2023 - forum, sərgi və
yubileylər ili
2023-cü
il ölkə başçısının sərəncamı
- "Heydər Əliyev ili"nin elanı ilə
başladı. "Şuşa ili"ndən "Heydər Əliyev
ili"nə keçid - "Heydər Əliyev ili" ilə
bağlı dövlət başçısının
müvafiq sərəncamı özündə Azərbaycan
xalqının bu günü və gələcəyi
üçün xüsusi əhəmiyyət daşıyan məsələlərin
həllini ehtiva etmiş oldu. Bilirik ki,
Şuşanın azad olunması Ümummilli lider Heydər
Əliyevin ən böyük arzularından biri idi. Dörd il əvvəl
Azərbaycan xalqı bir millət, bir ölkə olaraq
özünü Heydər Əliyevin 100 illiyini alın
açıqlığı ilə qarşılamağa səfərbər
etdi. Ölkə başçısı cənab
İlham Əliyev də ilk növbədə Ali Baş
Komandan, daha sonra oğul olaraq ata qarşısında öz
missiyasını layiqincə yerinə yetirdi. Ümummilli
liderin 100 illiyinə bundan böyük töhfə ola bilməzdi. Heydər Əliyev sovet
dövründə Şuşanın qorunmasında, ona mədəniyyət
məkanı kimi ali status
qazandırılmasında müstəsna xidmətləri olan
şəxsiyyətdir. 1982-ci ildə
Şuşada Vaqif məqbərəsini tikdirməsi, daha sonra
ardıcıl şəkildə Vaqif Poeziya Günlərinin
keçirilməsi ilə bağlı təşəbbüsü,
Azərbaycanın bütün mədəniyyət
sferalarının diqqətinin bu hadisəyə cəmləyə
bilməsi sovet dövrünün özündə epoxal hadisələr
idi. Artıq dörd ilə yaxındır ki, biz Şuşa ilə bağlı müxtəlif mədəni
tədbirlər, səfərlər gerçəkləşdiririk.
2022-ci il prezidentin sərəncamı ilə
"Şuşa ili" elan olunmuşdur. Bu sərəncamdan
irəli gələn mühüm mədəni tədbirlərin
şahidi, iştirakçısı olduq. Ardınca isə
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2023-cü il
üçün "Türk dünyasının mədəniyyət
paytaxtı" elan edildi. Bunlardan sonra yeni sərəncamın
"Heydər Əliyev ili" olması eyni milli-mənəvi
hərəkat daxilində davam tapan proses idi. Diqqət etsək
görərik ki, prezidentin imzaladığı son sərəncamlar
öz ətrafında ümummilli məfkurə ruhunu, azərbaycançılıq
ideologiyasının prinsiplərini birləşdirir. Bu sərəncam da ümumxalq səviyyəsində
diqqətləri Heydər Əliyev şəxsiyyətinə,
onun siyasi fəaliyyətinin bütün tərəflərinə,
zəngin idarəedicilik irsinə cəmləyərək daha
fundamental işlər görməyə, daha konseptual məsələləri
həyata keçirməyə bir növ vasitə oldu. Və biz bununla əslində, yenə də azərbaycançılıq
amalının, vətən, millət sevgisinin bir liderin tərcümeyi-halında
necə bütöv şəkildə ehtiva olunduğunun
bütün çalarlarını görmüş olduq.
"Heydər Əliyev ili" hər bir instansiyanın
qarşısında ilk növbədə müəyyən
missiya qoydu, hədəfləri müəyyənləşdirdi. Bu mənada, ötən il bütün fəaliyyət sahələri
üçün həm də mənəvi-siyasi hesabat mərhələsi
oldu, - desək yanılmarıq. Ümumilikdə
XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət
olan Heydər Əliyevin irsi bu vaxta qədər də layiqincə
öyrənilən predmet olub. Bunu meydanda
olan çoxsaylı nümunələr sübut edir. Amma ölkə başçısının sərəncamı
Ulu Öndərin irsinin öyrənilməsində daha
geniş hüdudlara varmaq üçün böyük imkanlar
qazandırdı. Ölkədəki
bütün tədbirlər Heydər Əliyevin siyasi xadim kimi
obrazının açılmasına, gördüyü
işlərin miqyas və vüsətini sərgiləməyə
yönəldi. Amma "Heydər Əliyev ili"nə ən
böyük töhfəni ölkə başçısı
İlham Əliyev verdi. 20
sentyabrda 23 saat davam edən antiterror siyasəti nəticəsində
Azərbaycanın bütün işğal altında qalan ərazilərində,
Xocalıda, Xankəndində bayrağımız
ucaldıldı. Ölkəmizin
bütün əraziləri ermənilərdən azad edildi. Qarabağa
böyük qayıdış başladı, ermənilərin
köçü, separatçıların həbsi gerçəkləşdi.
Cəmiyyətimizin üçün 2023-cü il daha çox
elə bu mühüm proseslərlə
əlamətdar sayılır:
Qarabağda həyata keçirilən antiterror tədbirləri
nəticəsində erməni separatizminin kökünün kəsilməsi,
qondarma "Artsağın liderləri" nin həbs olunaraq
Bakıya gətirilməsi, azərbaycanın suverenliyinin bərpa
olunması, prezidentin Xankəndində azərbaycan
bayrağını qaldırması və s. Bu proseslərlə
son otuz ili deyil, 270 illik bir dönəmi çevrələyən
Qarabağ problemi həllini tapdı. Bu, bizim
xalq, millət olaraq Heydər Əliyev ruhu qarşısında
bir vicdan hesabatı idi və simvolikdir ki, bu hesabat məhz
"Heydər Əliyev ili"ndə onun ruhuna ərmağan
olundu.
Ötən ilin ən böyük mədəni hadisələrindən
biri Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və
Ədəbiyyatı Forumunun keçirilməsi oldu. Sentyabrın 2-4-də Heydər
Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyasının dəstəyi ilə keçirilən bu
forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunan tədbirlər çərçivəsində
baş tutdu. Tanınmış dilçi və ədəbiyyatşünas
alimlərin, yazıçı və naşirlərin
iştirak etdiyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına
və mədəniyyətinə görkəmli şəxsiyyətlər
bəxş etmiş Şamaxı şəhərində
başladı, sentyabrın 3-4-də isə Bakı şəhərində
davam etdi. Ədəbi-elmi ictimaiyyətin iştirakı
ilə geniş müzakirələrin aparıldığı
bu forumda mədəniyyətimizin yaşadılması,
inkişafı və təbliğində Azərbaycan dili və
ədəbiyyatın rolu, Azərbaycan dilinin
saflığının qorunub saxlanılması, müasir ədəbi
proseslər, ölkəmizdə uşaq ədəbiyyatının
ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin
hazırkı vəziyyəti və bu sahəyə dövlət
dəstəyi, uşaq və yeniyetmələr arasında
mütaliənin təbliği,
teatr və kinonun inkişafında ədəbiyyat faktoru
və digər istiqamətlərdə diskussiyalar baş tutdu.
Noyabr
ayının 9-15-də Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab sərgisini
də ilin mühüm ədəbi-mədəni prossesləri
sırasında almalıyıq. Hər il
keçirilən bu kitab sərgiləri həm kitab sənayesinin,
poliqrafiya işinin inkişafında, mütaliəyə
marağın qorunmasında, bir çox digər ölkə nəşriyyatlarında
gedən proseslərlə tanışlıqda vacib rol
oynayır.
Ümumiyyətlə,
ötən ili kitab sərgiləri və
festivallarla xarakterizə etmək olar. Aprelin 8-11-də "Azərbaycan
Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı
ilə keçirilən II Uşaq festivalı, 27 may-4 iyun
tarixlərində İçərişəhər Qoşa
Qala meydanında keçiirlən V Milli Kitab Sərgisi, 5-11
iyun tarixlərində Beynəlxalq Türk Müəllifləri
Birliyinin təşkilatçılığı, Azərbaycan
Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan
Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra
Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY,
TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər
qurumların dəstəyi ilə təşkil olunan İkinci
Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı -
hər biri müxtəlif təqdimatlar, panel müzakirələri,
yerli və xarici müəlliflərlə görüşlər,
imza günləri, poeziya axşamları ilə yadda qaldı.
Qeyd edim ki, bəhs etdiyim bütün bu sərgi və
festivallar, eləcə də forum Heydər Əliyevin 100 illiyinə
həsr olunmuşdur. İstər forum, istərsə də sərgilərdə
əsas məsələlərdən biri həm də Heydər
Əliyevin azərbaycan dili və ədəbiyyatı
qarşısında gördüyü müstəsna əhəmiyyətli
işləri üzə çıxarmaq, onları elmi və bədii
düşüncənin predmetinə çevirmək idi. Xüsusilə, IX
Bakı Beynəlxalq Kitab sərgisi Ulu Öndər haqqında
yazılmış kitabların həm beynəlxalq aləmdə,
həm də ölkədə tanınması
üçün böyük imkan yaratdı.
Heydər Əliyevin ədəbiyyat, sənət
qarşısında gördüyü işlərin çəkisi
əlbəttə ki, böyük araşdırma tələb
edir. İstər hakimiyyətinin birinci dövründə,
istərsə də yenidən hakimiyyətə
qayıtdığı 90-cı illərdə azərbaycançılıq
kitabının ən gözəl səhifələrini yazan
Heydər Əliyevin milli düşüncənin intibahında
rolu böyükdür. Ötən il Azərbaycan
Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyi
münasibətilə çap etdiyi "Əbədi
ömrün 100 ili" kitabında Heydər Əliyevin ədəbiyyatla
bağlı gördüyü işlər, əməllər
sırası bir çox yazıçı və şairlərimizin,
elm adamlarının məqalələrində əksini
tapdı. Eləcə də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
hazırladığı "Vətən və dövlətçilik
məfkurəsinin intibahı - Heydər Əliyevdən
İlham Əliyevə" kitabı (müəlliflər:
İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Elnarə
Akimova, Əlizadə Əsgərli, Aygün
Bağırlı, Lalə Həsənova) Heydər Əliyevin
ədəbiyyatdakı obrazını özündə ehtiva edən
dərin araşdırma hesab olunmalıdır.
Bütünlükdə, Ümummilli liderin ədəbiyyatla
bağlı gördüyü işlər il boyu - akademik
İsa Həbibbəyli, Vilayət Quliyev, Nizami Cəfərov,
Rafael Hüseynov, Azər Turanın ard-arda çap olunan məqalələrində
tədqiqat predmetinə çevrildi. Görkəmli
ədəbiyyatşünas alim Vilayət Quliyevin Heydər
Əliyevə həsr olunmuş "Heydər Əliyev. Böyük insan haqqında xatirələr"
kitabı Heydər Əliyevin həm siyasi xadim, həm də
şəxsiyyət, insan olaraq cizgilərini uğurla işarələyir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Ulu Öndər Heydər
Əliyevin gerçəkləşən arzusuna - Qarabağ
savaşında Azərbaycanın Zəfərinə ithaf etdiyi
"İkinci olmayacaq" kitabında Heydər Əliyevin
uşaqlıq illərindən sovet zamanında Azərbaycan
Respublikasına rəhbərlik etdiyi dövrün sonuna qədər
həyat və fəaliyyəti əks olunur.
AMEA-nın
müxbir üzvü Tehran Əlişanoğlunun ötən
il Ümummilli liderin 100 illiyinə həsr etdiyi üç
kitab işıq üzü gördü: "Mənim Prezidentim
(Ulu Öndər Heydər Əliyevin 100 Yaşına)",
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
Heydər Əliyev" və "Azərbaycançılıq
oçerkləri. Ulu öndər Heydər
Əliyevin 100 illiyinə" kitabları.
Hər üç kitab Ulu Öndər Heydər
Əliyev və ədəbiyyat mövzusunu geniş kontekstdə
və bütün çalarları, əhatəliyi ilə tədqiq
predmetinə çevirir. Ümummilli liderin kolossal zəhmət
qoyduğu işlər dövlətçiliyin simasını
müəyyən edən tarixi xidmət olaraq
araşdırılır, onun yeni Azərbaycan dövlətinin
qurucusu, bu yolda milli məfkurəyə istinadı bütün
yönləri ilə araşdırılır. Bununla müəllif həm tarixi yaddaşın bərpasına
xidmət edir, həm də bu böyük liderin misilsiz xidmətlərinə
dəyər qazandırmaq, onu yeni epoxanın düşüncə
kontekstindən incələməyə imkan yaratmaq, ən
kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə
çevirmək niyyəti daşıyır.
Ötən
il peşəkar Azərbaycan
teatrının yaranmasının 150 illiyi kimi də yadda
qaldı. İlin ən əlamətdar mədəni
hadisəsi kimi müstəqillik tarixində ilk dəfə
"Teatr və Kino" forumu reallaşdı. Burada Azərbaycan teatrının gələcək
inkişaf strategiyası, onun problemləri və
qarşısında dayanan məqsədlərlə
bağlı ard-arda panel iclaslar keçirildi. Bundan
başqa TÜRKSOY-un 30 illiyi münasibəti ilə Birinci Bakı TÜRKSOY teatr
festivalı baş tutdu. Bu festival çərçivəsində
türkdilli ölkələrin teatr nümayəndələri
bir araya toplaşdılar. Həmçinin ötən il Azərbaycan yazarlarından ibarət nümayəndə
heyəti bu ilin noyabrında Ankarada keçirilən 5-ci
Türk Dünyası Yazarları Qurultayında iştirak etdilər.
Qeyd
etdiyim kimi, Şuşa şəhərinin
2023-cü il üçün "Türk dünyasının
mədəniyyət paytaxtı" elan edilməsi bu
münasibətlə çoxsaylı tədbirlərin
keçirilməsini şərtləndirdi. Ənənəvi
"Xarı bülbül" beynəlxalq musiqi festivalı,
iyulun 14-15-ində baş tutan "Vaqif Poeziya Günləri"
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin
birgə təşkilatçılığı həyata
keçirilən mədəni tədbirlər sırasında
qeyd olunmalıdır. İşğaldan
azad olunmuş ərazilərdə yeni muzeylərin
yaradılması, işğal və zəfər muzeylərinin
qurulması xəbərləri birbaşa mədəni
dünyamızla bağlı xəbər olaraq
günü-gündən dirçələn Qarabağın
yeni obrazını simvolizə edir.
***
Yubileylər
baxımından da 2023-cü il əlamətdar
tədbirlərlə yadda qaldı.
Ötən il qardaş Türkiyə Cümhuriyyətinin
100, Türk dünyasının ən böyük mədəniyyət
təşkilatlarından olan TÜRKSOY-un 30, ölkə
başçısı, cənab Prezident İlham Əliyevin
ilk dəfə prezident seçilməsinin 20, akademik Zərifə
Əliyevanın 100, Azərbaycan Milli Kitabxanasının 100
illik yubileyləri qeyd olundu. Ədəbiyyat aləmində
də mühüm yubileylərə şahidlik elədik.
Akademik Kamal Talıbzadənin 100 illiyi "Ədəbiyyat qəzeti"nin ona həsr etdiyi "Xüsusi buraxılış"
və silsilə tədbirlərlə yad olundu. Xalq
yazıçıları Anarın 85, Elçinin 80, eləcə
də Vaqif Yusiflinin 75, Teymur Kərimlinin 70, Azər Turanın
60 illik yubileyləri onların
yaradıcılığını əhatələyən
analiz yazılarla, iclas və çıxışlarla
xarakterizə olundu. Anarın 85 illiyi münasibətilə
Türkiyənin ədəbiyyat təşkilatı olan
Türk Ədəbiyyatı Vaqfında "Tedev"
Yayınlarından Xalq yazıçısı Anar haqqında
İmdat Avşarın tərtibatı ilə məqalələr
toplusu - "İki əsrin qovşağında bir yazar:
Anar" və Pərvin Nurəliyevanın müəllifi
olduğu "Çağının önündə bir
yazar: Anar" adlı iki yeni kitab işıq üzü
gördü.
Elçinin 80 illik yubileyi münasibətilə Rusiyada
"Beş dəqiqə və əbədiyyət"
adlı hekayələr toplusu çap olundu. Dövlət
Tərcümə Mərkəzi və Rusiya Tərcümə
İnstitutunun birgə layihəsi çərçivəsində
ərsəyə gətirilmiş kitab Rusiyanın zəngin ənənəli
Rudomino Kitab Mərkəzi nəşriyyatında çap
olundu.
Şairə
Nurəngiz Günün 85 illik yubileyi və filologiya elmlər
doktoru Vaqif Yusiflinin onun haqqında yazdığı
"Poeziyamızın ağ çiçəyi
- Nurəngiz Gün" kitabının təqdimatı ötən
il AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda keçirildi. Azərbaycan Yazıçılar
Birliyində isə Nurəngiz Günün 85 illiyi münasibətilə
"Nurəngiz Gün 85 - Ədibin həyat və
yaradıcılığına həsr olunmuş nəşrlərin
təqdimatı" adlı tədbir təşkil olundu və
bu tədbirdə şair-publisist Elçin İskəndərzadənin
Nurəngiz Günə həsr etdiyi "Günəşin
elçisi" esse-monoqrafiyası, şair-tərcüməçi
Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə
Mərkəzinin və Türkiyənin məşhur ədəbiyyat-sənət
toplusu olan "Temrin" jurnalının birgə təşəbbüsləri
ilə şairəyə həsr etdikləri xüsusi nömrəsi,
Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis
etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül"
yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz
Günün xarici ölkələrdə yayınlanan şeirlərindən
ibarət Antologiyanın və şair Maşallah Məftunun
Nurəngiz Gün haqqında qələmə
aldığı "Güllərin soyqırımı"
kitabları geniş oxucu kütləsinə təqdim edildi.
Azər Turanın yubileyi sentyabrın 21-də Azərbaycan
Yazıçılar Birliyində, noyabrın 30-da isə
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə rayonda keçirildi. Hər iki tədbirdə
görkəmli elm və ədəbiyyat xadimləri iştirak
edərək Azər Turan yaradıcılığının
və şəxsiyyətinin ən əhəmiyyətli məqamlarından
bəhs etdilər.
***
Ötən
il bir sıra mükafatlar, təltiflərlə
da yadda qaldı. 2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı
norveçli yazıçı Yun Fosseyə verildi.
O, bu mükafata innovativ pyesləri və sözsüzlərə
səs verən nəsrinə görə layiq
görüldü. Dünyanın nüfuzlu ədəbiyyat
mükafatı olan "Buker"in (" Booker Prize")
2023-cü il üzrə qalibi "Prophet
Song" əsəri ilə İrlandiyalı
yazıçı Paul Lynch oldu.
Ölkə
həyatında da ötən il bir sıra
yaradıcı şəxslər mükafatlara layiq
görüldü. Prezident İlham Əliyevin martın 15-də
imzaladığı sərəncamla Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar Azərbaycan mədəniyyətinin
inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə
görə 1-ci dərəcəli "Əmək" ordeni
ilə təltif edildi. Ötən il Anara
daha bir mükafat - Özbəkistan Respublikasının
Prezidenti Şövkət Mirziyayevin sərəncamı ilə
"Dostluq" ordeni də təqdim olundu. Mərhum
yazıçımız Mövlud Süleymanlı iyul
ayında Azərbaycan ədəbiyyatının
inkişafında böyük xidmətlərinə görə
"Şərəf" ordeni ilə təltif edilmişdir.
Yazıçı-tərcüməçi Nəriman
Əbdülrəhmanlı Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Azərbaycan-Qazaxıstan
ədəbi əlaqələrinin inkişafına verdiyi
töhfələrə görə II dərəcəli
"Dostluq" ordeni ilə təltif edildi.
Gənc şair Ulucay Akif Gənclər üçün
Prezident mükafatına layiq görüldü.
Şair-tərcüməçi
Səlim Babullaoğlu "Yangi
ovoz" Mərkəzi Asiya Tarixçi Yazarlar Birliyi və
"Əmir Teymur" Beynəlxalq Xeyriyyə Fondu tərəfindən
"Turan Birliyi" medalı ilə təltif edildi.
17-21 iyun
tarixlərində Ruminiyanın Krayova şəhərində
keçirilən "Mihay Eminesku" Dünya Poeziya
Festivalına qatılan şairlər Səlim Babullaoğlu və
Jalə İsmayıl Beynəlxalq
Mihay Eminesku Akademiyasının "Tərcümə
mükafatı" və akademiyanın "Mihay Eminesku"
medalı ilə təltif edildilər. Eyni zamanda, hər iki
şair Avropa Mihay Eminesku Fondu və Beynəlxalq Mihay Eminesku
Akademiyasının "Mədəniyyət Səfiri"
adına da layiq görüldü.
***
2023-cü
ili AMEA-da başlanğıcı qoyulan
yeni islahatlar mərhələsi kimi də xarakterizə edə
bilərik. Ötən il - "Heydər
Əliyev İli" çərçivəsində
Akademiyada geniş elmi tədqiqatlar aparıldı, bir sıra
mühüm tədbirlər həyata keçirildi. Xüsusilə,
Humanitar Elmlər Bölməsi və onun elmi tədqiqat müəssisələrinin
əməkdaşları Heydər Əliyev irsinin daha əhatəli
öyrənilməsi üçün fundamental tədqiqatlar
apararaq 30-a yaxın kitab, monoqrafiya, konfrans materialı və
jurnalların xüsusi buraxılışını nəşr
etdirdilər.
Akademiyada aparılan islahatlar nəticəsində elektron
hərəkat geniş vüsət aldı, ilk dəfə
olaraq "Türk Dilinə Xidmət" mükafatları
türkologiya sahəsində mühüm xidmətləri olan
görkəmli alimlərlə yanaşı, Türk
dünyasında önəmli yeri ilə fərqlənən
dövlət təşkilatlarına və elmi qurumlara da
verildi. Azərbaycan
Milli Elmlər Akademiyası Türkiyə Cümhuriyyətinin
Atatürk, Kültür, Dil və Tarix Yüksək Qurumunun
"Türk Dilinə Xidmət" mükafatı ilə təltif
edildi. Bu mükafat akademiya prezidenti İsa Həbibbəyliyə
Türkiyə mədəniyyət və turizm nazirinin
müavini Gökhan Yazqı tərəfindən təqdim
edildi. Qeyd edək ki, "Türk Dilinə
Xidmət" mükafatı Azərbaycan Milli Elmlər
Akademiyasının müstəqillik illərində təltif
olunduğu ilk beynəlxalq mükafatdır.
Ümumiyyətlə,
2023-cü ili Akademiyanın beynəlxalq
elmi əməkdaşlıqlarını gücləndirməsinin
ən mühüm mərhələsi kimi səciyyələndirmək
olar. Məsələn, ötən ilin noyabrında AMEA-da
"Nobel mükafatına aparan yolun dərsləri: mif,
reallıqlar, uğurlar və
çağırışlar" mövzusunda keçirilən
beynəlxalq elmi konfrans bu baxımdan əhəmiyyətli hadisə
sayılmalıdır. Nobel mükafatına gedən
yolun təcrübəsinin və dərslərinin öyrənilməsini
və yaradıcı yanaşmaları vacib sayan bu konfransın
məqsədi alimlərimizi,
yazıçılarımızı Nobel mükafatının
təqdim etdiyi elmi istiqamətlərə doğru yönləndirməkdən
ibarət idi. Bu sıradan, həmin ay
reallaşan daha bir hadisəni də yeniləşmə, beynəlxalq
aləmlə dərin təmas və ünsiyyət
baxımından başlanan dalğanın davamı kimi
almalıyıq. AMEA prezidenti, akademik İsa Həbibbəyli
Akademiyada elmi prioritetlərin müəyyənləşdirilməsinə
və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının
gücləndirilməsinə verə biləcəyi töhfələri
nəzərə alaraq, dünya miqyasında
tanınmış elm xadimi, türk dünyasının elm sahəsində
ilk Nobel mükafatı laureatı, professor Aziz Sancarın
AMEA-nın fəxri üzvü seçilməsi ilə
bağlı təşəbbüs irəli sürdü və
səsvermənin nəticələrinə əsasən, Nobel
mükafatı laureatı Aziz Sancar AMEA-nın fəxri
üzvü seçildü.
Bu
kontekstdə daha bir faktı - Xalq yazıçısı Kamal
Abdulla və professor Rafiq Əliyevin birgə yazdığı
"Kitabı Dədə Qorqud və qeyri-səlis məntiq"
kitabını filoloji düşüncəmizin inkişafı
üçün yeni perspektivlər açan nümunələr
sırasında qeyd etməliyik. Bu
araşdırma qeyri-səlis məntiqin yaradıcısı,
görkəmli Azərbaycan-amerikan alimi Lütfi Zadənin xatirəsinə
həsr olunub. Ötən il yanvarın 13-də
"525-ci qəzet" tərəfindən nəşr edilən
"Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq"
kitabının M.F.Axundov adına Milli Kitabxanada təqdimat-müzakirəsi
keçirildi, dekabrın 6-da isə Libraff kitab mağazaları
şəbəkəsinin Park Akademiya filialında imza
günü gerçəkləşdi.
Beləliklə,
2023-cü ili daha çox forum, sərgi və
yubileylər ili kimi səciyyələndirə bilərik. Əlbəttə,
bunların heç biri ədəbiyyat demək deyil.
Çünki ədəbiyyat ilk növbədə, əsərlər
deməkdir. Bu kontektdə ötən il nə qədər
uğurlu mətnlər meydana qoyulub, - yəqin ki, bunu hər ədəbi
sahə üzrə səsləndiriləcək məruzələr
diqqətə çatdıracaq. Hər halda qeyd
etdiyimiz bu təzahürlər də ədəbi mühitdə
müəyyən dinamikanın yaranması, insan amilinin
inkişafında ədəbiyyatın, estetik
başlanğıcın rolunun nə qədər önəmli
olması ilə bağlı müəyyən bir missiya yerinə
yetirmişdir.
Elnarə Akimova
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
¹26.- S.4-5.