Portmanatda
gizlənən sirr
Paltarını tez-tələsik əyninə geyinən
Kənanı elə bil, qolundan tutub evdən bayıra
atdılar. Çıxan kimi ilk işi dərindən nəfəsini
dərmək oldu. Evdə boğulurdu.
İşsizliyin ona verdiyi sıxıntılardan bezmiş, həyatını
dəyişmək üçün gecə-gündüz
düşünməkdən az qala
başına hava gəlmişdi. Evdə onun-bunun
uşağını misal gətirən anası onun
ovqatını bir az da təlx edirdi.
- Kənan,
sən diribaş olmadın. Mənim oğlum niyə
fərasətsiz çıxdı, axı? Heyif buna çəkdiyimiz əziyyətdən.
Təhsil verdik, oxutdurduq, qalıb işsiz.
Gör, camaatın uşağı necə qaz
vurub, qazan doldurur. A bala, Familə bax, səninlə
yaşıddır, yetimçiliklə böyüsə də,
gör, alver etməklə hara gəldi çıxdı.
Özünə bir dənə də ev
aldı, altında yaxşı maşını,
uşağı-ailəsi. Sən hələ də
subaysan, 31 yaşın var, üstəlik, işin-gücün
yox, bizdən pul alırsan. İşləmək
barədə də heç fikirləşmirsən. Elə bil, belə də olmalıdır.
Vaxtında sənə deyəndə ki, ingilis dilini öyrən,
kompüteri öyrən, getdin dost dediyin xeyirsiz adamlarla
avaralandın. İndi o dost dediklərin hardadır? Düzəltsinlər də, səni bir işə.
Hərəsi bir yerdə işləyir. Bir
iş tapmırlar sənə...
Təngə gələn Kənanın əlindən
ancaq o gəlirdi ki, anasının deyingənliyinə məhəl
qoymasın.
Uzağı, bir az donquldanıb evdən
baş götürüb qaçırdı. Bir
də gecə saatlarında qayıdırdı. Artıq oturub kiminsə zəngini də gözləmirdi,
özü hamıya yığırdı. Heç kimlə görüşə bilmədiyi
günü də kiminləsə görüş adıyla evdən
çıxıb tək-tənha fırlanırdı.
Bu dəfə də anası bərk deyinmişdi. Yaşlı anasının
nəfəs dərmədən dediyi ittihamlara dözməyən
Kənan axır ki, dilləndi:
- Bəsdir
də, yenə ondan-bundan misallar gətirdin. "Xalxın
uşağı, camaatın uşağı..." Daha bezdirdin məni. Olanım
budur da, neyniyim. Yoxdur da bu xarabada, ya adamın ola, ya da ingilis dilini elə biləsən ki,
qabağa gedə biləsən. Öyrənə
bilmirəm də bu zəhrimar dili.
Doğrudan da, Kənanın məzəmmətində bir
həqiqət var idi. O iş axtarırdı, amma hamı söz verir, kimsə
çağırmırdı. Arada fəhləlik
üçün də müraciət etmişdi. Təxminən, 1 ay fəhləlik etdikdən sonra bel
fəqərələrində qabarmalar yaranmışdı deyə,
oranı da tərk etmişdi. Ağlına min cür
fikirlər, qarabasmalar gəlirdi: "Elə bil, bütün
dünyanın ağırlığı mənim üzərimə
çöküb. Niyə axı mən? Mən niyə bu vəziyyətə düşməliyəm
axı? Niyə evdəkilərin yanında
utanmalıyam? Niyə
dost-tanışın yanında utanmalıyam? Niyə mən
boyda adam işsiz-gücsüz, pulsuz
qalmalıyam. Hara əl atıramsa, elə bil
daşa dirənir. Cavan olsam da,
ümidsizlik, sanki üzümə çöküb".
Bəli, Kənanın nəsə etmək istəməsi
ilə əlində olan imkanlar düz gəlmirdi. Onu narahat edən
isə vəziyyətini dərk etməsi, fərqinə
varmağı idi. Fərqinə
varırdı deyə daha çox düşünüb narahat
olurdu. Bəlkə də arsız, vecsiz
olsaydı, belə narahat olmazdı. Elə
gənc yaşında saçlarına düşən dən
də işsizlikdən yaranan nigarançılıqla
bağlı idi. Özü də deyinməyə
başlamışdı. Elə hey deyinirdi
ki, dəli olsaydı, indi hamı başına
fırlanırdı, onun dərdini çəkirdi. Hər gün deyinirdi ki, vallah, anamgil axırda məni
dəli edəcəklər. Heç kim
məni başa düşmür: nə ana, nə ata, nə əmi,
nə dayı. Mənə avara kimi baxırlar.
Axı mən belə deyiləm. Hərdən 3-5 manat pul verirlər, vəssalam.
Amma anlamırlar ki, mən iş axtarıram, tənbəl
deyiləm.
Bu gün də evin yeknəsək ab-havasından bezərək,
evdən qaçırmış kimi dostlarının
yanına tələsirdi. İki-üç
gündən bir görüşdüyü tay-tuşları
ilə vaxt keçirmək istəyirdi. Yolboyu beynində
ancaq anasının deyinməyi, atasının tənələri
və hərdən də dostlarının onun pulsuzluğunu
üzünə vuran eyhamları yadına düşür, bir
gün bunlardan xilas olacağını
düşünürdü... Elə bunları
düşünmüşdü ki, yerə
düşmüş portmanatı az
qaldı ki, tapdalasın. Özünü
saxlayıb bu dəri pulqabıya, bir də ətrafa baxdı.
- Bu nədir?
Yəni bu, portmanatdır? Görəsən,
kimindir? Götürüm? Görəsən, içində nə qədər
pul var? Kaş ki, içində pul
olardı. Yaman
kasıbçılıqdır. Türklər
demiş, köşəyə dönərdik. Pul olsa, bu gün hesabı mən verəcəm,
bütün çayın pulun verəcəm. Hətta pivə də sifariş verəcəm
uşaqlara. Qoy, görsünlər ki, mən simic adam deyiləm, olanda xərcləyirəm. Bəs birdən tələ olsa? Bəlkə
kimsə bura atıb ki, sonra məni şərləsin? Əşi, qalsın, lazım deyil. Götürüm, yoxsa, qalsın? Qərar ver,
Kənan! Cəhənnəm olsunlar. Nə olsa da, deyərəm ki, tapmışam,
oğurlamamışam ki? Nə olar, olar...
Yerə atılan pulqabına işıldayan nəzərlərlə
baxan, bir növ, sevincək olan Kənan içindəki
qeyri-müəyyənliyi dayandırdı. Cəld əyildi
və portmanatı yerdən götürüb açdı.
İçində sənədlər, kartlar və pul var
idi. Pulu saydı. Düz 355 manat.
Bu onun istədiyi, qane olduğu maaş qədər
pul idi. Hətta "eybi yox, 300 manatlıq iş
olsun, təki işləyim, hər gün işə gedim"
dediyi məbləğ idi. İndi ona
hava-su kimi lazım olan pulu dərhal götürüb cibinə
qoydu. Portmanatı yerə atdı və
ordan uzaqlaşdı. Bir xeyli getmişdi ki,
birdən fikrini dəyişdi. Ani qərar
vermişdi. Geri dönərək,
pulqabını atdığı yerə doğru
qayıtdı. Nə edib-etməli
olduğunu düşünmədən geri döndü. Sanki hansısa ruh onun qarşısını kəsərək,
əmr vermişdi ki, pulqabını atdığın yerə
qayıt. O da qorxusundan iti addımlarla geri
qayıdırdı. Ürəyini yemişdi ki,
bircə portmanatı kimsə götürməsin. Nəhayət, aralandığı yerə gəlib
çatdıqda, pulqabını orda görcək gözlərinə
işıq gəldi. Yenə bir göz
qırpımında əyilib bu dəriyə oxşayan,
üzü timsah dərisini xatırladan pulqabını yerdən
götürdü. Pulları cibindən
çıxararaq səliqəylə içinə
düzdü. Kartları
çıxarıb bir-bir baxmağa başladı ki, bəlkə
sahibinin əlaqə nömrəsi olar. Kartların
içində cəmi biri diqqətini çəkdi, hansı
ki, üzərində qələmlə telefon nömrəsi
yazılmışdı.
- Həə,
deməli, nömrə budur. Ancaq bu olacaq
üstündəki nömrə. Kimdirsə
ağıllı adamdır. Bu olmasaydı,
polisə təhvil verəcəkdim. Onlar da
sahibini nə vaxt tapacaqdılar, Allah bilir. Bəlkə
də tapmayacaqdılar. Aha, bu da şəxsiyyət vəsiqəsi.
Yazığın nəyi varsa, burdadır ki?
Kənan
dərhal həmin nömrəyə yığıb sahibi ilə
danışdı və ona portmanatının itdiyini dedi.
Cəmi 5 dəqiqə keçməmişdi ki,
yaxınlıqdakı restoranların birindən bir cavan
oğlan yaxınlaşdı.
- Siz
tapmısınız?
- Bəli...
- Taksidən
düşəndə cibimdən düşüb. Necə hiss
etməmişəm.
- Sizə
çox minnətdaram, indi sizin kimi insanlar tapmaq çox
çətindir. Buyurun, bu da məndən sizə
şirinlik deyib, təxminən 30 manat pulu Kənana doğru
uzatdı.
-
Qardaş, qalsın. Mənim buna ehtiyacım
yoxdur. Mənə pul lazım olsaydı, elə
pulu götürüb gedərdim, deyib güldü.
Çox sağ ol, qardaş. Pulunu cibinə qoy, xeyirliyə xərclə. Bunu tapıb sənə qaytarmaq mənə o qədər
xoşdur ki, izah edə bilmirəm. Allah
savaba yazsın. Sənin duan mənə bəsdir,
- deyib oğlanla əl-ələ görüşərək
sağollaşdı.
Kənan
gedə-gedə dərin xəyala daldı və etiraf monoloqu
başladı: "Düz elədim, yoxsa, səhv? Əlbəttə,
düz! Amma pul mənə lazım idi, axı.
Bir az vəziyyətdən
çıxardım. Əşşi, yox! Mən
təslim olmayacam. Kasıblıq, pulsuzluq məni
sındırmayacaq. Mənə o pul
lazım deyil. O pul müvəqqətidir. Xərclənib
qurtaracaq, amma həmişə deyəcəm ki, mən kiminsə
itmiş pulqabısını tapdım, bəlkə də
sahibinin son ümidi olan pulunu xərclədim. Hələ ordakı sənədləri demirəm.
O sənədləri yenidən əldə etmək nə qədər
çətindir. Yox, çox düz iş gördüm. İndi cibimdə pul olmasa da, rahatam. Vicdanım rahatdır.
Hadisənin
üstündən bir-iki həftə keçdi... Kənanın günləri bomboz keçirdi. Düz getməyən
işlərinin arasında bir ümidsizlik də lövbər
salmışdı.
Növbəti cansıxıcı günlərindən
biri idi. Axşama
doğru birdən telefonuna zəng gəldi:
- Salam, Hüseynov Kənandır?
- Bəli, buyurun.
- Kənan bəy, sizi "BERNİ" Otellər
Şəbəkəsindən narahat edirik. Müraciət
etdiyiniz vakansiya üzrə məsləhət aparılıb və
sizin tərcümeyi-halınız, müsahibəniz bəyənilib.
Vakansiyaya siz münasib bilinmisiniz. İki gündən sonra
işə başlaya bilərsiniz. İlk iş günü
tanışlıq olacaq, ikinci gün isə tam gücüylə
işləyəcəksiniz. Xahiş edirəm, rəsmi geyimdə
olarsınız.
Zəngin şokundan həyəcanlanan,
dodaqları əsə-əsə xanıma təşəkkürünü
bildirib sağollaşan Kənan qonaq otağındakı divana
sərələndi. Sanki bir KamAz kubik boşaldıb evə gəlmiş
və boğazından su da keçirməyib
yorğunluğunu çıxarmağı
düşünürdü.
Bu, düz iki həftə əvvəl Kənanın
müraciət etdiyi və heç götürəcəklərini
zərrə qədər ümid etmədiyi şəhərin
dördulduzlu, tanınmış oteli idi. Hansı ki, ingilis
dilini bilmədiyinə görə götürülməyəcəyini
yəqin etmişdi. Amma budur, indi onu yüksək maaşlı
işə çağırırdılar. Kənan bu oteldə
menecerlərdən biri olacaqdı. Artıq
kasıbçılığın daşını atmağa
gedən yolun düz başlanğıcında idi. Bundan sonra
işləyib yüksəlməsi üçün
yaxşı şans yaranmışdı.
"Necə oldu axı, məni
çağırdılar? Möcüzədir! Göstəricilərim
düz gələn işlərdən xəbər
çıxmadı, amma heç ümid etmədiyim işdən
isə dəvət aldım. Axı bu necə ola bilər?"
Bunları fikirləşən Kənanın dodaqları birdən
tərpənməyə başladı.
- Eh,
tapdım... Sənin üstünü qaramat kimi alan
bu bədlik bir sirr idi. Bu sirr o itən portmanatda
gizlənmişdi. Mən bu sirri
çözdüm. Onu sahibinə
qaytardığım üçün göndərilən
mükafat da budur. Bax, deyirlər e, həyat,
dünya böyük enerjidir. Nə etdinsə,
özünə qayıdır. Bax, budur.
Bax, "ilahi ədalət" deyillər e, elə
budur. Nə etdinsə, qabağına
çıxacaq, taledir. Bu bir sınaq idi və nə
yaxşı ki, mən bu sınaqda səhv etmədim...
Anar Turan
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.29.