Biz poeziyasız yaşaya bilmərik...
Əsrlər
boyu poeziya Azərbaycanda milli sərvət sayılıb -
şair sözü bütün dövrlərdə
insanların mənəvi dünyasına işıq
paylayıb, xalqın kədərində kədərli,
sevincində sevincli, qələbəsində qalib olub. Şair
sözü duz-çörək, hava, su, torpaq kimi müqəddəs
sayılıb.
Əlbəttə, söhbət əsl poeziyadan
gedir. Poeziya yenə bu əzəli-əbədi
missiyanı şərəflə yerinə yetirir. O, yenə
mənəvi dünyamızın, həyata, insanlara, gözəlliyə
münasibətimizin meyarına çevrilməkdədir.
"Azərbaycan xalqı şair xalqdır" ifadəsinin
hansı mənada deyilməsinin fərqinə varmayaraq, hətta
bu fikrin bir qədər yanlış olduğuna inansaq da, belə
bir həqiqəti sübut etməyə heç ehtiyac
qalmır: Biz poeziyasız yaşaya bilmərik.
2023-cü
ilin poeziya mənzərəsi haqqında müəyyən təsəvvür
yaratmaq üçün biz müxtəlif ədəbi nəsillərin
yaradıcılığını əks etdirən şeir
kitabları ilə tanış olduq, "Azərbaycan",
"Ulduz" jurnallarını, "Ədəbiyyat qəzeti"ni
vərəqlədik, "Ədalət", "525-ci qəzet"lərdə
ədəbiyyat səhifələrinə diqqət yetirdik. Bizdə ümumi təəssürat belə oldu ki,
doğrudan da, əsl poeziya nümunələri ilə
qarşılaşırıq.
İndi isə çağdaş poeziyamızın
uğurlarından, onun ictimai, mənəvi həyatımızda
rolundan söz açaq və əsasən, 2023-cü ilin
poeziya mənzərəsi haqqında müəyyən təsəvvür
yaradaq. Şeirimizdə adlar, ünvanlar çoxdur və bu
yazıda hər bir şairin yaradıcılığından
söz açmaq mümkün deyil. Amma
mümkün olan odur ki, ayrı-ayrı problemlərin, sənətkarlıq
məsələlərinin poeziyada necə əks olunduğuna
diqqət yetirmək olar.
İkimininci
illərdə müasir poeziyamızın avanqardları
sayılan Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Məmməd
Araz, Fikrət Qoca, Vaqif Səmədoğlu, Fikrət Sadıq,
Musa Yaqub, Ələkbər Salahzadə, Məstan Günər,
Camal Yusifzadə, Abbas Abdulla, Nüsrət Kəsəmənli,
Məmməd Aslan, Zəlimxan Yaqub vəfat etdilər.
Onların hər biri Azərbaycan poeziyasında əbədi iz
saldılar və Fikrət Qocanın Səməd Vurğuna həsr
etdiyi şeirindən iki misra yerinə düşür bu məqamda:
"Şair nəğmə kimi gəlir cahana, Nəğmə
ölümünə mən inanmıram". Amma Azərbaycan
poeziyası üçün qocalıq qorxusu yoxdur və
şeirimizin ağsaqqalları - Nəriman Həsənzadə,
Məmməd İsmayıl, Eyvaz Borçalı və
artıq bu səlahiyyətə malik olan Sabir Rüstəmxanlı,
Ramiz Rövşən, Çingiz Əlioğlu, Ağasəfa,
Əşrəf Veysəlli yaşca qocalsalar da, şeirlərində
inkişafdan geriləmə yoxdur. Ramiz
Rövşən yenə bütün nəsillərdən olan
oxucuların sevimli şairidir və hər dəfə yeni
şeirləri ilə Ramizrövşənliyini təsdiq edir.
Məmməd İsmayıl və Sabir Rüstəmxanlı
haqqında da "ustadi-əzəm" kəlməsini işlədirik.
Nəriman
Həsənzadəyə - onun poeziya aləminə məxsus
bir xüsusiyyət - həzinlik, kövrək hisslər,
keçmişi - ötən günləri, sanki bu gündə
yaşayır hissi onu tərk etmir.
Başqa bir qocaman şair - 84 yaşlı Əşrəf
Veysəllinin şeirləri də belə həqiqəti
sübut edir ki, doğrudan da, şair qocalmır. Əşrəf
Veysəlli "altımışıncılar" cərgəsində
o qədər də məşhur olmayıb,
yaradıcılığına həsr olunan resenziyaların, məqalələrin
sayı da çox deyil. Heç haqqında
dissertasiya və monoqraftiya da yazmayıblar. Amma Əşrəf Veysəlli bəlkə
çoxlarımızın görmədiyində müasir
poeziyamızın incilərini yaradır. Bu, o Əşrəf
Veysəllidir ki, Qarabağ həsrətini qınağa
çevirirdi:
Ay
Əşrəf, gülünclər qoy bizə gülsün,
Sızlayan
ürəyin yansın, tökülsün,
Başına
daş düşsün, yıxılsın ölsün,
Kiminsə əlindən Şuşası getdi.
Şuşa indi əlimizdədir və Əşrəf
Veysəllinin yeni şeirlərində onun Şuşalı
günləri xatirə deyil. Yeri gəlmişkən, son illərdə
Şuşa ilə bağlı yüzlərlə
şeirlər yazılıb, demək olar ki, poeziyada bir
"Şuşanamə" yaranmaqdadır. Fikrimizcə, Vaqif
Bəhmənlinin Şuşa ilində
yazdığı "Bağışla məni, əsgər..."
şeiri bir nəslin etirafı kimi səslənir:
Otuz il bundan öncə tarana getməliydim,
keşikçi durmalıydım Daşaltının qaşında.
Qoca-qaltak
yaşımda mən ölüb-itməliydim,
niyə
sən öldün axı, cavan-cahıl yaşında? -
Bağışla
məni, əsgər,
əsgər, məni bağışla!
Nə
üzlə diri gəzim...
sən
də orda uyu, tək.
"Oğul",
- deyib vaysınım,
hərlənim dəli kimi?!
Ananın
göz yaşını içim Kəbə suyutək,
ruhunun
ayağına döşənim xalı kimi...
ağışla məni, əsgər,
əsgər, məni bağışla!
Elçin İsgəndərzadənin Şuşalı
şeirləri isə Şuşanı poeziyada Obraza
çevirmək mənasında uğurlu bir addımdır. Yazdığı
şeirləri Elçin İsgəndərzadə "Mənim
Şuşa dastanım" adlandırır. Hər bir dastanda sevinc də var, qəm də, kədər
də və hər bir dastanın sonu sevgililərin xoşbəxtliyilə
başa çatır. Elçin İsgəndərzadənin
"dastanı"nda da bu gedişata yalnız
"duvaqqapma" istisna olunmaqla əməl edilib. Ancaq "Mənim Şuşa dastanım"da eposa məxsus
çoxlu mənfi-müsbət obrazlarla
qarşılaşmırıq. Bu "dastan"da
Elçinin-Şuşada doğulmuş bir şairin
özü var, bir də həsrətini çəkdiyi
doğma şəhər, şəhid evlər, Şuşadan əsən
küləklər, yağışlar var...
Bakıda
Şuşa küləkləri əsir, hərdən,
Şuşa yağışları yağır.
Bir qərib
oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.
Küləklər
Şuşa küləyi,
yağışlar Şuşa yağışı...
Elçinin "Şuşa dastanı" hələ
bitməyib.
Xoşbəxt, azad Şuşa da onun
şeirlərinin yolunu gözləyir. Zahid Xəlilin
"Şuşa şeirləri", Xanım
İsmayılqızının "Şuşa təsnifi",
Elnur Uğurun "Şuşaya gedən yollar", Arzu Nehrəmlinin
"Mənim Şuşam" silsilə şeirləri,
Əflatun Baxşəliyevin "Qarabağ Azərbaycandır"
şeirlər kitabındakı Şuşaya həsr olunan
şeirlər, Tofiq Nurəlinin şeirləri, Gəray
Göyyurdun "Şuşanamə"si, Rəşid
Faxralının şeir və poemaları, Elxan Yurdoğlunun
şeirləri, Teymur Kərimlinin "Şuşanaməsi"ndə
Şuşanın tərənnümü Azərbaycanın dəyərlərinin
tərənnümü kimi nəzərə çarpır. Mən burada Aprel döyüşlərinin və II
Qarabağ müharibəsinin iştirakçıları olan
qazi şairlərin "Barıt qoxulu sətirlər"
kitabında toplanan şeirlərini də xatırlatmaq istəyirəm.
Həmin kitabda 15 cavan qazi şairin müharibə, savaş
duyğuları öz əksini tapıb. Emin Piri, Həsən
Kür, Elvin İntiqamoğlu, Səbuhi Qurbanov, Oğuz
Alparslan - ümumən bütün qazi şairlər odun-alovun
içində, hətta ölümlə üzbəüz
qaldıqları anda da Qələbəni və Vətəni
düşünmüşlər.
Salam, vətən, necəsən?
Şəhidlərin necədir?
Onlara
söylə ki, darıxmasınlar,
Qisasımız qiyamətə qalmadı.
Sancıldı
zirvəyə
Azərbaycan
bayrağı!
Oğuz Alparslan
2023-cü ilin poeziya nümunələrini biz
ayrı-ayrı mövzular üzrə (vətənpərvərlik,
təbiət, sevgi, insan amili) qruplaşdırıb müəyyən
təhlillər aparmaq fikrində deyilik. Burada biz V.Q.Belinskinin 190 il bundan əvvəl söylədiyi bir fikri
xatırlamaq istərdik. "O şey ki, əvvəllər
çətinliklə və asta irəliləyir və
inkişaf edirdi, indi asanlıqla və sürətlə irəliləyir
və inkişaf edir. Bu isə yalnız o zaman
mümkün olar ki, ədəbiyyat bekarçılıq əyləncəsinə
çevrilməsin, cəmiyyətin şüuru olsun, sevişənlər
və evlənənlər haqqında xırda-mırda şeir
və nağıllarla məşğul olmasın, cəmiyyətin
həqiqi güzgüsü olsun və nəinki ictimai rəyin
düzgün əks-sədasını versin, habelə onun
müfəttişi və nəzarətçisi olsun".
Burada şeir sənətinin mahiyyəti ilə bağlı
mühüm bir həqiqət öz ifadəsini tapır, yəni
şair "bekarçılıq əyləncəsi"nə,
cəfəngiyyata qapılmasın, yaşadığı həyatın
gözəlliklərini duysun, yazacağı şeirdə cəmiyyətin,
insanların şüuruna, qəlbinə yol tapsın.
Biz müasir şeirimiz haqqında heç də bədbin
təsəvvürdə deyilik. Azərbaycanda ən
azı əlli şairin adını çəkərik ki,
müasir poeziyamızda onların hər biri tanınır,
oxunur və təbliğ olunurlar. Deyək
ki, poetik üslubları ilə də seçilirlər. Bu nikbinlik şeirimizin müasir səviyyəsinin
yetkinliyindənmi doğur? Əlbəttə,
söhbət düzü-dünyanı bürümüş
şeir horralarından getmir, əsl poeziyadan gedir.
Gəzirəm
Təbrizin küçələrini,
Gəzirəm
qolbaqol,
dolanbadolan.
Çəkirəm
gözümə gecələrini
Təbriz
pıçıldayır, -
xoş
gəlib balam...
Bu
şeirin müəllifi Ramiz Qusarçaylıdır və
xatırladaq ki, o, "Vətən" poetik
epopeyasının müəllifidir,
Azərbaycanın neçə əsrlik tarixini, bu yolda qələbələrini,
bölünmələrini, parçalanmalarını,
azadlıq uğrunda mübarizələrini, müstəqillik əldə
edənə qədər keçirdiyi ağrıları, həyəcanları,
itkiləri, uğurları bu poetik epopeya qədər son illərdə
heç bir əsərdə görmədik. Ramiz
Qusarçaylı şeirimizdə heca vəzninin bütün
bölgülərindən faydalanır, əgər bu vəznin
poeziyamızda müasir mərhələdə yerini, tutumunu
izləmək istəyirsinizsə, onda Ramiz
Qusarçaylının şeirlərinə nəzər yetirmək
kifayətdir. Təkcə onun yox, son illərdə
şeirləri ilə tez-tez rastlaşdığımız və
heca vəzninin poetik özəlliklərini özündə əks
etdirən bir neçə şairin də adını çəkə
bilərik. Firuzə Məmmədlinin, Əşrəf
Veysəllinin, Musa Ələkbərlinin, Ağacəfər Həsənlinin,
İbrahim İlyaslının, Aybəniz Əliyarın,
Əlizadə Nurinin, İslam Sadığın, Əli Rza Xələflinin,
Arif Fərzəlinin, Sakit İlkinin, Ramiz Kərəmin,
Süleyman Əlisanın, Anar Həbiboğlunun, Rafiq
Yusifoğlunun, Əli Nəcəfxanlının,
İsmayıl İmanzadənin, İlham Qəhrəmanın,
Ağamir Cavadın hecalı şeirləri bu vəznin
yaxşı mənada göstəriciləri hesab oluna bilər.
Əlbəttə,
istər heca şeiri olsun, istər sərbəst şeir, istərsə
də əruz...Nazim Hikmət demişkən: təki ortada
şeir olsun.
Sərbəst şeirin meydanı isə heç də
daralmayıb.
Hərçənd ki, bu əsrin əvvəllərində
Aqşin Yeniseyin, Zahir Əzəmətin, Qismətin sərbəstdə
yazılan şeirlərinin havası ümidlər yaratdı
bizdə. Amma sərbəst şeirin bizim poeziyada
özünəməxsus, kimsənin onu təkrar edə bilməyəcəyi
Vaqif Bayatlısı var. Biz Səlim Babullaoğlunun,
Süleyman Abdullanın, Əlisəmid Kürün, Dəyanət
Osmanlının, Kəramətin, Rəfail Tağızadənin,
Tərlan Əbilovun, Oqtay Şamilin sərbəst şeirlərinə
artıq alışmışıq, onların şeirlərində
sərbəst şeir ənənəsindən gələn
cizgilər, naxışlar aydın görünür. Amma daha
cavan şairlər: Emin Pirinin, Zərdüşt Şəfinin,
Aqşin Evrənin, Fərid Hüseynin, Günay Ümidin,
Könül Arifin, Mirbəhram Əzimbəylinin, Ramil Əhmədin,
Orxan Səffarinin, Sevinc Elsevərin, Seymur Sunun, Feyziyyənin,
Şəhriyar del Geraninin, Ulucay Akifin, Eminqueyin, Alik
Əlioğlunun, Nicat Məmmədovun, Aysel Əlizadənin, Rəbiqə
Nazimqızının, Elvin İntiqamoğlunun, Fuad Novruzlunun,
Xatirə Nurgülün sərbəst şeirləri isə
yeni bir üslubi çalardan söz açmağa imkan verir. Bu haqda geniş söz açmaq olar, amma qısaca
onu vurğulaya bilərik ki, adlarını çəkdiyim bu
şairlər, ilk növbədə, düşüncə tərzinin
özünəməxsusluğu ilə seçilirlər.
Nədir bu özünəməxsusluq? Bəlkə yeni əsrin ab-havası,
dünyamızın mürəkkəb, xaotik mənzərəsi?
Bəlkə poeziyada ənənəvi, hətta
daşlaşmış kanonları dağıdıb
parçalamaq həvəsi? Bəlkə
dünya şeirində yaranan yeni meyil və tendensiyalara
qoşulmaq istəyi? Əlbəttə, bu
"bəlkələr"in sayını yenə artırmaq
olar. Amma bu "bəlkələr"lə deyil,
onların hamısının yaradıcılığına
aid edilə biləcək bir məqamı qeyd edək: Azərbaycan
poeziyasının bu yeni nəsli bəzi istisnalar nəzərə
alınmazsa, aparıcı missiyanı ifadə etməyə
layiqdilər. Hərçənd ki; 1. onların şeirlərində dünyaya
baxış bucağı əksər hallarda subyektiv hisslər
burulğanından uzağa getmir. 2.Onlar sərbəst
şeirlərində ritmə, melodiyaya o qədər də
meyil eləmirlər, halbuki, hər hansı sərbəst
şeir üçün bu iki komponent vacibdir. 3. Şeiri az qala danışıq ritminə kökləyirlər.
4. Darıxırlar bu şairlər, bəzən tənhalıqdan
intihar həddinə də gəlib çıxırlar (bu
fikir onların hamısına aid deyil). Yaşamaq gözəldir,
xanımlar, bəylər!
Amma onların şeirlərindəki təzə, hər
hansı mövzuya tamam fərqli yanaşma və poetik ifadə
yeniliyi görəndə hər şeyi unudursan. Eminquey adlı gənc
şairin bir sərbəst şeirini misal gətirək:
"Şəhid mənzərələri".
Doğum
günündə,
bayraqla
bəzənmiş qırmızı tabutda
qızına hədiyyə gəldi şəhidim,
zavallı qız,
sanmışdı ki, atası gözlərini yumub
gizlənpaç oynayır,
"Ata,
gözlərini aç,
oynamaq
istəmirəm" ...
Dostum,
heç
darıxma qaziliyindən,
şəhid dostlarının şəkillərinə baxıb
köks ötürmə,
dostum,
üzülmə,
hanı
qolların?
dostlarınla birgə şəhid oldular.
ikiyə
bölünən şəhid bədənlərinin
arasından
Axır
Araz çayı,
Qovuşur
Qarabağa Azərbaycan.
Son illərin poeziyasında şeirin bəzəyi olan təşbeh
və metaforalara tez-tez müraciət olunur. Buna biz Qəşəm
Nəcəfzadənin şeirlərində daha çox təsadüf
edirik. Qəşəmin şeirlərində
yerinə düşən, bəzən qəbul etmədiyin, sənə
qəribə gələn və bəzən də orijinal təsir
bağışlayan təşbehlər, metaforalar diqqəti cəlb
edir. Məsələn, "Məktub yazmaq
kimidi zəmini suvarmaq, hərflər sünbüldü,
sünbül torpağın barmaqlarıdı. Mən burdayam işarəsi" - burada həm tam və
müfəssəl, həm də mükəmməl bənzətmələrdan
istifadə olunub.
Ümumiyyətlə, XXI əsr Azərbaycan
poeziyasının sənətkarlıq xüsusiyyətlərini
araşdırarkən, belə bir qənaətə gəlirik
ki, yeni əsrin poeziyasını təşbehlər və
metaforalar poeziyası kimi səciyyələndirmək olar
(mübahisəli olsa da).
Poeziyamızla bağlı müzakirələrdə həmişə
belə bir sual da meydana çıxır - şeirimizin lirik qəhrəmanı
özünü necə ifadə edir? O (lirik qəhrəman), şeirimizin
"baş qəhrəmanı"na
çevrilə bilirmi? Axı, istər nəsr əsəri
olsun, istər dram əsərləri, istərsə də
şeir, ədəbiyyatı qəhrəmansız təsəvvür
etmək olarmı? Elə güman etməyin ki, biz sovet
dönəmində olduğu kimi "müsbət qəhrəman"
iddiasındayıq və onların "mənfi qəhrəmanlar"
üzərində qələbəsini arzulayırıq. Yox, bu sosrealizmdən qalan məlum "hökm-fərma"
konsepsiyası artıq dəfn olunmuşdur. Keçən
əsrin 60-cı illərindən başlayaraq - elə Sistemin
özündəcə tədricən ədəbiyyatda qəhrəman
probleminə münasibət dəyişməyə
başladı (Bu haqda Elçinin "Sosializm realizmi bizə nə
verdi" əsərini yüksək qiymətləndiririk).
Ədəbi qəhrəman sxem üzrə yox,
onun bütün müsbət və çatışmayan cəhətləri
ilə nəsr əsərlərində təcəssüm
etdi. Bəs poeziyada necə? Əslində,
poeziyada bu proses çoxdan başlanıb. Şairlər
lirik qəhrəmanının yönünü tərənnüm
- vəsf lirikasından uzaqlaşdırıb reallığa, həyatda,
gerçəklikdə baş verən və onları düşündürən
taleyüklü məsələlərə ünvanladılar.
Bunu müstəqillik illərinin poeziyasında daha aydın
hiss etdik. Şeirin özü - məzmunu dəyişdiyi
kimi, onun lirik qəhrəmanı da dəyişdi, yeniləşdi.
Mətləbi uzatmayaq, şeirimizin yeni mərhələsində
lirik qəhrəmanın çağdaş durumu ilə
maraqlanaq.
Ən əvvəl onu qeyd edək ki, "lirik qəhrəman"
ifadəsi ilə "lirik mən" arasında müəyyən
fərqli xüsusiyyətlər olduğu məlum. Lirik qəhrəmanı
biz daha çox obraz kimi qəbul edirik. Amma
"lirik mən"də şair özünü ifadə
edir. O, istər öz könül duyğularını
izhar etsin, istərsə də gerçəklikdə, təbiətdə,
dünyada, yaşadığı mühitdə hər
hansı hadisəyə, obyektə münasibət bildirsin,
öz daxili aləmini sərgiləyir. Beləliklə,
"lirik mən" "lirik qəhrəman"ın
missiyasını öz üzərinə
götürmüş olur. Şeirimizin
ikimininci illərində də biz "lirik mən"in
aparıcı missiyasının şahidi oluruq.
Sevgi ömrü. "Yarəb, bəlayi-eşq ilə qıl aşina məni..."
Füzulinin bu misrasını eşqin
bütün zamanlar üçün səslənə biləcək
bir bəyan hesab etmək olarmı? Axı, beş əsr ərzində cəmiyyət,
mühit, ictimai və mənəvi həyat dəyişib,
inkişaf edib. İndi Füzulinin, o
böyük eşq-məhəbbət hakiminin "Nə
müşgül dərd olursa, bulunur aləmdə dərmanı,
Nə müşgül dərd imiş eşqin ki, dərman
eyləmək olmaz" kədərli və kədərli
olduğu qədər də romantik etirafına yer
varmıdır? Amma bu eşq hakiminin bir beytini də
xatırlayaq: "Eşqidir ol nəşeyi-kamil kimi,
ondandır müdam, Meydə təşviri-hərarət, neydə
təsiri səda". Deməli, eşq hakimi
özündən sonrakı əsrlərin şairləri
üçün nikbin bir tezis də formulə etdi. Azərbaycan poeziyasının sevgi ərazisində
yeni obrazlar - bu obrazların eşq-məhəbbət
etirafları, bu etiraflardan doğan
çılğınlıqları, üzüntüləri,
Ayrılıq adlı bitib-tükənməyən günləri,
ayları, illəri, qəm hücrələrindən boylanan tənhalıq
acıları diqqəti cəlb edir. Bir-birinə meyilli
olan iki qütb arasında, daha doğrusu, sevənlərin
münasibətində Ayrılıq adlı "zəhərli
bir külək" və "dar ağacı" meydan
sulamaqdadır. Sevən oğlanlar sevdikləri
qızdan, qızlar isə oğlanlardan incikdilər və bu
inciklik, bəzən lap ifrat həddə çatır.
Bu "kədərli" əhval-ruhiyyəni izlədikdə
yenə Füzulinin misraları yada düşür:
"Oğlanlara qızlar olsalar yar, Eşqə bulunur rəvaci-bazar".
Amma elə Füzuli dövründə də,
indi də bu "rəvaci-bazar" - könüllərin
birliyi çox zaman baş tutmur.
XXI əsrdir
və təbii ki, mənəvi dünyamızın hər sahəsində
olduğu kimi, sevgidə, insanın bu ali
münasibətində də dəyişmələr,
"yeniləşmələr" baş verir. Əlbəttə,
real həyatda nəzərəçarpan sevgisizlik halları,
aldım-verdim və boşanmalar, əxlaqa, ailəyə zidd
olan hadisələr hamımıza yaxşı
tanışdır. Amma bu o demək deyil
ki, həqiqi sevgi, füzuliyanə eşq sönüb gedir.
Nə qədər ki, həyat var, milli-mənəvi
dəyərlər var, sevgi də var. "Bu sevgidir, mənim
balam, ömürlərdən uzun sevgi" (Ramiz Rövşən).
Sevgi elə bir hissdir ki, qocalmaq qorxusu ona yaddır və
qocalmayan şair Ramiz Rövşən son şeirlərinin
birində yazır ki:
Yavaş-yavaş
sevdim səni,
Hər
gün bir az da sevdim.
Ən
çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Gör,
biz nə tez isinişdik,
Havalar soyuyanda.
Adamlar
qalın geyinib,
Ağaclar soyunanda.
Qar
altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə
qızındığım
Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı,
Nə baxırsan göyə sən?
Deyirəm ki, günəş
çıxıb,
Qar əriyir, deyəsən...
Ramiz Rövşəni sırf sevgi şairi
adlandırmaq doğru olmazdı, amma onun son illərdə qələmə
aldığı bir neçə şeirində sevginin necə
gözəl bir hiss olduğu incələnir. Bu
şeirdə nə ayrılıq əzablarından
üzülən bir qəlbin fəryadı duyulur, nə də
ayrılıqdan sonra ürəyə axan qəm şəlalələri.
Əlbəttə, ayrılıq da sevginin gözə
görünən və gözə görünməyən məlum
və bütün əsrlər boyu Azərbaycan
şeirinin sevgi qütbünü "özününküləşdirən"
hissdir, duyğudur. Əgər ayrılıqdan
ölüm-itim, hətta intihar sədası gəlmirsə və
bu ayrılıq yaşanılan sevginin təsdiqinə
çevrilirsə, o zaman yaşasın belə
ayrılıq...
2023-cü ilin poeziyası haqqında daha
geniş və müfəssəl təhlillərlə Ədəbi
proses - 2023 məqalələr toplusunda tanış ola bilərsiniz.
Vaqif Yusifli
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
¹26.- S.6-7.