Ədəbiyyatda
bütövlük və ədəbi prosesdə nəzəri
dərinlik
Azərbaycanın
çoxəsrlik tarixində 2020-ci və 2023-cü ilin
müstəsna yeri vardır. Belə ki, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin "Dəmir Yumruğu ilə
2020-ci ildə qəhrəman Azərbaycan Ordusu qədim Azərbaycan
torpağı olan Qarabağı işğaldan azad etdi,
2023-cü ildə isə uğurla aparılmış
birgünlük hərbi əməliyyatdan sonra Azərbaycan
özünün ərazi bütövlüyünü və
dövlət müstəqilliyini tam bərpa etmişdir. Bu
böyük tarixi Zəfərlər Azərbaycan
xalqının çoxəsrlik tarixinin ən şanlı və
şərəfli hadisələridir. Şübhəsiz ki, Azərbaycan
ədəbiyyatı həmin tarixi hadisələrə
özünün fəal reaksiyasını vermiş,
yazıçı münasibətini bəyan etmişdir.
Qarabağda qazanılan Zəfər Azərbaycan ədəbiyyatında
hansı yüksək əhvali-ruhiyyə ilə qarşılanmışdısa,
Qalib Ali Baş Komandanın 8 noyabr 2023-cü ildə Xankəndində
qəbul etdiyi möhtəşəm qeyri-adi parad da həmin təntənəli
notlarla tərənnüm olunmuşdur. Lakin fərq ondan ibarətdir
ki, Azərbaycan ədəbiyyatı xalqımızla birlikdə
Zəfər sevincini bütün qeyri-adi emosiyası ilə
2020-ci ildə yaşamışdır. Bundan üç il
keçəndən sonra, 20 sentyabr 2023-cü ildə bir
günlük hərbi əməliyyatla qazanılan ərazi
bütövlüyü isə sevinclə düşüncənin,
tərənnümlə dərk olunmuş bədii ifadənin
təzahürləri olmuşdur. Yəni ərazi bütövlüyünün
tam təmin edilməsi Azərbaycan ədəbiyyatında
Bütövlük motivləri ilə bədii ifadəçini
tapmışdır. Artıq ədəbiyyat həm konkret
olaraq ərazi bütövlüyünün qazanılması mənasında
və həm də ümumiyyətlə ölkəmizdə
baş verən dəyişikliklər münasibətilə
Bütövlük himni səsləndirməkdədir. Ədəbiyyatda
Böyük Qayıdışın yaratdığı
bütövlük notları tam ərazi
bütövlüyünün doğurduğu real
bütövlüklə daha da genişləndirilərək
daha da irəli aparılmışdır. Məhz bu möhtəşəm
bütövlüyün fonunda ümumiyyətlə tarixi
taleyimizin bütövlüyü, mili birlik və həmrəyliyin
sarsılmazlığı Azərbaycan ədəbiyyatının
Baş mövzusuna çevrilmişdir. Ədəbiyyatın
bütün növləri və janrlarında
Bütövlük mövzusunda maraqlı və əhəmiyyətli
bədii əsərlər yazılmışdır. Ümumiyyətlə,
2023-cü ilin ədəbiyyatı bütövlük
uğrunda mübarizə və bütövlüyün təsvir
və tərənnüm edilməsi ədəbiyyatıdır.
AMEA-nın müxbir üzvü Tehran Alişanoğlunun
geniş həcmli icmal yazılarından birini "Şuşa
ilində ədəbi tənqid"
adlandırması heç də təsadüfi olmayıb, Azərbaycan
ədəbiyyatında Şuşa-Qarabağ -
Bütövlük mövzusunda yazılmış bədii əsərlərin
ədəbi-tənqiddəki əks-sədasının
gedişatının elmi cəhətdən dəyərləndirilməsi
zərurətini ifadə etmişdir. Yəni
Şuşa-Qarabağ mövzusu Azərbaycan ədəbiyyatının
Bütövlük mövzusunun rəmzinə
çevrilmişdir. Filologiya elmləri doktoru Elnarə
Akimovanın "İlin ədəbi mənzərəsi"
haqqında professional şəkildə yazılmış
icmalında da haqlı olaraq Azərbaycan ədəbiyyatının
2023-cü ilə dair gedişatının bütöv mənzərəsi
yaradılarkən Qarabağ mövzusundan yazılan ədəbiyyata
münasibətdə dinamikanın artmaqda və dərinləşməkdə
olduğu nəzərə
çatdırılmışdır.
Yazıçı-publisist Mənzər Niyarlının "Sənətin
sehri" məqalələr toplusunun da baş qəhrəman
Azərbaycan ədəbiyyatının Baş mövzusuna
çevrilmiş Qarabağ Zəfəri - Bütövlük
mövzusu ilə əlaqədar mətləblərdən
yoğrulmuşdur. Bu o deməkdir ki, ədəbi tənqid Azərbaycan
ədəbiyyatının Qarabağ diskursunun dialektik
inkişafındakı irəliləşməni aydın şəkildə
görür və ədəbiyyatın Bütövlük
uğrundakı enerjisini bütün vüsəti ilə bədii
əsərlərin aydın səmasına çıxarmağı
təşviq edir. Çünki indiki halda artıq Qarabağ
mövzusu ədəbiyyat üçün yalnız
işğaldan azad olunmuş Azərbaycan torpaqlarını vəsf
edilməsindən başa və daha çox ölkəmizin
bütövlüyünün təsvir və tərənnüm
edilməsi deməkdir. Qısa müddət ərzində Azərbaycan
ədəbiyyatında Qarabağ mövzusunun Zəfər
mövzusu olmaqla bərabər, həm də
Bütövlük mövzusuna çevrilməsi Müzəffər
Ali Baş Komandanımız İlham Əliyevin çoxəsrlik
Azərbaycan tarixində ilk dəfə olaraq bir günlük hərbi
əməliyyatla xalqımıza və ölkəmizə
qazandırdığı tam ərazi bütövlüyündən
doğan idealın əks-sədasıdır. Deməli,
müstəqillik tariximizin 44+1 formulu Azərbaycan ədəbiyyatında
Bütövlük mövzusunun ədəbi disturudur.
Doğrudur,
hələlik Azərbaycan ədəbiyyatında tam
Bütövlükdən çox Bütövlük uğrunda
gedən ədəbi prosesin dalğası daha çox
görünməkdədir. Poeziyada Qarabağ mövzusu daha
çox Bütövlük mövzusu kimi tərənnüm
olunmuşdur. Lakin 44+1 formulu, yəni Qarabağ Zəfəri və
Ərazi Bütövlüyü Qələbəsi poeziya
Bütövlüyün təntənəsinin tərənnümünün
əsas hərəkətverici qüvvəsi olmuşdur.
Fikrimizcə, 2023-cü ilin poeziyasında Qarabağ
mövzusunda yazılmış şeirlərlə bir
sırada ümumiyyətlə Azərbaycan mövzusunda
yazılmış şeirlərin çoxalması
Bütövlük motivlərinin tədricən ədəbiyyatın
Baş mövzusuna çevrilməsinin göstəricisidir. Hətta
2023-cü ildə Cənubi Azərbaycan, Qərbi Azərbaycan,
Göycə, Zəngəzur, Dərbənd, Borçalı
mövzularında şeirlərin miqyasının
reallıqlarıdır. Poeziya ilə müqayisədə daha
təmkinli olan bədii nəsrdə Bütövlük
mövzusu Bütövlüyə doğru formatında təzahür
edir. Nasirlərimiz Qarabağ müharibəsinin qəhrəmanlarını
və döyüş səhnələrini əks etdirməklə
bərabər bədii ümumiləşdirmələr də
aparmağa doğru gediş etməkdədirlər. Ədəbi
proses yaradıcılıq müşavirəsi
üçün "2023-cü ilin nəsr mənzərəsi"
icmalını yazmış Elnarə Qaragözova
yazıçı Yunus Oğuzun "Cıdır"
romanını Bütövlük ruhunda yazılmış ən
yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirmişdir.
Tarixi romanlar müəllifi olan Yunus Oğuzun
"Cıdır" romanında Qarabağ mövzusunu
müasir reallıqlarla yanaşı yaxın və uzaq
keçmişlə də əlaqəli şəkildə təqdim
etməsi müəllifin belə qənaətə gəlməkdə
haqlı olduğunu diqtə edir. Bu mənada Elnarə
Qaragözovanın Yunus Oğuzun "Cıdır"
romanı 44 günlük Vətən müharibəsinin və
Zəfərin bədii salnaməsi kimi qiymətləndirməsi
obyektiv reallığın elmi ifadəsidir. Əsərin
adındakı Cıdır sözü də geniş mənada
Azərbaycanın qəhrəmanlıq rəmzlərindən
biri kimi düşünülmüşdür.
İlk
dəfə olaraq Azərbaycan nəşrində Qarabağ
mövzusunda döyüş cəbhəsinin təsvirlərinə
həsr olunmuş bədii əsərlərlə bərabər,
müharibə dövründə arxa cəbhəyə həsr
edilmiş əsərlərin də meydana çıxması
Bütövlüyə doğru hərəkatın ritmlərin
genişlənməkdə olduğunu nəzərə
çarpdırır. Arif Əlinin "Tülək" səsi
əsərində arxa cəbhədə gedən proseslərin
təsviri ilə mövzunun əhatə dairəsi genişləndirilmişdir.
Aqil Abbasın Qarabağ mövzusunu dünənli-bu
günlü Qarabağ süjeti əsasında
yazdığı "Çay qırağında bitib, susuz
qalan ağacların sağlığına" povestində əsas
mətləbləri seçilmiş bir obrazın - Abdal
Gülablı Şakirin simasında ümumiləşdirməsi
də Bütövlüyə doğru hərəkatın bədii
ifadəsidir. Nəhayət, Azad Qaradərilinin II Qarabağ
müharibəsinin qadın şəhidi olan Arəstə
Baxışovanın xatirəsinə həsr etdiyi povesti
"Sevgilim Vətən" adlandırması nəsrdəki
Bütövlüyə doğru prosesdən Bütövlük
mərhələsinə istiqamətləndirilmiş addım
hesab etmək olar. Ümumiyyətlə, Elnarə
Qaragözovanın yığcam bir icmalda Azərbaycan bədii
nəsrinin ideya-sənətkarlıq xüsusiyyətlərini
nəzəri cəhətdən, izmlər və janrlar üzrə
təhlil edib dəyərləndirməsini ədəbiyyatşünaslıqda
əhəmiyyətli elmi yanaşma hesab edirəm. Elnarə Qaragözovanın
"2023-cü ilin nəsr mənzərəsi" icmalında
bədii nəsrin müasir dövrdəki, hətta bir ildəki
təkamülündən bəhs edərkən mövzu və
ideya üzrə qruplaşdırmaqdan başqa, həm də bu
istiqamətdəki janrlar haqqında qeyd etdiyi dəqiq təyinatlar
mövzunun nəzəri səviyyədəki şərhini
şərtləndirmişdir. Bu məqamda Elnarə
Qaragözovanın 2023-cü ilin bədii nəsrində
müşahidə etdiyi janrlardan bəhs edərkən
"Xatirə, ithaf tendensiyasının
aktuallığını" göstərməklə bərabər,
"avanqard-eksperimental roman", "avtofikşin-roman", "kuryoz-fentezi
roman" və s. kimi tam yeni olan janrlardan bəhs etməsi nəsrimizin
ümumi mənzərəsində yeni dalğanın əmələ
gəlməsindən xəbər verir.
Ədəbi
mühitdə yeniləşmə proseslərinin özünəməxsusluğunu,
fərqli xüsusiyyətini müəyyən etmək
üçün ədəbi proses mətnlərində nəzəri
yanaşmalara, nəzəri təhlillərə ehtiyac
vardır. Bunu filologiya elmlər doktoru Cavanşir Yusifli də
hiss etmişdir. "İlin bədii yekunları, hekayə
2023" icmalında gəldiyi qənaət nəticə
etibarilə Ədəbi proses müşavirələrində
nəzəri yanaşmalara üstünlük verilməsinə
çağırış kimi qəbul oluna bilər:
"İndi toplam məhsuldan vaz keçib janr kontekstindən,
janrların bir-birinə nüfuzu, onların
transformasiyasından danışmağın
vaxtıdır". Belə fikirlər Elnarə Akimovanın
da məruzə mətnində öz əksini tapmışdır.
Belə ki, Elnarə xanım "İlin ədəbi mənzərəsi"ni
təhlil edərkən janrlar üzrə meydana çıxan əsərlərə
obyektiv elmi nəzəri qiymət verilməsini müasir tənqidin əsas vəzifələrindən
biri kimi qeyd etmədən keçməmişdir. Ustad-tənqidçi
Vaqif Yusifli isə poeziya üzrə icmalında görkəmli
rus tənqidçisi Vissarion Belinskidən mühüm nəzəri
əhəmiyyət kəsb edən sitat gətirməyə zərurət
duymuşdur. Və Vaqif Yusifli ilin poeziya xəzinəsini dəyərləndirərkən
həmin sitatın irəli sürdüyü tələblərin
müasir poeziya aləmindəki vəziyyətinə nəzər
salmışdır. Bütün bunlar Ədəbi proses
yaradıcılıq müşavirəsinə təqdim edilən
icmal mətnlərində nəzəriyyə faktoruna ciddi fikir
verilməsini zəruri olduğunu diqqətə
çatdırır. Həm də Ədəbi proses
icmalarındakı nəzəri yanaşma yalnız janrlara elmi
münasibət bildirməklə məhdudlaşdırılmamalıdır.
İcmallarda janrlar üzrə ilin ədəbiyyatı təqdim
olunarkən ədəbi cərəyanlar, süjet və
kompozisiya, dil və üslub, bədii təsvir vasitələri
və s. kimi kateqoriyalardan çıxış etmək, yaxud
bədii mətnin daxili məntiqindən, və ya konkret faktiki
materialdan sərf-nəzər etməklə bədii fakta, ədəbi
axına, əsərin (yaxud əsərlərin) ideya-sənətkarlıq
səviyyəsinə qiymət vermək yalnız və
yalnız ümumi elmi səviyyəni yüksəldir.
Yaxşı
cəhətdir ki, müxtəlif icmallarda belə məqamlarda
rast gəlmək mümkündür. Elnarə Akimovanın
icmalı ümumiləşdirilmiş elmi-nəzəri təqdimat
xarakteri daşıyır. Vaqif Yusiflinin Ramiz
Qusarçaylının "Vətən" poemasından
söz açarkən bu uğurlu poemanın "Poetik
epopeya" adlandırılması, sərbəst şeirin
poetikasını təhlil zamanı nəzərə
alması, Firuzə Məmmədlinin avtobioqrafik şeirlərini
təhlilə cəlb etməsi, Rasim Nəbioğlunun
2023-cü ilin bədii tərcümə təfərrüatını
müxtəlif ədəbi növlər və janrlar üzrə
qruplaşdırıb təhlil etməsi, Cavanşir Yusiflinin
ilin hekayə tiplərindən söz açması, Vüqar Əhmədin
publisistikadakı "Redaktor guşəsi"ni ilk dəfə
təhlil meydanına gətirməsi təqdim olunan
icmalların nəzəriyyə faktorundan heç də xali
olmadıqlarını nümayiş etdirir. Hətta Ədəbi
proses yaradıcılıq müşavirəsində ilk dəfə
məruzəçi statusu qazanmış Elnarə
Qaragözovanın "2023-cü ilin nəsr mənzərəsi"nə
cəlb etdiyi əsərləri janrlar üzrə hekayə,
esse və felyeton, roman və povestlər, hətta Rəşad
Məcidin "Qələmsiz yazılanlar" silsilələrini
status-esselər bölgüsü əsasında təhlildən
keçirməsi istər-istəməz janrların
poetikasından da söz açılmasına imkan
yaratmışdır. Bundan başqa, Elnarə
Qaragözovanın yazıçıların əsərlərini
dəyərləndirərkən Xalq yazıçısı
Anarın "Niorealizm cərəyanı konktekstində",
Mübariz Cəfərlinin Macik realizm xəttində
çıxış etməsi də onun icmalında nəzəri
dərinliyi artırılmasına xidmət etmişdir. Hesab
edirik ki, Ədəbi proses mətnlərindən
qırmızı xətt kimi keçən nəzəri təhlilə
meyl daha da qüvvətləndirilməlidir. Bu, həm Azərbaycan
ədəbiyyatının konkret bir ilinin elmi cəhətdən
aydın obrazının yaradılmasına və həm də
əbədi tənqidin sosioloji təhlildən daha çox
uzaqlaşması səbəb olar.
Məlum
olduğu kimi, Ədəbi proses yaradıcılıq
müşavirəsinin əhatə etdiyi 2023-cü il Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
"Heydər Əliyev İli" elan olunmuşdur. Cəmiyyət
həyatının bütün sahələri kimi elmdə və
ədəbiyyatda da "Heydər Əliyev İli"nin
uğurlu nəticələri kimi əhəmiyyətli elmi və
bədii əsərlər meydana çıxmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasında 2023-cü ildə
müxtəlif elm sahələrini təmsil edən alimlər
tərəfindən yazılmış 52 monoqrafik tədqiqatın
meydana çıxması Azərbaycan elmində Heydər Əliyevşünaslığın
xüsusi bir elmi istiqamətə çevrilməsinə səbəb
olmuşdur. Kəmiyyət etibarilə diqqət çəkən
bu statistik göstərici Ulu Öndərə həsr
edilmiş kitabların yüksək elmi-nəzəri səviyyəsi
ilə müşayiət olunur. "Heydər Əliyev
İli"ndə Azərbaycan elmində bu mövzuda
tanıtma, təbliğat və təşviqat kitablarından
sistemli elmi araşdırmalar əsasında yazılmış
fundamental tədqiqatlara doğru ciddi addımlar
atılmış, mühüm elmi nəticələrə gəlinmişdir.
Nəticədə Azərbaycan elmində Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında
fundamental elmin əsası qoyulmuşdur.
İl
ərzində görkəmli dövlət xadimi Heydər Əliyev
haqqında dərc olunmuş ədəbi
axtarışların nəticəsi olan qiymətli bədii əsərlər
də meydana çıxmışdır. Əlisəfa
Azayevin "Qarlı zirvə" romanında Ulu öndər
Heydər Əliyevin mübarizələrlə dolu keşməkeşli
ömür yolu aydın və obyektiv yazıçı
baxışı vasitəsilə
işıqlandırılmışdır. Müəllif imkan
daxilində mövzunun aktuallığı ilə bədiilik
amilini paralel olaraq qoruyub saxlamışdır. İbrahim
Yusifoğlunun "Azərbaycan dünyaya günəş kimi
doğacaq" poemasında da seçilmiş hadisələr əsasında
Heydər Əliyev dühasının əbədiyaşarlığı
poetikləşdirilmişdir. Əbədi proses icmallarında
da "Heydər Əliyev İli"nin ədəbi
hesabatına diqqət yetirilmişdir. Heydər Əliyevə həsr
edilmiş şeirlərdə isə bu dahi şəxsiyyətin
Azərbaycan xalqı qarşısındakı xidmətləri
və parlaq, bütöv şəxsiyyəti obrazlı şəklində
təqdim olunmuşdur. Azərbaycan şeirində "Heydər
Əliyev İli" ölkəmiz, ədəbiyyatımız
üçün mənəvi bir hesabat ili kimi mənalandırılmışdır:
Müstəqil
dövlətin hesabatı,
Azərbaycanla
qoşa adı,
Ölkəmizin
mübarizələrlə dolu həyatı,
Tarixin
danışan dili -
Heydər
Əliyev İli!
***
Fəth
olunmuş dövlətçilik zirvəsi,
Tükənməz
yaratmaq və qurmaq həvəsi,
Yenidən
doğulmuş Odlar ölkəsi!
Xalqımızın
sabahlara uzanan əli -
Heydər
Əliyev İli!
***
Əbədi
yaşayan səsdi,
Ölkəni
sınaqdan çıxaran dərsdi,
Azərbaycançılıq
manifesti!
Müstəqil
dövlətçiliyin heykəli -
Heydər
Əliyev İli!
***
Milli
istiqlalçılıq andı,
Ölkəyə
şərəfdi, şandı,
Yüksələn
Azərbaycandı!
Böyük
gələcəyin məşəli -
Heydər
Əliyev İli!
Göründüyü
kimi, Azərbaycan ədəbiyyatı 2023-cü ildə
bütün ədəbi növlər və janrlar üzrə
irəliyə doğru inkişaf etmiş, ölkəmizin, cəmiyyətimizin
həyatında baş verən yeniləşmələri bədii
cəhətdən uğurla əks etdirmişdir. Xüsusən,
Azərbaycan ədəbiyyatında Qarabağ mövzusundan
Bütövlük mövzusuna doğru müşahidə olma
keçid prosesləri ədəbiyyatımızın
xalqımızın həyatı və ideyaları ilə həmahəng
nəfəs aldığını əyani şəkildə
göstərməkdədir. Fikrimizcə, Azərbaycan ədəbiyyatı
müharibə və Bütövlük mövzusunda
özünün ideal qəhrəmanını da
yaradacaqdır.
***
Başqa
bir mühüm cəhəti də qeyd etməyi lazım bilirəm.
Keçən il biz Ədəbi proses müşavirələrinin
yeni mərhələsinin 10 illiyini qeyd etmişdik. Əslində
həmin 10 illik Ədəbi proses yaradıcılıq
müşavirələrinin deyil, Ədəbi proses
müşavirələrində əhatə olunan ədəbiyyatın
10 illiyi idi. Çünki müstəqillik dövründə Ədəbi
proses yaradıcılıq müşavirəsi 2014-cü ildən
keçirilməyə başlanmışdır. Həmin ədəbi
proses müşavirəsində 2013-cü ilin Ədəbiyyat
tədqiq və təhlil edilərək qiymətləndirilmişdir.
Bu il biz 2023-cü ilin ədəbiyyatın həsr edilən
10-cu Ədəbi proses müşavirəsini keçiririk. Bu,
"Ədəbi proses" yaradıcılıq müşavirəsinin
təşkili üzrə keçilmiş yolun möhtəşəm
başlanğıcı və həm də
qarşıdakı yeni tarixi mərhələnin
başlanğıcıdır.
Ötən
10 il "Ədəbi proses" yaradıcılıq
müşavirəsinin inkişaf və təkamül yolu
olmuşdur. Əvvəla, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda ardıcıl olaraq keçirilməkdə davam
edən "Ədəbi proses" yaradıcılıq
müşavirəsi ümumrespublika elmi hadisəsinə
çevrilmişdir. Keçən illərdə "Ədəbi
proses" müşavirələrinin yalnız Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda deyil, Azərbaycan Milli
Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında
və Azərbaycan Yazıçılar Birliyinin Natəvan
Klubunda da keçirilməsi Ədəbi prosesçilərin
Akademiyadan cəmiyyətə, ölkə ədəbi-elmi
mühitinə doğru inamlı hərəkatının da
ifadəsidir. Ədəbi proses hərəkatında Akademiya əməkdaşları
ilə yanaşı, ardıcıl olaraq Azərbaycan
Yazıçılar Birliyinin, ayrı-ayrı
yazıçı və şairlərin, "Ədəbiyyat
qəzeti", "525-ci qəzet", "Azərbaycan",
"Ulduz" kimi ədəbi mətbuat orqanlarının, hətta
bəzi saytların baş redaktorlarının və əməkdaşlarının
yaxından iştirakları da "Ədəbi proses"i
respublika hadisəsi səviyyəsinə
çatdırmışdır. Bundan başqa, "Ədəbi
proses"in artıq yaxşı bir kitabxanası
formalaşmışdır. Biz "Ədəbi proses
kitabxanası" dedikdə "Ədəbi proses"
yaradıcılıq müşavirəsinin ötən 10 ildə
nəşr edilmiş çoxcildlik və külliyyatın ədəbi
prosesçilərdən hər birinin 2014-2014-cü illər ərzində
müstəqillik dövrü Azərbaycan ədəbiyyatına
həsr edilmiş çoxsaylı monoqrafiyaları və məqalələrini
nəzərdə tuturam. Bunlar, həqiqətən
yaxşı bir mini kitabxananın əhəmiyyətli
materialları ola bilər. Nəhayət,
ədəbi prosesçilərin sıralarından AMEA
üzvlüyünə seçilənlərin, elmlər
doktorları və fəlsəfə doktorlarının
yetişib formalaşması da keçən 10 ilin elmi-ədəbi
uğurları sırasındadır.
"Ədəbi proses" yaşayır, davam edir,
müxtəlif istiqamətlər üzrə gedən çoxcəhətli
ədəbi prosesləri elmi güzgüdə əks etdirərək
Azərbaycan ədəbiyyatının daha böyük
inkişafına dönmədən xidmət göstərir.
12 iyul 2024-cü il
İsa Həbibbəyli
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
¹26.- S.2-3.