Əcaib
əkizlər
Romandan parça
–
Böyük kimdi?
– Onlar əkizdi.
– Şirniquş istəyirsən?
– Yox,
onlar şirniquş xoşlamır.
Ana onlara şirin şey yeməyə icazə vermirdi. Pediatr həkim
demişdi ki, bu onlara ziyandır. Hərdən
“Dun up” içməyə qoyurdu, başqa heç nə.
Qatıq, süd, “Cola Cao” isə olmaz.
– O, mənə
baxır.
– Yox, mənə
baxır.
Paula və Raisa Maykl Ceksonun posterinin qarşısında
dayanıb onun baxışlarının istiqaməti
üstündə bir-birini qırırdılar.
–
Görmürsən? O, mənə baxır, mənə!
Əslində qırmızı dəri gödəkçədə
qolunu qoluna keçirən Maykl mənə baxırdı. Bütün
qızlar bu iki bacının ortasında dayanıb onun
baxışlarına tuş gəlmək istəyərdi.
Mən heç kimin tərəfini
saxlamırdım, sadəcə, onlar özləri katalizatorluq
edib bomba kimi açılırdılar. Mən
onlara baxmaqdan zövq alırdım.
Hərdən Paula və Raisa əlində bıçaq
evdə o baş-bu baş bir-birini izləyirdi. Anaları da
başını masaya söykəyib ağlayırdı.
Köynəyin manjetinə
bağladığı yaylıqla dünyaya gətirdiyi və
bir-birinin ölümünü arzulayan qızlarına görə
acı göz yaşını silirdi. Sonra da mənə
baxıb, dua edənlər kimi dilinin altında
danışırdı:
“Ya
İsa
Nə pis iş gördüyümü artıq bilmirəm…
İsam mənim,
gəl, apar məni…”
Deyib, parça salfetləri səliqə ilə
bükür, belindən tər-su axa-axa, yaylıqla
üzünü silir, bazar günü üçün ailəvi
nahar süfrəsi hazırlayırdı. Mən də
sözüm olmadığından qəlyanaltı eliyirdim.
Mətbəx şkafında (ancaq mənim
üçün) bir “Cola Cao” butulkası vardı.
– Sən
ki ağıllısan, bu vəhşilərə
qarşılıqlı hörmətin nə olduğunu
başa sala bilməzsən?
Nə cavab verim? Bilməli idi ki, əgər mən hər
cümə axşamı bu saatda, gitara dərslərindən
sonra onların evinə gəlirəmsə, demək,
tamaşaya baxmaq üçün gəlirəm.
O
dava-dalaşlar həyatımda heç zaman görmədiyim ən
gözəl tamaşaydı. Enerjili heyvanlar kimi
bütün bədən əzalarını maksimum dərəcədə
gərərək, vəhşi səslər
çıxara-çıxara yerdə süpürləşir,
bir-birinin qolunu bururdular. Bu,
yavaşıdılmış kadrda iki şirin
boğuşmasına bənzəyirdi. Onların
daxili üzə çıxırdı elə bil; hər bir hərəkət
bədəndə gərilməyə səbəb olurdu ki, bu
da onların əzələ sistemini görməyə,
sümüklərin quruluşunu təxmin etməyə imkan
verirdi. Paulanın bacısı ilə
döyüşündə ağzını açan bir
timsahı, bütöv bir qabanı udmağa hazırlaşan
nəhəng boa ilanını, ayağımın
altındakı torpağı zəlzələ təki titrədən,
ürkmüş bizon sürüsünün ibtidai
qaçışını sezmək olardı.
Ümumilikdə baxanda, əkizlər arasında gedən
mübarizə, sanki bir mif, yaxud da adamın özü ilə
duelə çıxmasının canlı nümunəsi idi. Elə bil
insan şəxsi iradəsini zorlayır, canını əzir,
özünü üstələməklə qalib gəlməyə
çalışır.
Qollar,
ayaqlar və dişlər bəs eləməyəndə Paula
deyirdi:
– Gəl,
indi də bıçaqlarımızı çıxaraq.
Bu zaman ürəyimə qorxu düşür, həm də
gördüyüm mənzərədən ləzzət
alırdım.
Analarına baxırdım. O, da əlində
toxuduğu parçanı yarımçıq qoyub, güclə
“ay bala”, – deyərək yenidən göz yaşlarının
içində boğulurdu. Təlaşa
düşərək ayağa qalxır, sonra da qayıdıb
yerində otururdu, əli ilə sinəsində xaç
çəkirdi.
“Ya
İsa,
Axı mən nə pis iş tutdum?!”
Ataları radio həvəskarı idi. Bütün
gününü dəhlizin o başındakı
otağında keçirirdi. Qapının
arxasındakı radio aparatından xışıltılar
çıxırdı, gurultulu səslər, bəzən də
pıçıltılar eşidilirdi. Orada
gülüş səsləri, yaxud da eşidilə biləcək
danışıqlar olmazdı.
Evdə
qaraqışqırıq salsalar da, bıçaqlar dilə gəlsə
də, tavan başına çöksə də, radioya qulaq
asmağına davam edirdi və danışdığı
adamın kim olduğunu da yalnız elə
o adamın özü bilirdi. Radio həvəskarlarından
həmişə qorxmuşam. Uzaqda
yaşayan qərib insanlardı onlar, dostluq elədiyim
uşaqların ataları, bağda-həyətdə düzəltdikləri
kabinələrdə birdən-birə peyda olan, qəfildən
də yoxa çıxan, heç kimə dəyib dolaşmayan
amorf insanlardı. Kiminlə
danışır? Heç kim bilmir. Yəqin o da bunun kimi əldəqayırma radio ilə
evin qaranlıq bir küncündən siqnal
ötürürdü.
Ana göz yaşları axıdır və
ağlayırdı, amma əslində o, ərazisini qoruyan bir əjdahaydı. Onu rahat
buraxmalarını istəyirdi.
Fotoatelyelərin birində onun hamilə
qaldığı vaxtların cavan şəklinə
baxırdım. O qədər dəhşətli bir hamiləlik
keçiribmiş ki, başı bapbalaca görünürdü.
Ancaq gözlərində bədənini
deformasiya edən bu iki məxluqdan uzaq alovlu
baxışını sezmək olardı. Onda
elə bir vəhşi fikir, azadlıq yanğısı yox
idi. Sadəcə, xoşbəxt adamlar kimi
ipi toxuya-toxuya, gözucu televizora baxardı, hərdən də
dibçəkdəki güllərin yarpaqlarını təmizləyərdi.
Bu deyilənlər həmin şəkildəki
qadının gözlərindən oxuduğum sözlər
idi. Raisa və Paula bir-birlərilə saçyolduya
çıxanda o, dərindən köks ötürür,
gözləri içində gizlənən arzusunu dilə gətirirdi:
– Əlbəttə, subay qalsaydım, daha yaxşı
olardı.
Məncə, ikimiz də belə
düşünürdük ki, Paula və Raisa evin
bütün dəlmə-deşiklərini yaxşı
tanıdıqları üçün əzilmirdilər. Əkizlər
bir-birlərinə xəsarət yetirməsinlər deyə,
düşünülmüş zərbələri ilə nifrətin,
sanki mürəkkəb xoreoqrafiyasını
xatırladırdılar. Tək-tük
hallarda burunlarından qan axar, ya da yumruqları ilə
dımır-dımır divarı dəlmədeşik edərdilər.
Həmən anda onlardan biri qarnından tutub
özünü ölülüyə vurardı. O birisi
də yaxınlaşıb ayağının ucu ilə yerdəkini
yoxlayardı.
– Eh, sən.
Dur ayağa, gicbəsər.
Bir qədər nəfəsini dərib gözləyərdi,
hiss orqanlarını hazır vəziyyətə gətirərdi. Bir anda qan təəssüratı
yox olur və yenidən partlayış baş verirdi. Yenə ordan-burdan təpik-yumruq, bir-birlərinin
üstünə tüpürmə başlayırdı. Ana da gözünün yaşını silə-silə
qabları yuyurdu.
Axırda da tərli-tərli, yorğun oturub bir yerdə
“Əjdaha topu” cizgi filminə baxırdılar. Saat 2-də səs-səsə
verib seriallardakı mahnıları oxumağı
xoşlayırdılar. Mahnının
birinci sətrini oxuyub, dalını gətirmək
üstündə yarışırdılar.
Ana gətirdiyi iri süd butulkasını
xalçanın üstünə qoyub otaqdan
çıxırdı. Növbə ilə şüşəni
başımıza çəkib cizgi filmlərinə
baxırdıq. Südü içəndən sonra
ağzımda qalan tər və heç vaxt göstərmədiyim
şiddəti hiss edirdim.
Yanlış bir hərəkət, bir göz
qırpımında ortada közərən nifrəti yenidən
alovlandırırdı. Paula bir gözü bacısında, yerindən qalxaraq kənara
çəkilib, arxasınca qışqırırdı:
– Gəl,
bıçaqlarımızı çıxaraq…
Ana özünü eyvana atırdı.
– Mən
özümü öldürəcəm, öldürəcəm…
Belə yaşamaq olmaz! Öldürəcəyəm
özümü…
Sızıldaya-sızıldaya, acısını
dibçəkdəki ətirşah gülünün
yarpaqlarının tozunu almaqla çıxarırdı. Əlini
qabağa uzadıb yağışın
yağıb-yağmadığına baxırdı. Əlində təzəcə yuduğu paltarı
sıxıb üstünə “şpilka” vururdu.
“Ya
İsa, gəl məni burdan apar…”
Hərdən özlərini qorumaq üçün məndən
qalxan kimi istifadə edirdilər. Mübarizənin tərkib
hissəsinə çevrilmək məni həm qorxudur, həm
də ehtirasa gətirirdi. Məni bir yerdən
o biri yerə atırdılar. Çox az
hallarda canıma zərər yetirərdilər. Belə
olanda saatlarla könlümü alır, şokolad verirdilər.
Çarpayıda mənimçün yumşaq
mütəkkələr düzəldir, bir tərəfdən
də “Cola Cao”nu elə içizdirirdilər ki, əlim
şüşəyə belə dəymirdi.
Evə bir ətək şokoladla qayıdırdım. Hərdən
yerə düşən kölgəmlə məşq edirdim,
özümü yerə atır, qara siluetimlə güləşirdim.
Ümumiyyətlə, didişmə adi bir səbəbdən
yaranırdı. Mübahisənin ortasında davanın əslində
nədən başladığını xatırlamazdılar.
Belə hallarda söhbəti
qızışdırmaq üçün əllərində
mütləq tutarlı bir bəhanə olurdu.
– Ana,
kimin böyük olduğunu ona denən.
Bu zaman anaları çiyinlərini çəkirdi.
– Bilmirəm!
Mənə o qədər narkoz vermişdilər ki, yuxuda
olmuşam…
Ancaq uşaqları yalvarırdı ki,
çalışıb yadına salsın. İstəyirdilər desin
ki, böyük kimdir, ən yaxşı kimdir, haqlı olan
kimdir.
Duşun
altında çiməndə ilk uşağın kim olduğunu təsdiqləyən bir nişanə
tapmaq ümidi ilə diqqətlə özlərinin
buğdayı bədənlərinə, bədəndəki
tükə, tünd, bir qədər də iri gözlərinə
baxırdılar.
O
günü bir saat fərqlə dişləri düşəndə
qızların birincilik iddiası bir qədər öləzidi.
Alüminium folqaya bükdüyüm dişlər
mənim üçün ən gözəl hədiyyə oldu
və o vaxtdan onları çantamda gəzdirməyə
başladım. Hərdən bacıların enerjisini
özümdə hiss etmək istəyəndə əlimi
çantama atıb, bükülü folqanı bərk-bərk
sıxırdım.
Həmin axşam eyvanda idik. Əllərindəki
ömür xəttini müqayisə edirdilər, görək
kimdə daha uzundur. Yəni kim əvvəl
doğulub. Bu zaman Raisa daxilində boğduğu
qəzəbi azadlığa buraxaraq, Paulanı elə itələdi
ki, hər ikisinin dişi sürahiyə dəydi.
Dəmir sürahi gurultulu səslə
şaqqıldadı. Paula mexaniki tərzdə yerdən
qalxdı. Rəngi ağarmışdı.
Əlini ağzına apardı. Damağından gələn qan biləyinə
tökülür oradan da saqqız kimi axıb yerə
süzülürdü. Paula sakitcə evin
girişinə doğru yeridi. Qapıda dayanıb qanla
dolmuş ağzını açdı və:
– Görərik,
hələ kim böyükdü. Mən indi gedib doğum evindən soruşaram, – deyib
qapını çırpdı.
Raisa çiyinlərini çəkib, dəniz
döyüşü oyununu çıxardı.
Bir qədər sonra qəribə qışqırıq
səsləri eşitdik. Səs elə uzaqdan gəlirdi ki,
küçədə hansısa bir alkaşın yıxılıb
qaldığını zənn etdik. İtdən
də belə səs çıxmazdı.
Ana mətbəxdən deyindi.
– İndi nə oldu? Bu dəfə məni ikinizin
arasında basdıracaqsız! Sizi doğan yerdə qara daş
doğaydım…
Dəniz döyüşü oynadığımız
yerdə Raisanın rəngi ağarmağa başladı. Oyunun sonuna az
qalmışdı ki, tez gəmilərin yerini dəyişib
yerindən dik atıldı və qapıya tərəf
qaçdı. Arxasınca düşdüm.
Qapı açıq idi, pilləkənlərdən
qışqırıq səsləri eşidilirdi. Bir onda gördüm ki, Raisa bacısının qoluna
girib yuxarı qalxır. Paula süst
düşmüşdü, ağzından qanla bərabər
inilti səsləri süzülürdü. Üst-başı qana bulaşmış Raisa sakit
görünsə də, ağlamsınırdı.
Paula xəstəxanada olduğu vaxt Raisa kollecə getmədi. Bizim onlara
yazdığımız mətnlərə müəllimləri
qırmızı qələmlə düzəliş edirdi.
Növbəti cümə axşamı, gitara dərslərindən
sonra onları görməyə getdim. Divanda oturub, televizora
baxırdılar. Paula danışa bilmirdi.
Başına protez qoyulmuşdu. Ağzından çıxan dəmir hissələr
boynunu tərpətməyə imkan verməyən mexanizmlə
birləşirdi. Üzünün
aşağı nahiyəsi şişmiş, bir qədər də
göyərmişdi. Divanın
başında asılan sistemdən çıxan iynə
qızın qolunun bükük yerinə
sancılmışdı.
Mən divanın bir küncündə oturub onlara
tamaşa edirdim. Heç biri də gözünü
televizordan çəkmirdi.
Anası əlində məcməyi içəri girdi. Peçenye,
iki “Cola Cao” və bir qutu dərman. Yeməkdən
məhrum olan Paula gözünün ucu ilə məcməyiyə
baxıb, güclə ağzını açdı. Anası həbi dilinin üstünə qoyaraq
ehtiyatla suyu qızına içizdirdi. Elə
məsum-məsum baxırdılar ki, elə bil məndən
yeməyə bir şey istəyirdilər. Sonra Raisa
ağzını açdı ki, anası ona dərmanı
versin. Həbi “Cola Cao” ilə içdi və
yorulmuş kimi bacısının böyründə gizləndi.
Ekranda “Ranma” cizgi filminin əvvəlində
açılan pərdə açıldı. Birinci
Raisa, dalınca da Paula filmdəki melodiyanı zümzümə
etməyə başladı:
Həyat
çətindir,
Gərək mübarizə aparasan.
Heç
Ranma üçün də
asan
deyil.
Paula güclə mızıldanırdı.
Raisa gözlərini ekrandan çəkmədən nəvazişlə
bacısının saçlarını
qarışdırdı. Paula gücsüzlüyün qulu təki
başını onun sinəsinə söykədi.
Mən gedəndə onlar simmetrik şəkildə,
üz-üzə çöməlmiş, yuxuya getmişdilər.
İkisi də eyni adamın əksinə bənzəyirdi –
avtomobil qəzasından əvvəl və sonra.
Binaya girəndə məhəccərin
üstündə Henrinin tapdalanmış gödəkçəsini
gördüm. Bəlkə də kimsə onun pilləkənin
üstünə atıldığını görüb
götürüb.
Bilirdim ki, indilərdə içkinin təsirindən
divanda yıxılıb yatır. Odur ki, gödəkçəni
götürüb səliqə ilə qatlamağa
başladım. Bükəndə barmaqlarım yoruldu və
gödəkçə yerə düşdü.
Mənzilə girən kimi hamam otağına
keçdim. Cibimdən bükdüyüm
gümüş folqanı çıxarıb açdım.
Əkizlərin dişləri əvvəl gördüyümdən
elə bil bir az da saralmışdı. Folqanın arasından
onları götürüb dilimin altına qoydum və
birbaşa krandan su içdim. Boğazımdan
cıra-cıra keçdiyini hiss etdim.
Güzgüdə özümə baxdım.
Orada bir qız uşağının zərif çöhrəsini
gördüm. Əlində bıçaq, üzündə zərbə
izləri, damağında yırtıq yox idi. Mənim öz əlim
həmən, qeyri-adi bir güclə hərəkətə
keçdi. Quru bir zərbə alındı. Bunu
özüm-özümə əmr etsəm də, heç təəccüblənmədim.
Gözlərimdə alışan qəzəbi,
yanaqlarımdakı hərarəti sevdim. Gözümdən
yaş axsa da, bayaqkı hərəkəti yenidən təkrar
etdim.
Növbəti kurs başlayanda anam mənə
dedi ki, əkizlər başqa adaya, nənəsigilə
köçüblər. Evdə tək qalsın deyə,
anaları onları özəl kollecə göndərmişdi.
Dəhlizdəki radio səslərini nəzərə almasaq,
evdə tək yaşayırdı.
Müqəddəs Həftə bayramında “El
Pequeno Pais” jurnalı vasitəsilə qalisiyalı bir
oğlanla məktublaşırdım.
Mənə göndərdiyi pasport şəklinin
arxasında bu sözlər yazılmışdı: “Şəkil
çoxdankı şəkildi. İndi bu qədər
sızanağım yoxdu.”
Postskriptumda isə deyilirdi: “Səninlə
yazışmaq çox xoşuma gəlir. Sən, ailəmizdən
kənar tanıdığım yeganə qızsan”.
Sabina Urraka
İspan dilindən çevirdi: Məmməd Məmmədli
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, ¹25.- S.30-31.