Bədii mətnin dəyəri və təhlil rakursu

 

1

 

 İndi bədii mətnlərin düzgün, yaxud düzgünə yaxın dəyərləndirilməsi problemdi. Bunu bütün portal yazılarından, həm də hamının gözünün dikdiyi, amma tez bir zamanda gözdən düşən akademik yazılardan asanca sezmək mümkündür. Bizdə inkişaf təqribən dairə üzrə gedir (ancaq bu, hermenevtik dairə, yaxud qövs, ən yaxşı halda isə, hermenevtika üfüqü deyildir - !), bir dövrdə, zaman çərəyində hansı məqamasa yetişirik, sonra yenidən dairənin ən aşağısına düşür güzarımız. Birdən görürsən ki, bədii mətnlər dərindən-dərinə təhlil edilir və həmin analizə layiq mətnlər başqa daha gözəl mətnlərin yaranmasına təkan verir. Amma qəfildən işıqlar sönübmüş kimi hər şey dəyişir, yüz ildi yanından keçdiyin divarı yoxlaya-yoxlaya gedirsən, sanki yer üzündəki bütün ciddi sözlər hamının birdən yadından çıxıb, nə qədər cahilliyi nişan verən işarə var, yol üstədi, yaxud yol işarələridi. Bütün ciddi şeylər sərhədi keçib, həmin o qaranlıqda "Gün keçdi" filmindəki içərişəhərli qoca kimi divarı yoxlaya-yoxlaya onları axtarırıq, son dəfə vidalaşmaq üçün. Bir vaxtlar bizi kövrəldən şeylər olur ki, bizi ağlada, faciə labirintinə sala bilər. İşlər yaxşı gedəndə hamı düşünür ki, görəsən, Sabir, Mirzə Cəlil bu milləti niyə təhqir edirmiş, işlərin ahəngi pozulan kimi onları arzulasaq da, tapa bilmirik, halbuki bu nəhəng kişilər heç hara getməyib, sərhədi keçməyiblər...

İctimai, sosial sferada müzakirə edilən mövzular dəhşət saçır, sən demə, hamı eyni virusa yoluxubmuş.

 

2

Milli ədəbiyyat tarixinin oxunmasında, dərkində hər yeni dövr, yaxud hər qərinə və ya əsr yeni-yeni rakurs və parametrlərin meydana çıxması ilə şərtlənməlidir. Ədəbiyyat tarixi axı təkcə faktlar deyildir, həm də qəribə görünsə də, onlardan asanca vaz keçməkdir, yadda saxlayıb vaz keçmək, dərinliyə enə bilmək üçün dünyanı, bədii dünyanı daha başqa gözlə oxuya bilmək üçün hər dövr öz prinsiplərini hazırlamalıdır. Ancaq belədirmi?

Resenziya qəlibində monoqrafiya olarmı?

Bədii əsərə təkcə məzmun baxımından yanaşmaq hansı dövrdə qalıb?

Mətnlər oxunmur, yaxud üstündən keçilir, səthinə toxunulur və unudulur. Belədə o əsərlərdən yazmaq nəyi dəyişdirə bilər ki?

Mütaliə və ardıcıl, birnəfəsə və sistemli oxu yeni müşahidələrin yaranmasına təkan verir.

Heç bir bədii-estetik dəyəri olmayan roman və onların müəlliflərinin akademik səviyyədə təqdimatı.

 

3

...Bəzən bir bədii mətni dəyərləndirmədə fikirlər çalpaşıq düşür, ayrılır, ziddiyyət yaranır;

bəzən bir mətni dəyərləndirmədə fikirlər "stereotip dəryasında" birləşir, nəhayət ("orijinal əzbərçilər"); bəzən dəyəri insanın aşıb-daşan biliyi müəyyənləşdirir, fəhm bu işdən "qovulur".

Amma... bu ikisi - biliklə fəhm qovuşanda sən o bədii mətni düzgün dəyərləndirə bilirsən, həm də başqalarının sənin rəyinə tərs gələn düşüncələrinə də ərazi, məkan, yer... saxlayırsan; onlar olmasa, sənin verdiyin qiymətin bir mənası qalmaz...

Fəhm bilikdən qabaqda gedə bilər, bu da var - yəni ədəbiyyat həm də bizim bir-birimizə danışa bilmədiyimiz şeylərdir...

Fəhmi dayaz olan adamlar bədii mətnlərdə səhvlər, "tutmayan yerlər" axtarır.

Şahmarın "Fəhmli Əliş" hekayəsi yadınızdadırmı?

Başqa bir hekayəsində dükana gələn müfəttişi yeyib-içməyə aparır motosiklin belində, yaxşı da içirlər, qayıdanbaş yolda birdən fəhm edir ki, müfəttiş düşüb.

Səhv axtaran filoloqlar çoxdu, lap çox.

Bir də fikir oğruları var.

Bu barədə sonra.

 

Cavanşir Yusifli

 

Ədəbiyyat qəzeti  2024.- 6 iyul, №25.- S.31.