Yazmağım
özümə
görədir, yazdığım mətnə ehtiyac
duyduqları üçün deyil, daxildən partlamamaq
üçün yazıram…
Sabina Urraka ilə müsahibə
Əslən
İspaniyanın Bask əyalətindən olan Sabina Urraka
Tenerifedə boya-başa çatıb, 15 ildən
artıqdır ki, Madriddə yaşayır. O, sığorta
satış təmsilçisi, ofisiant, ssenarist, müxbir və
teleaparıcı kimi çalışıb. Hazırda
İspaniyanın El Pais, El Diario.es, Vice və
Cinemania nəşrləri ilə əməkdaşlıq edir.
Sabina Urraka “Fulgencio Pimentel” nəşriyyatında
çap olunan, “Xavier Morote” mükafatı qazanmış
“Əcaib əkizlər” romanın müəllifidir. “New
Spanish Books” biblioqrafiyasının kataloqunda yer alan
bu əsər həm də İspaniya Kitab
Satıcıları Assosiasiyası və Gildiyaları
Konfederasiyası tərəfindən təbliğ olunur. O, “Gəzəyən
qız” hekayə toplusu və “Trankilas – Gecə vaxtı evdən
tək çıxan qızlar üçün” kitabında
çıxış edən müəlliflərdən
biridir. Sabina Urraka 2017-ci ildə TEDx layihəsində
“Əcaib qızdan necə yaxa qurtarmaq olar” başlıqlı
monoloq söyləyib. Hazırda “Fuentetaja”
yazı emalatxanasında bədii yazı üzrə dərs
deyir.
Yazmağım
özümə görədir, yazdığım mətnə
ehtiyac duyduqları üçün deyil,
daxildən partlamamaq üçün yazıram…
Sabina
Urraka ilə müsahibə
– Nə
zaman və nə üçün yazmağa başladın?
– Mən
inanılmaz yeniliklər dövründə
böyümüşəm, ona görə də
yazmağı bacarmazdan əvvəl hekayə qurduğum
vaxtları xatırlayıram.
–
Hansı mövzularda yazırsan?
– Mənə
elə bir hadisəni nəql etmək maraqlı gəlir ki, onu
yalnız ədəbiyyat vasitəsilə anlamaq və izah etmək
olar. Gün ərzində başıma gələn
bütün bədii məqamları oxucuya ötürmək
üçün elə bir hiss keçirirəm ki, buna
yalnız aclıq adı vermək olar.
– Ən çox sevdiyin kişi və qadın
müəllifləri kimlərdir? Yeni yazmağa başlayanda sənə
daha çox kim təsir edib?
– Nataliya
Ginzburg, Reymond Karver, Valeri Mrejen, Nabokov, Şarlotta Roş,
Selincer, A.M. Homs. Komiks müəlliflərindən
Elison Bexdel, Çester Braun, Daniel Klouz, Juli Duse, Tamburini və
Liberatore. Bir də istifadə etdiyimiz sosial
şəbəkələr – heç zaman tükənməyən,
sonsuz ədəbiyyat mənbələri.
– Bir nasir
kimi son illərdə çap olunan kitablarda hansı yeniliklər
diqqətini çəkir, hansı tendensiyalar sənə daha
maraqlı gəlir?
– Tükənmiş,
aciz və absurd dünyada yaşadığımızı
etiraf edən yazılar məni daha çox cəzb edir. Açıq fikirləri üzə
çıxarıb onları utanmadan, cəsarətlə
oxucuya ötürən ədəbiyyatı çox dəyərləndirirəm.
İfrat dərəcədə özünüdərketmə,
özünütənqidetmə və bir insanın kənardan
özünə kinayə ilə yanaşması mənə
maraqlı gəlir. Lidiya Devis, Mariana Enrikes, Fabian
Kasası həvəslə oxuyuram. Maria Fernanda Ampuero, Xorxe de
Kaskante, Elisa Viktoria, yaxud da Mersedes Sebrianın qələmində
də yuxarıda adlarını çəkdiyim müəlliflərlə
oxşarlıq görürəm.
–
Hansı dövrdə və ölkədə
yazıçı olmaq istərdin?
– Harda
yazıçıya ehtiyac var orada. Yazmağım
özümə görədir, yazdığım mətnə
ehtiyac duyduqları üçün deyil, daxildən partlamamaq
üçün yazıram.
– İşlədiyin layihə barədə məlumat verə
bilərsən?
– İndi 15 gün ərzində qısqanc bir itin
başına gələnlər barədə yazıram. O, özünə sual verir:
görəsən, insanlar da seks və ya sevgi üstündə
yolu keçərkən maşın təkəri altında
qalıb ölməyə hazırdır? Cavab,
şübhəsiz, “hə” olacaq. Sual
bundadır – necə və nə üçün.
Sabina Urraka
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, ¹25.- S.30.