykənib, özümə toxtaq verməyə
çalışdım. Ürəyim möhkəmcə
döyünürdü, nəfəsim isə kəsilmək
üzrə idi...
Bu hekayəti
dinləyən qadınlardan biri lampanın
işığını azacıq artıraraq, hekayətçiyə
yaxın əyləşəndən sonra kişi
sözünə davam elədi:
-
Otağımda bir yanğın, bir oğru və ya quduz bir it
görsəydim, hər halda bunca heyrətlənməzdim...
Tavan başıma uçsaydı, döşəmə
çöksəydi, yan divarlar dağılsaydı, yenə də
bunca təəccüblənməzdim... Bütün
bu hallar təbii sayıldığından yenə başa
düşüləndir. Ancaq mənim
otağıma bu tabut necə gəlib
düşmüşdü axı?! Haradan gəlmişdi?
Bir qadın xeylağı üçün, həm
də, heç şübhəsiz, cavan və kübar bir
xanım üçün hazırlanan bahalı tabutun
kiçik məmurun yaşadığı kasıbyana otaqda nə
işi vardı? Görəsən, o,
boş idi, yoxsa, içində cəsəd də vardı?
Dünyadan belə vaxtsız köçən, mənə qəribə
və dəhşətli sarsıntı yaşadan o zəngin
xanım kim idi, görəsən?
Əzabverici bir sirr idi bu!
Ağlımda
bir fikir doğdu: "Əgər bu işdə bir
möcüzə yoxdursa, onda mütləq cinayət var".
Tərəddüddən karıxmışdım. Mənzildə
olmadığım müddətdə qapım bağlı
idi, açarı gizlətdiyim yer isə sadəcə, ən yaxın
dostlarıma bəllidir. Hər halda tabutu
bura dostlarım gətirib qoymazdılar. Təxmin
eləmək olardı ki, tabut ustaları onu
yanlışlıqla bu mənzilə təhvil veriblər.
Onlar mənzili, mərtəbəni və ya
qapını səhv sala, nəticədə isə tabutu
başqa ünvana çatdıra bilərdilər. Ancaq hamıya gün kimi aydındır ki, bizim
tabutçular gördükləri işin haqqını almadan
və ya ən azından xırda xərclik qopartmadan mənzili
tərk edən deyillər.
Düşündüm:
"Ruhlar mənə öləcəyimi əvvəlcədən
demişdi, axı. Bəlkə onlar hələ
məni tabutla təmin eləməyin də
qayğısına qalıblar?"
Cənablar, o "spiritizm" adlanan şeyə mən əsla
inanmamışam, inanmıram da, ancaq bu cür təsadüf,
hətta soyuqqanlı bir filosofu da mistik ovqata kökləyə
bilər.
Ancaq
yaşadıqlarımla barışmadım: "Bunların
hamısı sarsaqlıqdır və indi mən bir şagird qədər
ürkək davranıram. O gördüyüm şey - sadəcə,
bir göz aldatmacası idi, vəssalam! Evə qayıdanda
qanım qara idisə, tarım çəkilən əsəblərim
ucbatından qarşımda tabut görməm adi haldır...
Əlbəttə ki, bir göz aldatmacasıydı o! Guya başqa nə olasıydı?!"
Yağış
damlaları üzümə vurur, külək isə əsəbiliklə
papağımı, ətəklərimi
dartışdırırdı... Üşüyürdüm,
həm də möhkəmcə islanmışdım. Harayasa getmək lazım idi, amma... haraya? Mənzilimə qayıtmam özümü o tabutla təkrar
qarşılaşmağa sürükləmək demək idi
və buna qatlaşmağa daha canımda tab-taqət
qalmamışdı. Ətrafımda nə bir canlı məxluq
vardı, nə də bir insan hənirtisi gəlirdi, içində
çox yəqin ki, cansız cəsədin uyuduğu o tabutla
bir az da baş-başa qalsaydım, hər
halda olan-qalan ağlımı da itirəcəkdim. Leysan kimi yağan yağışın altda və
dondurucu küçədə qalmaq isə imkansız
görünürdü.
Gecələmək
üçün dostum Upokoyevgilə getmək qərarına gəldim:
sizə də məlum olduğu kimi, sonradan bu adam
özünü tapança ilə vuracaqdı. Həmin
vaxt o, tacir Çerepovun Myortvıy (rusca "Ölü"
deməkdir - A.Y.) dalanında kirayə verdiyi mənzillərdən
birində məskunlaşmışdı.
Panixidin
qanı qaçan üzündə puçurlanan soyuq təri
sildi və dərindən köks ötürməklə
sözünə davam elədi:
- Dostumu
evdə tapmadım. Qapını xeyli
döyüb, onun evdə olmadığını qət edincə,
qapının üst tərəfinə qoyulan açarı əl
havasına tapmaqla, qapını açıb içəri
girdim. Əynimdəki yaş kürkü əlüstü
döşəməyə atdım, qaranlıqda təmas
yoluyla divanı tapıb, oturdum ki, bir hovur dincəlim.
İçəri qaranlıq idi... Pəncərədə
qurulan havalandırma qəfəsində dolaşan külək
qüssəylə vıyıldayırdı. Sobadakı sisəy isə özünün yeknəsək
nəğməsini aramsız şəkildə oxuyurdu.
Kreml qülləsindəki saat Milad bayramı üçün
səhər duasının vaxtını xəbər verdi. Kibrit yandırmağa tələsdim.
Ancaq onun işığında
qanqaraçılığım azalmaq əvəzinə, daha
da artdı. O dəhşətli, izaholunmaz təşviş
təkrar mənə hakim kəsildi... Yerimdə səndələyərək
çığırdım və
özümü-sözümü bilmədən mənzildən
bayıra atıldım...
Dostumun mənzilində
də mən eyni şeylə, yəni tabutla
rastlaşmışdım!
Bu mənzildəki
tabut mənim evimdəkindən az qala iki dəfə
iri idi, həm də qəhvəyi üzlüyü ona daha zəhmli
bir görkəm verirdi. Buraya necə gəlmişdi
o? Bunun da bir göz aldatmacası olduğuna
özümü inandırmam artıq imkansız idi... Hər mənzilə
tabut qoyula bilməzdi axı! Görünür, bu, mənim əsəblərimin
pozulmasından irəli gəlirdi və əsl hallüsinasiya idi. İndi
durub, haraya getsəydim, heç şübhəsiz, hər
ünvanda insanın bu son sığınacağı ilə
qarşılaşacaqdım. Deyəsən, mən
ağlımı itirirdim artıq, bir "tabut maniyası"na yoluxmuşdum və bu
çılğınlığın səbəbini öyrənmək
üçün əsla dağa-daşa düşməyəsiydim,
çünki elə spiritizm seansında Spinozanın sözlərini
xatırlamam da yetərli idi...
Dəhşətə
qapılıb, saçlarımı xışmalamaqla
düşündüm: "Mən ağlımı itirirəm!
İlahi! Neyləyəcəyəm indi?"
Başım
çatlayır, dizlərim isə bükülürdü
artıq... Yağış, sanki qovadan
tökülürdü, külək adamın iliklərinə
işləyirdi, əynimdə isə nə kürk vardı, nə
də xəz papağım. Onları götürməkdən
ötrü isə bayaqkı mənzilə qayıtmağa
özümdə güc və cürət tapmırdım... Qorxu hissi məni öz soyuq ağuşunda bəmbərk
sıxırdı. Saçlarım biz-biz durmuşdu,
üzümdən soyuq tər damırdı, bütün bu
yaşadıqlarımın bir hallüsinasiya olduğunu dəqiq
bilsəm də...
Panixidin
bu yerdə soruşdu:
- Neyləyəydim,
axı?! Həm ağlımı itirirdim, həm
də möhkəm soyuqlamaq təhlükəsiylə
üz-üzə idim. Bəxtim də onda gətirdi ki,
yaxşı dostlardan biri, həkim diplomunu təzəcə alan və o gecə mənimlə birgə
spiritizm seansına qatılan Poqostovun Myortvıy
dalanının yaxınlığında
yaşadığını qəfil xatırladım. Onun
yanına tələsdim... O vaxt dostum hələ ki o varlı
tacir qadınla evlənməmişdi və dövlət
müşaviri Kladbişenskiyə məxsus binanın
beşinci mərtəbəsində yaşayırdı.
Poqostovun mənzilində əsəblərim növbəti
işgəncə ilə qarşılaşacaqmış. Beşinci mərtəbəyə
qalxdığım vaxt qulağıma qorxunc səs-küy dəydi.
Yuxarıda kimsə ayaqlarını möhkəm şəkildə
yerə döyərək, qapıları çırpır, ətürpədici
bir səslə bağırırdı:
- Bəri
gəl, görüm! Bəri gəlsənə, dalandar!
Bir an sonra isə mən pilləkənlə
aşağı enən, əynində kürk, başında
isə əzik-üzük silindr olan bir qaraltı ilə
rastlaşdım...
Tanıdığım
biri olaraq dostum Poqostova səsləndim:
- Poqostov!
Bu, sizsiniz? Nə olub sizə
belə?
Mənim bərabərimə çatan Poqostov dayandı
və əsməcə içində əlimdən
yapışdı. Rəngi kağız kimi
ağarmışdı, çətinliklə nəfəs
alır və titrəyirdi. Göz bəbəkləri
durmadan ora-bura qaçır, köksü isə
qalxıb-enirdi...
O,
boğuq bir səslə xəbər aldı:
- Bu,
sizsiniz, Panixidin? Bəyəm bu, sizsiniz?!
Xortlamış ölü qədər bəmbəyazsınız
ey... Hallüsinasiya-zad deyilsiniz ki, siz?..
İlahi... yaman qorxuncsunuz...
- Bəs
sizə nə olub? Özünüzə heç
oxşamırsınız!
- Eh,
can-ciyər, imkan ver, bir nəfəsimi dərim... Sizi görməyimə
çox şadam, əlbəttə, əgər
gördüyüm bir göz aldatmacası yox, məhz sizsinizsə...
Lənətə gələydi o spiritizm seansı... Onun
ucbatından əsəblərim necə pozuldusa, indi evə
dönərkən qarşımda, öz otağımda, təsəvvürünüzə
gətirin... mən bir tabut gördüm!
Qulaqlarıma inanmadığım üçün ondan
dediklərini bir də təkrarlamasını rica elədim.
Halsızlıqdan
pilləkəndə oturan həkim dedi:
- Hə,
tabut, həqiqi tabut gördüm! Mən qorxaq birisi
sayılmaram, ancaq spiritizm seansından sonra qaranlıqda tabutla
rastlaşınca, hətta şeytanın özü də
qorxudan sarısını udar!
Pəltəkləyərək
və baş-ayaq cümlələrlə mən də ona
öz gördüyüm digər tabutlardan söz
açdım...
Heyrətdən gözlərimizi bərəldib,
ağzımızı açaraq düz bir dəqiqə
bir-birimizi süzdük. Sonra isə hallüsinasiya görmədiyimizdən
əmin olmaqdan ötrü bir-birimizi çimdikləməyə
başladıq. Həkim dedi:
- Əgər hər ikimiz ağrı hiss ediriksə, deməli,
hazırda yuxuda deyilik və bir-birimizi də yuxuda
görmürük. Onda belə çıxır ki,
gördüyümüz o tabutlar da göz aldatmacası
deyilmiş, gerçək imiş. Hə, qadası,
bəs indi biz neyləyək?
Düz bir saat o soyuq pilləkəndə dayanıb, təxminlər
və fərziyyələr yürütdüyümüz
müddətdə biz möhkəmcə üşüdük,
sonra isə ağciyərliyi bir kənara ataraq, mərtəbə
nəzarətçisini də oyatdıq və
üçlükdə həkim dostumun otağına baxmaq qərarına
gəldik. Mənzilə yollandıq. İçəri
girib, şam yandırınca, qarşımızda həqiqətən,
bir tabut gördük: ağ zərxara ilə
üzlənən bu qutunun hələ qızılı rəngdə
saçaq və qotazları da var idi.
Mərtəbə nəzarətçisi mömincəsinə
tez xaç vurdu.
Bütün
bədəni əsən və rəngi qaçan həkim dilləndi:
- İndi isə öyrənməliyik, görək, bu
tabut boşdur, yoxsa, içində... kimsə var?
Bunun
ardınca həkim uzun bir tərəddüdə
qapıldı və bu, tamamilə başadüşülən
idi: irəli əyilərək, həm qorxu, həm də
nigaranlıq içində dişlərini qıcayan dostum
tabutun qapağını qaldırdı. Tabutun
içinə baxarkən biz onun boş olduğunu
gördük.
İçində
cəsəd yox idi, buna rəğmən, biz tabutun içində
aşağıdakı məzmunda bir məktub tapdıq:
"Əzizim Poqostov!
Sən də bilirsən ki, qayınatamın işlərində
çətin böhran yaranıb. Xirtdəyə qədər
borcun-xərcin içindədir. Sabah,
uzağı, birisigün onun əmlakının müsadirəsi
üçün qapını kəsdirəcəklər.
Bu isə həm onun ailəsi, həm də mənim
ailəm və şərəfim üçün aşkar
ölüm deməkdir, halbuki məndən ötrü şərəfim
qalan hər şeydən üstündür. Dünənki axşam ailəlikcə belə qərara
gəldik ki, bütün qiymətli və dəyərli
şeyləri təftişdən gizlədək. Sənə də məlum olduğu kimi, qayınatam
şəhərin ən mahir tabut ustası sayılır, bu səbəbdən
onun bütün əmlakı da... tabutlardan ibarətdir və
biz ən yaxşı tabutları orda-burda gizlətməyi daha
uyğun saydıq. Bir dost kimi sənə ağız
açıram: mənə əl tut, əmlakımızı
və şərəfimizi qorumaqda bizə yardım elə! Əlimizdəki əmlakı qorumamıza kömək
edəcəyini bildiyim üçün, əziz
qardaşım, sənə bir tabut göndərir və vəziyyət
düzələnə qədər onu evində gizlətməni
xahiş edirəm. Dost-tanış
dadımıza yetməsə, biz məhv olacağıq. Mənə etiraz etməyəcəyindən əminəm,
həm də ki, tabut cəmi-cümlətanı bir həftə
səndə qalacaq. Həqiqi dost saydığım hər
kəsə bir tabut yollamışam, çünki onların
alicənablığına və anlayış göstərəcəyindən
ümidvaram.
Sadiq dostun İvan Çelyustin".
Bu əhvalatdan sonrakı üç ay boyu mən əsəb
müalicəsi aldım, bu sayədə dostumuz, o tabut
ustasının kürəkəni də həm şərəfini,
həm də əmlakını qoruya bildi. Hazırda o da
bir dəfn xidmətləri bürosu açıb, məzarlar
üçün baş və sinə daşı düzəldib
satmaqla məşğuldur. Onun da alveri sən
deyən gur getmir, buna görə də indi hər axşam mənzilimə
girərkən öz çarpayımın böyründə
qəfildən bəyaz mərmərdən başdaşı və
ya cənazə arabası görərəm deyə, hələ
də üşənirəm.
Anton Çexov
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.28; 32.